Məhkəmə qərarları › İş №2(067)-2096/2020

Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-2096/2020

20.10.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-2096/2020 20.10.2020 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov İlkin Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas katibi X5, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı sabit məbləğdə aliment tələbinə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı məhkəmədə iddia qaldıraraq, Cavabdeh ilə birgə nikahlarından anadan olmuş xx.xx.2008-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün Cavabdeh hər ay sabit pul məbləğində 200 manat alimentin tutularaq ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, Cavabdeh ilə xx.xx.2007-ci il tarixdə ailə qurmuşlar. Nikahlarını xx.xx.2007-ci il tarixdə rəsmiləşdirmişlər. Birgə nikahlarından xx.xx.2008-ci il tarixdə Əminə adında bir qızları anadan olmuşdur. Xaçmaz Rayon Məhkəməsinin xx xxxxxx 2009-cu il tarixli 2(067)-760/2009 saylı qətnaməsi ilə cavabdehlə nikahları pozulmuş və uşaq onun himayəsində saxlanılmışdır. Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli 2(067)-221/2010 saylı qətnaməsinə əsasən qızları Əminənin yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh hər ay 50 manat sabit məbləğdə alimentin alınaraq ona verilməsi qət edilmişdir. Həmin vaxt maddi imkanı yaxşı olduğuna görə, alimentə ehtiyacı olmadığından alimentdən imtina etmişdir və icra üzrə icraata xitam verilmişdir. Hazırda heç yerdə işləmir, alimentə ehtiyacı var, uşaqları böyümüş, onun ehtiyacları artmışdır. Bu səbəbdən çətinlik çəkir. Ona görə də cavabdehdən aliment tələb edir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsində göstərilənləri təsdiq etmiş, əlavə olaraq cavabdehin müəyyən edilmiş alimenti 2-3 ay ödədiyini, lakin sonradan özünün alimentdən imtina etdiyini, cavabdehin pensiya aldığını və taksi fəaliyyəti ilə məşğul olduğunu, lakin cavabdehin gəlirləri, qazancı barədə məhkəməyə təqdim edəcəyi sübutunun olmadığını bildirərək, iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı qismən qəbul edərək, ağ ciyər xəstəsi və İİ qrup əlil olduğunu, ayda 233 manat pensiya aldığını, Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(067)-2858/2019 saylı qətnaməsinə əsasən həmin məbləğdən 100 manat pulla X9 ilə birgə nikahından olan oğlu Rəhmanın saxlanılması üçün aliment ödədiyini, heç bir iş görə bilmədiyini və taksi fəaliyyəti ilə də məşğul olmadığını, maddi vəziyyətinin çətin olduğunu, əlavə qazanc yerinin olmadığını bildirərək, iddiaçı ilə birgə nikahdan olan qızları Əminənin saxlanılması üçün ayda 50 manat aliment ödəməyə etiraz etmədiyini, bundan artıq aliment ödəməyə imkanı olmadığını göstərmiş və iddianın qəbul etdiyi həcmdə qismən təmin edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, işdə olan sübutları araşdıraraq hesab edir ki, iddia qismən əsaslı olduğundan qısmən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan AZ-İİ 304785 saylı doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, tərəflərin birgə nikahından xx.xx.2008-ci il təvəllüdlü X6 anadan olmuşdur. Xaçmaz Rayon Məhkəməsinin xx xxxxxx 2009-cu il tarixli, 2(067)-760,2009 saylı qətnaməsinin surətindən müəyyən olunur ki, İddiaçı və Cavabdeh arasında bağlanmış xx xxxx 2007-ci il tarixli nikah pozulmuş, nikah pozulduqdan sonra tərəflərin birgə nikahından doğulmuş xx.xx.2008-ci il təvəllüdlü X6 anası Hüseynova (Allahquliyeva) Nərgiz Qəzənfər qızının himayəsində saxlanmışdır. İddiaçı tərəfindən Xaçmaz Rayon İcra Şöbəsinə verilmiş və notarial qaydada təsdiq edilmiş ərizənin surətindən müəyyən olunur ki, iddiaçı cavabdehə qarşı aliment tələbindən imtina etmişdir. Xaçmaz RİHB-nin Xaçmaz şəhər X10 üzrə nümayəndəliyinin xx.xx.2020-ci il tarixli, 4099 saylı arayışından müəyyən olunur ki, Cavabdeh hazırda heç yerdə işləmir. Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(067)-2858/2019 saylı qətnaməsinin surətindən görünür ki, xx.xx.2015-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq, Cavabdeh X7 xeyrinə hər ay 100 (yüz) manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Əmək və X8 Nazirliyi tabeliyində DSMF X14 Xaçmaz Xidmət Nümayəndəliyinin xx xxxxxxx 2020-ci il tarixli arayışından müəyyən olunur ki, Cavabdeh İİ qrup əlilliyə görə ayda 233.20 manat məbləğində pensiya alır və həmin məbləğdən 100 manat aliment tutulduqdan sonra qalan 133.20 manat ona ödənilir. Azərbaycan Respublikasının Konstitusiyasının 17-ci maddəsinini İİ-ci hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 3.0.4-cü maddəsinə əsasən ana və uşaqların mənafeyinin hərtərəfli müdafiəsini və hər bir uşağın xoşbəxt həyatının təmin edilməsini ailə qanunvericiliyinin ümdə vəzifələri kimi qeyd etmişdir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1.-ci maddəsi əsasında valideynlər uşaqlarını saxlamağa borcludurlar. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 78.1.-ci maddəsinə görə, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazançı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərin birinin marağını əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məçəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 78.2.-ci maddəsinə müvafiq olaraq sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla, uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. «Yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının Qanununun tələbinə əsasən uşaqlar üçün yaşayış minimumu 2020-ci ildə 170 manat məbləğində müəyyən edilmişdir. «Uşaq Hüquqları haqqında» Konvensiyanın müddəalarında qeyd olunur ki, yetikinlik yaşına çatmayanlarla bağlı məsələlər məhkəmə tərəfindən həll edilərkən ilk növbədə uşaqlarının layiqli həyat səviyyəsinin təmin edilməsi təmin edilməlidir. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikasının Qanununun 19-cu maddəsinə uyğun olaraq valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. X1 «Uşaq Hüquqları haqqında» Konvensiyasının 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsədə məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. Məhkəmə belə hesab edir ki, qanunun mənasına görə heç bir yerdə işləməmək, az gəlir etmək, yaxud hər hansı digər əsaslar valideynləri öz uşaqlarını saxlamaq vəzifəsindən azad etmir. Alimentin ödənilməsi valideynlərə öz şəxsi istehlak tələbatlarının, ehtiyaclarının ödənilməsinə mane olsa belə, valideynlər mənbəyindən asılı olmayaraq öz qazanclarını uşaqları ilə bölüşdürməyə borcludurlar. Uşaqların saxlanılması valideynlərin mənəvi borcu olmaqla yanaşı həm də vacib hüquqi vəzifələridir. Məhkəmə azyaşlı uşağın mənafeyini, cavabdehin gəlirlərini və başqa aliment öhdəliyinin də olduğunu nəzərə alaraq, iddianın qismən təmin edilməklə, Cavabdeh İddiaçı xeyrinə onların birgə nikahından doğulmuş xx.xx.2008-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanması üçün mülki iş məhkəməyə daxil olduğu tarixdən, yəni xx.xx.2020-ci il tarixdən başlayaraq hər ay 60 (altmış) manat məbləğində alimentin tutulmasını məqsədəuyğun hesab edir. İddia qalan hissədə təmin edilməməlidir. Məhkəmə nəzərə almışdır ki, MPM-nin 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan, işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 213, 216 – 220, 227, 233, 357 – 360 və 362-ci maddələrinə əsasən, məhkəmə QƏT ETDİ : İddia qismən təmin edilsin. Tərəflərin birgə nigahlarından anadan olmuş yetkinlik yaşına çatmamış uşaqları xx.xx.2008-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanması üçün mülki iş məhkəməyə daxil olduğu tarixdən, yəni xx.xx.2020-ci il tarixdən başlayaraq hər ay 60 (altmış) manat məbləğində aliment Cavabdeh İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Cavabdeh 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Qətnamədən 1 ay müddətində Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən : İlkin Xəlilov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar