Məhkəmə qərarları › İş №2(067)-2339/2025

Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-2339/2025

19.08.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-2339/2025 19.08.2025 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Abiyeva Nərmin Mirhəsən qızının sədrliyi, məhkəmə iclas katibi İsayeva Səbinə Cavanşir qızının katibliyi və İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment və 3 yaşınadək uşağın əlavə xərc tələbinə dair mülki işə Xaçmaz rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, xx.xx.2025-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay bir uşağa görə 250 manat sabit pul məbləğində aliment, əlavə olaraq uşağın üç yaşına çatana kimi uşağa qulluğa görə hər ay 100 manat məbləğində əlavə xərc və 50 manat məbləğində mediasiya xərcinin əvəzinin 50 manat məbləğində pul Cavabdeh alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə xx.xx.2024-cü il tarixdə 1 saylı Bakı “ASAN xidmət” mərkəzinin QŞ-də rəsmi nikaha daxil olmuşdur. Birgə nikahdan xx.xx.2025-ci il təvəllüdlü X4 anadan olmuşdur. Cavabdeh ailəyə baxmır. O halhazırda övladı ilə birgə yaşayır. Maddi cəhətdən çətinlik çəkir. Hazırki, iddia ərizəsinə əlavə edilmiş xx.xx.2025-ci il tarixli, MŞQ/MT/027/2025/00439 nömrəli (İMS) sonra davam etdirilə bilməməsi barədə arayışdan göründüyü kimi, mediasiya sessiyası keçirilmişdir. İştirak etdiyi mediasiya sessiyasına 50 manat mediasiya xərcini ödəmişdir. İddiaçı 19 avqust 2025-ci il tarixdə məhkəməyə “iddia tələbinə dəqiqləşdirmə” ərizəsi verərək, Cavabdeh 250 manat sabit pul məbləğində aliment və əlavə olaraq uşağın üç yaşına çatana kimi uşağa qulluğa görə hər ay 50 manat məbləğində əlavə xərc alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsində yazılanlara uyğun izahat vermiş və tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Əlavə olaraq izahatında göstərmişdir ki, cavabdehlə xx.xx.2024-cü ildə nikaha daxıl olmuşdur. Birgə nikahdan xx.xx.2025-ci il təvəllüdlü övladı var. Cavabdeh 300 manat aliment ödəməsini istəyir. Ən azından cavabdehdən 250 manat aliment, 50 manat da əlavə xərc tələb edir. İş üzrə Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə məhkəmə bildirişləri çatdırılmasına baxmayaraq, cavabdeh heç bir üzrlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə MPM-nin 185.5-ci maddəsinə əsasən Cavabdeh iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə hazırlıq iclasında iştirak edən Cavabdeh ilkin dinləmələr zamanı iddia tələbini qismən qəbul edərək, izahatında göstərmişdir ki, hər ay 250 manat aliment ödəyə bilməz. “Paşa Holding” də işləyir və 832 manat əmək haqqı alır. Ümumilikdə 200 manat aliment ödəyə bilər. Məhkəmə tərəflərin izahatlarını dinləyib, cavabdehin qismən etirafını nəzərə alıb, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Belə ki, iş materiallarına əlavə olunmuş AZ-İİ seriyalı, 633705 nömrəli nikah haqqında şəhadətnamənin surətindən müəyyən edilir ki, Cavabdeh ilə X3 arasında 08 iyun 2024-cü il tarixdə, 1 saylı Bakı “ASAN” xidmət mərkəzi Qeydiyyat Şöbəsində, 1094 № ilə rəsmi nikah qeydə alınmışdır. Nikah bağlandıqdan sonra ərə “Hüseynov”, arvada “Hüseynova” soyadı verilmişdir. İş materiallarına əlavə olunmuş AZ-V seriyalı, 098849 nömrəli doğum haqqında şəhadətnamənin surətindən müəyyən edilir ki, Cavabdeh ilə İddiaçı birgə nikahından 05 fevral 2025-ci il tarixdə X4 doğulmuşdur. “Elektron məhkəmə” informasiya sistemindən əldə olunmuş məlumatlardan görünür ki, İddiaçı rəsmi gəliri yoxdur. Cavabdeh isə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində “Texnik, elektrik sistemləri” vəzifəsində işləyir və aylıq gəliri 935 manat məbləğindədir. Azərbaycan Respublikasının Konstitusiyasının 17-ci maddəsinin İİ-ci hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 3.0.4-cü maddəsinə əsasən ana və uşaqların mənafeyinin hərtərəfli müdafiəsini və hər bir uşağın xoşbəxt həyatının təmin edilməsini ailə qanunvericiliyinin ümdə vəzifələri kimi qeyd etmişdir. Həmin Məcələnin 75.1.-ci maddəsi əsasında valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcələnin 78.1.-ci maddəsinə görə, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazançı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərin birinin marağını əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məçəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcələnin 78.2.-ci maddəsinə müvafiq olaraq sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla, uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024cü il tarixli 15 saylı qərarının 1.2.1. 8.4-1-ci yarımbəndinə əsasən Ailə Məcəlləsinin 110.2ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər. «Yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının Qanununun tələbinə əsasən uşaqlar üçün yaşayış minimumu 2025-ci ildə 246 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 23 dekabr 2024-cü il tarixli sərəncamına əsasən 2023-cü ilin yanvarın 1-dən 345 manat həddində müəyyən edilmiş minimum aylıq əmək haqqının məbləği 2025-ci il yanvarın 1-dən 400 manat müəyyən edilmişdir. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikasının Qanununun 19-cu maddəsinə görə uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifəsidir. «Uşaq hüquqları haqqında» BMT-nin 12 noyabr 1989-cu il tarixli Konvensiyasının 18-ci maddəsinə əsasən uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər daşıyırlar. «Uşaq hüquqları Bəyannaməsi»nin 2 saylı prinsipinə görə uşaq qanunla və digər vasitələrlə sosial müdafiə ilə təmin olunmalı, onun fiziki, əqli, mənəvi, ruhi və sosial baxımdan sağlam və normal yolla azadlıq və ləyaqət şəraitində inkişaf etməsinə imkan verən əlverişli şəraitlə təmin edilməlidir. Həmin Bəyannamənin 4 saylı prinsipinə əsasən uşaq sosial təminatın faydalığından istifadə etməlidir. O, sağlam böyümək və inkişaf etmək hüququna malik olmalıdır, bu məqsədlə o, doğumdan əvvəl və sonra müvafiq qulluq daxil olmaqla, xüsusi qulluq və mühafizə ilə təmin olunmalıdır. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 100.2.-ci maddəsində göstərilir ki, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. İş materiallarından müəyyən olunur ki, iddia ərizəsi 19 iyun 2025-ci ildə Xaçmaz rayon Məhkəməsinə daxil olmuşdur. Məhkəmə tərəflərin maddi vəziyyətini nəzərə alaraq hesab edir ki, 19 iyun 2025-ci il tarixdən başlayaraq, tərəflərin birgə nikahından doğulmuş yetkinlik yaşına çatmayan uşaqları - 05 fevral 2025-ci il təvəllüdlü X1 üçün Cavabdeh İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.62 misli məbləğində alimentin tutulması məqsədəuyğundur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikasının “Dövlət Rüsumu haqqında” Qanunun 9.1.2-ci maddəsinə görə aliment alınması barədə iddialar üzrə iddiaçı dövlət rüsumunu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. İddiaçının iddia ərizəsi təmin edildiyindən, iddianın qiyməti 250 manat x 12 ay = 3000 manat təşkil edir. Azərbaycan Respublikasının “Dövlət Rüsumu haqqında” Qanunun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi miqdarında dövlət rüsumu ödənilməlidir. Belə olan halda, cavabdehdən 50 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə köçürülməlidir. Məhkəmə nəzərə almışdır ki, MPM-nin 278.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan, işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Məhkəmə iddiaçının 05 fevral 2025-ci il təvəllüdlü X2 3 yaşına çatana qədər cavabdehdən 50 manat məbləğində əlavə xərc üzrə tələbini əsaslı hesab etdiyindən, həmin hissədə iddianı təmin edərək, cavabdehdən uşağın 3 yaşına çatana qədər hər ay 50 manat məbləğində əlavə xərcin tutularaq iddiaçıya ödənilməsini məqsədəmüvafiq sayır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan, təmin edilməli və 19 iyun 2025-ci il tarixdən başlayaraq, tərəflərin birgə nikahından doğulmuş yetkinlik yaşına çatmayan uşaqları - 05 fevral 2025-ci il təvəllüdlü X1 üçün Cavabdehdən İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə 2025-ci il üçün müəyyən olunmuş minimum əmək haqqının 0.62 misli məbləğində aliment və uşaq 3 yaşına çatana qədər hər ay 50 manat məbləğində əlavə xərc tutulmalı, iddia qalan hissədə təmin edilməməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. 19 iyun 2025-ci il tarixdən başlayaraq, tərəflərin birgə nikahından doğulmuş yetkinlik yaşına çatmayan uşaqları - 05 fevral 2025-ci il təvəllüdlü X1 üçün Cavabdeh İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə 2025-ci il üçün müəyyən olunmuş minimum əmək haqqının 0.62 misli məbləğində aliment və uşaq 3 yaşına çatana qədər hər ay 50 manat məbləğində əlavə xərc tutulsun. Cavabdehdən 50 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə köçürülsün. Qətnamə alimentə aid hissədə dərhal icra olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən qanunla müəyyən edilmiş qaydada şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Nərmin Abiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar