Məhkəmə qərarları › İş №2(067)-2547/2025

Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-2547/2025

02.09.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-2547/2025 02.09.2025 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Xıdır İnqilab oğlunun sədrliyi, Məhkəmə iclas katibi X7, İddiaçı iştirakları ilə, İddiaçı Cavabdeh qarşı «Alimentin təyin edilməsi tələbi»nə dair mülki işə məhkəmə binasında acıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : İddiacı İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh himayəsində olan faktiki nikah münasibətlərindən doğulmuş azyaşlı uşaqları- xx.xx.2021-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay sabit pul məbləğində 246 manat miqdarında alimentin tutularaq ona verilməsi barədə qətnamə cıxarılmasını xahiş etmişdir. İş üzrə Cavabdeh iclasın vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasına gəlməmiş və işə iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə işdə iştirak edən iddiaçının fikrini dinləyib, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən Cavabdeh iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında dindirilən İddiaçı iddiasını müdafiə edərək izahatında göstərmişdir ki, Cavabdeh ilə 2020-ci ildə faktiki nikah münasibətlərinə daxil olmaqla ailə həyatı qurmuşlar. Faktiki nikah münasibətlərindən 01 oktyabr 2021-ci ilə Əli adlı bir nəfər uşaqları anadan olmuşdur. Uşaq barəsində atalıq müəyyən edilmişdir. Cavabdehlə ailə münasibətləri pozulduğundan 2023-cü ilin fevral ayından faktiki olaraq ayrılmışlar. Həmin vaxtdan o, azyaşlı uşağı ilə birlikdə Xaçmaz rayonunun Palçıqoba kəndində valideynlərinin yanında yaşayır. Cavabdeh keçən müddət ərzində uşağın saxlanılması üçün könüllü olaraq maddi köməklik göstərmədiyindən hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etməli olmuşdur. Ona görə də iddiasının təmin edilməsini, Cavabdeh himayəsində olan faktiki nikah münasibətlərindən doğulmuş azyaşlı uşaqları- xx.xx.2021-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay sabit pul məbləğində 246 manat miqdarında alimentin tutularaq ona verilməsi barədə qətnamə cıxarılmasını xahiş edir. Məhkəmə iddiaçının izahatını dinləyib, mülki iş materiallarını hərtərəfli tədqiq edərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Xaçmaz rayon İcra Hakimiyyəti Başçısının Çinartala kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş 04 iyul 2025-ci il tarixli, 217 saylı arayışdan görünür ki, İddiaçı Xaçmaz rayonunun Palçıqoba kəndində yaşayır, ailə tərkibi xx.xx.2021-ci il təvəllüdlü uşağı X3 ibarətdir. İş materiallarında olan AA seriyalı, ******* nömrəli şəxsiyyət vəsiqəsinin və xx.xx.2022-ci il tarixli, AZ-İV seriyalı, 726812 nömrəli doğum haqqında şəhadətnamənin surətlərindən görünür ki, İddiaçı ilə Cavabdeh faktiki nikah münasibətlərindən xx.xx.2021ci ildə Əli adlı 1 nəfər uşaqları anadan olmuşdur. İş materiallarında olan X1 tərəfindən tərtib edilmiş İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə 19 aprel 2025-ci il tarixli arayışdan müəyyən olunur ki, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanunvericiliyi və Mülki Prosessual Qanunvericiliyin tələblərinə müvafiq olaraq İddiaçı Cavabdeh ilə aralarında ailə münasibətlərindən irəli gələn mübahisələr (aliment tələbi) üzrə məhkəməyə müraciət etməmişdən əvvəl ilkin olaraq mediatora müraciət etməklə mediasiya sessiyasında iştirak etmiş, cavabdeh mediasiya prosesində iştirak etməmiş və mübahisənin tərəflərin qarşılıqlı razılaşması ilə həllinin mümkünsüzlüyü mediator tərəfindən müəyyən edilərək ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış tərtib olunmuşdur. Aparılmış məhkəmə araşdırması nəticəsində müəyyən edildi ki, İddiaçı ilə Cavabdeh 2020-ci ildə faktiki nikah münasibətlərinə daxil olmaqla ailə həyatı qurmuşlar. Onların faktiki nikah münasibətlərindən 01 oktyabr 2021-ci ilə Əli adlı bir nəfər uşaqları anadan olmuşdur. Uşaq barəsində atalıq müəyyən edilmişdir. Tərəflər arasında ailə münasibətləri pozulduğundan 2023-cü ilin fevral ayından ayrılmışlar. Faktiki olaraq ayrıldıqdan sonra iddiaçı uşağı- xx.xx.2021-ci il təvəllüdlü Əli ilə birlikdə valideynlərinə məxsus evdə yaşayır. Cavabdeh iddiaçıya himayəsində olan uşağı Əlinin saxlanılması üçün könüllü olaraq maddi köməklik göstərmədiyindən İddiaçı alimentin təyin edilməsi tələbinə dair hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 17-ci maddəsinin İİ-ci hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 3.0.4-cü maddəsinə əsasən ana və uşaqların mənafeyinin hərtərəfli müdafiəsini və hər bir uşağın xoşbəxt həyatının təmin edilməsini ailə qanunvericiliyinin ümdə vəzifələri kimi qeyd etmişdir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1.-ci maddəsi əsasında valideynlər uşaqlarını saxlamağa borcludurlar. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 78.1.-ci maddəsinə görə, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazançı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərin birinin marağını əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məçəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 78.2.-ci maddəsinə müvafiq olaraq sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla, uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Məhkəmə hesab edir ki, mahiyyət etibarı ilə valideynlərlə uşaqların münasibətlərində aliment institutunun mövcudluğunun qanunverici tərəfindən tanınması ilk növbədə və birmənalı olaraq uşaqların mənafelərinin qorunmasına yönəlmişdir. Ailə Məcəlləsinin 78.2-ci maddəsində də bu məqsəd öz əksini taparaq qeyd olunmuşdur ki, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilməlidir. Qanunun mənasına görə heç bir yerdə işləməmək, az gəlir əldə etmək, yaxud digər əsaslar valideynləri öz uşaqlarını saxlamaq vəzifəsindən azad etmir. Göstərilən hallar ancaq alimentin miqdarının müəyyən edilməsində nəzərə alına bilər. Alimentin ödənilməsi valideynlərə öz şəxsi istehlak tələbatlarının, ehtiyaclarının ödənilməsinə mane olsa belə, valideynlər mənbəyindən asılı olmayaraq öz qazanclarını uşaqları ilə bölüşdürməyə borcludurlar. Uşaqların saxlanılması valideynlərin mənəvi borcu olmaqla yanaşı, həm də vacib hüquqi vəzifələridir. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016-ci il qərarına əsasən, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas olar bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Göstərilənləri nəzərə alaraq, Konstitusiya Məhkəməsinin Plenumu aşağıdakı nəticələrə gəlir: aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024cü il tarixli 15 saylı qərarının 8.4-1-ci yarımbəndinə əsasən Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər. «Yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının Qanununun tələbinə əsasən uşaqlar üçün yaşayış minimumu 2025-ci ildə 246 manat məbləğində müəyyən edilmişdir. “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 23 dekabr 2024-cü il tarixli Sərəncamına əsasən aylıq minimum əməkhaqqının məbləği 2025-ci il yanvarın 1-dən 400 manat müəyyən edilmişdir. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikasının Qanununun 19-cu maddəsinə görə uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifəsidir. «Uşaq hüquqları haqqında» BMT-nin 12 noyabr 1989-cu il tarixli Konvensiyasının 18-ci maddəsinə əsasən uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər daşıyırlar. «Uşaq hüquqları Bəyannaməsi»nin 2 saylı prinsipinə görə uşaq qanunla və digər vasitələrlə sosial müdafiə ilə təmin olunmalı, onun fiziki, əqli, mənəvi, ruhi və sosial baxımdan sağlam və normal yolla azadlıq və ləyaqət şəraitində inkişaf etməsinə imkan verən əlverişli şəraitlə təmin edilməlidir. Həmin Bəyannamənin 4 saylı prinsipinə əsasən uşaq sosial təminatın faydalığından istifadə etməlidir. O, sağlam böyümək və inkişaf etmək hüququna malik olmalıdır, bu məqsədlə o, doğumdan əvvəl və sonra müvafiq qulluq daxil olmaqla, xüsusi qulluq və mühafizə ilə təmin olunmalıdır. Məhkəmə tərəflərin maddi vəziyyətini nəzərə alaraq hesab edir ki, tərəflərin birgə nikahlarından doğulmuş uşaqları- xx.xx.2021-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.6 misli məbləğində alimentin tutulması məqsədəuyğundur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənnin 77-ci maddəsinin tələblərinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmn Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 100.2.-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. İş materiallarından müəyyən olunur ki, iddia ərizəsi 09 iyul 2025-ci il tarixdə Xaçmaz rayon məhkəməsinə daxil olmuşdur. Beləliklə, məhkəmə bütün yuxarıda şərh edilib göstərilənləri, eləcə də tərəflərin maddi və ailə vəziyyətlərini, diqqətəlayiq olan digər halları nəzərə almaqla belə bir nəticəyə gəlir ki, iddia qismən təmin edilməklə, Cavabdeh ərizənin verildiyi tarixdən, yəni 09 iyul 2025-ci il tarixdən hesablanmaqla, xx.xx.2021-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay sabit pul məbləğində ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,6 misli məbləğində aliment tutularaq İddiaçı verilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Azərbaycan Respublikasının “Dövlət Rüsumu haqqında” Qanunun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1000 manatdan çox olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu ödənilməlidir. "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının Qanununun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə- iddiaçılar dövlət rüsumu ödəməkdən azad edilmişdir. Ona görə də məhkəmə həmçinin hesab edir ki, aliment tutulması barədə iddia üzrə iddiaçı dövlət rüsumu ödəməkdən azad edildiyindən ödəniləcək dövlət rüsumu cavabdehə aid edilməlidir. İddiaçı Cavabdeh tələb etdiyi, bir il ərzində ödəməli olduğu alimentin məcmusu 1000 manatdan çox olduğundan qanunun tələbinə əsasən ondan aliment iddiasına görə müəyyən edilmiş- “Elektron Məhkəmə” İnformasiya Sistemində yaradılmış Dövlət rüsumunun hesablanması kalkulyatoru ilə hesablanmış 48,80 manat məbləğində dövlət rüsumu tutularaq dövlət nəfinə verilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinin tələbinə əsasən qətnamə dərhal icra olunmalıdır. İddiaçı mediasiya xərcinin ödənilməsini cavabdehdən tələb etmədiyindən, həmin xərc iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İddia qismən təmin edilsin. Cavabdeh ərizənin verildiyi tarixdən, yəni xx.xx.2025-ci il tarixdən hesablanmaqla, xx.xx.2021-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay sabit pul məbləğində uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,6 misli məbləğində aliment tutularaq İddiaçı verilsin. Əlavə olaraq Cavabdeh iddiaçının azad edildiyi, aliment iddiasına görə müəyyən edilmiş 48,80 manat məbləğində dövlət rüsumu tutularaq dövlət nəfinə ödənilsin. Qətnamə alimentə aid hissədə dərhal icra olunsun. Ödənilmiş Mediasiya rüsümü iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən qanunla müəyyən edilmiş qaydada şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Xıdır Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar