Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-2340/2025 04.08.2025 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Samir Zakir oğlunun sədrliyi, Məhkəmə iclas katibi X3, İddiaçının vəkili və nümayəndəsi Nümayəndə, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbi barədə iddia ərizəsi üzrə mülki işə Xaçmaz şəhərində açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı məhkəmədə iddia qaldıraraq, cavabdehdən övladları yetkinlik yaşına çatmayan uşaqları xx.xx.2020-ci il təvəllüdlü X5 və xx.xx.2012-ci il təvəllüdlü X1 üçün hər ay aylıq qazancının 1/3 hissəsi miqdarında aliment pulunun və 50 manat mediasiya xərcinin tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, o, Cavabdeh ilə xx.xx.2011-cı ildə rəsmi nikaha daxil olaraq evlənmişlər. Birgə nikahdan iki övladı anadan olub. X6 - 11 10.2020-ci il təvəllüdlü və X7 - xx.xx.2012-cı il təvəllüdlü. Cavabdeh X2 rəsmi iş yeri vardır və yüksək əmək haqqı alır. Övladları onun yanındadır. Cavabdeh övladları ilə maraqlanmır. Bu günə qədər övladılarının bütün təminatlarını özü ödəyir. Övladlarının bəzi xərclərini çatdıra bilmir. Məhkəmə iclasında iddiaçının vəkili və nümayəndəsi Nümayəndə izahatında göstərmişdir ki, iddianı müdafiə edir. 3/1 hissədə aliment, mediasiya rüsumu və hüquqi yardıma görə ödənilmiş xərcləri tələb edir. Məhkəmə iclasında cavabdeh izahatında göstərmişdir ki, iddianı qismən qəbul edir. Aliment ödəməyə razıdır. Lakin məhkəmə xərcləri hissəsini qəbul etmir. O, da uşaqla görüş tələb edir. Əgər burada xərclər təmin edilərsə, o, həmin iddiada məhkəmə xərclərini tələb edəcək. İddiaçının vəkili və nümayəndəsi Nümayəndə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək xx.xx.2020-ci il təvəllüdlü X5 və xx.xx.2012-ci il təvəllüdlü X1 üçün hər ay aylıq qazancının 1/3 hissəsi miqdarında aliment pulunun, 50 manat mediasiya xərci, hüquqi yardıma görə ödənilmiş 300 manat və 25 manat order üçün marka pulunun tutularaq iddiaçıya ödənilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq aşağıdakılara əsasən hesab edir ki, iddia tələbi təmin olunmalıdır. - doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, tərəflərin birgə nikahından xx.xx.2020-ci il təvəllüdlü X5 və xx.xx.2012-ci il təvəllüdlü X8 anadan olmuşdur. - iş materiallarında olan qəbzlərdən görünür ki, iddiaçı tərəfindən mediasiya xərci 50 manat, hüquqi yardıma görə 300 manat, order üçün marka pulu 25 manat vəsait ödənilmişdir. - Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər xx.xx.2011-ci il tarixdə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuşlar. Birgə nikahdan xx.xx.2020-ci il təvəllüdlü X5 və xx.xx.2012-ci il təvəllüdlü X8 anadan olmuşdur. Uşaqlar hazırda iddiaçının himayəsindədir. EMİS-dən əldə olunmuş məlumata əsasən cavabdehin vətən müharibəsi iştirakçısı olmaqla aylıq gəliri (təqaüd) 1200 manatdır. Məhkəmə iddia ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin İV bəndinə əsasən ər ilə arvadın hüquqları bərabərdir və uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 3.0.4-cü maddəsinə əsasən ana və uşaqların mənafeyinin hərtərəfli müdafiəsini və hər bir uşağın xoşbəxt həyatının təmin edilməsini ailə qanunvericiliyinin ümdə vəzifələri kimi qeyd etmişdir Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. Valideynlər bu Məcəllənin 16-cı fəslinə uyğun olaraq yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq barədə saziş (aliment ödənilməsi barədə saziş) bağlamaq hüququna malikdirlər. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Aliment ödənilməsi barədə valideynlər arasında saziş olmadıqda, valideynlər (onlardan biri) uşaqları saxlamadıqda və məhkəməyə bu barədə iddia verilmədikdə müvafiq icra hakimiyyəti orqanı yetkinlik yaşına çatmayan uşaqlar üçün aliment tutulması barədə valideynlərə (onlardan birinə) qarşı iddia qaldırmaq hüququna malikdir. Həmin Məcəllənin 76.1.2-ci maddəsinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay 2 uşağa görə - qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi miqdarında aliment tutulur. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən bu payların miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Tərəflərdən hər biri ilə uşaq qalıbsa, bir valideyndən az təminatlı digər valideynin xeyrinə hər ay tutulan alimentin miqdarı bu Məcəllənin 78-ci maddəsinə uyğun olaraq məhkəmə tərəfindən sabit pul məbləğində müəyyən edilir. Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən 2024-cü il uşaqlar üçün yaşayış minimumu 235 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, “Yaşayış minimumu haqqında” Qanunun Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrində nəzərdə tutulmuş aliment münasibətlərinə aid edilməsinin mümkünlüyü barədə “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016-cı il tarixli Qərarında Konstitusiya Məhkəməsinin hüquq mövqeyi ondan ibarət olmuşdur ki, məhkəmə alimentin miqdarını, ilk növbədə, Ailə Məcəlləsinin qeyd edilən münasibətləri tənzimləyən normalarının tələbləri əsasında araşdıraraq müəyyən etməlidir. Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi baxımdan, “Yaşayış minimumu haqqında” Qanunda bir uşağın yaşayış minimumu üçün müəyyən edilən məbləğ alimentin məbləğinin müəyyən edilməsi üçün əsas meyar ola bilməz. Alimentin miqdarı ilk növbədə Ailə Məcəlləsinin alimentlə bağlı münasibətləri tənzimləyən normalarının tələbləri əsasında müəyyən edilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. İş materiallarından müəyyən olunur ki, iddia ərizəsi xx.xx.2025-ci ildə Xaçmaz Rayon Məhkəməsinə daxil olmuşdur. AR MPM-nin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentin alınması haqqında qətnamələr dərhal icra olunur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikasının “Dövlət Rüsumu haqqında” Qanunun 9.1.2-ci maddəsinə görə aliment alınması barədə iddialar üzrə iddiaçı dövlət rüsumunu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. İddiaçının iddia ərizəsi təmin edildiyindən, yəni alimentin məbləği qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi məbləğində (400 manat) müəyyən olunduğundan, iddianın qiyməti 400 manat x 12 aya = 4800 manat təşkil edir. Azərbaycan Respublikasının “Dövlət Rüsumu haqqında” Qanunun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi miqdarında dövlət rüsumu ödənilməlidir. Belə olan halda, 68 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə köçürülməlidir. Lakin Azərbaycan Respublikasının “Dövlət rüsumu haqqında” Qanunun 9.1.2-ci maddəsinə görə müharibə veteranları iddialar üzrə dövlət rüsumunu ödəməkdən azad olunurlar. Ona görə də, hazırda cavabdeh dövlət rüsumunun ödənilməsindən azaddır. Aliment tələbi barədə iddia ərizəsinin məhkəməyə daxil olduğu xx.xx.2025-ci il tarixdən başlayaraq xx.xx.2020-ci il təvəllüdlü X5 və xx.xx.2012-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh İddiaçı xeyrinə hər ay 2 uşaq üçün qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi (1/3) məbləğində aliment, eləcə də ödənilmiş mediasiya xərci 50 manat, hüquqi yardıma görə 300 manat, order üçün marka pulu 25 manat vəsait İddiaçı xeyrinə tutulmalıdır. AR MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bu Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıdakılara əsasən və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. 19 iyun 2025-ci il tarixdən başlayaraq, tərəflərin birgə nikahından olan uşaqları – xx.xx.2020-ci il təvəllüdlü X5 və xx.xx.2012-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə hər ay iki uşaq üçün qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi (1/3) məbləğində aliment tutulsun. Cavabdeh iddiaçı tərəfindən ödənilmiş mediasiya xərci 50 manat, hüquqi yardıma görə 300 manat, order üçün marka pulu 25 manat vəsait İddiaçı xeyrinə tutulsun. Məhkəmə qətnaməsi alimentin tutulması hissəsində dərhal icra olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Xaçmaz Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Samir Bayramov
Məhkəmə qərarları › İş №2(067)-2340/2025
Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-2340/2025
04.08.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver