Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-1839/2020 23.09.2020 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov İlkin Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas katibi X3, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı sabit məbləğdə aliment tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı cavabdehdən xx.xx.2007-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay onun xeyrinə 300 manat sabit məbləğdə alimentin tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, cavabdehlə nikahlarını rəsmiləşdirmədən ailə qurmuşlar. Birgə yaşayışlarından xx.xx.2007-ci ildə Gülər adlı qızları anadan olmuşdur. Cavabdehin uşağın atası olması qeydiyyat orqanında müəyyən edilmişdir.Cavabdehlə faktiki olaraq ayrılmışlar. Uşağı onunla qalır. Cavabdeh uşağı ilə maraqlanmır. Dəfələrlə cavabdehdən xahiş etmişdir ki, uşağı saxlamaq üçün ona kömək etsin, lakin o, könüllü olaraq ona heç bir kömək etməmişdir. Ona görə də o, məhkəmədə aliment tələbinə dair iddia qaldırmalı olmuşdur. Göstərilənlərə əsasən cavabdehdən aliment tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. O,əlavə olaraq bildirmişdir ki, uşağı azyaşlı olduğuna görə heç yerdə işləmir, cavabdeh isə maşın ustasıdır və uşağı üçün aliment ödəməyə yetərincə maddi imkanı vardır. Məhkəmə iclasında Cavabdeh iddianı qismən qəbul edərək bildirmişdir ki, iddiaçı ilə nikahlarını rəsmiləşdirmədən ailə qurmuşlar. Birgə yaşayışlarından xx.xx.2007-ci ildə Gülər adlı qızları anadan olmuşdur. İddiaçı ilə faktiki olaraq ayrılmışlar və qızı iddiaçı ilə qalır. İddiaçıya uşağının saxlanılması üçün ayda 100 manat aliment ödəyə biləcəyini bildirmişdir. Avtoservisdə usta köməkçisi işləyir və ayda 260 manat əmək haqqı alır, başqa qazanc yeri yoxdur. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işdə olan sübutları araşdıraraq hesab edir ki, iddia qismən əsaslı olduğundan qısmən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan xx.xx.2008 ci il tarixli, AZ-İ seriyalı 109751 saylı atalığın müəyyən edilməsi haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, Cavabdeh xx.xx.2007-ci il təvəllüdlü X2 atası hesab edilmişdir. İş materiallarında olan AZ-İİ seriyalı 079473 saylı doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, tərəflərin birgə nikahlarından xx.xx.2007ci il təvəllüdlü X4 anadan olmuşdur. İş materiallarında olan xx.xx.2020-ci il tarixli arayışdan müəyyən olunur ki, İddiaçıXudat şəhəri. K. Zavod qəsəbəsi ünvanında yaşayır və onun himayəsində xx.xx.2007-ci il təvəllüdlü X4 vardır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 45.1-ci maddəsinə əsasən uşaq aralarında nikah olmayan şəxslərdən olduqda və valideynlərin birgə ərizəsi və ya uşağın atasının ərizəsi olmadıqda, atalıq uşağın valideyinlərindən birinin, uşağın qəyyumunun (himayəçisinin), uşağı saxlanması, habelə uşaq yetkinlik yaşına çatdıqda onun özünün ərizəsi əsasında məhkəmə qaydasında müəyyən olunur. Bu zaman məhkəmə uşağın konkret şəxsdən törəməsilə əlaqədar istənilən sübutun mötəbərliyini nəzərə ala bilər. Həmin Məcəllənin 48-ci maddəsində göstərilir ki, bu Məcəllənin 44-45-ci maddələri ilə nəzərdə tutulmuş qaydada atalıq müəyyən olunduqda, uşaqlar valideynlərinə və onların qohumlarına münasibətdə, öz aralarında nikahda olan valideynlərin uşaqlarının malik olduqları hüquq və vəzifələri daşıyırlar. Azərbaycan Respublikasının Konstitusiyasının 17-ci maddəsinini İİ-ci hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 3.0.4-cü maddəsinə əsasən ana və uşaqların mənafeyinin hərtərəfli müdafiəsini və hər bir uşağın xoşbəxt həyatının təmin edilməsini ailə qanunvericiliyinin ümdə vəzifələri kimi qeyd etmişdir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1.-ci maddəsi əsasında valideynlər uşaqlarını saxlamağa borcludurlar. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 78.1.-ci maddəsinə görə, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərin birinin marağını əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 78.2.-ci maddəsinə müvafiq olaraq sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla, uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikasının Qanununun 19-cu maddəsinə görə uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifəsidir. «Uşaq hüquqları haqqında» BMT-nin xx xxxxxx 1989-cu il tarixli Konvensiyasının 18-ci maddəsinə əsasən uşağın tərbiyyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər daşıyırlar. «Uşaq hüquqları Bəyannaməsi»nin 2 saylı prinsipinə görə uşaq qanunla və digər vasitələrlə sosial müdafiə ilə təmin olunmalı, onun fiziki, əqli, mənəvi, ruhi və sosial baxımdan sağlam və normal yolla azadlıq və ləyaqət şəraitində inkişaf etməsinə imkan verən əlverişli şəraitlə təmin edilməlidir. Həmin Bəyannamənin 4 saylı prinsipinə əsasən uşaq sosial təminatın faydalığından istifadə etməlidir. O, sağlam böyümək və inkişaf etmək hüququna malik olmalıdır, bu məqsədlə o, doğumdan əvvəl və sonra müvafiq qulluq daxil olmaqla, xüsusi qulluq və mühafizə ilə təmin olunmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2.-ci madəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalıvə onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4.-cü madəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. «Yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının Qanununun tələbinə əsasən uşaqlar üçün yaşayış minimumu 2020-ci ildə 170 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə belə hesab edir ki, qanunun mənasına görə heç bir yerdə işləməmək, az gəlir etmək, yaxud, digər əsaslar valideynləri öz uşaqlarını saxlamaq vəzifəsindən azad etmir. Göstərilən hallar ancaq alimentin miqdarının müəyyən edilməsində nəzərə alına bilər. Alimentin ödənilməsi valideynlərə öz şəxsi istehlak tələbatlarının, ehtiyaclarının ödənilməsinə mane olsa belə, valideynlər mənbəyindən asılı olmayaraq öz qazanclarını uşaqları ilə bölüşdürməyə borcludurlar. Uşaqların saxlanılması valideynlərin mənəvi borcu olmaqla yanaşı həm də vacib hüquqi vəzifələridir. Məhkəmə azyaşlı uşağın mənafeyini, tərəflərin maddi vəziyyətlərini, həmçinin Yaşayış minimumu haqqında Qanunun tələblərini nəzərə alaraq hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməli və tərəflərin faktiki nikahlarından olan uşaqları - xx.xx.2007-ci il təvəllüdlü X1 üçün Cavabdeh X2 qızının xeyrinə hər ay 170 manat sabit pul məbləğində aliment tutulmalıdır. Məhkəmə bu məbləğdən aşağı miqdarda alimentin tutulmasının azyaşlı uşağın mənafeyinə zidd olacağı və uşağın hüquqlarını pozacağı qənaətindədir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 100.2.-ci maddəsində göstərilir ki, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. İş materiallarından müəyyən olunur ki, iddia ərizəsi xx.xx.2020-ci ildə Xaçmaz Rayon Məhkəməsinə daxil olmuşdur. Beləliklə, məhkəmə işdə olan sübutlara məcmu halında hüquqi qiymət verərkən hesab edir ki, iddia qismən təmin olunmalı və xx.xx.2007-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh X2 qızının xeyrinə xx.xx.2020-ci il tarixdən hər ay 170 manat sabit pul məbləğində aliment tutulmalıdır. İddiaın qalan hissəsi təmin edilməməlidir Məhkəmə nəzərə almışdır ki, MPM-nin 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan, işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119.1, 216-220, 227, 233, 235.1.1, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. xx.xx.2007-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh X2 qızının xeyrinə xx.xx.2020-ci il tarixdən hər ay 170 (yüz yetmiş) manat sabit pul məbləğində aliment tutulsun. İddianın qalan hissəsi təmin edilməsin. Cavabdeh 30 (otuz) manat dövlət rüsumu tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Qətnamədən bir ay müddətində Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlkin Xəlilov.
Məhkəmə qərarları › İş №2(067)-1839/2020
Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-1839/2020
23.09.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver