Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-2180/2021 19.08.2021 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov İlkin Ələkbər oğlunun sədrliyi ilə, məhkəmə iclas katibi X4, İddiaçı və Cavabdeh nümayəndəsi və vəkili X2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı sabit məbləğdə aliment tələbinə dair mülki işə tarixdə Xaçmaz şəhərində açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 14.04.2020-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay cəmi 300 manat sabit pul məbləğində alimentin alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, cavabdehlə 21.11.2018-ci ildə rəsmi nikaha daxil olaraq evlənmişlər. Birgə nikahlarından 14.04.2020-ci ildə Aylin adlı uşaqları anadan olmuşdur. Hazırda cavabdehlə ayrı yaşayırlar. Cavabdeh özü onu evdən qovmuşdur. O, körpə uşağı ilə birlikdə valideynlərinin evində yaşayır. O, uşağı körpə olduğuna görə heç yerdə işləmir. Maddi vəziyyəti ağırdır. Cavabdeh isə uşağı saxlamaqda ona kömək etmir. O, hətta birlikdə yaşadıqları dövrdə uşağının bədəninə gənə girəndə onun əməliyyat yolu ilə çıxarılması üçün 50 manat pul xərclədiyinə görəevdə mübahisə yaratmışdır. Onun uşağı ilə maraqlanmaq fikri belə yoxdur. Cavabdehin imkanı yaxşıdır, o, ticarətlə məşğuldur, aylıq gəlirləri 1500-2000 manat təşkil edir. Cavabdehin gəlirlərini nəzərə alaraq, ondan ayda 300 manat aliment tələb etmişdir. Qeyd olunanlara əsasən iddiaçı iddianın təmin olunmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək, iddianın dəlillərinə uyğun izahat vermiş, əlavə olaraq cavabdehin gəlirləri, fəaliyyəti barədə məlumatı, sübutları olmadığını, amma cavabdehin ticarətlə məşğul olduğunu, Nabranda ticarət obyekti işlətdiyini bildiyini göstərmişdir. Hazırda özü heç yerdə işləmir, cavabdehlə boşanmamışdır və boşanmaq barədə düşünmür, lakin cavabdehdən birgə nikahdan doğulmuş uşaqlarının saxlanması üçün aliment tələb edir. Ona görə də məhkəməyə müraciət etmişdir və iddianın təmin edilməsini xahiş edir. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi və vəkili X5 izahatında göstərmişdir ki, cavabdeh hazırda Xudat şəhərində “DOST” xidmətində işləyir və ayda 230 manat əmək haqqı alır. Bu barədə əmək müqaviləsi də var. Hazırda iddiaçı öz uşağı ilə cavabdehdən ayrı yaşayır.Tərəflərin ayrılmasında hər iki tərəfin də təqsiri olmuşdur. Cavabdehin maddi vəziyyətinin yaxşı olması, ticarətlə məşğul olması barədə iddiaçının qeyd etdiyi məlumatlar həqiqətə uyğun deyil. Əgər bu məlumatlar həqiqi olsaydı iddiaçı bu barədə sübutlarını təqdim edərdi. Hazırda cavabdeh iddiaçıya uşağın saxlanılması üçün ayda 80-100 manat aliment ödəməyə etiraz etmir. Odur ki, iddianın qəbul etdikləri həcmdə qismən təmin edilməsini xahiş edir. Məhkəmə tərəflərin izahatlarını dinləyib iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin olunmalıdır. İş materiallarında olan 13.07.2021-ci il tarixli 426 saylı nikah haqqında şəhadətnamdən çıxarışdan müəyyən olunur ki, İddiaçı ilə Cavabdeh arasında 21.11.2018-ci il tarixdə rəsmi nikah qeyd edilmişdir. İş materiallarında olan AZE seriyalı 469372 saylı doğum haqqında şəhadətnamdən müəyyən olunur ki, İddiaçı ilə Cavabdeh birgə nikahlarından 14.04.2020-ci il təvəllüdlü X3 anadan olmuşlar. Azərbaycan Respublikasının Konstitusiyasının 17-ci maddəsinini İİ hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 3.0.4-cü maddəsinə əsasən ana və uşaqların mənafeyinin hərtərəfli müdafiəsini və hər bir uşağın xoşbəxt həyatının təmin edilməsini ailə qanunvericiliyinin ümdə vəzifələri kimi qeyd etmişdir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1.-ci maddəsi əsasında valideynlər uşaqlarını saxlamağa borcludurlar. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 78.1.-ci maddəsinə görə, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərin birinin marağını əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 78.2.-ci maddəsinə müvafiq olaraq sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla, uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. «Yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının Qanununun tələbinə əsasən uşaqlar üçün yaşayış minimumu 2021-ci ildə 175 manat məbləğində müəyyən edilmişdir. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikasının Qanununun 19-cu maddəsinə görə uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifəsidir. «Uşaq hüquqları haqqında» BMT-nin 12 noyabr 1989-cu il tarixli Konvensiyasının 18-ci maddəsinə əsasən uşağın tərbiyyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər daşıyırlar. «Uşaq hüquqları Bəyannaməsi»nin 2 saylı prinsipinə görə uşaq qanunla və digər vasitələrlə sosial müdafiə ilə təmin olunmalı, onun fiziki, əqli, mənəvi, ruhi və sosial baxımdan sağlam və normal yolla azadlıq və ləyaqət şəraitində inkişaf etməsinə imkan verən əlverişli şəraitlə təmin edilməlidir. Həmin Bəyannamənin 4 saylı prinsipinə əsasən uşaq sosial təminatın faydalığından istifadə etməlidir. O, sağlam böyümək və inkişaf etmək hüququna malik olmalıdır, bu məqsədlə o, doğumdan əvvəl və sonra müvafiq qulluq daxil olmaqla, xüsusi qulluq və mühafizə ilə təmin olunmalıdır. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 100.2.-ci maddəsində göstərilir ki, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. İş materiallarından müəyyən olunur ki, iddia ərizəsi 23.07.2021-ci ildə Xaçmaz Rayon Məhkəməsinə daxil olmuşdur. Məhkəmə iddiaçının himayəsində olan yetkinlik yaşına çatmayan uşağın mənafeyini və tərəflərin maddi vəziyyətlərini nəzərə alaraq, hesab edir ki, 14.04.2020-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh 23.07.2021-ci il tarixdən başlayaraq hər ay cəmi 175 manat sabit məbləğdə alimentin tutularaq İddiaçı qızına ödənilməsi məqsədəuyğundur. Məhkəmə hesab edir ki, qeyd olunan aliment miqdarından az miqdarda aliment məbləğinin müəyyən edilməsi azyaşlı uşağın qanunla qorunan hüquqlarını pozaraq, aliment öhdəliklərinin mahiyyətinə zidd olardı. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2.-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalıvə onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4.-cü madəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə nəzərə almışdır ki, MPM-nin 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan, işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Beləliklə, məhkəmə işdə olan sübutlara məcmu halında hüquqi qiymət verərkən hesab edir ki, iddia qismən təmin edilməli və 14.04.2020-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh 23.07.2021-ci il tarixdən başlayaraq hər ay cəmi 175 manat sabit məbləğdə aliment tutularaq İddiaçı ödənilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 117-220-ci və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı sabit məbləğdə aliment tələbinə dair iddiası qismən təmin edilsin. 14.04.2020-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh 23.07.2021-ci il tarixdən başlayaraq hər ay cəmi 175 (yüz yetmiş beş) manat sabit məbləğdə aliment tutularaq İddiaçı qızına ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən 1 ay müddətində Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən : İlkin Xəlilov.
Məhkəmə qərarları › İş №2(067)-2180/2021
Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-2180/2021
19.08.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver