Məhkəmə qərarları › İş №2(067)-2355/2020

Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-2355/2020

19.11.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-2355/2020 19.11.2020 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov İlkin Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas katibi X6, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı Cavabdeh azyaşlı uşaqları xx.xx.2010-cu il təvəllüdlü X2 və xx.xx.2012-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay hər uşağa görə 170 manat olmaqla, cəmi hər ay 340 manat sabit məbləğdə alimentin tutularaq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, cavabdehlə xx.xx.2008-ci ildə nikahlarını rəsmiləşdirməklə ailə qurmuşlar. Birgə nikahlarından xx.xx.2010-cu ildəİbrahim və xx.xx.2012-ci ildə Xədicə adlı iki uşaqları anadan olmuşdur. Cavabdehlə rəsmi boşanmasalar da, faktiki olaraq ayrılmışlar. Uşaqları onunla qalırlar. Cavabdeh uşaqları ilə maraqlanmır. O, dəfələrlə cavabdehdən xahiş etmişdir ki, uşaqlarını saxlamaq üçün ona kömək etsin, lakin cavabdeh könüllü olaraq ona heç bir kömək etmir. Ona görə də o, məhkəmədə aliment tələbinə dair iddia qaldırmalı olmuşdur. Göstərilənlərə əsasən cavabdehdən aliment tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək, iddia ərizəsində göstərilənlərə uyğun izahat vermiş, əlavə olaraq uşağı azyaşlı olduğuna görə heç yerdə işləmədiyini, onun bildiyinə görə cavabdehin şirkətdə işlədiyini və gündəlik 15 manat pul aldığını, cavabdehin özünə məxsus bağının olduğunu, lakin onun gəlirləri barədə məhkəməyə təqdim edəcəyi sübutunun olmadığını bildirərək, iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı qismən qəbul edərək bildirmişdir ki, İddiaçı ilə xx.xx.2008-ci ildə nikahlarını rəsmiləşdirməklə ailə qurmuşlar. Birgə nikahlarından xx.xx.2010-cu ildəİbrahim və xx.xx.2012-ci ildə Xədicə adlı iki uşaqları anadan olmuşdur. İddiaçı ilə rəsmi boşanmasalar da, faktiki olaraq ayrılmışlar və uşaqları iddiaçı ilə qalırlar. O, iddiaçıya uşaqlarının saxlanılması üçün ayda cəmi 200 manat aliment ödəyə bilər. Əvvəl şirkətdə işləmiş, lakin bu ilin may ayından işdən çıxmışdır, torpaq sahəsi və bağı yoxdur. İş olanda fəhlə kimi çalışır və gündəlik 10 manat pul alır, ayda 300-350 manat pul qazanır. İddiaya qarşı məhkəməyə təqdim edəcəyi sübutu yoxdur. Qeyd edilənlərə əsasən iddianın qəbul etdiyi həcmdə qismən təmin edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işdə olan sübutları araşdıraraq hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin olunmalıdır. Belə ki, İş materiallarında olan xx.xx.2020-ci il tarixli arayışdan müəyyən olunur ki, İddiaçı Xaçmaz rayonunun Qıraqlı kəndidə yaşayır və onun himayəsində xx.xx.2010-cu il təvəllüdlü X4 və xx.xx.2012-ci il təvəllüdlü X5 vardır. O, Heç bir yerdə işləmir. İş materiallarında olan AZ -İ seriyalı 400504 saylı nikah haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2008-ci il tarixdə rəsmi nikah qeydi bağlanmışdır. İş materiallarında olan AZE seriyalı 11058256 saylı və AZE seriyalı 11058257 saylı şəxsiyyət vəsiqələrinin surətlərindən müəyyən olunur ki, tərəflərin birgə nikahlarından xx.xx.2010-cu il təvəllüdlü X4 və xx.xx.2012-ci il təvəllüdlü X5 anadan olmuşdur. Məhkəmə müəyyən etmişdir ki, tərəflər arasındakı ər-arvad münasibətləri pozulmuşdur. Onların birgə nikahlarından olan yetkinlik yaşına çatmamış uşaqları xx.xx.2010-cu il təvəllüdlü X4 və xx.xx.2012-ci il təvəllüdlü X5 iddiaçının himayəsindədir. Cavabdeh uşaqların saxlanılması üçün iddiaçıya maddi kömək göstərmir. Azərbaycan Respublikasının Konstitusiyasının 17-ci maddəsinini İİ-ci hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 3.0.4-cü maddəsinə əsasən ana və uşaqların mənafeyinin hərtərəfli müdafiəsini və hər bir uşağın xoşbəxt həyatının təmin edilməsini ailə qanunvericiliyinin ümdə vəzifələri kimi qeyd etmişdir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1.-ci maddəsi əsasında valideynlər uşaqlarını saxlamağa borcludurlar. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 78.1.-ci maddəsinə görə, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazançı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərin birinin marağını əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məçəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 78.2.-ci maddəsinə müvafiq olaraq sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla, uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. «Yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının Qanununun tələbinə əsasən uşaqlar üçün yaşayış minimumu 2020-ci ildə 170 manat məbləğində müəyyən edilmişdir. «Uşaq Hüquqları haqqında» Konvensiyanın müddəalarında qeyd olunur ki, yetikinlik yaşına çatmayanlarla bağlı məsələlər məhkəmə tərəfindən həll edilərkən ilk növbədə uşaqlarının layiqli həyat səviyyəsinin təmin edilməsi təmin edilməlidir. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikasının Qanununun 19-cu maddəsinə uyğun olaraq valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. X1 «Uşaq Hüquqları haqqında» Konvensiyasının 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsədə məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. Məhkəmə belə hesab edir ki, qanunun mənasına görə heç bir yerdə işləməmək, az gəlir etmək, yaxud hər hansı digər əsaslar valideynləri öz uşaqlarını saxlamaq vəzifəsindən azad etmir. Alimentin ödənilməsi valideynlərə öz şəxsi istehlak tələbatlarının, ehtiyaclarının ödənilməsinə mane olsa belə, valideynlər mənbəyindən asılı olmayaraq öz qazanclarını uşaqları ilə bölüşdürməyə borcludurlar. Uşaqların saxlanılması valideynlərin mənəvi borcu olmaqla yanaşı həm də vacib hüquqi vəzifələridir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 100.2.-ci maddəsində göstərilir ki, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. İş materiallarından müəyyən olunur ki, iddia ərizəsi xx.xx.2020-ci ildə Xaçmaz rayon məhkəməsinə daxil olmuşdur. Məhkəmə azyaşlı uşağın mənafeyini və tərəflərin maddi vəziyyətini nəzərə alaraq hesab edir ki, tərəflərin birgə nigahından anadan olmuş yetkinlik yaşına çatmamış uşaqları - xx.xx.2010-cu il təvəllüdlü X4 və xx.xx.2012-ci il təvəllüdlü X8 yetkinlik yaşlarına çatanadək saxlanmaları üçün xx.xx.2020-ci il tarixdən başlayaraq Cavabdeh hər ay hər uşaq üçün 120 (yüz iyirmi) manat, cəmi 240 (iki yüz qırx) manat alimentin alınaraq İddiaçı ödənilməsi məqsədə uyğundur. Məhkəmə nəzərə almışdır ki, MPM-nin 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan, işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İddia qismən təmin edilsin. xx.xx.2010-cu il təvəllüdlü X2 və xx.xx.2012-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün Cavabdeh hər ay hər uşağa görə 120 (yüz iyirmi) manat olmaqla, cəmi hər ay 240 (iki yüz qırx) manat sabit pul məbləğində aliment alınaraq İddiaçı verilsin. Alimentin tutulması iddia ərizəsi məhkəməyə daxil olduğu gündən, yəni 26.10. 2020-ci il tarixdən hesablansın. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən 1 ay müddətində Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlkin Xəlilov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar