Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-2731/2022 01.11.2022 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, məhkəmə iclas katibi Nəcəfli Fuad Zeynal oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment üzrə borcu ödəməkdən və aliment ödəməkdən azad edilmə tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Xaçmaz rayon məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(067)-1625\2020 saylı qətnaməsinə əsasən borclu olduğu aliment borclarını ödəməkdən azad edilməyi və həmin qətnamə əsasında müəyyən edilmiş alimenti ödəməkdən azad edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(067)-1625/2020 saylı qətnaməsi ilə onunla cavabdeh arasında xx.xx.2002-ci il tarixli rəsmi nikah pozulmuş, birgə nikahlarından doğulmuş xx.xx.2005-ci il təvəllüdlü Leyla, xx.xx.2007-ci il təvəllüdlü Aysel və xx.xx.2009-cu il təvəllüdlü Davud analarının himayəsində saxlanıblar və onların yetkinlik yaşına çatanadək saxlanılmaları üçün ondan hər ay hər uşağa görə 100 manat sabit məbləğdə alimentin alınaraq cavabdehə verilməsi qət edilmişdir. Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2021-ci il traixli, 3(067)-428/2021 saylı qərarı ilə İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 15 gün müddətinə, bundan sonra da xx.xx.2022-ci il tarixli qərarı ilə 8 gün müddətinə inzibati həbs olunmuşdur. Qərarlardan da göründüyü kimi yüxarıda göstərilən məhkəmə qətnaməsi ilə müəyyən olunmuş alimenti ödəməmiş həmin tarixə 7200 manat ödənilməmiş aliment borcu vardır. Xaçmaz rayon mərkəzi xəstəxanasının arayışlarından göründüyü kimi, xəstəxananın terapiya şöbəsində Qeyri stabil stenokardiya, şiddətli stenokardiya diaqnozu ilə müalicə almışdır. xx.xx.2021ci il tarxidən isə Solmədəcik çatmamazlığından stasionar müalicə alır. Bir sözlə vəziyyəti həddindən artıq ağırdır, faktiki əmək qabiliyyətsizdir. Bu səbəbdən də alimenti ödəyə bilməmişdir. Bundan sonra da aliment ödəmək iqtidarında deyildir. Faktiki olaraq heç bir vəsaiti yoxdur. Qohum-əqrabadan müalicələri üçün aldığı vəsaiti də müalicələrinə tam xərcləmişdir. Maddi durumu da çox ağırdır. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinə uyğun izahat vermiş, əlavə olaraq bildirmişdir ki, Xaçmaz rayon məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(067)- 1625/2020 saylı qətnaməsi ilə cavabdehin ona qarşı boşanma və aliment tələbinə dair iddiasına baxılaraq, aralarındakı nikah qeydi pozulub, uşaqları Leyla, Aysel və Davud analarının himayəsində saxlanıblar və onların yetkinlik yaşına çatanadək saxlanılmaları üçün ondan hər ay hər uşağa görə 100 manat sabit məbləğdə alimentin alınaraq cavabdehə verilməsi qət edilmişdir. O, ürək qüsurlu xəstədir, ürəyinə stendlər qoyulub. Əməliyyat olunmalıdır ondan sonra pensiyaya çıxacaq. Xəstə olduğu üçün alimenti ödəyə bilmir. Ona görə də yığılıb qalmış aliment borcunu və qətnaməyə əsasən ödəməli olduğu alimenti ödəməkdən azad edilməyini xahiş edir. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək izahatında bildirmişdir ki, Xaçmaz rayon məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(067)-1625/2020 saylı qətnaməsinə əsasən iddiaçı ilə aralarındakı nikah qeydi pozulub, uşaqları Leyla, Aysel və Davud onun himayəsində saxlanıblar və onların yetkinlik yaşına çatanadək saxlanılmaları üçün iddiaçıdan onun xeyrimə hər ay hər uşağa görə 100 manat sabit məbləğdə alimentin tutulması qət edilib. İddiaçı bildirir ki, xəstədir, alimenti ödəyə bilmir. O, yalan deyir. Evli olduqları müddətdə də ailəyə baxmamış, özü qazanıb özü də yeyib, o, isə uşaqlarıın ac qalmaması üçün bağlarda işləyirdim. Xəstəliyə qalanda mən də xəstəyəm, amma bu valideyn olaraq bizi uşaqlarımızı saxlamaq öhdəliyindən azad etmir. Mən də valideynlərimin köməkliyi ilə yaşayıram, qazanc yerim yoxdur, ona görə iddianın rədd edilməsini xahiş edirəm. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işə əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, iddia tələbi təmin olunmamalıdır. İş materiallarından görünür ki, Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(067)-1625/2020 saylı qətnaməsi ilə iddiaçı Cavabdeh İddiaçı qarşı “nikahın pozulması və aliment tələbinə” dair iddiası qismən təmin edilərək, tərəflərin arasında olan nikah pozulmuş, birgə nikahlarından oolan uşaqları anaları Cavabdeh himayəsində saxlanılmış və cavabdeh İddiaçı hər ay hər uşaq üçün 100 manat olmaqla, cəmi 300 manat sabit pul şəklində aliment alınaraq iddiaçıya verilməsi qət edilmişdir. İş materiallarında olan Xaçmaz rayon məhkəməsinin 3.05.2021-ci il tarixli 3(067)- 428/2021 saylı qərarından görünür ki, İddiaçı İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 15 gün müddətinə inzibati həbs edilmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 17-ci maddəsinin İİ hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqları saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda, uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. «Yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının Qanununun tələbinə əsasən uşaqlar üçün yaşayış minimumu 2022-ci ildə 193 manat məbləğində müəyyən edilmişdir. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikasının 19 may 1998-ci il tarixli Qanununun 13-cü maddəsində isə imperativ qayda müəyyən edilmişdir ki, uşağın minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikasının 19 may 1998-ci il tarixli Qanununun 19-cu maddəsinə görə uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifəsidir. Məhkəmə hesab edir ki, aliment tələblərinə dair iddialara baxılarkən, işin konkret halları, valideynlərin hər birinin himayəsində neçə uşağın saxlanılması, onların yaşı, uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması zəruriliyi və digər hallar nəzərə alınmalıdır. Qanunun mənasına görə heç bir yerdə işləməmək, yaxud az gəlir əldə etmək alimenti ödəmək vəzifəsini daşıyan şəxsə öz şəxsi istehlak tələbatlarının, ehtiyaclarının ödənilməsinə mane olsa belə, valideynlər mənbəyindən asılı olmayaraq öz qazanclarını uşaqları ilə bölüşdürməyə borcludurlar. Uşaqların saxlanılması valideynlərin mənəvi borcu olmaqla yanaşı, həm də vacib hüquqi vəzifələridir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 112.1.-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 107-ci maddəsinə əsasən aliment onun ödənilməsi barədə saziş əsasında tutulduqda aliment üzrə borcları ödəməkdən azad edilmə və ya onun miqdarının azaldılması tərəflərin razılığı ilə həyata keçirilə bilər. Məhkəmə aliment ödəməli şəxsin iddiası üzrə aliment borcunun şəxsin xəstəliyi və digər üzürlü səbəblərə görə əmələ gəldiyini, ailə və maddi vəziyyətinin bu borcları ödəməyə imkan vermədiyini müəyyən edərsə, onu həmin borcları ödəməkdən tamamilə və ya qismən azad edə bilər. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçını həm yığılmış aliment borcundan azad edilməsinə, həm də aliment ödənilməsi öhdəliyindən azad olunmasına hər hansı bir hüquqi əsaslar mövcud deyil. Bundan başqa, iddia tələbinin təmin olunması, uşaqların hüquqlarının pozulmasına, onların həyat şəraitinin mənfi mənada dəyişməsinə səbəb olaraq aliment öhdəliklərinin mahiyyətinə zidd olardı. Azərbaycan Respublikası Ailə Məcəlləsinin müvafiq maddəsinin məzmunundan göründüyü kimi iş üzrə iddia tələbinin təmin olunması üçün iddiaçı aliment borcunun onun xəstəliyi və digər üzürlü səbəblərə görə əmələ gəldiyini və ailə və maddi vəziyyətinin bu borcları ödəməyə imkan vermədiyini təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim etdiyi halda iddia əsaslı hesab edilə bilər. Lakin, iddiaçı qeyd edilən halları təsdiq edən heç bir mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Məhkəmə qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsiplərinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktlara istinad etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. Azərbaycan Respublikası MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Avropa İnsan Hüquqları Məhkəməsi «Mahmudov Rusiya Federasiyasına qarşı» 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilir. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Göstərilənlərə əsasən məhkəmə iddianın təmin edilməməli olduğunu hesab edir. Məhkəmə nəzərə almışdır ki, MPM-nin 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan, işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Şərh olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216, 220, 227, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: İddia rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən qanunla müəyyən edilmiş qaydada şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Sərxan Səmədzadə
Məhkəmə qərarları › İş №2(067)-2731/2022
Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-2731/2022
01.11.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver