Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-1946/2024 24.09.2024 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Aynur Məhəmməd qızının sədrliyi, məhkəmə iclas katibi Həsənli Rövşən Xudat oğlunun katibliyi, İddiaçı nümayəndəsi X1 iştirak ilə, İddiaçı Cavabdeh qarşı aliment üzrə yaranmış borcların silinməsi və aliment ödəməkdən azad edilməsi tələbinə dair mülki işə Xaçmaz şəhərində açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 12630 (on iki min altı yüz otuz) manat aliment borcunun silinməsi və aliment ödəməkdən azad edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddianı onunla əsaslandırmışdır ki, ondan Xaçmaz rayon məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(067)-2753/2016 saylı qətnaməsinə əsasən iki uşağın yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay cəmi 220 manat aliment pulunun alınıb cavabdeh Zəkiyeva (Ağaşixova) Aygün Tofiq qızına verilməsi qət edilmişdir. Hal-hazırda bu iş üzrə onun 12630 (on ikİ min altı yüz otuz) manat aliment borcu var. Alimenti ödəyə bilmədiyi üçün cavabdeh uşaqların saxlanılması üçün anasından, yəni nəvənin saxlanılması üçün iddia qaldıraraq Xaçmaz rayon məhkəməsinin 2(067)-2405/2022 saylı xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən iki uşağın saxlanılması üçün hər ay cəmi 100 manat aliment pulu nənədən tutularaq cavabdeh Zəkiyeva (Ağaşixova) Aygün Tofiq qızına ödənilməsi qət edilmişdir, hal-hazırda onun 12630 (on iki min altı yüz otuz) manat aliment borcu var, bu borc onun uzun müddətdir vərəm xəstəliyindən əziyyət çəkdiyi üçün bu günə qədər olan borcdur. Özü də hal-hazırda ağır yataq xəstəsidir. Vərəmdən əziyyət çəkir, aliment borcunu ödəməkdən boyun qaçırmır. Aliment ödəyə bilməməyinin səbəbi onun uzun illərdir ki, ağır xəstə olmağıdır. Sağlamlığı aliment ödəməyə və ya işləməyə imkan vermir. Valideyinindən ona görə aliment tutulduğu üçün 12630 (on iki min altı yüz otuz) manat məbləğində aliment borcunun silinməsinə və həmin qərar üzrə aliment ödəməkdən azad olunmağı ilə bağlı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iddiaçı tərəf iddianı müdafiə edərək bildirmişdir ki, 9 ildir aliment ödəyir. 2016-cı ildən 2 uşaq üçün 220 manat aliment ödəmişdir. 2022-ci ildə hər uşağa 50 manat aliment təyin edilmişdir. Borc necə yığılıb bilmir. 4 ay 132 manat tutulmuş, daha sonra 3 ay 130 manat ödəniş olmuşdur. Oğlu Ramin səhhəti ilə əlaqədar işləyə bulmir. Əlilliyi yoxdur. Raminin alimenti ödəməsindən azad edilməsi xahiş edir, onun özündən tutulan alimenti ödəməyə etiraz etmir. İş üzrə cavabdeh və üçüncü şəxs Xaçmaz rayon icra şöbəsinin nümayəndəsi lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsini rəhbər tutaraq işə onların iştirakı olmadan baxılmasını mümkün saymışdır. İş üzrə cavabdeh məhkəməyə ərizə göndərərək göstərmişdir ki, iddianı qəbul etmir, növbəti məhkəmə iclaslarını iştirakı olmadan keçirilməsini, iddianın təmin olunmamasını xahiş etmişdir. Əvvəlki məhkəmə iclaslarında cavabdeh iddianı qəbul etməyərək göstərmişdir ki, 2 uşağı var, oğlunun 14 yaşı, qızının isə 15 yaşı var. Ev tikmək üçün torpaq sahəsi almışdır. 323 manat maaş alır, 300 manat kredit ödəyir. Bundan sonra 15000 manat kredit ödəməlidir. Ödənişləri etdikdən sonra ona 23 manat pul qalır. Uşaqlara təhsil vermək istəyir. İddiaçı illərdir aliment ödəmir. İlk vaxtlar ödəniş olmuşdur. Sonradan qaynanasının razılığı ilə onun pensiyasından aliment təyin edilmişdir. İddiaçının anasının ödədiyi əlavə 100 manat ona olan köməkdir. Həmin məbləğin iddiaçıdan tutulmalı alimentə heç bir aidiyyəti yoxdur. İddiaçının alimenti isə borc olaraq yığılır. İddiaçının anası elə bilir ki, onun ödədiyi 100 manat məbləğ oğlunun borcundan silinir. Qaynanasından tutulan alimentdən istəsələr imtina edə bilərlər. Yalnız iddiaçının aliment borcunun ödənilməsini tələb edir, əgər yaranmış borc ödənilərsə, uşaqların 18 yaşı tamam olanadək aliment tələb etməyəcək. Borcu ödəyə bilmirsə əvəzi olaraq uşaqları üçün ya ev, və ya torpaq qeydə aldırmasını xahiş edir. Qaynanası Raminin adında heç bir əmlak qeydə aldırmamışdır ki, onlara heç nə düşməsin. Evi, torpaqları digər övladlarının adına qeydə aldırmışdır. Ona görə də iddianın təmin olunmamasını xahiş edir. Əvvəlki məhkəmə iclasında üçüncü şəxs Xaçmaz rayon icra şöbəsinin nümayəndəsi X5 izahatında göstərmişdir ki, icraatında İddiaçı hər ay hər uşaq üçün 110 manat, Nayimə Zəkiyevadan isə hər ay 50 manat aliment ödənilməlidir. 2024-cü ilin aprel ayında Raminin 12000 manat aliment borcu olmuşdur. Nayimə Zəkiyevanın icra şöbəsinə təqdim etdiyi ödəniş qəbzlərinin bəzilərindən təkrar təqdim edildiyi üçün və qaralama olduğu üçün cırılıb atılıb. Borcluya bir neçə dəfə bildirmişdir ki, ödədiyi alimenti kart hesabına köçürsün. Borclu tələbkara təqdiç etmək üçün nağd ödəniş etmişdir, bu barədə ona qəbz verilmişdir. Nayimə Zəkiyevanın aliment borcu yoxdur, borc İddiaçı borcudur. Məhkəmə iş üzrə tərəfin izahatını dinləyib və iş materiallarını nəzərdən keçirib hesab edir ki, iddia tələbi təmin olunmamalıdır. İş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş; -Xaçmaz rayon məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(067)-2753/2016 saylı qətnaməsinin surətindən müəyyən olunur ki, Cavabdeh ilə İddiaçı Ramız oğlu arasında Xaçmaz rayon Qeydiyyat Şöbəsində xx.xx.2008-ci ildə qeydə alınmış nikah pozulmuş, xx.xx.2009-cu il təvəllüdlü Mələk və xx.xx.2010-cu il təvəllüdlü Nihat iddiaçı X3 himayəsində saxlanılmışlar. xx.xx.2009-cu il təvəllüdlü Mələk və xx.xx.2010-cu il təvəllüdlü Nihadın yetkinlik yaşına çatana kimi saxlanılması üçün 14 aprel 2016-cı il tarixdən başlayaraq İddiaçı hər ay hər bir uşaq üçün 110 manat olmaqla cəmi 220 manat sabit məbləğdə alimentin alınaraq Cavabdeh verilməsi qət edilmişdir. -X2 iştirak edilməsi barədə arayışdan müəyyən olunur ki, iddiaçı X2 iştirak etmiş, cavabdeh isə iştirak etməmişdir. -Xaçmaz rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(067)-273/2019 saylı qərarın surətindən müəyyən olunur ki, İddiaçı Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmiş və ona 10 gün müddətində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilmişdir. -Xaçmaz rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(067)-2405/2022 saylı qətnaməsinin surətindən müəyyən olunur ki, xx.xx.2009-cu il təvəllüdlü X4 və xx.xx.2010cu il təvəllüdlü X6 yetkinlik yaşına çatana kimi saxlanması üçün 25 iyul 2022-ci ildən başlayaraq Zəkiyeva (Şeydayeva) Nayimə Sərdar qızından hər ay hər uşaq üçün 50 manat sabit pul şəklində aliment alınaraq Cavabdeh verilməsi qət edilmişdir. -Xaçmaz rayon icra və probasiya şöbəsinin 03 aprel 2024-cü il tarixli arayışından görünür ki, Xaçmaz rayon məhkəməsinin 2(067)-2753 saylı, 04 oktyabr 2016-cı il tarixli icra vərəqəsinə əsasən İddiaçı «iki uşağın saxlanılması üçün xx.xx.2016-cı il tarixdən başlayaraq hər ay hər bir uşaq üçün 110 manat olmaqla, cəmi 220 manat sabit pul məbləğində alimenti tələbkar Cavabdeh ödəməlidir. Hal-hazırda İddiaçı 12630 manat məbləğində aliment borcu vardır. -Xaçmaz rayon icra və probasiya şöbəsinin sorğuya əsasən alınmış 10 sentyabr 2024-cü il tarixli məktubundan görünür ki, Xaçmaz rayon məhkəməsinin 2(067)-2753 saylı, 04 oktyabr 2016-cı il tarixli icra vərəqəsinə əsasən borclu İddiaçı «iki uşağın saxlanılması üçün xx.xx.2016-cı il tarixdən başlayaraq hər ay hər bir uşaq üçün 110 manat olmaqla, cəmi 220 manat sabit pul məbləğində aliment tutularaq tələbkar Cavabdeh ödəməlidir. Hal-hazırda İddiaçı xx.xx.2022-ci il tarixədək 8230 manat məbləğində aliment borcu vardır. -Xaçmaz rayon icra və probasiya şöbəsinin sorğuya əsasən alınmış 04 sentyabr 2024-cü il tarixli məktubundan görünür ki, Xaçmaz rayon məhkəməsinin 2(067)-2753 saylı, 04 oktyabr 2016-cı il tarixli icra vərəqəsinə əsasən borclu İddiaçı «iki uşağın saxlanılması üçün xx.xx.2016-cı il tarixdən başlayaraq hər ay hər bir uşaq üçün 110 manat olmaqla, cəmi 220 manat sabit pul məbləğində aliment tutularaq tələbkar Cavabdeh ödəməlidir. Hal-hazırda İddiaçı 13730 manat məbləğində aliment borcu vardır. -«Xaçmaz rayon Mərkəzi Xəstəxanası» X12 vərəm əleyhinə xəstəxananın xx.xx.2021-ci il tarixli 362 nömrəli arayışından müəyyən olunur ki, İddiaçı xx.xx.2019-cu il tarixdən hal-hazıra kimi qeydiyyatdadır. Ağ ciyərlərin infiltretiv vərəmi dağılma mərhələsi diaqnozu qoyulmuşdur. -Cavabdeh ərizəsindən görünür ki, iddianı qəbul etmir, növbəti məhkəmə iclaslarını iştirakı olmadan keçirilməsini, iddianın təmin olunmamasını xahiş edir. Məhkəmə iclasında müəyyən olundu ki, tərəflərin birgə nikahından xx.xx.2009-cu il təvəllüdlü Mələk və xx.xx.2010-cu il təvəllüdlü Nihat adlı uşaqları doğulmuşdur. Tərəflərin ailə münasibətlərinin pozulması nəticəsində ayrılmışlar. Xaçmaz rayon məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(067)-2753/2016 saylı qətnaməsinə əsasən iki uşağın yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay cəmi 220 manat aliment pulunun alınıb cavabdehə verilməsi qət edilmişdir. Alimenti ödəyə bilmədiyi üçün cavabdeh uşaqların saxlanılması üçün nənədən aliment tələb etmişdir. Xaçmaz rayon məhkəməsinin 2(067)- 2405/2022 saylı xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən iki uşağın saxlanılması üçün hər ay cəmi 100 manat aliment pulu nənədən tutularaq cavabdehə ödənilməsi qət edilmişdir, hal-hazırda iddiaçının 12630 manat aliment borcu var. Hazırda iddiaçı həmin aliment üzrə yaranmış borcların silinməsi və aliment ödəməkdən azad edilməsini xahiş edir. Cavabdeh iddianı qəbul etmir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 107.1-ci maddəsinə aliment onun ödənilməsi barədə saziş əsasında tutulduqda aliment üzrə borcları ödəməkdən azad edilmə və ya onun miqdarının azaldılması tərəflərin razılığı ilə həyata keçirilə bilər. Qeyd onlunan hüquq normasından da göründüyü kimi, aliment saziş əsasında tutulduqda aliment üzrə borcları ödəməkdən azad edilmə və ya onun miqdarının azaldılması tərəflərin razılığı ilə həyata keçirilə bilər. Hazırkı halda isə bu məsələyə dair tərəflər arasında mübahisə mövcuddur. Bundan başqa məhkəmə onu da qeyd edir ki, hazırki halda aliment məhkəmə qətnaməsi əsasında müəyyən edilmişdir. 107.2-ci maddəsinə əsasən məhkəmə aliment ödəməli şəxsin iddiası üzrə aliment borcunun şəxsin xəstəliyi və digər üzrlü səbəblərə görə əmələ gəldiyini, ailə və maddi vəziyyətinin bu borcları ödəməyə imkan vermədiyini müəyyən edərsə, onu həmin borcları ödəməkdən tamamilə və ya qismən azad edə bilər. 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. 112.2-ci maddəsinə əsasən yetkinlik yaşına çatan və fəaliyyət qabiliyyəti olmayan şəxsin aliment ödəməli olan şəxsə qarşı qəsdən cinayət törətdiyi və ya ailədə nalayiq davrandığı müəyyən edilərsə, məhkəmə həmin şəxs üçün aliment tutulması barədə tələbi rədd edə bilər. 75.1-ci maddəsinə əsasən valideynlər uşaqları saxlamağa borcludurlar. 75.4-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda, uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən 2024-ci il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, hazırki iddia tələbinin hüquqi əsası kimi Ailə Məcəlləsinin 107 və 112-ci maddələri çıxış edir, lakin iddiaçı həmin maddələrdə nəzərdə tutulan halları təsdiq edəcək sübutları məhkəməyə təqdim etməmişdir. Belə ki, iddiaçı xəstə olduğunu bu səbəbdən aliment borcunun silinməsini və aliment ödəməkdən azad edilməsini bildirsə də, məhkəmə araşdırması zamanı aliment borcunun iddiaçıya ağ ciyərlərin infiltretiv vərəmi dağılma mərhələsi diaqnozu qoyulmamışdan əvvəl yarandığı müəyyən edilmişdir. Bundan əlavə, məhkəməyə qeyd olunan xəstəliyin iddiaçının əmək qabiliyyətinin itirilməsinə səbəb olduğunu təsdiq edən hər hansı sübut təqdim edilməmişdir. Beləliklə, işin sadalanan faktiki hallarından görünür ki, iddia tələbi əsassızdır. Məhkəmə iddiaçının aliment borcunun onun xəstəliyi və digər üzrlü səbəblərə görə əmələ gəlmədiyini, alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində aliment ödəməkdən azad edilməsini ehtiva edəcək dəyişikliyin olmadığını nəzərə alaraq hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin; 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 78.1.-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanları nəzərə alaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216, 220, 227, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı aliment üzrə yaranmış borcların silinməsi və aliment ödəməkdən azad edilməsi tələbinə dair iddiası təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən qanunla müəyyən edilmiş qaydada şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Aynur Əliyeva
Məhkəmə qərarları › İş №2(067)-1946/2024
Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-1946/2024
24.09.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver