Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-2878/2024 23.10.2024 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Xıdır İnqilab oğlunun sədrliyi, Məhkəmə iclas katibi X3, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı «Sabit pul məbləğində aliment tələbi»nə dair mülki işə məhkəmə binasında acıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : İddiacı İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh himayəsində olan birgə nikahlarından doğulmuş azyaşlı uşaqları- 30 sentyabr 2016-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay sabit pul məbləğində 300 manat miqdarında alimentin, eləcə də mediasiya prosesi zamanı ödədiyi 50 manat pulun tutularaq ona verilməsi barədə qətnamə cıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında dindirilən iddiacı İddiaçı iddiasını müdafiə edərək izahatında göstərdi ki, Cavabdeh ilə 18 dekabr 2014-cü ildə rəsmi nikah qeyd etdirməklə evlənmişlər. Onların birgə nikahlarından 30 sentyabr 2016-cı ildə Damla adlı bir nəfər uşaqları anadan olmuşdur. Cavabdehlə xasiyyətləri uyğun gəlmədiyindən ailə münasibətləri pozulmuş və Xaçmaz rayon məhkəməsinin 16 may 2023-cü il tarixli qətnaməsi ilə nikahları məhkəmə qaydasında pozulmuş və azyaşlı uşaqları Damla onun himayəsində saxlanılmışdır. Faktiki olaraq ayrıldıqları vaxtdan uşağı Damla onun himayəsində yaşamaqla keçən müddət ərzində cavabdeh uşağı ilə maraqlanmamış, uşağın saxlanılması üçün heç bir maddi köməklik göstərməmişdir. Artıq uşağının maddi xərcləri çoxalmış, məktəbli olmaqla müəllim yanına gedir. Heç bir yerdə işləmədiyindən tək övladının maddi ehtiyaclarını ödəməkdə çətinlik çəkir. Cavabdeh uşağın saxlanılmasına könüllü olaraq maddi köməklik göstərmədiyindən rəsmi qaydada aliment tələb etmək qərarına gəlmişdir. Ona görə də iddiasının təmin edilməsini, cavabdehdən uşağının saxlanılması üçün hər ay sabit pul məbləğində, 300 manat miqdarında alimentin, eləcə də və mediasiya prosesi zamanı ödədiyi 50 manat pulun tutulması barədə qərar qəbul olunmasını xahiş edir. Məhkəmə iclasında dindirilən Cavabdeh iddianı qismən qəbul edərək izahatında göstərdi ki, İddiaçı ilə 18 dekabr 2014-cü ildə rəsmi nikah qeyd etdirməklə evlənmişlər. Onların birgə nikahlarından 30 sentyabr 2016-cı ildə Damla adlı bir nəfər uşaqları anadan olmuş, uşaq hal-hazırda iddiaçının himayəsində yaşayır. İddiaçı ilə aralarındakı nikah 2023-cü ildə məhkəmə qaydasında pozulmuşdur. O, bir valideyn, bir ata olaraq uşaının saxlanılmaları üçün maddi köməklik göstərməkdən yayınmır. Sadəcə olaraq onun iddiaçının hazırda tələb etdiyi məbləğdə alimenti ödəməyə imkanı yoxdur. “Kamaz” markalı yük avtomobilinin sürücüsü olmaqla ayda 300-500 manat həddində qazancı olur. Hazırki vəziyyətdə uşağının saxlanılması üçün ayda 200 manat həddində aliment ödəyə bilər. Ona görə də aliment təyin edilərkən hazırki maddi vəziyyətinin nəzərə alınmasını xahiş edir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, mülki iş materiallarını hərtərəfli tədqiq edərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Xaçmaz rayon məhkəməsinin qanuni qüvvəsini almış 16 may 2023-cü il tarixli, 2(067)-308/2023 saylı qətnaməsindən, xx.xx.2016-cı il tarixli, AZ- İİİ seriyalı, 848061 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, iddiaçı Əlisultanova (Bayramova) Günay Mail qızı ilə Cavabdeh 18 dekabr 2014-cü ildə rəsmi nikah qeyd etdirməklə evlənmişlər. Onların birgə nikahlarından 30 sentyabr 2016-cı ildə Damla adlı bir nəfər uşaqları anadan olmuş, məhkəmənin qeyd olunan qətnaməsinə sasən tərəflər arasındakı rəsmi nikah pozulmaqla tərəflərin birgə nikahlarından doğulmuş azyaşlı uşaqları Damla iddiaçının himayəsində saxlanılmışdır. İş materiallarında olan X1 tərəfindən tərtib edilmiş İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə 17 avqust 2024-cü il tarixli arayışdan müəyyən olunur ki, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanunvericiliyi və Mülki Prosessual Qanunvericiliyin tələblərinə müvafiq olaraq iddiaçı Əlisultanova (Bayramova) Günay Mail qızı Cavabdeh ilə aralarında ailə münasibətlərindən irəli gələn mübahisələr (aliment tələbi) üzrə məhkəməyə müraciət etməmişdən əvvəl ilkin olaraq mediatora müraciət etməklə mediasiya sessiyasında iştirak etmiş, cavabdeh mediasiya prosesində iştirak etməmiş və mübahisənin tərəflərin qarşılıqlı razılaşması ilə həllinin mümkünsüzlüyü mediator tərəfindən müəyyən edilərək ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış tərtib olunmuşdur. İş materiallarında olan 17 avqust 2024-cü il tarixli ödəniş qəbzindən görünür ki, İddiaçı Qusar 1 saylı Mediasiya Təşkilatına xidmət haqqı olaraq cəmi 60 manat rüsum ödəmişdir. Aparılmış məhkəmə araşdırması nəticəsində müəyyən edildi ki, İddiaçı ilə Cavabdeh 18 dekabr 2014-cü ildə rəsmi nikah qeyd etdirməklə evlənmişlər. Onların birgə nikahlarından 30 sentyabr 2016-cı ildə Damla adlı bir nəfər uşaqları anadan olmuşdur. Tərəflər arasında ailə münasibətləri pozulduğundan ayrılmışlar və Xaçmaz rayon məhkəməsinin 16 may 2023-cü il tarixli, 2(067)-308/2023 saylı qətnaməsi ilə tərəflər arasındakı rəsmi nikah pozulmuş, tərəflərin birgə nkahlarında anadan olmuş uşaqları Damla iddiaçının himayəsində saxlanılmışdır. Cavabdeh uşağın saxlanılması üçün könüllü olaraq maddi köməklik göstərmədiyindən İddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq, onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması ücün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynlərin qazancı və ya sair gəliri yoxdursa, uşaqların saxlanılması üçün vəsait tələb edən şəxsin xahişi ilə aliment sabit pul məbləğində tutula bilər. «Yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının Qanununun müddəalarına əsasən 2024-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikasının 19 may 1998-ci il tarixli Qanununun 19-cu maddəsinə görə uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifəsidir. Həmin Qanunun 13-cü maddəsində isə imperativ qayda müəyyən edilmişdir ki, uşağın minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Məhkəmə hesab edir ki, mahiyyət etibarı ilə valideynlərlə uşaqların münasibətlərində aliment institutunun mövcudluğunun qanunverici tərəfindən tanınması ilk növbədə və birmənalı olaraq uşaqların mənafelərinin qorunmasına yönəlmişdir. Ailə Məcəlləsinin 78.2-ci maddəsində də bu məqsəd öz əksini taparaq qeyd olunmuşdur ki, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilməlidir. Qanunun mənasına görə heç bir yerdə işləməmək, az gəlir əldə etmək, yaxud digər əsaslar valideynləri öz uşaqlarını saxlamaq vəzifəsindən azad etmir. Göstərilən hallar ancaq alimentin miqdarının müəyyən edilməsində nəzərə alına bilər. Alimentin ödənilməsi valideynlərə öz şəxsi istehlak tələbatlarının, ehtiyaclarının ödənilməsinə mane olsa belə, valideynlər mənbəyindən asılı olmayaraq öz qazanclarını uşaqları ilə bölüşdürməyə borcludurlar. Uşaqların saxlanılması valideynlərin mənəvi borcu olmaqla yanaşı, həm də vacib hüquqi vəzifələridir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənnin 77-ci maddəsinin tələblərinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmn Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Beləliklə, məhkəmə bütün yuxarıda şərh edilib göstərilənləri, eləcə də tərəflərin maddi və ailə vəziyyətlərini, diqqətəlayiq olan digər halları nəzərə almaqla belə bir nəticəyə gəlir ki, iddia qismən təmin edilməklə, Cavabdeh 30 sentyabr 2016-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün ərizənin verildiyi tarixdən, yəni 11 sentyabr 2024-cü il tarixdən hesablanmaqla hər ay sabit pul məbləğində 235 manat miqdarında aliment tutularaq İddiaçı verilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 112.1, 112.1.3-cü maddələrinə əsasən iddianın qiyməti aliment alınması haqqındakı iddialarda- bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Azərbaycan Respublikasının “Dövlət Rüsumu haqqında” Qanunun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1000 manatdan çox olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu ödənilməlidir. "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının Qanununun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə- iddiaçılar dövlət rüsumu ödəməkdən azad edilmişdir. Məhkəmə hesab edir ki, aliment tutulması barədə iddia üzrə iddiaçı dövlət rüsumu ödəməkdən azad edildiyindən ödəniləcək dövlət rüsumu cavabdehə aid edilməlidir. Cavabdeh bir il ərzində ödəməli olduğu alimentin məcmusu 1000 manatdan çox olduğundan qanunun tələbinə əsasən ondan Elektron Məhkəmə Sistemində yaradılmış Dövlət rüsumunun hesablanması kalkulyatoru ilə hesablanmış 48,20 manat məbləğində dövlət rüsumu tutulmalıdır. Əlavə olaraq cavabdehdən iddiaçı tərəfindən Qusar 1 saylı Mediasiya Təşkilatına xidmət haqqı olaraq ödənilmiş iddiaçının hazırda tələb etdiyi 50 manat alınaraq iddiaçıya verilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinin tələbinə əsasən qətnamə dərhal icra olunmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İddia qismən təmin edilsin. Cavabdeh 30 sentyabr 2016-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün ərizənin verildiyi tarixdən, yəni 11 sentyabr 2024-cü il tarixdən hesablanmaqla hər ay sabit pul məbləğində 235 (iki yüz otuz beş) manat miqdarında aliment tutularaq İddiaçı verilsin. Əlavə olaraq Cavabdeh İddiaçı tərəfindən Qusar 1 saylı Mediasiya Təşkilatına xidmət haqqı olaraq ödənilmiş 50 manat alınaraq İddiaçı və iddiaçının azad edildiyi, aliment iddiasına görə müəyyən olunmuş 48,20 manat dövlət rüsumu alınaraq dövlət nəfinə verilsin. Qətnamə dərhal icra olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən qanunla müəyyən edilmiş qaydada şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Xıdır Quliyev
Məhkəmə qərarları › İş №2(067)-2878/2024
Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-2878/2024
23.10.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver