Məhkəmə qərarları › İş №2(067)-2044/2023

Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-2044/2023

17.10.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-2044/2023 17.10.2023 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, məhkəmə iclas katibi X6, İddiaçı Mirzəağa qızının nümayəndəsi Nümayəndə, Cavabdeh iştirakı ilə, İddiaçı Mirzəağa qızının Cavabdeh qarşı aliment tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxılır, Müəyyənetdi: İddiaçı Mirzəağa qızı məhkəmədə iddia qaldıraraq Xaçmaz rayon məhkəməsinin 2(067)- 1241/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə 23 noyabr 2018-ci təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün cavabdehdən tutulan alimentin miqdarının artırılaraq hər ay 220 manat müəyyən edilməsi, 23 noyabr 2022-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün cavabdehdən mediasiya təklifi göndərildiyi xx.xx.2023-cü il tarixdən başlayaraq hər ay 220 manat alimentin, 23 noyabr 2022-ci il təvəllüdlü Nihadın 3 yaşına çatanadək hər ay 100 manat alimentin alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddianı onunla əsaslandırmışdır ki, iddiaçı ilə cavabdeh xx.xx.2017-ci ildə ailə qurmuşlar, birgə nikahlarından 2 uşaqları vardır. Tərəflər arasında baş vermiş mübahisələr nəticəsində bir neçı dəfə ayrılaraq barışmışlar. 2019-cu ilin may ayında iddiaçı cavabdehin evindən çıxaraq oğlu Nicat ilə birlikdə valideynlərinin evinə qayıtmışdır. 5-6 ay orada yaşadıqdan sonra yenidən cavabdehlə barışaraq Xaçmaz şəhərində müxtəlif ünvanlarda yaşamışlar. 2022-ci ilin aprel ayında iddiaçı ikinci uşaqda hamilə vəziyyətdə yenidən cavabdehdən ayrılaraq valideynlərinin evinə qayıtmışdır. 23 noyabr 2022-ci il təvəllüdlü Nihad adında uşağı anadan olmuşdur. Xaçmaz rayon məhkəməsinin xx.xx.2020-ci il ttarixli qətnaməsi ilə tərəflər arasında bağlanmış rəsmi nikah pozulmuşdur. Məhkəmə qətnaməsi ilə Cavabdeh 23 noyabr 2018-ci ildə anadan olmuş X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün ərizənin verildiyi tarixdən, yəni 19 may 2020-ci il tarixdən hesablanmaqla hər ay sabit pul məbləğində 150 manat miqdarında və uşaq 3 yaşına çatanadək 50 manat miqdarında olmaqla cəmi 200 manat miqdarında aliment tutularaq İddiaçı verilməsi qət edilmişdir. Məhkəmə iclasında iddiaçı tərəf iddia ərizəsində göstərilənlərə uyğun izahat vermiş iddianın təmin olunmasını xahiş etmişdir. Əlavə olaraq göstərmişdir ki, tərəflər xx.xx.2017ci ildə evləniblər. İki uşaqları var. 2018-ci il təvəllüdlü Nicat və 2022-ci il təvəllüdlü Nihad. Tərəflər ayrılıb barışsalar da, 2022-ci ilin aprel ayında iddiaçı ikinci uşağa hamilə vəziyyətdə yenidən cavabdehdən ayrılaraq valideynlərinin evinə qayıtmışdır. xx.xx.2022-ci ildə Nihad anadan olmuşdur. Xaçmaz rayon məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(067)- 1536/2020 saylı qətnaməsi ilə tərəflər arasında bağlanmış nikah pozulmuşdur. Məhkəmənin xx.xx.2020-ci il tarixli qətnaməsi ilə cavabdehdən xx.xx.2018-ci il təvəllüdlü Nicatın yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 150 manat sabit məbləğdə alimentin və uşaq 3 yaşına çatanadək 50 manat miqdarında, cəmi 200 manat alimentin tutularaq iddiaçıya verilməsi qət edilib. Cavabdeh bir valideyn kimi uşaqlarını saxlamağa borcludur. Məhkəmə iclasında cavabdeh iddianı qismən qəbul edərək göstərmişdir ki, iddiaçının tələb etdiyi məbləğdə aliment ödəməyə maddi imkanı yoxdur. O, "xxxx" MMC-də sürücü işləyir və ayda 300 manat əmək haqqı alır. Lakin əmək müqaviləsi yoxdur. Hər uşağa görə 100 manat aliment ödəyə bilər. Hazırda bir uşaq üçün 150 manat aliment ödəyir. İkinci uşaq üçün ayda 100 manat aliment ödəyə bilər. İddiaçının tələb etdiyi əlavə vəsaiti verməyə də gücü yoxdur. Başqa qazanc yeri yoxdur. Məhkəmə iş materiallarını araşdırıb, tərəflərin izahatını dinləyərək, bu nəticəyə gəlir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, iş materiallarından müəyyən olunur ki, Xaçmaz rayon məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(067)-1536/2020 saylı qətnaməsi ilə tərəflər arasında bağlanmış nikah pozulmuşdur. İş materiallarında olan Xaçmaz rayon məhkəməsinin 2(067)-1241/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsindən müəyyən olunur ki, Cavabdeh 23 noyabr 2018-ci ildə anadan olmuş X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün ərizənin verildiyi tarixdən, yəni 19 may 2020-ci il tarixdən hesablanmaqla hər ay sabit pul məbləğində 150 manat miqdarında və uşaq 3 yaşına çatanadək 50 manat miqdarında olmaqla cəmi 200 manat miqdarında aliment tutularaq İddiaçı verilməsi qət edilmişdir. İş materiallarından müəyyən olunur ki, tərəflərin birgə nikahlarından 23 noyabr 2018-ci təvəllüdlü X7 və 23 noyabr 2022-ci il təvəllüdlü X8 anadan olmuşdur. İş materiallarında olan ilkin mediyasiya sessiyasında iştirak edilməsi barədə arayışdan müəyyən olunur ki, tərəflər X5 iştirak etmişlər. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İİ hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1.-ci maddəsi əsasında valideynlər uşaqlarını saxlamağa borcludurlar. Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik-yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri müntəzəm, dəyişən olarsa ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm də sabit pul məbləğində müəyyən edilə bilər. Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən alimentin ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəflərdən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikasının 19 may 1998-ci il tarixli Qanununun 19-cu maddəsinə görə uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifəsidir. «Yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının Qanununun tələbinə əsasən uşaqlar üçün yaşayış minimumu 2023-cü ildə 220 manat məbləğində müəyyən edilmişdir. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikasının Qanununun 19-cu maddəsinə görə uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifəsidir. «Uşaq hüquqları haqqında» BMT-nin 12 noyabr 1989-cu il tarixli Konvensiyasının 18-ci maddəsinə əsasən uşağın tərbiyyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər daşıyırlar. «Uşaq hüquqları Bəyannaməsi»nin 2 saylı prinsipinə görə uşaq qanunla və digər vasitələrlə sosial müdafiə ilə təmin olunmalı, onun fiziki, əqli, mənəvi, ruhi və sosial baxımdan sağlam və normal yolla azadlıq və ləyaqət şəraitində inkişaf etməsinə imkan verən əlverişli şəraitlə təmin edilməlidir. Həmin Bəyannamənin 4 saylı prinsipinə əsasən uşaq sosial təminatın faydalığından istifadə etməlidir. O, sağlam böyümək və inkişaf etmək hüququna malik olmalıdır, bu məqsədlə o, doğumdan əvvəl və sonra müvafiq qulluq daxil olmaqla, xüsusi qulluq və mühafizə ilə təmin olunmalıdır. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 100.2.-ci maddəsində göstərilir ki, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. İş materiallarından müəyyən olunur ki, iddia ərizəsi xx.xx.2023-cü ildə Xaçmaz Rayon Məhkəməsinə daxil olmuşdur. Məhkəmə belə hesab edir ki, qanunun mənasına görə heç bir yerdə işləməmək, az gəlir etmək, yaxud, digər əsaslar valideynləri öz uşaqlarını saxlamaq vəzifəsindən azad etmir. Göstərilən hallar ancaq alimentin miqdarının müəyyən edilməsində nəzərə alına bilər. Alimentin ödənilməsi valideynlərə öz şəxsi istehlak tələbatlarının, ehtiyaclarının ödənilməsinə mane olsa belə, valideynlər mənbəyindən asılı olmayaraq öz qazanclarını uşaqları ilə bölüşdürməyə borcludurlar. Uşaqların saxlanılması valideynlərin mənəvi borcu olmaqla yanaşı həm də vacib hüquqi vəzifələridir. Məhkəmə Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 112.1-ci maddəsini rəhbər tutaraq belə hesab edir ki, hər ay 150 manat müəyyən edilmiş aliment məbləğinin miqdarı artırılmalı, valideynlərin ailə və maddi vəziyyəti, uşağın mənafeyi, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınaraq, 23 noyabr 2018-ci təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən iddiaçının xeyrinə hər ay 160 manat sabit pul məbləğində aliment tutulmalıdır. Məhkəmə bu məbləğdən aşağı miqdarda alimentin tutulmasının uşağın mənafeyinə zidd olacağı və hüquqlarını pozacağı qənaətindədir. Məhkəmə iddiaçının himayəsində olan yetkinlik yaşına çatmayan uşaqların mənafeyini və tərəflərin maddi vəziyyətlərini nəzərə alaraq, hesab edir ki, 23 noyabr 2022-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanması üçün cavabdehdən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən, yəni xx.xx.2023-cü il tarixdən başlayaraq hər ay 160 manat alimentin tutularaq iddiaçıya ödənilməsi məqsədəuyğundur. Məhkəmə hesab edir ki, qeyd olunan aliment miqdarından az miqdarda aliment məbləğinin müəyyən edilməsi azyaşlı uşaqların qanunla qorunan hüquqlarını pozaraq, aliment öhdəliklərinin mahiyyətinə zidd olardı. ”Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli, 8-2/2016 saylı Qərarında məhkəmələrə tövsiyə edilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikasının “Dövlət Rüsumu haqqında” Qanunun 9.1.2-ci maddəsinə görə aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumunu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövtət rüsümu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. İddiaçının iddia ərizəsi qismən təmin edildiyindən, yəni alimentin məbləği 10 manat artırıldığından və 160 manat aliment məbləği təyin edildiyindən, iddianın qiyməti 170 manat x 12 aya=2040 manat təşkil edir. Azərbaycan Respublikasının “Dövlət Rüsumu haqqında” Qanunun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi miqdarında dövlət rüsumu ödənilməlidir. Belə olan halda, cavabdehdən 40.4 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə köçürülməlidir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, alimentin artırılmış məbləği qətnamə qanuni qüvvəyə mindiyi gündən tutulmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 85.1-ci maddəsinə əsasən aşağıdakı şəxslər nikah pozulduqdan sonra məhkəmə qaydasında buna zəruri vəsaitə malik olan keçmiş ərdən (arvaddan) aliment ödəməyi tələb etmək hüququna malikdirlər: 85.1.1. hamiləlik dövründə və ümumi uşaqlarının doğulduğu gündən 3 il ərzində keçmiş arvad; İş materiallarından göründüyü kimi, iddiaçı uşağın 3 yaşa çatanadək cavabdehdən 100 manat aliment tələb etsə də, cavabdehin buna zəruri vəsaitə malik olmasına dair heç bir sübutu məhkəməyə təqdim etməmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə rədd edilməlidir. Məhkəmə nəzərə almışdır ki, MPM-nin 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan, işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119.1, 216-220, 227, 233, 235.1.1, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Xaçmaz rayon məhkəməsinin 2(067)-1241/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsinə əsasən Cavabdeh 23 noyabr 2018-ci təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün İddiaçı xeyrinə tutulan alimentin məbləği dəyişdirilsin. 23 noyabr 2018-ci təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq Cavabdeh İddiaçı xeyrinə hər ay 160 manat sabit pul məbləğində aliment tutulsun. 23 noyabr 2022-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanması üçün 16 iyun 2023-cü ildən başlayaraq Cavabdeh hər ay 160 manat məbləğdə sabit aliment tutularaq İddiaçı ödənilsin. Cavabdeh 40.4 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə köçürülsün. Qətnamə 23 noyabr 2022-ci il təvəllüdlü X4 münasibətdə dərhal icra olunsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən qanunla müəyyən edilmiş qaydada şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Sərxan Səmədzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar