Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-2038/2024 03.09.2024 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Abiyeva Nərmin Mirhəsən qızının sədrliyi, məhkəmə iclas katibi İsayeva Səbinə Cavanşir qızının katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı aliment üzrə borcları ödəməkdən və aliment ödəməkdən azad etmək tələbinə dair mülki işə Xaçmaz rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun Xaçmaz rayon məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(067)-1625/2020 saylı qətnaməsinə əsasən borclu qaldığı aliment borclarını ödəməkdən azad edilməsi və həmin qətnamə əsasında müəyyən edilmiş alimenti ödəməkdən azad edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, Xaçmaz rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsinə əsasən cavabdehlə arasındakı nikahın pozulması, birgə nikahdan doğulmuş övladları xx.xx.2005-ci il təvəllüdlü X1, xx.xx.2007-ci il təvəllüdlü X2 və xx.xx.2009-cu il təvəllüdlü X3 cavabdehin himayəsində saxlanılması və uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşaq üçün 100 manat olmaqla, cəmi 300 manat alimentin ondan alınaraq cavabdehə verilməsi qət edilmişdir. Xaçmaz rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 3(067)-428/2021 saylı qərarı ilə İXM-nin 528.1ci maddəsi ilə təqsirli bilinərək, 15 gün müddətinə inzibati həbs edilmişdir. Qərardan da görünür ki, məhkəmə qətnaməsi ilə müəyyən olunmuş alimenti ödəmiş, həmin tarixə 2700 manat aliment borcu qalmışdır. Xaçmaz rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2021-ci il tarixli arayışından görünür ki, qeyd olunan tarixə 3900 manat aliment borcu vardır. Həmin tarixdən sonra da aliment borcları yığılmaqdadır və hazırda 5500 manat aliment borcum qalır. Xaçmaz rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsin xx.xx.2021-ci il tarixli 1109 saylı arayışından görünür ki, xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək və xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək xəstəxanın terapiya şöbəsində “qeyri stabil stenokardiya, şiddətlənən stenokardiya” diaqnozu ilə müalicə almış, xx.xx.2021-ci il tarixdən isə “sol mədəcik çatı.mazlığı” diaqnozu ilə stasionar müalicə olunur. Müalicələri effekt vermədiyinə görə DTX-nin Hərbi-tibbi idarəsində müalicələr almış və ona “təkrar sol mədəciyin arterial miokard infarktı yarım kəskin mərhələ” diaqnozu qoyulmuşdur. Son aylarda vəziyyəti kəskinləşdiyinə görə ürəyindən cərrahi əməliyyatla müdaxilə variantı araşdırılmış, lakin həkimlər əməliyyatdan sağ çıxacağına təminat verməmiş, heç bir cərrahi əməliyyatı boynuna götürməmişlər. Vəziyyəti həddən artıq ağırdır, faktiki olaraq heç bir vəsaiti yoxdur, qohum-əqrəbadan müalicələri üçün aldığı vəsaiti tam xərclənib, külli miqdarda borcları qalır. Maddi durumu çox ağırdır. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək iddia ərizəsinə uyğun izahat vermiş və iddiasının təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh Müəffər qızı iddianı qəbul etməyərək izahatında göstərmişdir ki, iddiaçının 12.000 manatdan çox aliment borcu var və o, aliment borcundan ödənişlər etmir Ona görə də iddianın rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işə əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, iddia tələbi əsassız olduğundan rədd olunmalıdır. Belə ki, iş materiallarında olan Xaçmaz rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(067)-1625/2020 saylı qətnaməsindən müəyyən olunur ki, tərəflər arasındakı nikah pozulmuş, onların birgə nikahdan doğulmuş övladları - xx.xx.2005-ci il təvəllüdlü X4, xx.xx.2007-ci il təvəllüdlü X5 və xx.xx.2009-cu il təvəllüdlü X6 cavabdehin himayəsində saxlanılmış və uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehdən hər ay hər uşaq üçün 100 manat olmaqla, cəmi 300 manat alimentin alınaraq cavabdehə verilməsi qət edilmişdir. İş materiallarında olan Xaçmaz rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 3(067)- 1319/2022 saylı qərarı ilə İddiaçı Xaçmaz rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(067)-1625/2020 saylı və xx.xx.2020-ci il tarixli 2(067)-2247/2020 saylı icra sənədlərini icra etmədiyinə görə İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək, barəsində 8 gün müddətinə inzibati həbs növündə tənbeh təyin edilmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli epikrizdən müəyyən olunur ki, İddiaçı qeyri-stabil stenokardiya, hipertoniya xəstəliyi İ mərhələ diaqnozu qoyulmuşdur. İş materiallarında olan xx.xx.2021-ci il tarixli epikrizdən müəyyən olunur ki, İddiaçı təkrar sol mədəciyin anterior miokard infarktı yarım kəsin mərhələ, keçilmiş miokard infarkt diaqnozu qoyulmuşdur. İş materiallarında olan xx.xx.2024-cü il tarixli ödəniş qəbzindən müəyyən olunur ki, iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar 100 manat dövlət rüsumu köçürülmüşdür. Azərbaycan Respublikasının Konstitusiyasının 17-ci maddəsinin İİ hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqları saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda, uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikasının 19 may 1998-ci il tarixli Qanununun 19-cu maddəsinə görə uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifəsidir. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikasının 19 may 1998-ci il tarixli Qanununun 13-cü maddəsində isə imperativ qayda müəyyən edilmişdir ki, uşağın minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Məhkəmə hesab edir ki, aliment tələblərinə dair iddialara baxılarkən, işin konkret halları, valideynlərin hər birinin himayəsində neçə uşağın saxlanılması, onların yaşı, uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması zəruriliyi və digər hallar nəzərə alınmalıdır. Qanunun mənasına görə heç bir yerdə işləməmək, yaxud az gəlir əldə etmək alimenti ödəmək vəzifəsini daşıyan şəxsə öz şəxsi istehlak tələbatlarının, ehtiyaclarının ödənilməsinə mane olsa belə, valideynlər mənbəyindən asılı olmayaraq öz qazanclarını uşaqları ilə bölüşdürməyə borcludurlar. Uşaqların saxlanılması valideynlərin mənəvi borcu olmaqla yanaşı, həm də vacib hüquqi vəzifələridir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 112.1.-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbinin təmin olunması, yəni aliment borclarını ödəməkdən azad etmə cavabdehin hüquqlarının pozulmasına, onun həyat şəraitinin mənfi mənada dəyişməsinə səbəb olaraq aliment öhdəliklərinin mahiyyətinə zidd olardı. Məhkəmə, həmçinin, hesab edir ki, iddiaçının xəstəliyi ilə bağlı müalicələr alması halı müəyyən olunsa belə, bu hal iddiaçının qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi əsasında tutulmalı olan aliment öhdəliklərindən azad edilməsinə əsas vermir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə aliment ödəməli şəxsin iddiası üzrə aliment borcunun şəxsin xəstəliyi və digər üzürlü səbəblərə görə əmələ gəldiyini, ailə və maddi vəziyyətinin bu borcları ödəməyə imkan vermədiyini müəyyən edərsə, onu həmin borcları ödəməkdən tamamilə və ya qismən azad edə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin müvafiq maddəsinin məzmunundan göründüyü kimi iş üzrə iddia tələbinin təmin olunması üçün iddiaçı aliment borcunun onun xəstəliyi və digər üzürlü səbəblərə görə əmələ gəldiyini və ailə və maddi vəziyyətinin bu borcları ödəməyə imkan vermədiyini təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim etdiyi halda iddia əsaslı hesab edilə bilər. Lakin, iddiaçı qeyd edilən halları təsdiq edən heç bir mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Məhkəmə qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsiplərinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktlara istinad etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. Azərbaycan Respublikası MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Avropa İnsan Hüquqları Məhkəməsi «Mahmudov Rusiya Federasiyasına qarşı» 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilir. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Göstərilənlərə əsasən, məhkəmə belə nəticəyə gəlmişdir ki, İddiaçı Cavabdeh qarşı aliment üzrə borcları ödəməkdən və aliment ödəməkdən azad etmək tələbinə dair iddiası təmin olunmamalıdır. Məhkəmə nəzərə almışdır ki, MPM-nin 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan, işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Şərh olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216, 220, 227, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddiaçı Cavabdeh qarşı aliment üzrə borcları ödəməkdən və aliment ödəməkdən azad etmək tələbinə dair iddiası təmin edilməsin. İddia ərizəsi verilərkən ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən qanunla müəyyən edilmiş qaydada şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Nərmin Abiyeva
Məhkəmə qərarları › İş №2(067)-2038/2024
Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-2038/2024
03.09.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver