Məhkəmə qərarları › İş №2(067)-1837/2020

Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-1837/2020

23.09.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-1837/2020 23.09.2020 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Anar Böyükkişi oğlunun sədrliyi, Məhkəmə iclas katibi Həsənli Rövşən Xudat oğlunun katibliyi ilə, İddiaçı nümayəndəsi Nümayəndə, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin azaldılması tələbinə dair mülki işə Xaçmaz şəhərində xx xxxxxxxx 2020-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Xaçmaz rayon məhkəməsinin 2(067)- 2158 saylı xx xxxxxxx 2018-ci il tarixli qətnaməsi ilə ondan cavabdehin xeyrinə tutulan alimentin miqdarının dəyişdirilməsi və hər ay hər uşaq üçün 50 manat olmaqla cəmi 100 manat alimentin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddianı onunla əsaslandırmışdır ki, Xaçmaz rayon məhkəməsinin qətnaməsi ilə cavabdehin xeyrinə iki uşağın saxlanması üçün hər ay cəmi 308 manat məbləğində aliment ödəyir. İşə məhkəmədə baxılarkən izahatında hər ay hər uşağa 50 manat olmaqla cəmi 100 manat aliment ödəməyə imkanı olmasını bildirmişdir. Məhkəmə tərəfindən qeyd olunan alimentin miqdarı təyin olunan vaxtdan o heç yerdə işləmir, səhhətində müəyyən problemlər yaranmış və bu səbəbdən ağır fiziki iş görə bilmir.səhhəti qaydasında olarkən fiziki iş görməklə müəyyən qazanc əldə etmiş cavabdehə hər ay 100-120 manat aliment ödəmişdir. Yeganə qazancı ayda aldığı 50 manat sosial müavinətdir. Buna da baxmayaraq yaxın qohumlarının köməyi ilə cavabdehə hər ay 100 manat aliment ödəyir. Xaçmaz rayon məhkəməsinin 2(067)-2158 saylı xx xxxxxxx 2018-ci il tarixli qətnaməsi ilə ondan cavabdehin xeyrinə aliment müəyyən edildikdən sonra maddi vəziyyətində mənfiyə doğru dəyişikliklər baş vermiş, bu səbəbdən də həmin məbləğdə alimenti ödəyə bilmir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddianı müdafiə edərək iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh iddianı qəbul etməyərək təmin olunmamasını xahiş etmişdir. Məhkəmə iş üzrə tərəflərin izahatlarını dinləyib və iş materiallarını nəzərdən keçirib hesab edir ki, iddia tələbi təmin olunmamalıdır. Belə ki, iş materiallarında olan Xaçmaz rayon məhkəməsinin 2(067)-2158 saylı xx xxxxxxx 2018-ci il tarixli qətnaməsinin surətindən müəyyən olunur ki, tərəflər arasında nikah qeydi pozulmuşdur. Tərəflərin birgə nikahlarından olan uşaqları xx xxx 2009-cu il təvəllüdlü İlahə və xx xxxxxx 2013-cü il təvəllüdlü Şəbnəm analarının himayəsində saxlanılmışdır. İddiaçı xx xxx 2009-cu il təvəllüdlü X2 və xx xxxxxx 2013-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün 154 manat olmaqla cəmi 308 manat məbləğində aliment alınaraq Cavabdeh xeyrinə verilməsi qət edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqları saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda, uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 107.2-ci maddəsinə əsasən məhkəmə aliment ödəməli şəxsin iddiası üzrə aliment borcunun şəxsin xəstəliyi və digər üzürlü səbəblərə görə əmələ gəldiyini, ailə və maddi vəziyyətinin bu borcları ödəməyə imkan vermədiyini müəyyən edərsə, onu həmin borcları ödəməkdən tamamilə və ya qismən azad edə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.2-ci maddəsinə əsasən yetkinlik yaşına çatan və fəaliyyət qabiliyyəti olmayan şəxsin aliment ödəməli olan şəxsə qarşı qəsdən cinayət törətdiyi və ya ailədə nalayiq davrandığı müəyyən edilərsə, məhkəmə həmin şəxs üçün aliment tutulması barədə tələbi rədd edə bilər. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, hazırki iddia tələbinin hüququ əsası kimi Ailə Məcəlləsinin 107 və 112-ci maddələri çıxış edir, lakin iddiaçı həmin maddələrdə nəzərdə tutulan halları təsdiq edəcək sübutları məhkəməyə təqdim etməmişdir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin oluna bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh olunanları nəzərə alaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216, 220, 227, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı alimentin azaldılması tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş 20 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra 1 ay müddətində Xaçmaz rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Anar Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar