Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-2406/2022 15.09.2022 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Qasımova Vüsalə Yadigar qızının sədrliyi, Məhkəmə iclas katibi X2, İddiaçı və Cavabdeh1 (eyni zamanda digər cavabdehin nümayəndəsi) iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı aliment tələbinə dair mülki işə 15 sentyabr 2022-ci il tarixdə Xaçmaz şəhərində açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı məhkəmədə iddia qaldıraraq cavabdehlər nəvələri, yəni övladları xx.xx.2017-ci il təvəllüdlü X5 və xx.xx.2018-ci il təvəllüdlü X1 üçün hər ay hər uşağa görə 200( iki yüz) manat-cəmi 400( dörd yüz) manat sabit məbləğdə alimentin tutularaq ona verilməsi barəsində qətnamə çıxarılmasını xahiş etmişdir. İddiasını onunla əsaslandırmışdır ki, cavabdehlər qaynanası və qaynatasıdır. X3 xx.xx.2019-cu ildə vəfat etmişdir. O, azyaşlı uşaqlarını tək saxlamaqda çətinlik çəkir. Uşaqları xəstə olanda dərman ala bilmir. Xaçmaz Rayon Məhkəməsinin qətnaməsinə əsasən cavabdehlərə məxsus evdə ona yaşamaq hüququ verilsə belə onu həmin evdə yaşamağa imkan vermirlər. Özü heç yerdə işləmir. Maddi vəziyyəti çox çətindir. Cavabdehlər isə hər ikisiı pensiya alır və digər gəlirləri də var. Məhkəmə iclasında iddiaçı iddia ərizəsində göstərilənlərə uyğun izahat vermiş və iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh1 iddianı qismən qəbul edərək göstərmişdir ki, (eyni zamanda digər cavabdehin nümayəndəsi) iddiaçı mərhum oğlunun həyat yoldaşıdır. Onların birgə nikahlarından iki övladları var. Oğlu öldükdən sonra Aynur bir müddət onlarla yaşasada sonradan özü evdən çıxıb getmişdir. Onu evdən heç kim qovmamışdır. Bərabər yaşadıqları vaxdlarda ona və uşaqlara onlar baxmışlar. Özü bizimlə yola getmədiyi üçün evdən ayrılıb. O və həyat yoldaşı hər ay hərəsi 260 manat təqaüd alır. Həmin təqaüd onların öz dolanışığına güclə yetir. Onların yaşları ilə bağlı səhhətlərində problemləri olur. Xəstə olduqları üçün özlərinin müalicələri üçün pul lazım olur. Maddi vəziyyətləri yaxşı deyil. Hər ay uşaqlar üçün 50 manat məbləğində aliment ödəyə bilər. Məhkəmə tərəflərin izahatlarını dinləyib iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin olunmamalıdır. Belə ki, iş materiallarında olan Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(067)-1407/2020 saylı qətnaməsinin surətindən müəyyən olunur ki, İddiaçı azyaşlı uşaqları övladları xx.xx.2017-ci il təvəllüdlü X9 və xx.xx.2018-ci il təvəllüdlü X8 ilə birlikdə Cavabdeh2 istifadəsində olan Xaçmaz rayonu Ağtala kəndində yerləşən fərdi yaşayış evinə köçürülmələri qət edilmişdir. İş materiallarında olan Ölüm haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, iddiaçının X3 xx.xx.2019-cu il tarixdə vəfat etmişdir. İş materiallarında olan Doğum haqqında şəhadətnamələrin surətlərindən müəyyən olunur ki, tərəflərin birgə nikahlarından xx.xx.2017-ci il tarixdə X9 və xx.xx.2018-ci il tarixdə X8 anadan olmuşlar. Azərbaycan Respublikasının Konstitusiyasının 17-ci maddəsinini İİ-ci hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 89-cu maddəsində göstərilir ki, yardıma ehtiyacı olan yetkinlik yaşına çatmayan nəvələr saxlanmaq üçün öz valideynlərindən maddi yardım ala bilmədikdə, buna zəruri vəsaitə malik baba və nənədən məhkəmə qaydasında aliment almaq hüququna malikdirlər. Əmək qabiliyyəti olmayan və yardıma ehtiyacı olan yetkinlik yaşına çatan nəvələr saxlanmaq üçün valideynlərindən, yaxud da ərdən (arvaddan) maddi yardım ala bilmədikdə, onlara da eyni hüquq verilir. Belə ki, məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. MPM sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almalıdır (MPM-in 14.2 və 77.1-ci maddələri). Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Ona görə də, hazırki mübahisə üzrə sübutetmə yükü iddiaçının üzərinə, bunun əksini sübutetmə yükü isə cavabdehin üzərinə düşür. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 100.2-ci maddəsində göstərilir ki, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. İş materiallarından müəyyən olunur ki, iddia ərizəsi 25 iyul 2022-ci ildə Xaçmaz Rayon Məhkəməsinə daxil olmuşdur. Beləliklə, işin yuxarıda sadalanan faktiki hallarından görünür ki, iddia tələbi qismən əsaslıdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia tələbi qismən təmin edilsin. xx.xx.2017-ci il təvəllüdlü X5 və xx.xx.2018-ci il təvəllüdlü X4 yetkinlik yaşlarına çatana kimi saxlanmaları üçün 25 iyul 2022-ci ildən başlayaraq hər ay Cavabdeh1 50 manat və Cavabdeh2 50 manat sabit pul şəklində aliment alınaraq İddiaçı verilsin. Qətnamə dərhal icra olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Vüsalə Qasımova
Məhkəmə qərarları › İş №2(067)-2406/2022
Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-2406/2022
15.09.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver