Məhkəmə qərarları › İş №2(067)-2267/2020

Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-2267/2020

05.11.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-2267/2020 05.11.2020 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Xıdır İnqilab oğlunun sədrliyi, Məhkəmə iclas katibi X9, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı «Sabit pul məbləğində aliment tələbi»nə dair mülki işə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh himayəsində olan azyaşlı uşaqları- xx xxxx 2013-cü ildə anadan olmuş X3 və xx xxxxxx 2016-cı ildə anadan olmuş X6 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay sabit pul məbləğində hər bir uşaq üçün 250 manat miqdarında alimentin tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında dindirilən İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iddianı müdafiə edərək izahatında göstərdi ki, nümayəndəsi olduğu İddiaçı Cavabdeh ilə xx xxxx 2012-ci il tarixdə rəsmi nikah qeyd etdirməklə evlənmişlər. Tərəflərin birgə nikahlarından xx xxxx 2013-cü ildə Fizuli və xx xxxxxx 2016-cı ildə Bikə adlı iki nəfər uşaqları anadan olmuşdur. Tərəflər arasında ailə münasibətləri pozulduğundan bir neçə aydır ki, faktiki olaraq ayrılmışlar. Cavabdeh faktiki olaraq ayrıldıqları vaxtdan uşaqların saxlanılması üçün iddiaçıya könüllü olaraq maddi köməklik göstərmir. Javbadeh «Azərişıq» X11 Xaçmaz filialında nəzarətçi-mühəndis vəzifəsində işləməklə hər ay 520 manat əmək haqqı alır. Bundan başqa cavabdeh əlilliyə görə ayda 270 manat pensiya alır. Cavabdehin uşaqların saxlanılması üçün iddiaçının hazırda tələb etdiyi hər uşağa 250 manat aliment ödəməyə real imkanları vardır. Tərəflər arasında alimentin ödənilməsinə dair saziş yoxdur. Ona görə də göstərilənləri nəzərə alaraq iddiaçının nümayəndəsi olaraq iddianın təmin edilməsini, Cavabdeh xx xxxx 2013-cü ildə anadan olmuş X3 və xx xxxxxx 2016-cı ildə anadan olmuş X6 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay sabit pul məbləğində hər bir uşaq üçün 250 manat miqdarında alimentin tutularaq İddiaçı verilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında dindirilən Cavabdeh iddianı qəbul edərək izahatında göstərdi ki, İddiaçı ilə xx xxxx 2012-ci il tarixdə rəsmi nikah qeyd etdirməklə evlənmişlər.Onların birgə nikahlarından xx xxxx 2013-cü ildə Fizuli və xx xxxxxx 2016-cı ildə Bikə adlı iki nəfər uşaqları anadan olmuşdur. İddiaçı ilə aralarında ailə münasibətləri pozulduğundan bir neçə aydır ki, faktiki olaraq ayrılmışlar. Hazırda da iddiaçı məhkəmədə ona qarşı iddia qaldıraraq azyaşlı uşaqları Fizuli və Bikənin yetkinlik yaşına çatanadək saxlanılmaları üçün ondan hər ay sabit pul məbləğində hər bir uşaq üçün 250 manat miqdarında alimentin tutularaq ona veilməsini xahiş edir. İddianı qəbul edir və hər uşağa 250 manat olmaqla cəmi 500 manat sabit pul məbləğində aliment ödəməyə razıdır. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin izahatlarını dinləyib, mülki iş materiallarını hərtərəfli tədqiq edərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan AZE seriyalı, 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh ünvan 1 ünvanında qeydiyyatdadır. İş materiallarında olan Xaçmaz rayon İcra Hakimiyyəti Başçısının Xaçmaz şəhər X16 üzrə nümayəndəsi tərəfindən verilmiş xx xxxxxxx 2020-ci il tarixli, 3977 saylı arayışdan görünür ki, İddiaçı ünvan 3 ünvanında yaşayır. Ailə tərkibi 2013-cü il təvəllüdlü oğlu X7 və 2016-cı il təvəllüdlü qızı X4 ibarətdir. İş materiallarında olan xx xxxx 2012-ci il tarixli, AZ-İ seriyalı, 754924 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı ilə Cavabdeh xx xxxx 2012-ci il tarixdə rəsmi nikah qeyd etdirməklə evlənmişlər. İş materiallarında olan xx xxxx 2013-cü il tarixli, AZ-İİİ seriyalı, 140432 saylı və xx xxxxxx 2016-cı il tarixli, AZ-İİİ seriyalı, 857649 saylı doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, İddiaçı ilə Cavabdeh birgə nikahlarından xx xxxx 2013-cü ildə Fizuli və xx xxxxxx 2016-cı ildə Bikə adlı iki nəfər uşaqları anadan olmuşdur. İş materiallarında olan Xaçmaz rayon məhkəməsinin xx xxxx 2016-cı il tarixli, 2(067)-2394 saylı qətnaməsindən görünür ki, məhkəmənin qeyd olunan qətnaməsinə əsasən X8, Cavabdeh və X1 xx xxxx 2014-cü il tarixli kredit sazişi müqaviləsi üzrə 12870,18 ABŞ dolları əsas kredit borcu, 2482,72 ABŞ dolları faiz borcu, cəmi 13352,90 ABŞ dolları pulun tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən manatın ABŞ dollarına münasibətdə müəyyən edilmiş məzənnəsi nəzərə alınmaqoa manat hesabı ilə və ödənilmiş 30 manat dövlət rüsumunun alınaraq «Bank of Baku» X13 ödənilməsi qət edilmişdir. İş materiallarında olan Xaçmaz rayon məhkəməsinin 23 noyabr 016-cı il tarixli, 2(067)-2316/2016 saylı qətnaməsindən görünür ki, məhkəmənin qeyd olunan qətnaməsinə əsasən X5 və Cavabdeh müştərək qaydada 2195,57 manat əsas, 144,12 manat faiz, 20,49 manat əsas borc üzrə cərimə, 25 manat faiz borcu üzrə cərimə və 20 manat dövlət rüsumunun alınaraq «Bank Respublika» X13 verilməsi qət edilmişdir. İş materiallarında olan Xaçmaz rayon məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli, 2(067)-4715/2017 saylı məhkəmə əmrindən görünür ki, məhkəmənin qeyd olunan əmrinə əsasən Novruzov Rövşən Fizuli oğlu və Cavabdeh 181,77 ABŞ dolları əsas və 189,27 ABŞ dolları faiz, cəmi 371,04 ABŞ dolları məbləğində pulun tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən manatın ABŞ dollarına münasibətdə müəyyən edilmiş məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə və 20 manat dövlət rüsumunun birgə qaydada alınıb kreditor «Bank of Baku» X13 verilməsi qət edilmişdir. Aparılmış məhkəmə araşdırmaları nəticəsində müəyyən edildi ki, İddiaçı Cavabdeh ilə xx xxxx 2012-ci il tarixdə rəsmi nikah qeyd etdirməklə evlənmişlər. Tərəflərin birgə nikahlarından xx xxxx 2013-cü ildə Fizuli və xx xxxxxx 2016-cı ildə Bikə adlı iki nəfər uşaqları anadan olmuşdur. Tərəflər arasında ailə münasibətləri pozulduğundan bir neçə aydır ki, faktiki olaraq ayrılmışlar. Cavabdeh uşaqların saxlanılması üçün maddi köməklik göstərmədiyindən İddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edərək himayəsində olan azyaşlı uşaqları Fizuli və Bikənin yetkinlik yaşına catana kimi saxlanılmaları üçün Cavabdeh hər ay sabit pul məbləğində hər bir uşaq üçün 250 manat olmaqla cəmi 500 manat miqdarında alimentin tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq, onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması ücün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynlərin qazancı və ya sair gəliri yoxdursa, uşaqların saxlanılması üçün vəsait tələb edən şəxsin xahişi ilə aliment sabit pul məbləğində tutula bilər. xx xxxxxx 2019-cu ildə qəbul edilmiş, xx xxxxxx 2020-ci il tarixdən qüvvəyə minmiş «Yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının Qanununun müddəalarına əsasən 2020-ci il üçün yaşayış minimumu uşaqlar üçün 170 manat məbləğində müəyyən edilmişdir. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikasının xx xxx 1998-ci il tarixli Qanununun 19-cu maddəsinə görə uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifəsidir. Həmin Qanunun 13-cü maddəsində isə imperativ qayda müəyyən edilmişdir ki, uşağın minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Məhkəmə hesab edir ki, mahiyyət etibarı ilə valideynlərlə uşaqların münasibətlərində aliment institutunun mövcudluğunun qanunverici tərəfindən tanınması ilk növbədə və birmənalı olaraq uşaqların mənafelərinin qorunmasına yönəlmişdir. Ailə Məcəlləsinin 78.2-ci maddəsində də bu məqsəd öz əksini taparaq qeyd olunmuşdur ki, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilməlidir. Qanunun mənasına görə heç bir yerdə işləməmək, az gəlir əldə etmək, yaxud digər əsaslar valideynləri öz uşaqlarını saxlamaq vəzifəsindən azad etmir. Göstərilən hallar ancaq alimentin miqdarının müəyyən edilməsində nəzərə alına bilər. Alimentin ödənilməsi valideynlərə öz şəxsi istehlak tələbatlarının, ehtiyaclarının ödənilməsinə mane olsa belə, valideynlər mənbəyindən asılı olmayaraq öz qazanclarını uşaqları ilə bölüşdürməyə borcludurlar. Uşaqların saxlanılması valideynlərin mənəvi borcu olmaqla yanaşı, həm də vacib hüquqi vəzifələridir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Beləliklə, məhkəmə bütün yuxarıda şərh edilib göstərilənləri, eləcə də tərəflərin maddi və ailə vəziyyətlərini, diqqətəlayiq olan digər halları, cavabdeh iddianı tam qəbul etsə də onun hazırki maddi və ailə vəziyyətini nəzərə almaqla belə bir nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, Cavabdeh xx xxxx 2013-cü ildə anadan olmuş X7 və xx xxxxxx 2016-cı ildə anadan olmuş X6 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün ərizənin verildiyi tarixdən, yəni xx xxxxxxx 2020-ci il tarixdən hesablanmaqla hər ay sabit pul məbləğində hər bir uşaq üçün 170 manat olmaqla cəmi 340 manat miqdarında aliment tutularaq İddiaçı verilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 112.1, 112.1.3-cü maddələrinə əsasən iddianın qiyməti aliment alınması haqqındakı iddialarda- bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının Qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 500 manatdan çox olduqda məhkəməyə verilən iddia ərizələrinə görə 30 manat məbləğində dövlət rüsumu ödənilir. "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının Qanununun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə- iddiaçılar dövlət rüsumu ödəməkdən azad edilmişdir. Məhkəmə hesab edir ki, aliment tutulması barədə iddia üzrə iddiaçı dövlət rüsumu ödəməkdən azad edildiyindən ödəniləcək dövlət rüsumu cavabdehə aid edilməlidir. Cavabdeh X2 bir il ərzində ödəməli olduğu alimentin məcmusu 500 manatdan çox olduğundan qanunun tələbinə əsasən ondan 30 manat məbləğində dövlət rüsumu tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinin tələbinə əsasən qətnamə dərhal icra olunmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. xx xxxx 1986-cı ildə Xaçmaz şəhərində anadan olmuş, daimi qeydiyyat və yaşayış ünvanı ünvan 1 ünvanı olan Cavabdeh xx xxxx 2013-cü ildə anadan olmuş X7 və xx xxxxxx 2016-cı ildə anadan olmuş X6 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün ərizənin verildiyi tarixdən, yəni xx xxxxxxx 2020-ci il tarixdən hesablanmaqla hər ay sabit pul məbləğində hər bir uşaq üçün 170 (bir yüz yetmiş) manat olmaqla cəmi 340 (üç yüz qırx) manat miqdarında aliment tutularaq İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. İddiaçı azad edildiyi 30 (otuz) manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə keçirilsin. Qətnamə dərhal icra olunsun. Qətnamənin surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Xaçmaz rayon məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Xıdır Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar