Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-1915/2021 28.07.2021 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov İlkin Ələkbər oğlunun sədrliyi ilə, məhkəmə iclas katibi Nəcəfli Fuad Zeynal oğlunun katibliyi ilə, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair mülki işə Xaçmaz şəhərində açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı Cavabdeh qarşı məhkəmədə iddia qaldıraraq, birgə nikahlarından doğulmuş 26 iyun 2016-cı il təvəllüdlü X2 və 14 iyul 2017-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanmaları üçün cavabdehdən hər ay hər uşaq üçün 175 (yüz yetmiş beş) manat olmaqla, cəmi 350 (üç yüz əlli) manat alimentin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, cavabdehlə 02 oktyabr 2015-ci il tarixdə rəsmi nikaha daxil olmuşlar, birgə nikahlarından 26 iyun 2016-cı il təvəllüdlü X4 və 14 iyul 2017-ci il təvəllüdlü X3 doğulmuşlar. Artıq cavabdehlə münasibətləri pozulub və faktiki ayrı yaşayırlar. Uşaqlar onun himayəsindədirlər və cavabdeh onların saxlanması üçün maddi yardım göstərmir. Özü heç yerdə işləmir və azyaşlı uşaqlara baxır.Faktiki valideynlərinin himayəsindədir. Ona görə də hesab edir ki, cavabdehdən uşaqların yetkinlik yaşlarına çatanadək saxlanmaları üçün hər ay hər uşaq üçün 175 (yüz yetmiş beş) manat olmaqla, cəmi 350 (üç yüz əlli) manat aliment tutulmalıdır. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, o, heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişdir. Cavabdeh işə mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. Məhkəmə cavabdehin fikrini dinləyib, işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında Cavabdeh iddiaçı ilə 02.10.2015-ci ildə ailə qurduqlarını, birgə nikahlarından 26.06.2016-cı ildə Aylin və 14.07.2017-ci ildə Sofiya adlı qızlarının anadan olduqlarını, iddiaçı ilə ailə münasibətləri pozulduğuna görə faktiki olaraq ayrı yaşadıqlarını və uşaqların iddiaçının yanında qaldıqlarını bildirmişdir. Hazırda heç yerdə işləmir, qazanc yeri yoxdur, amma buna baxmayaraq hər ay 100 manat aliment ödəməyə etiraz etmir və bundan artıq aliment ödəməyə maddi imkanım yol vermir. Ona görə də iddianın qəbul etdiyi həcmdə qismən təmin edilməsinə etiraz etmir. Məhkəmə cavabdehin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Xaçmaz RİHB Xaçmaz şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin 21.06.2021-ci il tarixli, 2254 saylı arayışından müəyyən olunur ki, İddiaçı 26 iyun 2016-cı il təvəllüdlü X2 və 14 iyul 2017-ci il təvəllüdlü X3 ilə birgə ünvan 1 ünvanında yaşayır. AZ-İİ seriyalı 082290 saylı nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən müəyyən olunur ki, İddiaçı və Cavabdeh 02 oktyabr 2015-ci il tarixdə rəsmi nikaha daxil olmuşlar. İş materiallarında olan AZE-İİİ seriyalı 812335 saylı və AZ-İİİ seriyalı 987569 saylı doğum haqqında şəhadətnamələrin notarial qaydada təsdiq olunmuş surətlərindən müəyyən olunur ki, tərəflərin birgə nikahlarından 26 iyun 2016-cı il təvəllüdlü X4 və 14 iyul 2017-ci il təvəllüdlü X3 anadan olmuşlar. . Azərbaycan Respublikasının Konstitusiyasının 17-ci maddəsinini İİ hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 3.0.4-cü maddəsinə əsasən ana və uşaqların mənafeyinin hərtərəfli müdafiəsini və hər bir uşağın xoşbəxt həyatının təmin edilməsini ailə qanunvericiliyinin ümdə vəzifələri kimi qeyd etmişdir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1.-ci maddəsi əsasında valideynlər uşaqlarını saxlamağa borcludurlar. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 78.1.-ci maddəsinə görə, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazançı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərin birinin marağını əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məçəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 78.2.-ci maddəsinə müvafiq olaraq sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla, uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. «Yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının Qanununun tələbinə əsasən uşaqlar üçün yaşayış minimumu 2021-ci ildə 175 manat məbləğində müəyyən edilmişdir. «Uşaq Hüquqları haqqında» Konvensiyanın müddəalarında qeyd olunur ki, yetikinlik yaşına çatmayanlarla bağlı məsələlər məhkəmə tərəfindən həll edilərkən ilk növbədə uşaqlarının layiqli həyat səviyyəsinin təmin edilməsi təmin edilməlidir. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikasının Qanununun 19-cu maddəsinə uyğun olaraq valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Birləşmiş Millətlər Təşkilatının «Uşaq Hüquqları haqqında» Konvensiyasının 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsədə məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. Məhkəmə belə hesab edir ki, qanunun mənasına görə heç bir yerdə işləməmək, az gəlir etmək, yaxud hər hansı digər əsaslar valideynləri öz uşaqlarını saxlamaq vəzifəsindən azad etmir. Alimentin ödənilməsi valideynlərə öz şəxsi istehlak tələbatlarının, ehtiyaclarının ödənilməsinə mane olsa belə, valideynlər mənbəyindən asılı olmayaraq öz qazanclarını uşaqları ilə bölüşdürməyə borcludurlar. Uşaqların saxlanılması valideynlərin mənəvi borcu olmaqla yanaşı həm də vacib hüquqi vəzifələridir. Məhkəmə azyaşlı uşaqların mənafeyini və tərəflərin maddi vəziyyətini nəzərə alaraq hesab edir ki, tərəflərin birgə nigahından anadan olmuş yetkinlik yaşına çatmamış uşaqları- 26 iyun 2016-cı il təvəllüdlü X2 və 14 iyul 2017-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanmaları üçün mülki iş məhkəməyə daxil olduğu tarixdən, yəni 29.06.2021ci il tarixdən başlayaraq Cavabdeh hər ay hər uşaq üçün 120 (yüz iyirmi) manat olmaqla, cəmi 240 (iki yüz qırx) manat aliment tutularaq İddiaçı ödənilməlidir. Məhkəmə nəzərə almışdır ki, MPM-nin 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan, işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İddia qismən təmin edilsin. 26 iyun 2016-cı il təvəllüdlü X2 və 14 iyul 2017-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanmaları üçün mülki iş məhkəməyə daxil olduğu tarixdən, yəni 29.06.2021ci il tarixdən başlayaraq Cavabdeh hər ay hər uşaq üçün 120 (yüz iyirmi) manat olmaqla, cəmi 240 (iki yüz qırx) manat aliment tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Cavabdeh 30 (otuz) manat məbləğində pul tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Qətnamədən 1 ay müddətində Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən : İlkin Xəlilov.
Məhkəmə qərarları › İş №2(067)-1915/2021
Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-1915/2021
28.07.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver