Məhkəmə qərarları › İş №2(067)-2132/2021

Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-2132/2021

16.08.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-2132/2021 16.08.2021 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Anar Böyükkişi oğlunun sədrliyi Məhkəmə iclas katibi X7, İddiaçı, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsi üzrə mülki işə 16 avqust 2021-ci ildə Xaçmaz şəhərində açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı məhkəmədə iddia qaldıraraq Cavabdeh pensiyasından 09.10.2011-ci il təvəllüdlü X2 və 14.02.2015-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay hər uşağa görə 200 manat olmaqla cəmi 400 manat sabit məbləğdə alimentin tutularaq ona verilməsi barəsində qətnamə çıxarılmasını xahiş etmişdir. İddiasını onunla əsaslandırmışdır ki, cavabdehlərin oğlu ilə 16.09.2010-cu ildə ailə həyatı qurmuşdur. Birgə nikahlarından 09.10.2011-ci il təvəllüdlü Xədicə və 14.02.2015-ci il təvəllüdlü Fatimə adlı uşaqları anadan olmuşdur. Xaçmaz rayon məhkəməsinin qətnaməsinə əsasən nikahları pozulmuş, uşaqlar onun himayəsində saxlanılmış, X5 uşaqların yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay hər uşağa görə 100 manat olmaqla cəmi 200 manat sabit məbləğdə alimentin alınaraq ona verilməsi qət edilmişdir. Lakin borclu məhkəmə qətnaməsinə əsasən tutulmalı olan alimenti ödəmir. Borclunun təxminən 2000 manat aliment borcu yaranmışdır. Bu səbəbdən də uşaqları saxlamaqda çətinlik çəkir. Cavabdeh pensiya alır. Məhkəmə iclasında iddiaçı iddia ərizəsində göstərilənlərə uyğun izahat vermiş və iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh iddianı qəbul etməyərək göstərmişdir ki, Xaçmaz rayon məhkəməsinin qətnaməsinə əsasən oğlu ilə iddiaçı arasında olan nikah pozulmuş, oğlu Renaddan uşaqların yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay hər uşağa görə 100 manat olmaqla cəmi 200 manat sabit məbləğdə alimentin alınaraq iddiaçıya verilməsi qət edilmişdir. Həmin qətnamə üzrə oğlu aliment pulunu ödəməyə başlamış, bu günə kimi iddiaçıya 1100 manat pul ödənilmişdir. Oğlu Renad işsiz olduğundan aliment pulunu və borcunu ödəmək məqsədi ilə işləmək üçün bir neçə ay bundan əvvəl Rusiyaya getmişdir. Oğlu orada koronavirus xəstəliyinə tutulduğundan müalicəsi ilə əlaqədar işləyə bilməmişdir. Belə ki, oğlu Renad İbrahimov qətnamənin icrasından məqsədli və qərəzli şəkildə yayınmamışdır. İddianın təmin olunmamasını xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmamalıdır. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 17-ci maddəsinini İİ-ci hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 89-cu maddəsində göstərilir ki, yardıma ehtiyacı olan yetkinlik yaşına çatmayan nəvələr saxlanmaq üçün öz valideynlərindən maddi yardım ala bilmədikdə, buna zəruri vəsaitə malik baba və nənədən məhkəmə qaydasında aliment almaq hüququna malikdirlər. Əmək qabiliyyəti olmayan və yardıma ehtiyacı olan yetkinlik yaşına çatan nəvələr saxlanmaq üçün valideynlərindən, yaxud da ərdən (arvaddan) maddi yardım ala bilmədikdə, onlara da eyni hüquq verilir. İş materiallarında olan Xaçmaz rayon məhkəməsinin 18 avqust 2020-ci il tarixli 2(067)- 1451/2020 saylı qətnaməsinin surətindən müəyyən olunur ki, 09.10.2011-ci il təvəllüdlü X8 və 14.02.2015-ci il təvəllüdlü X9 anaları X1 yanında saxlanılmış, 09.10.2011-ci il təvəllüdlü X2 və 14.02.2015-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün 17 iyun 2020-ci il tarixdən başlayaraq X5 hər ay hər uşaq üçün 100 manat olmaqla, cəmi 200 manat sabit pul şəklində aliment alınaraq X4 verilməsi qət edilmişdir. İş materiallarında olan 11.08.2021-ci il tarixli **********4 nöimrəli arayışından müəyyən olunur ki, Cavabdeh ƏƏSMN-nin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xaçmaz rayon xidmət nümayəndəliyi tərəfindən yaşa görə 130 manat sosial müavinət alır. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. MPM sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almalıdır (MPM-in 14.2 və 77.1-ci maddələri). Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Ona görə də, hazırki mübahisə üzrə sübutetmə yükü iddiaçının üzərinə, bunun əksini sübutetmə yükü isə cavabdehin üzərinə düşür. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Beləliklə məhkəmə tərəflərin izahatlarını və iş materiallarını araşdıraraq hesab edir ki, cavabdeh təqaüdçü olmaqla heç yerdə işləmir, eyni zamanda cavabdehin zəruri vəsaitə malik olması barədə iddiaçı məhkəməyə heç bir mötəbər sübut təqdim etməmişdir. Bundan başqa X6 aliment öhdəliyinə xitam verilməsi yaxud da aliment ödəməkdən azad edilməsinə dair iddiaçı məhkəməyə heç bir sübut təqdim etməmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin oluna bilməz. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi İddiaçı Qanbayeva (İbrahimova) Gülnar Ağamir qızının Cavabdeh qarşı aliment tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Xaçmaz rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Anar Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar