Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-2828/2025 07.10.2025 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Abiyeva Nərmin Mirhəsən qızının sədrliyi, məhkəmə iclas katibi İsayeva Səbinə Cavanşir qızının katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «aliment» tələbinə dair mülki işə Xaçmaz rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh birgə nikahlarından olan 06 iyun 2023-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ayda 400 manat məbləğində alimentin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə 18 avqust 2022-ci ildə rəsmi nikaha daxil olmuşlar. Nikahları Quba regional "ASAN xidmət” X3 nikahların bağlanması haqqında akt qeydləri kitabında 2022-ci ilin 08-ci ayının 18 günündə 1035 nömrəilə qeyd edilərək rəsmiləşdirilmişdir. Birgə nikahlarından bir qızlar - 06 iyun 2023-cü il təvəllüdlü X5 anadan olmuşdur. Cavabdeh ilə münasibətləri pozulduğuna və onun yaşadıqları evdə yola getmədiyinə görə o, məcbur olaraq uzun müddətdir ki, uşağı ilə birlikdə valideynlərinin evinə qayıdaraq, onların himayəsində yaşayır. Valideynlərinin maddi vəziyyətləri çətin olduğuna görə uşağının saxlanmasında ona kömək edə bilmirlər. O, uşağın saxlanmasında çox çətinlik çəkir, onun ehtiyaclarını ödəyə bilmir. Cavabdeh uşağının saxlanılması üçün ona bu günə kimi heç bir köməklik göstərməmişdir. Uşağı təkbaşına çətinliklə saxlayır. Maddi vəziyyəti çox çətindir. Cavabdehin iş yeri və bağ sahələrindən yaxşı qazancı vardır. Cavabdehdən aliment tələbi ilə bağlı 08 avqust 2025-ci il tarixində mediasiya prossesində iştirak etmiş, lakin cavabdeh mediasiya prossesində iştirak etməmişdir. Cavabdehlə uşaqların saxlanması üçün alimentin müəyyən edilməsi barədə razılığa gələ bilməmişlər. Ona görə də, alimentin məhkəmə qaydasında müəyyən edilməsi zəruridir. Məhkəmə iclasında izahat verən iş üzrə İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsində yazılanlara uyğun izahat verdikdən sonra iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Əlavə olaraq izahatında göstərmişdir ki, cavabdeh ilə ailə qurmamışdan əvvəl cavabdeh onun adına bankdan kredit almış və krediti hər ay özü ödəcəyini bildirmişdir. Lakin, cavabdeh tərəfindən alınan kredit hər ay onun əmək haqqısından tutulur. Evi yoxdur. Hal-hazırda da hər ay banka 110 manat, baxçaya isə 120 manat ödəniş edir. Cavabdeh hal-hazırda işləyir və uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün aliment ödəməyə yetərincə maddi imkanı çatır. Məhkəmə iclasında izahat verən iş üzrə Cavabdeh iddia tələbini qismən qəbul etmiş və bildirmişdir ki, iddiaçı ilə 2022-ci ildə ailə qurmuşlar. Birgə evliliklərindən Gülnar adlı qızları var və hal-hazırda iddiaçının yanında qalır. İddiaçı uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay cəmi 400 manat məbləğində aliment ödənilməsini tələb edir. Lakin, onun iddiaçıya aylıq 400 manat aliment ödəməyə maddi imkanı çatmır. Aylıq iddiaçıya uşağın saxlanması üçün cəmi 200-250 manat məbləğində aliment ödəyə bilər. Krediti əvvəl banka o, ödəmişdir, lakin, hazırda iddiaçı tərəfindən ödəniş olunur. Məhkəmə tərəflərin izahatlarını dinləyib, cavabdehin iddianın qismən etirafını nəzərə almaqla, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən əsaslı olduğundan və cavabdeh tərəfindən qismən etiraf olunduğundan qismən təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: AZ-İİ seriyalı 531064 №-li nikah haqqında şəhadətnamənin surətindən müəyyən edilir ki, Cavabdeh ilə X4 arasında 18 avqust 2022-ci il tarixdə Quba Regional “ASAN xidmət” X3 1035 № ilə rəsmi nikah qeydə alınmışdır. Nikah bağlandıqdan sonra ərə “Bayramov”, arvada “Bayramova” soyadı verilmişdir. AZ-İV seriyalı 894479 №-li doğum haqqında şəhadətnamənin surətindən müəyyən edilir ki, Cavabdeh ilə İddiaçı birgə nikahından 06 iyun 2023-cü il tarixdə X5 anadan olmuşdur. İlkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə 08 avqust 2025-ci il tarixli arayışdan və mədaxil qəbzindən müəyyən olunur ki, İddiaçı mediasiya prosesi ilə bağlı Qusar rayon 1 saylı Mediasiya təşkilatının hesabına 60 manat məbləğində mediasiya xərci ödəmişdir. “Azemis” Elektron məhkəmə informasiya sistemində qeyd alınmış tərəflərin barəsində olan gəlir məlumatından müəyyən olunur ki, İddiaçı ümumi təhsil məktəbində “müəllim” vəzifəsində işləyir və hər ay 742.72 manat məbləğində əmək haqqı alır. Cavabdeh isə rəsmi gəliri yoxdur. Məhkəmənin hüquqi mövqeyi və gəldiyi nəticə: Azərbaycan Respublikasının Konstitusiyasının 17-ci maddəsinin İİ-ci hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 3.0.4-cü maddəsinə əsasən ana və uşaqların mənafeyinin hərtərəfli müdafiəsini və hər bir uşağın xoşbəxt həyatının təmin edilməsini ailə qanunvericiliyinin ümdə vəzifələri kimi qeyd etmişdir. Həmin Məcəllənin 75.1.-ci maddəsi əsasında valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 78.1.-ci maddəsinə görə, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazançı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərin birinin marağını əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məçəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2.-ci maddəsinə müvafiq olaraq sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla, uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024cü il tarixli 15 saylı qərarının 1.2.1. 8.4-1-ci yarımbəndinə əsasən Ailə Məcəlləsinin 110.2ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər. «Yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının Qanununun tələbinə əsasən uşaqlar üçün yaşayış minimumu 2025-ci ildə 246 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 23 dekabr 2024-cü il tarixli sərəncamına əsasən 2023-cü ilin yanvarın 1-dən 345 manat həddində müəyyən edilmiş minimum aylıq əmək haqqının məbləği 2025-ci il yanvarın 1-dən 400 manat müəyyən edilmişdir. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikasının Qanununun 19-cu maddəsinə görə uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifəsidir. «Uşaq hüquqları haqqında» BMT-nin 12 noyabr 1989-cu il tarixli Konvensiyasının 18-ci maddəsinə əsasən uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər daşıyırlar. «Uşaq hüquqları Bəyannaməsi»nin 2 saylı prinsipinə görə uşaq qanunla və digər vasitələrlə sosial müdafiə ilə təmin olunmalı, onun fiziki, əqli, mənəvi, ruhi və sosial baxımdan sağlam və normal yolla azadlıq və ləyaqət şəraitində inkişaf etməsinə imkan verən əlverişli şəraitlə təmin edilməlidir. Həmin Bəyannamənin 4 saylı prinsipinə əsasən uşaq sosial təminatın faydalığından istifadə etməlidir. O, sağlam böyümək və inkişaf etmək hüququna malik olmalıdır, bu məqsədlə o, doğumdan əvvəl və sonra müvafiq qulluq daxil olmaqla, xüsusi qulluq və mühafizə ilə təmin olunmalıdır. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 100.2.-ci maddəsində göstərilir ki, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. İş materiallarından müəyyən olunur ki, iddia ərizəsi 12 avqust 2025-ci il tarixdə Xaçmaz rayon Məhkəməsinə daxil olmuşdur. Məhkəmə tərəflərin maddi vəziyyətini və cavabdehin iddia tələbini qismən etiraf etməsini nəzərə alaraq hesab edir ki, 12 avqust 2025-ci il tarixdən başlayaraq, tərəflərin birgə nikahından olan yetkinlik yaşına çatmayan uşaqları - 06 iyun 2023-cü il təvəllüdlü X1 üçün Cavabdeh İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.80 misli məbləğində alimentin tutulması məqsədəuyğundur. Məhkəmə hesab edir ki, qeyd olunan aliment miqdarından az miqdarda aliment məbləğinin müəyyən edilməsi azyaşlı uşağın qanunla qorunan hüquqlarını pozaraq, aliment öhdəliklərinin mahiyyətinə zidd olardı. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikasının “Dövlət Rüsumu haqqında” Qanunun 9.1.2-ci maddəsinə görə aliment alınması barədə iddialar üzrə iddiaçı dövlət rüsumunu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. İddiaçının iddia ərizəsi qismən təmin edildiyindən, iddianın qiyməti 320 manat x 12 ay = 3840 manat təşkil edir. Azərbaycan Respublikasının “Dövlət Rüsumu haqqında” Qanunun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi miqdarında dövlət rüsumu ödənilməlidir. Belə olan halda, cavabdehdən 58.40 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə köçürülməlidir. Məhkəmə nəzərə almışdır ki, MPM-nin 278.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan, işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli və 12 avqust 2025-ci il tarixdən başlayaraq, tərəflərin birgə nikahından doğulmuş yetkinlik yaşına çatmayan uşaqları - 06 iyun 2023-cü il təvəllüdlü X1 üçün Cavabdehdən İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə 2025-ci il üçün müəyyən olunmuş minimum əmək haqqının 0.80 misli məbləğində aliment tutulmalıdır. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 12 avqust 2025-ci il tarixdən başlayaraq, tərəflərin birgə nikahından olan yetkinlik yaşına çatmayan uşaqları - 06 iyun 2023-cü il təvəllüdlü X1 üçün Cavabdeh İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə 2025-ci il üçün müəyyən olunmuş minimum əmək haqqının 0.80 misli məbləğində aliment tutulsun. Cavabdehdən 58.40 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə köçürülsün. Qətnamə alimentə aid hissədə dərhal icra olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən qanunla müəyyən edilmiş qaydada şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Nərmin Abiyeva
Məhkəmə qərarları › İş №2(067)-2828/2025
Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-2828/2025
07.10.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver