Məhkəmə qərarları › İş №2(067)-2224/2023

Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-2224/2023

06.11.2023 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-2224/2023 06.11.2023 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Qasımova Vüsalə Yadigar qızınun sədrliyi, Məhkəmə iclas katibi X2, Cavabdeh, Mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs X3 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul (pay bölgüsü) tələbinə dair mülki işə Xaçmaz şəhərində açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlə birgə nikah dövründə xx.xx.2023-cü ildə əldə edilmiş “Lada- markalı, **-DP-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinin özgəninkiləşdirilməsinə dair xx.xx.2023-cü il tarixli X8 ilə bağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab etdikdən sonra 1/2 hissədə payını müəyyən edərək, onun dəyərinin ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə xx.xx.2007-ci il tarixdə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuşlar və Xaçmaz Rayon Məhkəməsinin icraatında nikahın pozulması ilə bağlı iddia vardır və hal-hazırda baxılmaqdadır. 2007- ci ildə başlayaraq yəni cavabdehlə birgə nikah münasibətləri zamanı bir çox əmlaklar əldə etmişlər. Bölünməsini istədiyi aşağıda sadalanan əmlakın alınmasında tam olaraq onun gəlir və zəhməti vardır. Məhkəmənin nəzərinə çatdırır ki, birgə nikah dövründə keçmiş əri olan cavabdehin adına avtonəqliyyat vasitəsi əldə etmişlər. xx.xx.2023-cü il tarixdə cavabdehlə birgə nikah zamanı xx.xx.2021-ci ildə əldə edilmiş “Lada-21917” markalı, **-DP-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsini öz adından qeydiyyatdan çıxararaq X1. Heç bir halda avtonəqliyyat vasitələri satılarkən onun razılığı olmamış, ümumiyyətlə ona heç bir məlumat verilməmişdir. Həmin əldə etdiyi gəlirin hara xərcləndiyi də ona məlum deyildir. Çünki bu barədə o, vəkil sorğusu verildikdən sonra məlumatlanmışdır. Daha sonra iddiaçı dəqiqləşmə verərək, cavabdehlə birgə nikah dövründə xx.xx.2021-ci ildə əldə edilmiş “Lada-21917” markalı, **-DP-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinin satışından əldə olunmuş məbləğin aralarında ½ hissədə bərabər bölünməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edərkən iddiaçının vəkili və nümayəndəsi Nümayəndə izahatında göstərmişdir ki, iddianı müdafiə edir. İddia ərizəsində qeyd etdiyi kimi hüquqlarını müdafiə etdiyi şəxs cavabdehlə xx.xx.2007-ci ildə rəsmi nikaha daxil olaraq ailə həyatı qurublar. Xaçmaz rayon Məhkəməsinin icraatında nikahın pozulması ilə bağlı iddia vardır. İddiaçı cavabdehlə birgə nikah zamanı xx.xx.2021-ci il tarixdə əldə edilmiş “Lada-21917” markalı avtomobili xx.xx.2023-cü il tarixdə X1. Nəqliyyat vasitəsi satılarkən iddiaçının heç bir razılığı alınmamış, ümumiyyətlə bu haqda məlumat verilməmişdir. Oradan əldə etdiyi gəliri də hara xərclədiyi məlum deyil. Bu səbəbdən hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. Xahişi odur ki, xx.xx.2023-cü il tarixdə X8 bağlanmış alqı-satqı müqaviləsi etibarsız hesab etdikdən sonra iddiaçıya düşən ½ hissədə payı müəyyən edilərək, onun dəyərinin ödənilməsi ilə bağlı qətnamə qəbul edilsin. İddiaçının vəkili və nümayəndəsi Nümayəndə məhkəməyə ərizə göndərərək işə iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh izahatında göstərmişdir ki, iddianı qəbul etmir. Avtomobili birgə nikah dövründə almışdır. Avtomobilin pulunu da o, uşaqlara xərcləmişdir. Yəni bu pulu özünə istifadə etməmişdir. 1200 manatı elə uşağın müalicəsi üçün həkimə xərcləmişdir. Üstəlik alqı-satqı müqaviləsindəki məbləği qəbul etmir. Avtomobili 11000 manata satmışdır. Məhkəmə iclasında mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs X8 izahatında göstərmişdir ki, avtomobil hazırda ondadır və o, avtomobili 11000 manata almışdır. Məhkəmə, iddiaçının nümayəndəsinin və cavabdeh, mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs X4 izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X13 İdarəsi tərəfindən məhkəmənin soruğusuna əsasən göndərilən nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsindən görünür ki, Cavabdeh LADA 21917 minik markalı, **-DP-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobili X8 xx.xx.2023-cü il tarixdə 15.500 manat qiymətinə satmışdır. -İş materiallarında olan Daxili İşlər Nazirliyi Baş X13 İdarəsinin 22 may 2023-cü il tarixli, 10/1-2336/2023 saylı məktubundan müəyyən olunur ki, “Lada-21917” markalı, 50DP-242 qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2021-ci il tarixdən Cavabdeh adına qeydiyyata alınıb, xx.xx.2023-cü il tarixdə qeydiyyatdan çıxarılıb. -İş materiallarında olan nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə Hüseynova (Ramazanova) Günay Cahangir qızı xx.xx.2007-ci il tarixdə nikaha daxil olmuşlar. -İş materiallarında olan qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki,“Lada- 21917” markalı, 50DP-242 qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2021-ci il tarixdə Cavabdeh adına qeydiyyata keçirilmişdir. - İş materiallarından görünür ki, Cavabdeh Hüseynova (Ramazanova) Günay Cahangir qızına qarşı nikahın pozulması və sair tələbinə dair iddia ilə xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət etmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Cavabdeh ilə Hüseynova (Ramazanova) Günay Cahangir qızı xx.xx.2007-ci ildə rəsmi nikaha daxil olmuşdur. Birgə nikahdan onların xx.xx.2009-cu il təvəllüdlü X6 və xx.xx.2013-cü il təvəllüdlü X7 anadan olmuşlar. İddiaçı və cavabdeh nikah dövründə, yəni xx.xx.2021-ci ildə “Lada-21917” markalı, 50DP-242 qeydiyyat nişanlı nəqliyyat vasitəsi birgə vəsait hesabına almışdırlar. Həmin avtomobil Cavabdeh adına olmuşdur. xx.xx.2023-cü il tarixdə həmin nəqliyyat vasitəsinə dair alqı-satqı müqaviləsi bağlanılmış və nəqliyyat vasitəsi X4 adına rəsmiləşdirilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən olunanlara əsasən məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ bəndində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225-ci maddəsi ərlə arvadın ümumi mülkiyyətinə dair hüquq normalarını müəyyən edir. Həmin normalara əsasən - Ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir (225.1). Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.1-ci maddəsində göstərilir ki, nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Həmin Məcəllənin 36.1-ci maddəsinin tələbinə görə ər-arvadın ümumi əmlakının bölünməsi nikah dövründə, eləcə də onlardan birinin tələbi ilə nikah pozulduqdan sonra, habelə ödəməni ər-arvadın ümumi əmlakında olan onlardan birinin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verdikdə həyata keçirilir. Bu Məcəllənin 36.3-cü maddəsinin tələbinə görə mübahisə olduqda, ər-arvadın əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir. Həmin Məcəllənin 37.1-ci maddəsinin tələbinə görə ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakda paylar bərabər hesab edilir. Bu Məcəllənin 37.2-ci maddəsini tələbinə görə ayrı-ayrı hallarda məhkəmə yetkinlik yaşına çatmayan uşaqların mənafeyini və (və ya) ərin (arvadın) diqqətəlayiq mənafeyini, o cümlədən ər-arvaddan biri üzürsüz səbəbdən gəlir əldə etmədiyi və ya birgə mülkiyyəti ailənin mənafeyinə zidd olaraq sərf etdiyi hallarda nəzərə alıb onların birgə mülkiyyətinin bölünməsi zamanı payları bərabər bölməyə bilər. Ailə Məcəlləsinin 32.2.2-ci maddəsinə əsasən ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və ya sair kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak ər-arvadın ümumi birgə mülkiyyətindədir. Mülki Məcəllənin 135.1-ci maddəsinə görə bu Məcəlləyə uyğun olaraq yalnız fiziki obyektlər əşya sayılırlar. Pullar və sənədli qiymətli kağızlar da əşyadır. Həmin Məcəllənin 135.2-ci maddəsinə görə əmlak istənilən əşyaların və qeyrimaddi əmlak nemətlərinin toplusudur. Məhkəmə işin hallarına yuxarıda şərh olunan hüquq normalarına istinadən hüquqi qiymət verərək hesab edir ki, “Lada-21917” markalı, 50DP-242 qeydiyyat nişanlı nəqliyyat vasitəsinin tərəflərin nikahda olduqları dövrdə əldə olunması və iddiaçı ərizə ilə məhkəməyə müraciət etməzdən təxminən 2 ay əvvəl özgəninkiləşdirilməsi mübahisəsiz və aşkardır. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək, sadalanan maddi hüquq normalarına əsaslanaraq və həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, mübahisəli əmlak tərəflərin nikah dövründə birgə gəlirləri hesabına əldə edildiyindən, iddiaçının razılığı olmadan özgəninkiləşdirildiyindən, habelə əldə olunmuş vəsait cavabdeh tərəfindən ailə məsrəflərinə xərclənməsi sübuta yetirilmədiyindən bu ümumi birgə mülkiyyətdə olan avtomobilin satışından əldə olunmuş vəsait də tərəflər arasında bölünməlidir. Belə ki, tərəflərin ümumi mülkiyyətindəki avtomobilin özgəninkiləşdirilməsinə iddiaçının razılığının alınması, eləcə də əldə edilmiş vəsaitin ailənin məsrəflərinə xərclənməsi cavabdeh tərəfindən sübuta yetirilmədi. Eyni zamanda həmin əmlakın tərəflər arasında bərabər bölünməməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş əsaslar mövcud deyildir. Məhkəmə “Lada-21917” markalı, 50DP-242 qeydiyyat nişanlı nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsi əsasında 15.500 manata özgəninkiləşdirilməsini və həmin vəsaitdən cavabdehin bəhrələnməsini nəzərə alaraq, avtomobilin satışından əldə olunan vəsaitin yarısının, 7750 manat pulun cvabdehdən alınaraq iddiaçıya verilməsini ədalətli və əsaslı hesab edir. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, tərəflərin ümumi mülkiyyətində olmuş əmlakın satışından əldə olunmuş 15500 manatın ½ -i, yəni 7750 manat cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin olunsun. “Lada-21917” markalı, 50DP-242 qeydiyyat nişanlı nəqliyyat vasitəsinin satışından əldə olunmuş pulun (məbləğin) yarısı, yəni 7750 manat pul Cavabdeh tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətinə Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Vüsalə Qasımova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar