Məhkəmə qərarları › İş №2(067)-2089/2023

Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-2089/2023

17.08.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-2089/2023 17.08.2023 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, məhkəmə iclas katibi Nəcəfli Fuad Zeynal oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair mülki işə açıq məhkəmə hazırlıq iclasında baxılır. Müəyyən etdi: İddiaçı məhkəmədə iddia qaldıraraq cavabdehdən övladları xx.xx.2012-ci il təvəllüdlü X2 və xx.xx.2014-cü il təvəllüdlü X1 üçün 1 il bundan əvvəl müddətin, yəni cavabdeh uaqlarə onun üstünə atıb getdiyi gündən hesablanmaqla, hər ay hər uşaq üçün 220 manat olmaqla hər ay cəmi 440 manat sabit pul məbləğində alimentin alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddianı onunla əsaslandırmışdır ki, cavabdehlə rəsmi nikah qeyd etdirməklə ailə qurmuşdur. Birgə nikahlarından 2 uşaqları vardır. Cavabdehlə xasiyyətləri uyğun gəlmədiyindən ailə münasibətləri pozulmuşdur. Cavabdeh 1 ildir ki, uşaqları onun yanında qoyaraq evdən çıxıb getmişdir. Xaçmaz rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi ilə nikahları pozulmuş, birgə nikahlarından olan uşaqları onun himayəsində saxlanılmışdır. Uşaqlar hazırda məktəbdə oxuyurlar, onlara məktəb ləvazimatları, paltar lazımdır ki, buna görə də cavabdeh aliment ödəməlidir. Məhkəmə iclasında iddiaçı iddianı müdafiə edərək göstərmişdir ki, cavabdehlə aralarındakı nikahları pozulmuş, birgə nikahlarından olan uşaqları onun himayəsində saxlanılmışdır. Uşaqlar hazırda məktəbdə oxuyurlar. Uşaqları saxlamağa kömək lazımdır. Məhkəmə iclasında cavabdeh iddianı qəbul etməyərək göstərmişdir ki, yeni ailə qurmuşdur və övladı olduğuna görə uşaqları atasına vermişdir, o heç vaxt uşaqlarını atmamışdır. İddiaçı uşaqları ona göstərmir. Yeni doğulan körpəsi 5 aylıqdır. Əgər iddiaçı uşaqlara baxa bilmirsə versin o özü baxar. Aliment ödəyə bilməz, körpə uşağı var, gəlir yeri də yoxdur. Məhkəmə tərəflərin izahatını dinləyib iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır. İş materiallarında olan Xaçmaz rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(067)- 83/2023 saylı qətnaməsindən müəyyən olunur ki, İddiaçı ilə Cavabdeh arasında Xaçmaz rayon qeydiyyat şöbəsində xx.xx.2013-cü il tarixdə bağlanmış nikah qeydi pozulmuş, birgə nikahlarından olan uşaqları xx.xx.2012-ci il təvəllüdlü X5 və xx.xx.2014-cü il təvəllüdlü X6 boşanmadan sonra ataları İddiaçı himayəsinə verilmişlər. İş materiallarından müəyyən olunur ki, tərəflərin birgə nikahlarından xx.xx.2012-ci il təvəllüdlü X5 və xx.xx.2014-cü il təvəllüdlü X6 anadan olmuşdur. İş materiallarında olan X3 iştirak edilməsi barədə arayışdan müəyyən olunur ki, tərəflər X3 iştirak etmişlər. Azərbaycan Respublikasının Konstitusiyasının 17-ci maddəsinini İİ hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1.-ci maddəsi əsasında valideynlər uşaqlarını saxlamağa borcludurlar. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 78.1.-ci maddəsinə görə, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərin birinin marağını əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 78.2.-ci maddəsinə müvafiq olaraq sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla, uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. «Yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının Qanununun tələbinə əsasən uşaqlar üçün yaşayış minimumu 2023-cü ildə 220 manat məbləğində müəyyən edilmişdir. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikasının Qanununun 19-cu maddəsinə görə uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifəsidir. «Uşaq hüquqları haqqında» BMT-nin 12 noyabr 1989-cu il tarixli Konvensiyasının 18-ci maddəsinə əsasən uşağın tərbiyyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər daşıyırlar. «Uşaq hüquqları Bəyannaməsi»nin 2 saylı prinsipinə görə uşaq qanunla və digər vasitələrlə sosial müdafiə ilə təmin olunmalı, onun fiziki, əqli, mənəvi, ruhi və sosial baxımdan sağlam və normal yolla azadlıq və ləyaqət şəraitində inkişaf etməsinə imkan verən əlverişli şəraitlə təmin edilməlidir. Həmin Bəyannamənin 4 saylı prinsipinə əsasən uşaq sosial təminatın faydalığından istifadə etməlidir. O, sağlam böyümək və inkişaf etmək hüququna malik olmalıdır, bu məqsədlə o, doğumdan əvvəl və sonra müvafiq qulluq daxil olmaqla, xüsusi qulluq və mühafizə ilə təmin olunmalıdır. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 100.2.-ci maddəsində göstərilir ki, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. İş materiallarından müəyyən olunur ki, iddia ərizəsi xx.xx.2023-cü ildə Xaçmaz Rayon Məhkəməsinə daxil olmuşdur. Məhkəmə iddiaçının himayəsində olan yetkinlik yaşına çatmayan uşaqların mənafeyini və tərəflərin maddi vəziyyətlərini nəzərə alaraq, hesab edir ki, xx.xx.2012-ci il təvəllüdlü X2 və xx.xx.2014-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh iddia ərizəsi məhkəməyə daxil olduğu gündən, yəni xx.xx.2023-cü il tarixdən başlayaraq hər ay hər uşaq üçün 75 manat alimentin tutularaq İddiaçı ödənilməsi məqsədəuyğundur. Məhkəmə hesab edir ki, qeyd olunan aliment miqdarından az miqdarda aliment məbləğinin müəyyən edilməsi azyaşlı uşaqların qanunla qorunan hüquqlarını pozaraq, aliment öhdəliklərinin mahiyyətinə zidd olardı. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikasının “Dövlət Rüsumu haqqında” Qanunun 9.1.2-ci maddəsinə görə aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumunu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövtət rüsümu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. İddiaçının iddia ərizəsi qismən təmin edildiyindən, yəni alimentin məbləği cəmi 150 manat müəyyən olunduğundan, iddianın qiyməti 150 manat x 12 aya=1800 manat təşkil edir. Azərbaycan Respublikasının “Dövlət Rüsumu haqqında” Qanunun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi miqdarında dövlət rüsumu ödənilməlidir. Belə olan halda, cavabdehdən 38 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə köçürülməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2.-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalıvə onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4.-cü madəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə nəzərə almışdır ki, MPM-nin 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan, işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Beləliklə, məhkəmə işdə olan sübutlara məcmu halında hüquqi qiymət verərkən hesab edir ki, iddia qismən təmin edilməli və xx.xx.2012-ci il təvəllüdlü X2 və xx.xx.2014cü il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh iddia ərizəsi məhkəməyə daxil olduğu gündən, yəni xx.xx.2023-cü il tarixdən başlayaraq hər ay hər uşaq üçün 75 manat olmaqla cəmi 150 manat aliment tutularaq İddiaçı ödənilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Cavabdeh 38 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə köçürülməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 117-220-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia qismən təmin edilsin. xx.xx.2012-ci il təvəllüdlü X2 və xx.xx.2014-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanması üçün 20 iyun 2023-cü ildən başlayaraq Cavabdeh hər ay hər uşaq üçün 75 manat olmaqla cəmi 150 manat məbləğdə sabit aliment tutularaq İddiaçı ödənilsin. Cavabdehdən 38 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə köçürülsün. Qətnamə alimentə aid hissədə dərhal icra olunsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən qanunla müəyyən edilmiş qaydada şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Sərxan Səmədzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar