Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-274/2022 26.01.2022 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Anar Böyükkişi oğlunun sədrliyi Məhkəmə iclas katibi X2, İddiaçı və onun nümayəndəsi Nümayəndə, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakı ilə İddiaçı Cavabdeh1 və qeyrisinə qarşı aliment tələbinə dair iddia ərizəsi üzrə mülki işə 26 yanvar 2022-ci ildə Xaçmaz şəhərində açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i : İddiaçı məhkəmədə iddia qaldıraraq cavabdehlərin hərəsindən ayrı ayrılıqda onun saxlanması üçün hər ay 162 manat sabit pul məbləğində alimentin tutularaq ona verilməsi barəsində qətnamə çıxarılmasını xahiş etmişdir. İddiasını onunla əsaslandırmışdır ki, cavabdehlər onun doğma övladlarıdır. Lakin hər ikisi ona nankorluq edir, ona heç bir maddi köməklik göstərmirlər. Halbuki atalarını saxlamaq onların həm hüquqi, həm də mənəvi borclarıdır. Cavabdehlər isə əksinə onu evdən çıxarıblar və kirayədə yaşamağa məcbur olmuşdur. 74 yaşındadır. Məhkəmə iclasında iddiaçı tərəf iddia ərizəsini müdafiə edərək iddia ərizəsinə uyğun izahat vermiş və iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh2 iddianı qəbul etməyərək göstərmişdir ki, iddiaçı atasıdır. Özü xəstədir, 2 uşağı vardır, anası da xəstədir, anasının evinə gedib ona da qulluq edir. Onun qazanc yeri yoxdur. Ona görə də iddianın təmin olunmamasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh1 iddianı qəbul etməyərək göstərmişdir ki, iddiaçı atasıdır. 2 övladı var, işləmir, ayrı ünvanda ailəsi ilə yaşayır. Qazanc yeri yoxdur. İddianın təmin olunmamasını xahiş edir. Məhkəmə tərəflərin izahatlarını dinləyib iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır. İş materiallarında olan doğum haqqında arayışlardan müəyyən olunur ki, Cavabdeh1 xx.xx.1978-ci ildə, X3 xx.xx.1981-ci ildə anadan olmuşlar. Ata qrafasında İddiaçı, ana qrafasında X1 qeyd edilmişdir. İş materiallarından görünür ki, iddiaçı əmək qabiliyyətsizdir. Azərbaycan Respublikasının Konstitusiyasının 17-ci maddəsinini İİ-ci hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 82.1-ci maddəsinə əsasən əmək qabiliyyəti olan yetkinlik yaşına çatmış övladlar maddi yardıma ehtiyacı olan əmək qabiliyyəti olmayan valideynlərini saxlamağa və onlara qayğı göstərməyə borcludurlar. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 82.2-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan valideynlər üçün aliment əmək qabiliyyəti olan və yetkinlik yaşına çatmış övladlardan məhkəmə qaydasında tutulur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 82.3-cü maddəsinə əsasən övladların hər birindən tutulan alimentin həcmi məhkəmə tərəfindən valideynlərin və övladların maddi vəziyyəti, ailə vəziyyəti və tərəflərindən diqqətəlayiq digər maraqları nəzərə alınmaqla hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 82.4-cü maddəsinə əsasən alimentin miqdarı müəyyən olunarkən məhkəmə, tələbin valideynlərin əmək qabiliyyəti olan və yetkinlik yaşına çatmış övladlarından hamısına, birinə və ya bir neçəsinə verildiyindən asılı olmayaraq, onların hamısını nəzərə almağa haqlıdır. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 100.2-ci maddəsində göstərilir ki, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. İş materiallarından müəyyən olunur ki, iddia ərizəsi 12 noyabr 2021-ci ildə Xaçmaz rayon məhkəməsinə daxil olmuşdur. Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə q ə t e t d i İddia qismən təmin edilsin. Cavabdeh1 və Cavabdeh2 hər birindən ayrı ayrılıqda 12 noyabr 2021-ci ildən başlayaraq hər ay 70 manat məbləğində aliment alınaraq İddiaçı verilsin. Qətnamə dərhal icra olunsun. Qətnamədən 1 ay müddətində Xaçmaz rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Anar Sadıqov
Məhkəmə qərarları › İş №2(067)-274/2022
Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-274/2022
26.01.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver