Məhkəmə qərarları › İş №2(067)-2272/2023

Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-2272/2023

18.09.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-2272/2023 18.09.2023 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Qasımova Vüsalə Yadigar qızının sədrliyi, Məhkəmə iclas katibi X2, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbi barədə iddia ərizəsi üzrə mülki işə Xaçmaz şəhərində açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı məhkəmədə iddia qaldıraraq, cavabdehdən birgə nikahdan olan xx.xx.2014cü il təvəllüdlü X5 və xx.xx.2019- cu il təvəllüdlü X1 üçün xx.xx.2023-cü il tarixdən hesablanmaqla hər ay hər uşaq üçün 220 manat cəmi, 440 manat sabit pul məbləğində alimentin alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddianı onunla əsaslandırmışdır ki, xx.xx.2013-cü il tarixdə el adəti ilə toy məclisi keçirərək Cavabdeh ilə ailə həyatı qurmuşdur və həmin tarixdə cavabdehin valideynlərinə məxsus Xaçmaz rayonu, Yenisudur kəndində yerləşən evə gəlin köçmüşdür. Cavabdehlə aralarında rəsmi nikah xx.xx.2013-cü il tarixdə Xaçmaz rayon Qeydiyyat Şöbəsində 479 nömrə ilə qeydə alınmışdır. Birgə nikahdan iki övladları anadan olmuşdur. X5-xx.xx.2014cü il təvəllüdlü və X4-xx.xx.2019-cu il təvəllüdlü. xx.xx.2023-cü il tarixdə o, iki uşağı ilə birlikdə cavabdehin evindən çıxıb öz valideynlərinin evinə qayıtmışdır. O vaxtdan da cavabdehlə ailə münasibətləri kəsilmişdir. Hər iki uşaq onun himayəmdə olur, cavabdeh bir valideyn olaraq uşaqların saxlanılması üçün ona heç bir maddi yardım göstərmir. Özü də heç yerdə işləmir. Uşaqların saxlanılmasında maddi çətinlik çəkir. Cavabdehdən ayrılaraq valideynlərinin evinə qayıtmağına səbəb cavabdehin və anasının onu yola aparmaması, mütəmadi olaraq ondan evdən çıxıb getmək tələb edilməsi olmuşdur. Alimentin ödənilməsi üçün o, xx.xx.2023-cü il tarixdə rəsmi mediasiya təklifi ilə cavabdehə müraciət etmiş, xx.xx.2023-cü il tarixdə Qusar 1 saylı Mediasiya təşkilatının mediatoru Novruz Əliyev tərəfindən mediasiya sessiyası təşkil edilmiş, alimentin ödənilməsi barədə hər hansı razılıq əldə olunmadığı üçün mediator tərəfindən xx.xx.2023-cü il tarixdə ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə MŞQ/MT-027/2023 saylı arayış tərtib edilmişdir. Hesab edir ki, cavabdeh hər ay hər uşaq üçün 220 manat, cəmi 440 manat sabit pul məbləğində aliment ödəmək iqtidarındadır. Belə ki, cavabdehin mülkiyyətində (istifadəsində) FORD yük maşını və Toyota Korolla minik avtomaşını vardır. O, Pirquluoba kəndində icarəyə götürdüyü mağazada meyvə-tərəvəzin satışı ilə məşquldur. Cavabdehlə birgə yaşadıqları müddətdə onun gündəlik qazancı (təmiz gəliri) 100-120 manat civarında olurdu. Alimentin tutulması ilkin mediasiya sessiyası üçün təklifin tərəfindən göndərildiyi xx.xx.2023-cü il tarixdən hesablanmalıdır. Məhkəmə iclasında iddiaçı tələbini müdafiə edərək izahatında göstərmişdir ki, hazırda ayrı yaşayırlar. Birgə nikahlarından 2 övladları var. Övladları onun yanında qalır. Hər uşağa ayda 200 manat olmaqla ümumilikdə 400 manat aliment tələb edir. Birgə yaşadıqları zaman aylıq gəliri dəyişkən idi. Çox və az qazandığı vaxtlar olurdu. Bu səbəbdən iddianın təmin olunmasını xahiş edir. Məhkəmə iclasında cavabdeh izahatında bildirmişdir ki, iddianı qismən qəbul edir. Hər ay 100-120 manat aliment ödəyə bilər. O, özü meyvə-tərəvəz işi ilə məşğuldur. Aylıq gəliri dəyişir. Bəzən günə çox qazanc əldə edir, bəzən də elə gün olur ziyan olur qazanc əldə edə bilmir. Cavabdeh etiraz ərizəsini məhkəməyə təqdim etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır. İş materiallarından müəyyən olunur ki, tərəflərin faktiki nikahından xx.xx.2014-cü il təvəllüdlü X5 və xx.xx.2019-cu il təvəllüdlü X4 anadan olmuşdur. Azərbaycan Respublikasının Konstitusiyasının 17-ci maddəsinin İİ-ci hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1-ci maddəsi əsasında valideynlər uşaqlarını saxlamağa borcludurlar. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 78.1-ci maddəsinə görə, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərin birinin marağını əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. «Yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının Qanununun tələbinə əsasən 2023-cü il üçün yaşayış minimumu uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikasının Qanununun 19-cu maddəsinə görə uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifəsidir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 78.2-ci maddəsinə müvafiq olaraq sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla, uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 100.2-ci maddəsində göstərilir ki, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. İş materiallarından müəyyən olunur ki, iddia ərizəsi 18 iyul 2023-cü ildə Xaçmaz Rayon Məhkəməsinə daxil olmuşdur. Beləliklə, işin yuxarıda sadalanan faktiki hallarından görünür ki, iddia tələbi qismən əsaslıdır. Məhkəmə iddiaçının himayəsində olan azyaşlı uşaqların mənafeyini və uşaqların saxlanması hər iki valideynin vəzifəsi olduğunu nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. xx.xx.2014-cü il təvəllüdlü X5 və xx.xx.2019-cu il təvəllüdlü X3 yetkinlik yaşlarına çatana kimi saxlanmaları üçün 18 iyul 2023-cü ildən başlayaraq Cavabdeh hər ay hər uşaq üçün 180 manat olmaqla, cəmi 360 manat sabit pul məbləğində aliment alınaraq İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Məhkəmə qətnaməsi alimentin tutulması hissədə dərhal icra olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Vüsalə Qasımova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar