Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-264/2023 20.02.2023 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, məhkəmə iclas katibi Nəcəfli Fuad Zeynal oğlunun katibliyi, İddiaçı nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi və daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı məhkəmədə iddia qaldıraraq ünvan 1 ünvanında yerləşən cavabdeh X3 və ailə üzvlərinə məxsus 0,54 ha torpaq sahəsinə münasibətdə 19 oktyabr 2003-cü il tarixdə onunla cavabdeh X5 və qeyriləri arasında baş tutmuş alqı-satqı əqdinin etibarlı hesab edilməsi və həmin torpaq sahəsinə mülkiyyət hüququnun tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddianı onunla əsaslandırmışdır ki, Xaçmaz rayon 1 saylı Dövlət notariat kontorunda 19 oktyabr 2003-cü ildə rəsmiləşdirilmiş, 211097 saylı alqı-satqı müqaviləsinə əsasən cavabdeh X1 və qeyrilərindən sonunculara məxsus Xaçmaz rayonu, Alekseyevka kəndində 0.26 ha torpaq sahəsini, torpaq sahəsində yerləşən yaşayış evini və 0,54 ha pay torpaq sahəsini o vaxtki pul ilə 22.000.000 (iyirmi iki milyon) manata satın almışdır. Müqavilə rəsmiləşdirilərkən cavabdeh X2 və qeyrilərinin adına torpağa mülkiyyət sənədi olmadığına görə müqavilədə torpağın alqı-satqısı göstərilmədi. Həmin vaxtdan əmlak üzərindəki hüquqlarından istifadə edərək mülkdən təyinatına görə yaşayış sahəsi kimi istifadə edir. Xaçmaz rayon məhkəməsinin xx.xx.2021 -ci il tarixli 2(067)-1800/2021 saylı qətnaməsi ilə onunla cavabdeh arasında sonuncuya məxsus ünvan 2i ünvanında yerləşən 0.26 ha həyətyanı torpaq sahəsinə münasibətdə 19 oktyabr 2003-cü ildə bağlanmış alqısatqısına dair əqd etibarlı hesab edilmişdir. Məhkəmə qətnaməsi ilə həqiqətən də cavabdeh tərəflə onun arasında 19 oktyabr 2003-cü ildə alqı-satqı müqaviləsinin faktiki olaraq baş tutması öz təsdiqini tapmışdır. Xaçmaz rayonunun Alekseyevka (hazırda Çaykənarı kəndi) kənd sakinlərinin iştifakı ilə tərtib edilmiş və Xaçmaz rayon İHB-nın Çaykənarı kənd İƏD-də nümayəndəsinin təsdiq etdiyi 14 oktyabr 2022-ci il tarixli aktdan görünür ki, Xaçmaz rayon Alekseyevka kənd sakini olmuş Cavabdeh1 özünə və ailə üzvlərinə məxsus yaşayış evini, həyətyanı və 0.54 ha pay torpaq sahələrini 2003-cü ildə ona sataraq köçüb Rusiyaya getmişlər. Bu səbəbdən də qeyd olunan 0.54 ha pay torpaq sahəsinə də cavabdehlə onun arasında baş tutmuş alqı-satqı müqaviləsi etibarlı hesab edilməlidir. İş üzrə cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 məhkəmə iclasının vaxtı və yeri barədə məhkəmə bildirişləri son məlum olan poçt ünvanlarına göndərilmiş, lakin poçt göndərişləri “bu ünvanda yaşamır” qeydi ilə məhkəməyə qaytarılmışdır. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. 18 yanvar 2023-cü ildə keçirilən məhkəmə iclasında İddiaçı nümayəndəsi Vəkil iddia tələbini müdafiə edərək iddia ərizəsinə uyğun izahat vermiş və göstərmişdir ki, iddiaçı 2003-cü ildə cavabdeh və onun ailə üzvlərindən 26 sot torpaq sahəsini və onun üzərində yerləşən evi, həmçinin 54 sot pay torpaq sahəsini 22000000 köhnə Azərbaycan manatına satın alıb və cavabdehlərin pulunu nağd ödəyib. 2003-cü ildə notariat orqanında rəsmiləşdirmə aparmağa gedəndə məlum olub, torpaq sahələrinin sənədləri yoxdur. Cavabdehlər torpaq sahələrini və evi iddiaçıya təhvil verib Rusiya Federasiyasına köçüb gediblər. 2021-ci ildə iddiaçı cavabdehlərlə aralarında evin yerləşdiyi torpaq sahəsinin alqısatqısına dair əqdin etibarlı sayılmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət edib və məhkəmənin müvafiq qətnaməsi ilə həmin əqd etibarlı sayılıb. Həmin qətnamə ilə müəyyən olunub ki, tərəflər arasında evin və torpaq sahələrinin alqı-satqısı baş tutub. Torpaq sahələrinin mülkiyyət sənədləri olmadığına görə cavabdehlər 2003-cü ildə 0,54 ha pay torpaq sahələrini satıb çıxıb gediblər və 2003-cü ildən torpaq sahəsindən iddiaçı istifadə edir. 2008-ci ildə iddiaçı özü mübahisəli torpaq sahələrinə dair cavabdehlərin adına daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışlar alıb. Qeyd olunanlara əsasən iddiaçı mübahisəli torpaq sahəsinə dair cavabdehlərlə bağladığı şifahi müqavilənin bağlanmış hesab edilməsini xahiş etmişdir. Hazırda keçirilən məhkəmə iclasında İddiaçı vəkili və nümayəndəsi Vəkil iddia tələbini müdafiə edərək iddia ərizəsinə uyğun izahat vermişdir. O, əlavə olaraq iddiaçının 0,54 ha torpaq sahəsini cavabdehdən satın almasına dair sənədi məhkəməyə təqdim etmişdir. Bildirmişdir ki, həmin sənədi iddiaçı tapıb, sənəddə qeyd olunub ki, Viktor Kutsevalov evini, evin torpaq sahəsini və pay torpaq sahəsini iddiaçıya nəğd pul ilə satıb, sənədlər hazır olan kimi notariusa gedib rəsmiləşdirmə aparacaqdır. Həmin iltizamı 2003-cü ildə Cavabdeh1 yazıb, 2008-ci ildə isə Viktor RF-na ailəsi ilə birlikdə köçüb getmişdi. Viktor evin rəsmiləşdirilməsini iddiaçıya həvalə etdiyinə görə, onun adından evə dair mülkiyyət sənədi olan Çıxarışı iddiaçı alıb, sonra isə başqa şəxsə satıb. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, işdə olan və məhkəmə iclasında araşdırılmış digər sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi qismən əsaslıdır və qismən təmin olunmalıdır. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestrindən MH seriyalı ******* saylı Çıxarışından görünür ki, X5 və onun ailə üzvlərinin mülkiyyətinə Xaçmaz rayonu, Alekseyevka kəndindən 0,54 ha kənd təsərrüfatlı təyinatlı torpaq sahəsi verilmişdir. İş materiallarında olan Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Torpaq sahəsinin planı və ölçüsündən görünür ki, Xaçmaz rayonu, Alekseyevka kəndində İddiaçı adına fərdi yaşayış evi tikmək üçün tərtib edilmişdir. İş materiallarında olan Xaçmaz rayonunun Alekseyevka (hazırda Çaykənarı kəndi) kənd sakinlərinin iştifakı ilə tərtib edilmiş və Xaçmaz rayon İHB-nın Çaykənarı kənd İƏD-də nümayəndəsinin təsdiq etdiyi 14 oktyabr 2022-ci il tarixli aktdan görünür ki, Xaçmaz rayon Alekseyevka kənd sakini olmuş Cavabdeh1 özünə və ailə üzvlərinə məxsus yaşayış evini, həyətyanı və 0.54 ha pay torpaq sahələrini 2003-cü ildə ona sataraq köçüb Rusiyaya getmişlər. İş materiallarında olan Xaçmaz rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(067)- 1800/2021 saylı qətnaməsindən görünür ki, İddiaçı ilə Cavabdeh1 arasında sonuncuya məxsus ünvan 2i ünvanında yerləşən 0.26 ha həyətyanı torpaq sahəsinə münasibətdə 19 oktyabr 2003-cü ildə bağlanmış alqı-satqısına dair əqd etibarlı hesab edilmişdir. Məhkəmə iclasına tərcüməçi qismində dəvət olunan X6 göstərmişdir ki, rus dilində tərtib olunmuş, Cavabdeh1M tərəfindən imzalanmış, xx.xx.2003-cü il tarixli iltizamda qeyd olunub ki, “Mən, Cavabdeh1 Mixayloviç 2003-cü ildə Alekseyevka kəndində özümə məxsus evi, həyətyanı torpaq sahəsini və torpaq sahəsini X4 nağd pula satdım. Evə və torpaq sahəsinə görə pulları nəğd vəsaitlə aldım, sənədlər hazır olan kimi notariusa gedəcəyəm.” İş materiallarında olan Xaçmaz rayon məhkəməsinin 2(067)-1800/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsindən görünür ki, hazırki iş üzrə iddiaçı və cavabdehlər arasında xx.xx.2003-cü il tarixli alqı-satqı müqaviləsi ilə cavabdehlər iddiaçıya Xaçmaz rayonu, Alekseyevka kəndində yerləşən 0,26 ha həyətyanı torpaq sahəsini və həmin torpaq sahəsində olan fərdi yaşayış evi satmışlar. Həmin əqd məhkəmə tərəfindən etibarlı hesab edilmişdir. Məhkəmə hesab edir ki, hazırki mülki işdə olan iltizamdan da göründüyü kimi, Cavabdeh1 Mixayloviç 2003-cü ildə Alekseyevka kəndində özünə məxsus evi, həyətyanı torpaq sahəsini və torpaq sahəsini X4 nağd pula satmışdır, yəni iltizamda qeyd olunan fərdi yaşayış evi və həyətyanı torpaq sahəsinə dair əqd Xaçmaz rayon məhkəməsinin 2(067)-1800/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsi ilə etibarlı hesab edilmiş, iltizamda qeyd olunan digər “torpaq sahəsi” isə hazırki mülki işin predmeti olan 0,54 ha pay torpağı başa düşülməlidir. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. MPM sübutetmə vəzifələrinin böbüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almalıdır (MPM-in 14.2 və 77.1-ci maddələri). Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. «Torpaq İslahatı haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericilikdə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. İddiaçının izahatından və iş materiallarından müəyyən olunmuşdur ki, cavabdeh özünə məxsus Xaçmaz rayonunun Alekseyevka kəndində yerləşən yaşayış evini və evin yerləşdiyi 0,26 ha həyətyanı torpaq sahəsini 2003-cü ilin oktyabr ayında İddiaçı satması, iddiaçının həmin əmlakların dəyərini ödəyərək, həmin əmlaka faktiki sahibliyi həyata keçirməsi və hazırkı vaxtadək əmlakların iddiaçının istifadəsində olması sübuta yetirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.1-ci maddəsinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2.-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4.-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə nəzərə almışdır ki, Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan, işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Beləliklə iş materiallarından və iddiaçının izahatından müəyyən olunmuşdur ki, cavabdeh özünə məxsus Xaçmaz rayonunun Alekseyevka kəndində yerləşən 0,54 ha pay torpaq sahəsini 2003-cü ilin oktyabr ayında İddiaçı satmış, iddiaçının həmin əmlakların dəyərini ödəyərək, həmin əmlaka faktiki sahibliyi həyata keçirməsi və hazırkı vaxtadək əmlakların iddiaçının istifadəsində olması sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı alqı-satqı müqaviləsi bağlanmış hesab edilməsi və daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması tələbi qismən hesab edilsin. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Xaçmaz rayonu, Alekseyevka kəndi ünvanında yerləşən cavabdeh X3 və ailə üzvlərinə məxsus 0,54 ha pay torpaq sahəsinə münasibətdə 19 oktyabr 2003-cü il tarixdə onunla cavabdeh X5 və qeyriləri arasında baş tutmuş alqı-satqı əqdi etibarlı hesab edilsin. Bu qətnamə İddiaçı Xaçmaz rayonu, Alekseyevka kəndində yerləşən 0,54 ha pay torpaq sahəsinə dair mülkiyyət hüququnun rəsmiləşdirilməsi üçün əsasdır. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Xaçmaz rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Sərxan Səmədzadə
Məhkəmə qərarları › İş №2(067)-264/2023
Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-264/2023
20.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Torpaq üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver