Məhkəmə qərarları › İş №2(067)-191/2021

Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-191/2021

29.06.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-191/2021 29.06.2021 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov İlkin Ələkbər oğlunun sədrliyi ilə, məhkəmə iclas katibi Nəcəfli Fuad Zeynal oğlunun katibliyi ilə, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı uşağın yaşayış yerinin müəyyən edilməsi və aliment tələbinə dair mülki işə Xaçmaz şəhərində açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı Cavabdeh qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, cavabdehlə birgə nikahlarından anadan olan uşaqları 20.01.2011-ci il təvəllüdlü X2 onun himayəsində saxlanılması və uşağın saxlanması üçün cavabdehdən hər ay 170 manat sabit pul məbləğində alimentin alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddianı onunla əsaslandırmışdır ki, Cavabdeh sabiq həyat yoldaşıdır. Xaçmaz Rayon Məhkəməsinin 03.07.2014-cii il tarixli 2(067)-1308/2014 saylı qətnaməsi ilə 20.01.2011-ci il tarixdə anadan olmuş qızı X3 onun himayəsinə verilməsi və uşağın saxlanılması üçün cavabdehdən hər ay 103 manat sabit pul məbləğində alimentin alınaraq ona verilməsi qət edilmişdir. Həmin məhkəmənin 25.08.2018-ci il tarixli 2(067)-2177/2018 saylı qətnaməsi ilə alimentin miqdarı artırılaraq 120 manat müəyyən edilmişdir. Cavabdeh uşağın onun himayəsinə verilməsi və aliment ödənişindən azad edilməsi tələbinə dair Xaçmaz Rayon Məhkəməsində iddia qaldırmış, məhkəmənin 20.02.2019-cu il tarixli 2(067)-276/2019 saylı qətnaməsi ilə iddiası təmin edilməmişdir. Sumqayıt Apelyasiya Məhkəməsinin 16 iyul 2019-cu il tarixli 2(105)-2275/2019 saylı qətnaməsi ilə cavabdehlə birgə nikahlarından olan 20.01.2011-ci il tarixdə anadan olmuş qızı Ülkərin cavabdehin himayəsinə verilməsi və onun alimenti ödəməsindən azad edilməsi qət edilmişdir. Ali Məhkəmənin Mülki Kollegiyasının 27.01.2020-ci il tarixli 2(102)-521/2020 saylı qərarı ilə Sumqayıt Apellyasiya Məhkəməsinin 16 iyul 2019-cu il tarixli 2(105)-2275/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə qərarlarında uşağın cavabdehin himayəsinə verilməsi əsası kimi uşağın internat məktəbində qalması və oxuması göstərilmişdir. O, məhkəmənin nəzərinə çatdırmışdır ki, Xaçmaz rayon İcra Hakimiyyətinin Yetkinlik yaşına çatmayanlarının işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın 29.10.2019-cu il tarixli 19 saylı qərarına əsasən 20.01.2011-ci il təvəllüdlü qızı X2 Quba rayon Zərdabi qəsəbəsində yerləşən İnternat müəssəsindən geri alınaraq onun himayəsinə qaytarılmasına icazə verilmişdir. Qərara müvafiq olaraq Xaçmaz rayon İcra Hakimiyyəti Başçısının müavini Yetkinlik yaşına çatmayanlarının işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın sədri cənab Samir Neymətovun 02.12.2019-cu il tarixi 1822 saylı məktubuna müvafiq olaraq uşağı internat məktəbindən götürmüşdür və uşaq həmin vaxtdan onunla birlikdə yaşayır. 2020-ci ilin fevral ayından etibarən 20.01.2011-ci il təvəllüdlü qızı X1 şəhər 7 saylı tam orta məktəbin Azərbaycan bölməsi üzrə 4-cü (dördüncü) sinfində təhsil alır, bu da məktəb direktorunun 04.09.2020-ci il tarixli 1 nömrəli arayışı ilə təsdiq olunur. Uşaq özü də onunla yaşamaq istəyir və bu barədə özü də məhkəmədə bildirə bilər. Məlum olduğu kimi, hazırda bir uşağın saxlanması üçün yaşayış minimumu 170 manat təşkil edir. Qeyd olunanlarla əlaqədar məhkəməyə müraciət etmiş və iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 09 mart 2021-ci il tarixdə keçirilən məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etmiş, əlavə olaraq qızının atasının yanında qalmağa qəti razı olmadığını, cavabdehin ikinci arvadının qızını incitdiyini, atasının qızı ilə yaxınlığına imkan vermədiyini, hətta qızının orada qaldığı müddətdə özünə qəsd etmək də istədiyini, bu barədə o, qızının cibindən məktub da tapdığını bildirmişdir. Hazırda keçirilən məhkəmə iclasında İddiaçı heç yerdə işləmədiyini, cavabdehin taksi fəaliyyəti ilə məşğul olduğunu, çörək sexi işlətdiyini, lakin onun buna dair rəsmi sübutunun olmadığını bildirərək, Xaçmaz RİH-nin yanında Qəyyumluq və Himayəçilik Komissiyasının 27.05.2021-ci il tarixli 1146 saylı rəyinin nəzərə alınmasını və iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək izahatında iddiaçı ilə 2008-ci ildə nikahlarını rəsmiləşdirmədən evləndiklərini, birgə yaşayışlarından 20.01.2011ci il tarixdə Ülkər adlı qızlarının anadan olduğunu, Xaçmaz Rayon Məhkəməsinin qətnaməsi ilə uşağı iddiaçının himayəsinə verilsə də, yuxarı instansiya məhkəmələrinin qərarları ilə uşağı ona verilmişdir. Lakin keçən ilin dekabr ayından uşağı iddiaçı ilə qalır. O, iddiaçıya uşaqla görüş vermişdir, iddiaçı da uşağı geri qaytarmamışdır. Həmin vaxtdan uşağı iddiaçı ilə qalır. Qızını iddiaçı ona qarşı öyrətmişdir, o, ona təzyiq göstərir, ona görə uşaq onun yanına getmir. O, hazırda heç yerdə işləmir. Taksi fəaliyyəti ilə məşğul olmuşdur, amma hazırda onunla da məşğul deyildir. Onun çörək sexi yoxdur, uşaq iddiaçıya verilərsə onun saxlanılması üçün iddiaçıya hər ay 120 manat aliment ödəməyə etiraz etmir. Göstərilənlərlə əlaqədar cavabdeh iddianın təmin edilməməsini xahiş etmişdir. Xaçmaz RİH yanında Qəyyumluq və Himayəçilik Komissiyasına iclasın vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə tərəflərin fikrini dinləyib Xaçmaz RİH yanında Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsinin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Xaçmaz RİH MKTİ-nin 04.09.2020-ci il tarixli arayışından müəyyən olunur ki, 20.01.2011-ci il təvəllüdlü X4 anası İddiaçı yanındadır. Xaçmaz Rayon Təhsil ,öbəsinin 04.09.2020-ci il tarixli arayışından müəyyən olunur ki, 20.01.2011-ci il təvəllüdlü X1 şəhər 7 saylı tam orta məktəbin 4-cü sinfində təhsil alır. Sumqayıt Apelyasiya Məhkəməsinin 05.08.2020-ci il tarixli qətnaməsindən müəyyən olunur ki, 20.01.2011-ci il təvəllüdlü X4 atası Cavabdeh himayəsinə verilmişdir. İş materiallarında olan Xaçmaz RİH yanında Qəyyumluq və Himayəçilik Komissiyasının 27.05.2021-ci il tarixli 1146 saylı rəyindən müəyyən olunur ki, uşağın fikrini nəzərə alaraq, Xaçmaz RİH-nin yanında Qəyyumluq və Himayəçilik Komissiyası 20.01.2011-ci il təvəllüdlü X2 anası İddiaçı himayəsində saxlanmasını məqsədəuyğun hesab etmişdir. İş materiallarında olan 04.09.2020-ci il tarixli ödəniş qəbzindən müəyyən olunur ki, iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar 10 (on) manat məbləğində dövlət rüsumu köçürülmüşdür. Məhkəmə müəyyən etmişdir ki, tərəflərin birgə yaşayışlarından olan yetkinlik yaşına çatmamış uşaqları- 20.01.2011-ci il təvəllüdlü X4 məhkəmə qətnaməsi ilə atası Cavabdeh himayəsinə verilməsinə baxmayaraq, anası İddiaçı yanındadır. Buna görə də, məhkəmə hazırda uşağın iddiaçının yanında olmasını və Xaçmaz RİH yanında Qəyyumluq və Himayəçilik Komissiyasının 27.05.2021-ci il tarixli 1146 saylı rəyini nəzərə alaraq, 20.01.2011-ci il təvəllüdlü X4 anası İddiaçı himayəsində saxlanılmasını məqsədə uyğun hesab edir. Azərbaycan Respublikasının Konstitusiyasının 17-ci maddəsinini İİ hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 3.0.4-cü maddəsinə əsasən ana və uşaqların mənafeyinin hərtərəfli müdafiəsini və hər bir uşağın xoşbəxt həyatının təmin edilməsini ailə qanunvericiliyinin ümdə vəzifələri kimi qeyd etmişdir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1.-ci maddəsi əsasında valideynlər uşaqlarını saxlamağa borcludurlar. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 78.1.-ci maddəsinə görə, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazançı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərin birinin marağını əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məçəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 78.2.-ci maddəsinə müvafiq olaraq sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla, uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. «Yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının Qanununun tələbinə əsasən uşaqlar üçün yaşayış minimumu 2020-ci ildə 170 manat, 2021-ci ildə 175 manat məbləğində müəyyən edilmişdir. «Uşaq Hüquqları haqqında» Konvensiyanın müddəalarında qeyd olunur ki, yetikinlik yaşına çatmayanlarla bağlı məsələlər məhkəmə tərəfindən həll edilərkən ilk növbədə uşaqlarının layiqli həyat səviyyəsinin təmin edilməsi təmin edilməlidir. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikasının Qanununun 19-cu maddəsinə uyğun olaraq valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Birləşmiş Millətlər Təşkilatının «Uşaq Hüquqları haqqında» Konvensiyasının 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsədə məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. Məhkəmə belə hesab edir ki, qanunun mənasına görə heç bir yerdə işləməmək, az gəlir etmək, yaxud hər hansı digər əsaslar valideynləri öz uşaqlarını saxlamaq vəzifəsindən azad etmir. Alimentin ödənilməsi valideynlərə öz şəxsi istehlak tələbatlarının, ehtiyaclarının ödənilməsinə mane olsa belə, valideynlər mənbəyindən asılı olmayaraq öz qazanclarını uşaqları ilə bölüşdürməyə borcludurlar. Uşaqların saxlanılması valideynlərin mənəvi borcu olmaqla yanaşı həm də vacib hüquqi vəzifələridir. Məhkəmə azyaşlı uşaqların mənafeyini və tərəflərin maddi vəziyyətini nəzərə alaraq hesab edir ki, tərəflərin birgə nigahından anadan olmuş yetkinlik yaşına çatmamış uşaqları- 20.01.2011-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanmaları üçün mülki iş məhkəməyə daxil olduğu tarixdən, yəni 09.09.2020-ci il tarixdən başlayaraq hər ay cəmi 170 (yüz yetmiş) manat alimentin Cavabdeh alınaraq İddiaçı ödənilməsi məqsədəuyğundur. Məhkəmə nəzərə almışdır ki, MPM-nin 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan, işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İddia təmin edilsin. Tətəflərin birgə yaşayışından anadan olan 20.01.2011-ci il təvəllüdlü X4 anası İddiaçı himayəsində saxlanılsın. 20.01.2011-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanmaları üçün mülki iş məhkəməyə daxil olduğu tarixdən, yəni 09.09.2020-ci il tarixdən başlayaraq hər ay cəmi 170 (yüz yetmiş) aliment Cavabdeh iddiaçı İddiaçı xeyrinə tutulsun. İddia ərizəsi verilərkən ödənilmiş 10 (on) manat dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı ödənilsin. Cavabdeh əlavə 20 (iyirmi) manat dövlət rüsumu tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Qətnamədən 1 ay müddətində Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən : İlkin Xəlilov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar