Məhkəmə qərarları › İş №2(067)-2680/2023

Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-2680/2023

26.10.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-2680/2023 26.10.2023 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, məhkəmə iclas katibi Nəcəfli Fuad Zeynal oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin sabit pul məbləğində tutulması tələbinə dair mülki işə açıq məhkəmə hazırlıq iclasında baxılır. Müəyyən etdi: İddiaçı məhkəmədə iddia qaldıraraq cavabdehdən xx.xx.2006-cı il təvəllüdlü X4, xx.xx.2008-ci il təvəllüdlü X3 və xx.xx.2019-cu il təvəllüdlü X1 üçün hər ay hər uşaq üçün 220 manat olmaqla, cəmi 660 manat sabit pul məbləğində alimentin alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddianı onunla əsaslandırmışdır ki, cavabdehlə qeyri rəsmi nikaha daxil olmaqla ailə qurmuşdur. Birgə nikahlarından 3 uşaqları anadan olmuşdur. Cavabdeh övladı ilə maraqlanmır, bu günə qədər övladının bütün təminatlarını özü ödəyir. Cavabdehin imkanı yaxşıdır. Aylıq gəliri 1500-2000 manat təşkil edir. Uşaqların saxlanması üçün maddi cəhətdən çətinlik çəkir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək təmin olunmasını xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, 3 uşağı var. Onların saxlanılması üçün cavabdehdən aliment tələb edir. 600 manat iddia ərizəsində tələb etsə də, həmin məbləği hazırda tələb etmir, nəyə imkanı varsa o qədər aliment versin. O, cavabdehin qazancının az olduğunu görüb ondan cəmi 300 manat aliment tələb edir. . Məhkəmə iclasında cavabdeh iddianı qismən qəbul edərək göstərmişdir ki, iddiaçı ilə rəsmi nikahları yoxdur. Faktiki olaraq ayrı yaşayırlar. Uşaqlar onundur, onların barəsində atalığını müəyyən etdirmişdir. İşləmir, hər uşaq üçün 100 manat olmaqla, ayda cəmi 300 manat aliment ödəyə bilər. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır. İş materiallarında olan doğum haqqında şəhadətnamələrin surətindən müəyyən olunur ki, xx.xx.2006-cı il təvəllüdlü X8, xx.xx.2008-ci il təvəllüdlü X7 və xx.xx.2019-cu il təvəllüdlü X6 anadan olmuşdur. İş materiallarında olan atalığın müəyyən edilməsi haqqında şəhadətnamələrin surətindən müəyyən olunur ki, Cavabdeh xx.xx.2006-cı ildə, xx.xx.2008-ci ildə və xx.xx.2019-cu ildə İddiaçı doğulmuş X4, X3 və X2 atası hesab edilmişdir. İş materiallarında olan X5 iştirak edilməsi barədə xx.xx.2023-cü il tarixli arayışdan müəyyən olunur ki, iddiaçı X5 iştirak etmiş, cavabdeh isə iştirak etməmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 17-ci maddəsinini İİ hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 3.0.4-cü maddəsinə əsasən ana və uşaqların mənafeyinin hərtərəfli müdafiəsini və hər bir uşağın xoşbəxt həyatının təmin edilməsini ailə qanunvericiliyinin ümdə vəzifələri kimi qeyd etmişdir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1.-ci maddəsi əsasında valideynlər uşaqlarını saxlamağa borcludurlar. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 78.1.-ci maddəsinə görə, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərin birinin marağını əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 78.2.-ci maddəsinə müvafiq olaraq sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla, uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. «Yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının Qanununun tələbinə əsasən uşaqlar üçün yaşayış minimumu 2023-cü ildə 220 manat məbləğində müəyyən edilmişdir. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikasının Qanununun 19-cu maddəsinə görə uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifəsidir. «Uşaq hüquqları haqqında» BMT-nin 12 noyabr 1989-cu il tarixli Konvensiyasının 18-ci maddəsinə əsasən uşağın tərbiyyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər daşıyırlar. «Uşaq hüquqları Bəyannaməsi»nin 2 saylı prinsipinə görə uşaq qanunla və digər vasitələrlə sosial müdafiə ilə təmin olunmalı, onun fiziki, əqli, mənəvi, ruhi və sosial baxımdan sağlam və normal yolla azadlıq və ləyaqət şəraitində inkişaf etməsinə imkan verən əlverişli şəraitlə təmin edilməlidir. Həmin Bəyannamənin 4 saylı prinsipinə əsasən uşaq sosial təminatın faydalığından istifadə etməlidir. O, sağlam böyümək və inkişaf etmək hüququna malik olmalıdır, bu məqsədlə o, doğumdan əvvəl və sonra müvafiq qulluq daxil olmaqla, xüsusi qulluq və mühafizə ilə təmin olunmalıdır. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 100.2.-ci maddəsində göstərilir ki, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. İş materiallarından müəyyən olunur ki, iddia ərizəsi xx.xx.2023-cü ildə Xaçmaz Rayon Məhkəməsinə daxil olmuşdur. Məhkəmə iddiaçının himayəsində olan yetkinlik yaşına çatmayan uşaqların mənafeyini və tərəflərin maddi vəziyyətlərini nəzərə alaraq, hesab edir ki, xx.xx.2006-cı il təvəllüdlü X4, xx.xx.2008-ci il təvəllüdlü X3 və xx.xx.2019-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh iddia ərizəsi məhkəməyə daxil olduğu gündən, yəni xx.xx.2023-cü il tarixdən başlayaraq hər ay hər uşaq üçün 100 manat alimentin tutularaq İddiaçı ödənilməsi məqsədəuyğundur. Məhkəmə hesab edir ki, qeyd olunan aliment miqdarından az miqdarda aliment məbləğinin müəyyən edilməsi azyaşlı uşaqların qanunla qorunan hüquqlarını pozaraq, aliment öhdəliklərinin mahiyyətinə zidd olardı. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikasının “Dövlət Rüsumu haqqında” Qanunun 9.1.2-ci maddəsinə görə aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumunu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövtət rüsümu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. İddiaçının iddia ərizəsi qismən təmin edildiyindən, yəni alimentin məbləği 300 manat müəyyən olunduğundan, iddianın qiyməti 300 manat x 12 aya=3600 manat təşkil edir. Azərbaycan Respublikasının “Dövlət Rüsumu haqqında” Qanunun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi miqdarında dövlət rüsumu ödənilməlidir. Belə olan halda, cavabdehdən 56 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə köçürülməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2.-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalıvə onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4.-cü madəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə nəzərə almışdır ki, MPM-nin 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan, işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Beləliklə, məhkəmə işdə olan sübutlara məcmu halında hüquqi qiymət verərkən hesab edir ki, iddia qismən təmin edilməli və xx.xx.2006-cı il təvəllüdlü X4, xx.xx.2008-ci il təvəllüdlü X3 və xx.xx.2019-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh iddia ərizəsi məhkəməyə daxil olduğu gündən, yəni xx.xx.2023-cü il tarixdən başlayaraq hər ay hər uşaq üçün 100 manat məbləğində sabit aliment tutularaq İddiaçı ödənilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Cavabdeh 56 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə köçürülməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 117-220-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia qismən təmin edilsin. xx.xx.2006-cı il təvəllüdlü X4, xx.xx.2008-ci il təvəllüdlü X3 və xx.xx.2019-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən yəni 28 avqust 2023-cü ildən başlayaraq Cavabdeh hər ay hər uşaq üçün 100 manat, cəmi 300 manat məbləğdə sabit aliment tutularaq İddiaçı ödənilsin. Cavabdehdən 56 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə köçürülsün. Qətnamə dərhal icra olunsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən qanunla müəyyən edilmiş qaydada şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Sərxan Səmədzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar