Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-2706/2023 30.10.2023 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, məhkəmə iclas katibi Nəcəfli Fuad Zeynal oğlunun katibliyi, cavabdehlər Cavabdeh1 və X4 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və X6 qarşı aliment tələbinə dair iddia ərizəsi üzrə mülki işə Xaçmaz rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı məhkəmədə iddia qaldıraraq cavabdehlərdən nəvələri xx.xx.2012-ci il təvəllüdlü X2 və xx.xx.2016-cı il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün 150 manat olmaqla cəmi 300 manat məbləğində alimentin tutularaq ona verilməsi barəsində qətnamə çıxarılmasını xahiş etmişdir. İddiasını onunla əsaslandırmışdır ki, onunla cavabdehlərin oğlu Nail Mahmudovla 29 may 2012-ci il tarixdə rəsmi nikaha daxil olmaqla ailə qurmuşdur. Birgə nikahlarından 2 uşaqları olmuşdur. Cavabdehlərin oğlu hazırda türmədədir. CM-nin 120-ci maddəsi ilə təqsirləndirilir. Xaçmaz rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi əri türmədə olduğundan icra oluna bilmir. Cavabdehlər nəvələri ilə maraqlanmır. Bu günə qədər övladlarının bütün təminatlarını valideynlərinin dəstəyi ilə ödəyir. Cavabdehlərin imkanları yaxşıdır, aylıq gəlirləri yüksəkdir. Cavabdehlər nəvələrinə baxmır, onların qayğısına qalmır. İş üzrə iddiaçı məhkəmənin ünvanına ərizə göndərərək işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh1 iddianı qəbul etməyərək göstərmişdir ki, onun 70 yaşı, arvadının 66 yaşı var. Onların özlərinin maddi vəziyyətləri yaxşı deyil, gəlir yerləri yoxdur, yalnız hər biri 220 manat pensiya alır, həmin pul da dərmanlarına çatmır. Həyat yoldaşının ayaqları şişib. Onun oğlu həbsdədir, ona 9 il müddətinə azadlıqdan məhrum etmə cəzası verilib. Məhkəmə qətnaməsi ilə oğlundan hər ay 250 manat alimentin alınaraq iddiaçıya verilməsi qət edilib. Lakin, onun və arvadının bu alimenti ödəməyə heç bir imkanları yoxdur. Məhkəmə iclasında cavabdeh X12 iddianı qəbul etməyərək göstərmişdir ki, maddi vəziyyətləri yaxşı deyil, hər biri 220 manat pensiya alır, başqa gəlir yerləri yoxdur. Pensiyaları dərmanlarına çatmır. Onun ayaqları şişib. Xahiş edir bunlar nəzərə alınsın. Məhkəmə tərəflərin izahatlarını dinləyib iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmamalıdır. Belə ki, iş materiallarından müəyyən olunur ki, Xaçmaz rayon məhkəməsinin 2(067)-95/2023 saylı 19 yanvar 2023-cü il tarixli qətnaməsinə əsasən X9 ilə cavabdeh X14 arasında Xaçmaz rayon Qeydiyyat Şöbəsində xx.xx.2012-ci il tarixdə bağlanmış 212 saylı nikah qeydi pozulmuşdur. Tərəflərin birgə nikahlarından olan X10 və X13 anası X3 himayəsində saxlanılmış, xx.xx.2012-ci il təvəllüdlü X2 və xx.xx.2016-cı il təvəllüdlü X7 yetkinlik yaşına çatana kimi saxlanması üçün mülki iş məhkəməyə daxil olduğu gündən yəni xx.xx.2022-ci il tarixdən başlayaraq cavabdeh X8 hər ay hər uşaq üçün 125 manat olmaqla, cəmi 250 manat sabit məbləğdə aliment alınaraq X5 verilməsi qət edilmişdir. Məhkəmə xüsusilə qeyd edir ki, iddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərkən, sübut növlərindən yalnız məhkəmə qətnaməsini iddia ərizəsinə əlavə etmişdir. Bundan başqa, iddiaçı nə xx.xx.2023-cü il tarixdə keçirilmiş məhkəmənin hazırlıq iclasına, nə də ki xx.xx.2023-cü il tarixdə keçirilmiş məhkəmənin baxış iclaslarına gəlmişdir. İddiaçı ərizələr göndərərək, iclasların onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəməyə iddia tələbinə dair heç bir sübutlarını təqdim etməmişdir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 89-cu maddəsində göstərilir ki, yardıma ehtiyacı olan yetkinlik yaşına çatmayan nəvələr saxlanmaq üçün öz valideynlərindən maddi yardım ala bilmədikdə, buna zəruri vəsaitə malik baba və nənədən məhkəmə qaydasında aliment almaq hüququna malikdirlər. İş üzrə iddiaçı tərəfindən cavabdehlərin əmlak və gəliri, habelə cavabdehin zəruri vəsaitə malik olması ilə bağlı məhkəməyə heç bir sübut təqdim edilməmişdir. Buna baxmayaraq, məhkəmə araşdırması zamanı məhkəmə tərəfindən EMİS-nə baxış keçirilmiş və müəyyən edilmişdir ki, cavabdehlərin hər biri 220 manat məbləğində pensiya alır, başqa gəlir mənbələri müəyyən edilməmişdir. Bundan başqa, məhkəmə xüsusilə qeyd etməyi zəruri hesab edir ki, iddiaçı X1 əri tərəfindən ona alimentin ödənilməməsi ilə bağlı məhkəməyə heç bir sübut təqdim etməmişdir. Göründüyü kimi, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 89-cu maddəsində alimentin baba və nənədən tutulması o halda yol verilir ki, yardıma ehtiyacı olan yetkinlik yaşına çatmayan nəvələr saxlanmaq üçün öz valideynlərindən maddi yardım ala bilməsinlər və baba və nənə zəruri vəsaitə malik olsunlar. İş materiallarından görünür ki, X11 alimenti ödəməməsinə dair məhkəməyə heç bir sübut təqdim edilməmişdir. Bundan başqa, cavabdehlərin zəruri vəsaitə malik olması ilə bağlı məhkəməyə heç bir sübut təqdim edilməmişdir. Yuxarıda qeyd edildiyi kimi, EMİS-dən əldə olunmuş məlumatlarından müəyyən edilmişdir ki, cavabdehlər hər biri yalnız 220 manat pensiya alır, bu isə zəruri vəsaitə malik olmasına dəlalət etmir. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. MPM sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almalıdır (MPM-in 14.2 və 77.1-ci maddələri). Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Ona görə də, hazırki mübahisə üzrə sübutetmə yükü iddiaçının üzərinə, bunun əksini sübutetmə yükü isə cavabdehin üzərinə düşür. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin oluna bilməz. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi İddiaçı cavabdehlər Cavabdeh1 və X6 qarşı aliment tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən qanunla müəyyən edilmiş qaydada şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Sərxan Səmədzadə
Məhkəmə qərarları › İş №2(067)-2706/2023
Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-2706/2023
30.10.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver