Məhkəmə qərarları › İş №2(067)-1902/2024

Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-1902/2024

28.06.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-1902/2024 28.06.2024 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Aynur Məhəmməd qızının sədrliyi, məhkəmə iclas katibi Həsənli Rövşən Xudat oğlunun katibliyi, iddiaçı Nurəddinova (Qasımova) Nərmin Nemət qızının və nümayəndəsi X3, Cavabdeh iştirakı ilə iddiaçı Nurəddinova (Qasımova) Nərmin Nemət qızının Cavabdeh qarşı aliment tələbinə dair mülki işə açıq məhkəmə hazırlıq iclasında baxılır. MÜƏYYƏN ETDİ: İddiaçı Nurəddinova (Qasımova) Nərmin Nemət qızı məhkəmədə iddia qaldıraraq cavabdehdən xx.xx.2016-cı il təvəllüdlü X4, xx.xx.2017-ci il təvəllüdlü X5 və xx.xx.2019-cu il təvəllüdlü X1 üçün hər ay bir uşaq üçün 250 (iki yüz əlli) manat olmaqla cəmi 750 (yeddi yüz əlli) manat sabit məbləğində alimentin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə xx.xx.2016-cı il tarixdə rəsmi nikaha daxil olaraq evlənmişlər. Birgə nikahdan üç övladı xx.xx.2016-cı il təvəllüdlü X7, xx.xx.2017-ci il təvəllüdlü X8 və xx.xx.2019-cu il təvəllüdlü X9 anadan olub. Övladları onun yanındadır. Cavabdeh onu övladlarını atıb gedib. Hal-hazırda cavabdehlə ayrı yaşayır. Cavabdeh övladları ilə maraqlanmır. Bu günə qədər övladının bütün təminatlarını özü ödəyir. Ancaq baxır ki, bir ana kimi çətin olur. Cavabdehin imkanı yaxşıdır. Aylıq gəliri 1500-2000 manat təşkil edir. Cavabdeh təsərrüfatla məşquldur. Cavabdeh evə ailəsinə baxmır. Övladının qayğısına qalmır. Bu da onun üçün maddi cəhətddən çox çətin olur. Cavabdehlə xx.xx.2024-cü il tarixdə keçirilən mediasiya prosesində xx.xx.2024-cü il tarixli barışıq sazişinə əsasən aprel ayından başlayaraq hər ayın 30-na hər uşağa 200 manat olmaqla cəmi 600 manat məbləğində alimentin onun xeyrinə ödənilməsinə razılaşmışlar. Lakin cavabdeh barışıq sazişinə əməl etmir. Alimenti ödəməkdən boyun qaçırır. İş üzrə iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh övladı X2 üçün hər ay 200 manat aliment təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı tərəf iddianı müdafiə edərək göstərmişdir ki, kiçik uşaqları müvəqqəti olaraq cavabdehə vermişlər. Hazırda yalnız Gülnaz onun yanındadır və cavabdehdən onun saxlanması üçün aliment tələb edir. Məhkəmə iclasında cavabdeh iddianı qəbul edərək göstərmişdir ki, iddiaçıya təklif etmişdir ki, 2 uşaq onda, 1 uşaq iddiaçıda qalsın. İddiaçıda qalan uşağın saxlanması üçün aliment ödəyəcək. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin olunmalıdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: -Qeydiyyat şöbəsinin arayışından müəyyən olunur ki, Cavabdeh ilə X10 arasında nikah xx.xx.2016-cı il tarixdə bağlanmışdır. Nikahdan sonra qadın “Nurəddinova” soyadını qəbul etmişdir. -Doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, xx.xx.2016-cı il təvəllüdlü X7, xx.xx.2017-ci il təvəllüdlü X8 və xx.xx.2019-cu il təvəllüdlü X9 anadan olmuşdur. Ataları Cavabdeh, anaları İddiaçıdır. -xx.xx.2024-cü il tarixli ərizəyə əsasən iddiaçı iddia ərizəsinə dəyişiklik edərək, övladları X2 üçün cavabdehdən hər ay 200 manat məbləğində aliment təyin edilməsi xahiş etmiş, cavabdeh iddianı qəbul etmişdir. -Mübahisənin həlli ilə bağlı tərəflərlər arasında danışıqlar aparılmışdır. Danışıqlar zamanı birinci tərəf (İddiaçı ) və ikinci tərəf (Cavabdeh ) nikahlarını davam etdirilməsinə razı olmadıqlarını və nikahlarının pozulmasında israrlı olduqlarını bildirdilər. Keçirilən prosses zamanı ikinci tərəf (Cavabdeh) birinci tərəfi (İddiaçı) evə köçürmə və yaşayış sahəsindən istifadə tələbinə razı olmadığını bildirdi. 2. Danışıqlar nəticəsində ikinci tərəf (Cavabdeh) birinci tərəfin qarşısında öhdəlik qötürdü ki, 2024-cü ilin aprel ayından başlayaraq hər ayın 30-na kimi uşaqları 08 mart 2016-cı təvəllüdlü X4, 14 iyun 2017-ci il təvəllüdlü X5 və 25 fevral 2019-cu il təvəllüdlü X6 18 yaşına çatana kin saxlanılmaları üçün hər uşağa 200 (iki yüz) manat məbləğində aliment olmaqla cəmi 600 (altı yüz) manat alimenti birinci tərəfin (İddiaçı) adında olan Kapital Bankin 523Ç 1517-4079-2000 saylı Bir Kart kartına ödəyəcəkdir. İkinci tərəf (Cavabdeh qəbul edilmiş öhdəliyə hörmətlə yanaşacağını və icra edilməsinə məsuliyyət daşıyacağını bildirdi. Məhkəmə iclasında müəyyən edildi ki, tərəflər rəsmi nikaha girməklə ailə qurmuşlar. Nikahlarından 3 övladları doğulmuşdur. Tərəflər faktiki olaraq ayrı yaşayır və uşaqlardan biri anasının, digərləri isə atasının himayəsindədir. Ayrı yaşadıqları müddətdə cavabdeh uşağın saxlanılması üçün iddiaçıya köməklik göstərməmiş, uşağın maddi tələbatını ödəməmişdir. Hazırda ana uşağın saxlanılması üçün cavabdehdən aliment tutulmasını xahiş edir. Cavabdeh iddianı qəbul edir. Azərbaycan Respublikasının Konstitusiyasının 17-ci maddəsinin İİ hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. “Uşaq Hüquqları haqqında” BMT-nin 20 noyabr 1989-cu il tarixli Konvensiyasının: 3-cü maddəsin əsasən, Sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, habelə məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları tərəfindən həyata keçirilib-keçirilməməsindən asılı olmayaraq uşaqlar barəsində keçirilən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilir. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikasının Qanununun 19-cu maddəsinə görə uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifəsidir. 18-ci maddəsinə əsasən uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər daşıyırlar. «Uşaq hüquqları Bəyannaməsi»nin 2 saylı prinsipinə görə uşaq qanunla və digər vasitələrlə sosial müdafiə ilə təmin olunmalı, onun fiziki, əqli, mənəvi, ruhi və sosial baxımdan sağlam və normal yolla azadlıq və ləyaqət şəraitində inkişaf etməsinə imkan verən əlverişli şəraitlə təmin edilməlidir. Həmin Bəyannamənin 4 saylı prinsipinə əsasən uşaq sosial təminatın faydalığından istifadə etməlidir. O, sağlam böyümək və inkişaf etmək hüququna malik olmalıdır, bu məqsədlə o, doğumdan əvvəl və sonra müvafiq qulluq daxil olmaqla, xüsusi qulluq və mühafizə ilə təmin olunmalıdır. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun: 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır; 19-cu maddəsinə əsasən valideynlərin uşağın təbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin: 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar; 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur; 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər; 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 27 iyul 2016-cı il tarixli Qərarına əsasən belə hesab edilmişdir ki, Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Bu Qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə, həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 28 mart 2016-cı il tarixli 8-2/2016 nömrəli Qərarının 8.2-ci bəndi ilə məhkəmələrə izah edilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən 2024-ci il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə aliment məbləğinin həcmini, cavabdehdən tutulacaq aliment məbləğinin həddini müəyyən edərkən, uşağın və iddiaçının mənafeləri ilə yanaşı cavabdehin də mənafeyini nəzərə alır. Məhkəmə iddiaçının himayəsində olan yetkinlik yaşına çatmayan uşağın mənafeyini və tərəflərin maddi vəziyyətlərini həmçinin, iddiaçı və cavabdeh arasında alimentin məbləğinə dair məhkəmə iclasında əldə olunmuş razılığı nəzərə alaraq, hesab edir ki, uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün cavabdehdən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən, yəni xx.xx.2024-cü il tarixdən başlayaraq hər ay 200 manat alimentin tutularaq iddiaçıya ödənilməsi məqsədəuyğundur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 100.2.-ci maddəsində göstərilir ki, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. İş materiallarından müəyyən olunur ki, iddia ərizəsi xx.xx.2024-cü ildə Xaçmaz Rayon Məhkəməsinə daxil olmuşdur. Məhkəmə hesab edir ki, qeyd olunan aliment miqdarından az miqdarda aliment məbləğinin müəyyən edilməsi azyaşlı uşaqların qanunla qorunan hüquqlarını pozaraq, aliment öhdəliklərinin mahiyyətinə zidd olardı. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 234.2.1-ci maddəsinə əsasən, şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun: 8.1.2-ci madəsinə əsasən, məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövtət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. İddiaçının iddia ərizəsi təmin edildiyindən, yəni alimentin məbləği 200 manat müəyyən olunduğundan, iddianın qiyməti 200 manat x 12 aya=2400 manat təşkil edir. Belə olan halda, cavabdehdən 44 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə köçürülməlidir. Məhkəmə nəzərə almışdır ki, MPM-nin 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan, işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Beləliklə, məhkəmə işdə olan sübutlara məcmu halında hüquqi qiymət verərkən hesab edir ki, iddia təmin edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220-ci, 227ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. xx.xx.2016-cı il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanması üçün 22 may 2024-cü ildən başlayaraq Cavabdeh hər ay 200 manat məbləğdə sabit aliment alınaraq iddiaçı Nurəddinova (Qasımova) Nərmin Nemət qızına ödənilsin. Qətnamə dərhal icra olunsun. Cavabdehdən 44 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən qanunla müəyyən edilmiş qaydada şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Aynur Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar