Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-229/2022 26.01.2022 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, məhkəmə iclas katibi Nəcəfli Fuad Zeynal oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı sabit məbləğdə aliment tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 23.05.2015-ci il təvəllüdlü X1, 19.11.2013-cü il təvəllüdlü X2 və 02.08.2021-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər bir uşaq üçün 200 manat olmaqla hər ay cəmi 600 manat sabit məbləğdə alimentin alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə rəsmi nikaha daxil olaraq ailə qurmuşdur. Birgə nikahdan üç övladları 23.05.2015-ci il təvəllüdlü X4, 19.11.2013-cü il təvəllüdlü X5 və 02.08.2021-ci il təvəllüdlü X6 anadan olmuşdur. Onlar hal-hazırda cavabdehlə ayrı yaşayırlar. Cavabdeh övladı ilə maraqlanmır. Bu günə qədər uşağın bütün təminatlarını özü ödəyir. Lakin bütün xərcləri tək qarşılamaq onun üçün çətin olur. Övladının bəzi xərclərini çatdıra bilmir. Cavabdehin imkanı yaxşıdır. Aylıq gəliri 1500-2000 manat təşkil edir. Cavabdeh övladına baxmır. Övladının qayğısına qalmır. Buda onun üçün maddi cəhətdən çətin olur. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək, iddia ərizəsinə uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, uşaqlar azyaşlı olduğuna görə heç yerdə işləmir. Cavabdehin gəlirləri və fəaliyyəti barədə məhkəməyə təqdim edəcəyi sübutu yoxdur. Cavabdeh məhkəmə iclasında iddianı qismən qəbul edərək bildirmişdir ki, iddiaçı ilə 15.01.2013-cü ildə ailə həyatı qurmuşdur. Birgə nikahlarından 19.11.2013-cü ildə Ənvər, 23.05.2015-ci ildə Yusif və 02.08.2021-ci ildə Musa adlı uşaqları anadan olmuşdur. Hazırda faktiki olaraq iddiaçı ilə ayrı yaşayırlar. İddiaçı uşaqlarla birlikdə öz valideynlərinin evində yaşayır. O, iddiaçıya uşaqların saxlanılması üçün maddi köməklik göstərmişdir, hazırda da uşaqlarını saxlamaqdan imtina etmir. Lakin ayda 600 manat aliment ödəməyə maddi imkanı yoxdur. İddiaçı ilə boşanmayıblar, lakin faktiki olaraq ayrı yaşayırlar və uşaqları da iddiaçının yanında qalırlar. O hazırda heç yerdə işləmir. İddiaçı ilə birgə yaşayan vaxtlar evə ayda 350-400 manat gəlir gətirmişdir. Hazırda iddiaçıya hər bir uşağı üçün 100 manat aliment ödəməyə etiraz etmir. Başqa qazanc yeri yoxdur. Məhkəmə tərəflərin izahatını dinləyib iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin olunmalıdır. İş materiallarında olan nikah haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, Cavabdeh ilə İddiaçı 15.01.2013-cü il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuşdur. İş materiallarında olan doğum haqqında şəhadətnamələrin surətlərindən müəyyən olunur ki, İddiaçı ilə Cavabdeh birgə nikahlarından 23.05.2015-ci il təvəllüdlü X4, 19.11.2013-cü il təvəllüdlü X5 və 02.08.2021-ci il təvəllüdlü X6 anadan olmuşlar. İş materiallarında olan 22.10.2021-ci il tarixli mediasiya prosesinə xitam verilməsi barədə protokoldan müəyyən olunur ki, İddiaçı tərəfindən mediasiya sesiyasının keçirilməsi üçün 200 manat məbləğində mediasiya xərci ödənilmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 17-ci maddəsinini İİ hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 3.0.4-cü maddəsinə əsasən ana və uşaqların mənafeyinin hərtərəfli müdafiəsini və hər bir uşağın xoşbəxt həyatının təmin edilməsini ailə qanunvericiliyinin ümdə vəzifələri kimi qeyd etmişdir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1.-ci maddəsi əsasında valideynlər uşaqlarını saxlamağa borcludurlar. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 78.1.-ci maddəsinə görə, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərin birinin marağını əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 78.2.-ci maddəsinə müvafiq olaraq sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla, uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. «Yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının Qanununun tələbinə əsasən uşaqlar üçün yaşayış minimumu 2022-ci ildə 193 manat məbləğində müəyyən edilmişdir. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikasının Qanununun 19-cu maddəsinə görə uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifəsidir. «Uşaq hüquqları haqqında» BMT-nin 12 noyabr 1989-cu il tarixli Konvensiyasının 18-ci maddəsinə əsasən uşağın tərbiyyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər daşıyırlar. «Uşaq hüquqları Bəyannaməsi»nin 2 saylı prinsipinə görə uşaq qanunla və digər vasitələrlə sosial müdafiə ilə təmin olunmalı, onun fiziki, əqli, mənəvi, ruhi və sosial baxımdan sağlam və normal yolla azadlıq və ləyaqət şəraitində inkişaf etməsinə imkan verən əlverişli şəraitlə təmin edilməlidir. Həmin Bəyannamənin 4 saylı prinsipinə əsasən uşaq sosial təminatın faydalığından istifadə etməlidir. O, sağlam böyümək və inkişaf etmək hüququna malik olmalıdır, bu məqsədlə o, doğumdan əvvəl və sonra müvafiq qulluq daxil olmaqla, xüsusi qulluq və mühafizə ilə təmin olunmalıdır. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 100.2.-ci maddəsində göstərilir ki, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. İş materiallarından müəyyən olunur ki, iddia ərizəsi 29.10.2021-ci ildə Xaçmaz Rayon Məhkəməsinə daxil olmuşdur. Məhkəmə iddiaçının himayəsində olan yetkinlik yaşına çatmayan uşağların mənafeyini və tərəflərin maddi vəziyyətlərini nəzərə alaraq, hesab edir ki, 23.05.2015-ci il təvəllüdlü X1, 19.11.2013-cü il təvəllüdlü X2 və 02.08.2021-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh 29.10.2021-ci il tarixdən başlayaraq hər ay hər uşaq üçün 135 manat olmaqla, cəmi 405 manat sabit məbləğdə alimentin tutularaq İddiaçı ödənilməsi məqsədəuyğundur. Məhkəmə hesab edir ki, qeyd olunan aliment miqdarından az miqdarda aliment məbləğinin müəyyən edilməsi azyaşlı uşağın qanunla qorunan hüquqlarını pozaraq, aliment öhdəliklərinin mahiyyətinə zidd olardı. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikasının Dövlət X10 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Azərbaycan Respublikasının MPM-nin və Dövlət X10 yuxarıda qeyd olunan maddələrinə əsasən məhkəmə hesab edir ki, İddiaçı tərəfindən mediasiya sesiyasının keçirilməsi üçün ödənilmiş 200 manat məbləğində mediasiya xərci Cavabdeh tutularaq İddiaçı ödənilməsi məqsədə müvafiqdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2.-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalıvə onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4.-cü madəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə nəzərə almışdır ki, MPM-nin 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan, işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Beləliklə, məhkəmə işdə olan sübutlara məcmu halında hüquqi qiymət verərkən hesab edir ki, iddia qismən təmin edilməli və 23.05.2015-ci il təvəllüdlü X1, 19.11.2013-cü il təvəllüdlü X2 və 02.08.2021-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh 29.10.2021-ci il tarixdən başlayaraq hər ay hər uşaq üçün 135 manat olmaqla, cəmi 405 manat sabit məbləğdə alimentin tutularaq İddiaçı ödənilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. İddiaçı tərəfindən mediasiya sesiyasının keçirilməsi üçün ödənilmiş 200 manat məbləğində mediasiya xərci Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 117-220-ci və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 23.05.2015-ci il təvəllüdlü X1, 19.11.2013-cü il təvəllüdlü X2 və 02.08.2021-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh 29.10.2021-ci il tarixdən başlayaraq hər ay hər uşaq üçün 135 manat olmaqla, cəmi 405 manat sabit məbləğdə aliment tutularaq İddiaçı ödənilsin. Mediasiya sesiyasının keçirilməsi üçün ödənilmiş 200 manat məbləğində mediasiya xərci Cavabdeh tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Sərxan Səmədzadə
Məhkəmə qərarları › İş №2(067)-229/2022
Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-229/2022
26.01.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver