Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-2808/2024 29.10.2024 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Aynur Məhəmməd qızının sədrliyi, məhkəmə iclas katibi Həsənli Rövşən Xudat oğlunun katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair mülki işə açıq məhkəmə hazırlıq iclasında baxılır. MÜƏYYƏN ETDİ: İddiaçı məhkəmədə iddia qaldıraraq Cavabdeh himayəsində olan yetkinlik yaşına çatmamış uşaqları xx.xx.2009-cu il təvəllüdlü X2 və xx.xx.2013-cü il təvəllüdlü X1 üçün hər ay hər uşaq üçün 300 manat olmaqla cəmi 600 manat sabit pul şəkilində aliment müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2008-ci il tarixdə rəsmi nikah münasibətlərinə daxil olaraq Cavabdeh ilə ailə həyatı qurmuşlar. Xaçmaz rayon məhkəməsinin 29 noyabr 2021-ci il tarixli, 2(067)-1160/2021 saylı qətnaməsinə əsasən aralarında bağlanmış rəsmi nikahları ləğv edilmişdir. Cavabdeh ilə ailə münasibətlərinə son qoymuşlar. Rəsmi nikahdan 2 uşağı anadan olmuşdır. xx.xx.2009-cu il təvəllüdlü X5 və xx.xx.2013-cü il təvəllüdlü X6. Hal-hazırda cavabdeh ilə birgə nikahdan olan azyaşlı uşaqlar onun himayəsindədir. Ona görə də uşaqların saxlanılması üçün cavabdehdən sabit məbləğində alimentin tutulmasını istəyir. Hesab edir ki, uşaqların saxlanılması üçün cavabdehdən hər ay hər uşaq üçün 300 manat olmaqla cəmi 600 manat aliment tutulsa uşaqların ehtiyaclarını müəyyən qədər ödəyə bilər. Bildirir ki, cavabdehin gəlirləri qeyri müntəzəmdir. Məhkəmə iclasında iddiaçı tərəf iddianı müdafiə edərək göstərmişdir ki, uşaqların ikisi də iddiaçı olan bacısındadır. Bacısı fəhlə işləyir, uşaqların xərcini çatdıra bilmir. Ay ərzində təxminən 400-450 manat qazancı olur. Məhkəmə iclasında cavabdeh iddianı qəbul etməyərək göstərmişdir ki, rəsmi qaydada işləmir, fəhləlik edir. 3-cü qrup əlildir. 150 manat pensiya alır. 2 uşağa cəmi 200 manat aliment ödəyə bilər. İddiaçı özü də işləyir. Qızı Zəhra 2023-cü ilin sentyabr ayına kimi onun yanında olmuşdur. Boşanma qətnaməsi ilə uşaqlar anaya verilmişdir. Lakin Zəhra onun yanında qalmışdır. İddiaçının kirayədə yaşadığı ünvanı tanımır. 2024-cü ilin aprel-may ayında yardım etmişdir. Özünün astma xəstəliyi var, işlədiyi zaman xəstəliyi qəfildən şiddətlənir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: -Doğum haqqında şəhadətnamələrin surətindən müəyyən olunur ki, xx.xx.2009-cu il təvəllüdlü X5 və xx.xx.2013-cü il təvəllüdlü X6 anadan olmuşdur. Ataları Cavabdeh, anaları İddiaçıdır. -Xaçmaz rayon məhkəməsinin 29 noyabr 2021-ci il tarixli, 2(067)-1160/2021 saylı qətnaməsindən görünür ki, İddiaçı ilə Cavabdeh Müsəilif oğlu arasındakı xx.xx.2008-ci il tarixli rəsmi nikah qeydi pozulmuşdur. Nikah pozulduqdan sonra tərəflərin birgə nikahlarından anadan olan xx.xx.2009-cu il təvəllüdlü X5 və xx.xx.2013-cü il təvəllüdlü X6 anaları İddiaçı himayəsində saxlanılmışlar. -X4 iştirak edilməsi barədə xx.xx.2024-cü il tarixli arayışdan müəyyən olunur ki, iddiaçı X4 iştirak etmiş, cavabdeh isə iştirak etməmişdir. -Cavabdeh etiraz ərizəsindən görünür ki, cavabdeh uzun müddətdir ki, astma xəstəliyindən əziyyət çəkir, faktiki olaraq əmək qabiliyyəti yoxdur. Hara işə girirsə işləyə bilmədiyinə görə, yəni nəfəs çatışmamazlığına görə işləyə bilmir, nəticədə onu işdən çıxarırlar. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya sistemindən sosial müavinət və təqaüd haqqında arayışdan görünür ki, İİİ qrup əlilliyə görə 150 manat pensiya alır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 12 nömrəli Zona Tibbi- Sosial Ekspert Komissiyasının xx.xx.2009-cu il tarixli, SER TSE-01 № 479592 saylı arayışında göstərilir ki, müddətsiz olaraq İİİ qrup əlildir. Sosial arayışdan göründüyü kimi 2019-2023-cü illər arası Dost iş Mərkəzi vasitəsilə müxtəlif işlərə cəlb olunmuş, aylıq əmək haqqı orta hesabla 200- 300 manat arası olmuşdur. Sonuncu iş yeri olan 20 №-li Xüsusi Təyinatlı Yol İstismarı MMC-də xx.xx.2023-cü ildən xx.xx.2023-cü il tarixədək işləmiş, elə nəfəs çatışmamazlığına görə (astmaya görə) işləyə bilmədiyinə görə işdən çıxarılmışdır. Həmin tarixdən heç yerdə işləmir, daha doğrusu işləyə bilmir. Pensiya hesabına birtəhər dolanır. Bununla belə uşaqların saxlanılması üçün bütövlükdə pensiyanı iddiaçıya verməyə razıdır. Özü valideynlərinin yanında yaşamaqla onların hesabına dolanar. Başqa imkanı yoxdur. İddiaçı özü də əmək qabiliyyətlidir, uşaqlar artıq böyük olduqlarından özü də işləyib qazanc əldə edə bilər. Qərar çıxarılarkən onun da maddi vəziyyəti və qazancı nəzərə alınmalıdır. İş üzrə İddiaçı ona doğma övladı ilə ünsiyyət qurmağa və onunla görüşməyə imkan vermir. Ondan aliment istəyirsə, uşaqlarla görüşə də imkan yaratmalıdır. Ona görə də xahiş edir ki, etiraz ərizəsini nəzərə almaqla iddianın təmin edilməməsi barədə qərar qəbul edilsin. -Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 12 nömrəli Zona Tibbi-Sosial Ekspert Komissiyasının xx.xx.2009-cu il tarixli, SER TSE-01 № 479592 saylı arayışından görünür ki, Cavabdeh müddətsiz olaraq İİİ qrup əlildir. -Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya sistemindən sosial müavinət və təqaüd haqqında arayışdan görünür ki, Cavabdeh İİİ qrup əlilliyə görə 150 manat pensiya alır. -Sosial arayışdan görünür ki, Cavabdeh 2019-2023-cü illər arası Dost iş Mərkəzi vasitəsilə müxtəlif işlərə cəlb olunmuş, aylıq əmək haqqı orta hesabla 200-300 manat arası olmuşdur. Sonuncu iş yeri olan 20 №-li Xüsusi Təyinatlı Yol İstismarı MMC-də xx.xx.2023-cü ildən xx.xx.2023-cü il tarixədək işləmişdir. - Quba-Xaçmaz Regional Təhsil İdarəsi Xaçmaz Təhsil X9 adına Yergüc kənd tam orta məktəbinin 85 nömrəli, 17 oktyabr 2024-cü il tarixli arayışından görünür ki, X5 həqiqətən 2020-ci ildə məktəbin V sinfinə qəbul edilmiş və V, Vİ, Vİİ,Vİİİ sinfində təhsil alıb, 2023-2024-cü tədris ilinin İİ yarısında yerdəyişmə ilə Bakı şəhər №-163 məktəbə qəbul edildiyi üçün şagird kontingentindən azad edilmişdir. Məhkəmə iclasında müəyyən edildi ki, İddiaçı ilə Cavabdeh rəsmi nikaha girməklə ailə qurmuşlar. Nikahlarından 2 övladları doğulmuşdur. Tərəflər faktiki olaraq ayrı yaşayır və uşaqlar anasının himayəsindədirlər. Ayrı yaşadıqları müddətdə cavabdeh uşaqların saxlanılması üçün iddiaçıya köməklik göstərməmişdir. Hazırda ana uşaqların saxlanılması üçün cavabdehdən aliment tutulmasını xahiş edir. Cavabdeh iddianı qismən qəbul edir. Azərbaycan Respublikasının Konstitusiyasının 17-ci maddəsinin İİ hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. “Uşaq Hüquqları haqqında” BMT-nin 20 noyabr 1989-cu il tarixli Konvensiyasının: 3-cü maddəsin əsasən, Sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, habelə məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları tərəfindən həyata keçirilib-keçirilməməsindən asılı olmayaraq uşaqlar barəsində keçirilən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilir. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikasının Qanununun 19-cu maddəsinə görə uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifəsidir. 18-ci maddəsinə əsasən uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər daşıyırlar. «Uşaq hüquqları Bəyannaməsi»nin 2 saylı prinsipinə görə uşaq qanunla və digər vasitələrlə sosial müdafiə ilə təmin olunmalı, onun fiziki, əqli, mənəvi, ruhi və sosial baxımdan sağlam və normal yolla azadlıq və ləyaqət şəraitində inkişaf etməsinə imkan verən əlverişli şəraitlə təmin edilməlidir. Həmin Bəyannamənin 4 saylı prinsipinə əsasən uşaq sosial təminatın faydalığından istifadə etməlidir. O, sağlam böyümək və inkişaf etmək hüququna malik olmalıdır, bu məqsədlə o, doğumdan əvvəl və sonra müvafiq qulluq daxil olmaqla, xüsusi qulluq və mühafizə ilə təmin olunmalıdır. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun: 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır; 19-cu maddəsinə əsasən valideynlərin uşağın təbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin: 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar; 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur; 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər; 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 27 iyul 2016-cı il tarixli Qərarına əsasən belə hesab edilmişdir ki, Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Bu Qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə, həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 28 mart 2016-cı il tarixli 8-2/2016 nömrəli Qərarının 8.2-ci bəndi ilə məhkəmələrə izah edilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən 2024-ci il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə cavabdehdən tutulacaq aliment məbləğinin həddini müəyyən edərkən, uşaqların və iddiaçının mənafeləri ilə yanaşı cavabdehin də mənafeyini nəzərə alır. Məhkəmə qeyd edir ki, iddiaçı məhkəməyə cavabdehin hər ay cəmi 600 manat məbləğində alimenti ödəyə biləcək kifayət qədər maddi imkana malik olmasını təsdiq edən hər hansı bir sübut təqdim etməmişdir. Belə olan halda, məhkəmə yuxarıda qeyd edilənləri nəzərə alaraq belə qənaətə gəlir ki, uşaqlar üçün hər ay cəmi 600 manat məbləğində alimentin tutulması tələbi üzrə cavabdehin zəruri vəsaitə malik olması sübuta yetirilməmişdir. Həmçinin, hər iki valideynin uşaqları saxlamaq vəzifəsinin olduğunu nəzərə alaraq məhkəmə hesab edir ki, aliment tərəflərin maddi vəziyyətinə mütənasib şəkildə tutulmalıdır. Məhkəmə iddiaçının himayəsində olan yetkinlik yaşına çatmayan uşaqların mənafeyini, 2024cü il üzrə uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumunun məbləğini və tərəflərin maddi vəziyyətini nəzərə alaraq hesab edir ki, uşaqların yetkinlik yaşına çatana kimi saxlanması üçün cavabdehdən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən, yəni xx.xx.2024-cü il tarixdən başlayaraq hər ay hər uşaq üçün 175 manat məbləğində alimentin tutularaq iddiaçıya ödənilməsi məqsədəuyğundur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 100.2.-ci maddəsində göstərilir ki, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. İş materiallarından müəyyən olunur ki, iddia ərizəsi xx.xx.2024-cü ildə Xaçmaz Rayon Məhkəməsinə daxil olmuşdur. Məhkəmə hesab edir ki, qeyd olunan aliment miqdarından az miqdarda aliment məbləğinin müəyyən edilməsi azyaşlı uşaqların qanunla qorunan hüquqlarını pozaraq, aliment öhdəliklərinin mahiyyətinə zidd olardı. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 234.2.1-ci maddəsinə əsasən, şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun: 8.1.2-ci madəsinə əsasən, məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövtət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. İddiaçının iddia ərizəsi qismən təmin edildiyindən, yəni alimentin məbləği cəmi 350 manat müəyyən olunduğundan, iddianın qiyməti 350 manat x 12 aya=4200 manat təşkil edir. Belə olan halda, cavabdehdən 62 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə köçürülməlidir. Məhkəmə nəzərə almışdır ki, MPM-nin 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan, işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Beləliklə, məhkəmə işdə olan sübutlara məcmu halında hüquqi qiymət verərkən hesab edir ki, iddia qismən təmin edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220-ci, 227-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. xx.xx.2009-cu il təvəllüdlü X2 və xx.xx.2013-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanması üçün 03 sentyabr 2024-cü il tarixdən başlayaraq Cavabdeh hər ay hər uşaq üçün 175 manat məbləğdə sabit aliment alınaraq İddiaçı ödənilsin. Qətnamə dərhal icra olunsun. Cavabdehdən 62 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə köçürülsün. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən qanunla müəyyən edilmiş qaydada şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Aynur Əliyeva
Məhkəmə qərarları › İş №2(067)-2808/2024
Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-2808/2024
29.10.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver