Məhkəmə qərarları › İş №2(067)-2019/2021

Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-2019/2021

05.08.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-2019/2021 05.08.2021 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi Məhkəmə iclas katibi Dadaşova Könül Vasif qızının katibliyi, İddiaçı İmaməli qızının iştirakı ilə, İddiaçı İmaməli qızının Cavabdeh1 və Cavabdeh2 Möhsüm qızına qarşı aliment tələbinə dair iddia ərizəsi üzrə mülki işə Xaçmaz rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı İmaməli qızı məhkəmədə iddia qaldıraraq cavabdehlərdən nəvələri 14.05.2006-cı il təvəllüdlü Ramazanın və 24.05.2012-ci il təvəllüdlü Elmirin saxlanılmaları üçün hər ay hər uşaq üçün 175 manat cəmi 350 manat sabit məbləğdə alimentin tutularaq ona verilməsi barəsində qətnamə çıxarılmasını xahiş etmişdir. İddiasını onunla əsaslandırmışdır ki, cavabdehlər onun sabiq qaynana və qaynatasıdır. Onların oğlu Vüsal Bayramov ilə rəsmi nikahları olub. Birgə nikahdan iki uşaqları olmuşdur. 14.05.2006-cı il təvəllüdlü Ramazan və 24.05.2012-ci il təvəllüdlü Elmir. Uşaqlar hazırda onun himayəsindədirlər. Xasiyyətləri düz gəlmədiyindən Xaçmaz rayon məhkəməsinin qətnaməsinə əsasən nikahları pozulmuşdur. Sabiq ərindən onun xeyrinə hər uşaq üçün 140 manat cəmi 280 manat aliment kəsilmişdir. Hazırda yaşayış minimiumu qalxmışdır. Ona görə də hesab edir ki, alimentin qalan hissəsi də nənə və babadan tutulsun. Uşaqların atası aliment verməkdən boyun qaçırdığından aliment onun valideynlərindən tutulmalıdır. Cavabdehlər pensiyaçıdırlar, onların yaxşı imkanları var. Qaynatasının şəxsi maşını və mal qaraları var. Uşaqlar məktəblidirlər. Özü isə heç bir yerdə işləmir. B səbəbdən də uşaqları saxlamaqda çətinlik çəkir. Məhkəmə iclasında iddiaçı iddia ərizəsində göstərilənlərə uyğun izahat vermiş və iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barəsində cavabdehlər lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə cavabdehlərin məhkəmə iclasına gəlməmələrinin səbəbini üzürsüz sayaraq Azərbaycan Resublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsini rəhbər tutaraq işə onların iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iddiaçının izahatını dinləyib iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Xaçmaz rayon məhkəməsinin 05 mart 2021-ci il tarixli 2(067)-342/2021 saylı qətnaməsinin surətindən müəyyən olunur ki, tərəflər arasında bağlanmış nikah pozulmuş, tərəflərin birgə nikahlarından olan uşaqları 14.05.2006-cı il təvəllüdlü Ramazan və 24.05.2012-ci il təvəllüdlü Elmirin yetkinlik yaşına çatana kimi saxlanması üçün 29.10.2020-ci il tarixdən hesablanmaqla X1 hər ay sabit məbləğdə 280 manat miqdarında alimentin tutulub X2 verilməsi qət edilmişdir. İş materiallarında olan Xaçmaz RPŞ-dən Xaçmaz rayon İcra və Probasiya şöbəsinə ünvanlanmış məktubun surətindən görünür ki, X4 barəsində 10.04.2021-ci il tarixdə 780572 №li axtarış işi açılmışdır. Azərbaycan Respublikasının Konstitusiyasının 17-ci maddəsinini İİ-ci hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 89-cu maddəsində göstərilir ki, yardıma ehtiyacı olan yetkinlik yaşına çatmayan nəvələr saxlanmaq üçün öz valideynlərindən maddi yardım ala bilmədikdə, buna zəruri vəsaitə malik baba və nənədən məhkəmə qaydasında aliment almaq hüququna malikdirlər. Əmək qabiliyyəti olmayan və yardıma ehtiyacı olan yetkinlik yaşına çatan nəvələr saxlanmaq üçün valideynlərindən, yaxud da ərdən (arvaddan) maddi yardım ala bilmədikdə, onlara da eyni hüquq verilir. Belə ki, məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. MPM sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almalıdır (MPM-in 14.2 və 77.1-ci maddələri). Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Ona görə də, hazırki mübahisə üzrə sübutetmə yükü iddiaçının üzərinə, bunun əksini sübutetmə yükü isə cavabdehin üzərinə düşür. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 100.2-ci maddəsində göstərilir ki, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. İş materiallarından müəyyən olunur ki, iddia ərizəsi 08 iyul 2021-ci ildə Xaçmaz rayon məhkəməsinə daxil olmuşdur. Beləliklə, işin yuxarıda sadalanan faktiki hallarından görünür ki, iddia tələbi əsaslıdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi İddia tələbi təmin edilsin. 14.05.2006-cı il təvəllüdlü X3 və 24.05.2012-ci il təvəllüdlü X5 yetkinlik yaşlarına çatana kimi saxlanması üçün 08 iyul 2021-ci ildən başlayaraq Cavabdeh1 və Cavabdeh2 Möhsüm qızından hər ay hər uşaq üçün 175 manat, cəmi 350 manat sabit pul şəklində aliment alınaraq İddiaçı İmaməli qızına verilsin. Qətnamə dərhal icra olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Xaçmaz rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Sərxan Səmədzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar