Məhkəmə qərarları › İş №2(067)-2884/2025

Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-2884/2025

13.11.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-2884/2025 13.11.2025 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Abiyeva Nərmin Mirhəsən qızının sədrliyi, məhkəmə iclas katibi X4, İddiaçı və onun vəkili Vəkil, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı «alimentin miqdarının azaldılması tələbi»nə dair mülki işə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : İddiacı İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Xaçmaz rayon Məhkəməsinin 8(067)-577/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadına əsasən Cavabdeh xeyrinə 2 uşağın yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay hər uşaq üçün müəyyən olunmuş 368 manat olmaqla, cəmi 736 manat sabit pul məbləğində alimentin miqdarının azaldılaraq hər ay 2 uşaq üçün cəmi 300 manat məbləğində ondan alimentin tutulması barədə qətnamə cıxarılmasını xahiş etmişdir. İddiacı İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Xaçmaz rayon Məhkəməsinin 2(067)-3811/2018 saylı 19 noyabr 2018-ci il tarixli qərardadına əsasən ondan Cavabdeh xeyrinə xx.xx.2014-cü il təvəllüdlü X12 və xx.xx.2016-cı il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Xaçmaz rayon Məhkəməsinin xx.xx.2018ci il tarixli, 2(067)-3811/2018 saylı qətnaməsi əsasında tutulan hər bir uşaq üçün 120 manat müəyyən edilmiş aliment məbləği indeksasiya edilərək sonrakı artımlar nəzərə alınmaqla, qərardad qanuni qüvvəsini aldığı tarixdən başlayaraq hər ay hər bir uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.92 misli həddində sabit pul məbləğində alimentin tutlması qərara alınmış və həmin məbləğdə alimenti Cavabdeh xeyrinə ödəməlidir. Məhkəmə tərəfindən qeyd olunan alimentin miqdarı təyin olunan vaxtı o, heç bir yerdə işləməmiş, yalnız qohum-qardaşın köməkliyi ilə dolanmışdır. Ancaq buna baxmayaraq ona hər ay hər uşaq üçün 368 manat, cəmi 736 manat sabit pul məbləğində aliment ödəmək qət edilmişdir. Cavabdeh həmin məbləğdə aliment ödəmək onun maddi imkanı xaricindədir. Qeyd edir ki, o, bronxial astma xəstəliyindən əziyyət çəkir, hal-hazırda da işsizdir. Hər ay cəmi 300 manat məbləğində aliment tutulmasına heç bir etirazı yoxdur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən aliment verməyə borclu olan valideynin qazancı(gəliri) qeyri-müntəzəm. dəyişən olarsa ya da qazancın(gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. Bundan sonra İddiaçı məhkəməyə iddianın dəqiqləşməsinə dair ərizə verərək, 2 azyaşlı uşağının yetkinlik yaşına çatana kimi saxlanılması üçün ondan Cavabdeh xeyrinə Xaçmaz rayon Məhkəməsinin 19 noyabr 2018-ci il tarixli, 2(067)-3811/2018 saylı qətnaməsi ilə 120 manat sabit pul şəklində müəyyən edilmiş və həmin qətnaməyə əsasən Xaçmaz rayon Məhkəməsinin 17 iyul 2025-ci il tarixli, 8(067)-577/2025 saylı qərardadı ilə ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.92 misli həddində indeksasiya olunmuş aliment məbləğinin dəyişdirilib, azaldılaraq hər ay 2 uşaq üçün cəmi 300 manat məbləğində ondan alimentin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında dindirilən iddiacı İddiaçı oğlu iddiasını müdafiə edərək izahatında göstərdi ki, Xaçmaz rayon məhkəməsinin 19 noyabr 2018-ci il tarixli qətnaməsinə əsasən ondan uşaqları- Gülay və Nəzrinin yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay sabit pul məbləğində hər bir uşaq üçün 120 manat olmaqla, cəmi 240 manat miqdarında alimentin tutularaq Cavabdeh xeyrinə ödənilməsi qət edilmişdir. Sonradan Cavabdeh ərizə ilə müraciət edərək qeyd olunan məhkəmə qətnaməsi ilə müəyyən edilmiş aliment məbləğinin artırılmasını xahiş etmiş və Xaçmaz rayon məhkəməsinin 2(067)-3811/2018 saylı 19 noyabr 2018-ci il tarixli qərardadına əsasən ərizəsi tam təmin edilməklə Cavabdeh xeyrinə ondan 2 uşağın yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay hər uşaq üçün 368 manat olmaqla, cəmi 736 manat sabit pul məbləğində alimentin tutulması qərara alınmışdır. Qeyd olunan məhkəmə qərardadı ilə müəyyən edilmiş məbləğdə alimenti ödəməyə qəti olaraq maddi imkanı çatmır. Çünki, onun maddi imkanı yaxşı deyildir, astma xəstəsi olmaqla işləyə bilmir. Ayda 92 manat öz dərmanlarına pul xərcləyir. Məhkəmə qətnaməsi ilə müəyyən edilmiş 240 manat aliment məbləğini də çətinliklə ödəmişdir. Bundan başqa iddiaçıdan ayrıldıqdan sonra yenidən ailə qurmuş və həmin nikahdan iki nəfər azyaşlı uşaqları vardır. Ümumilikdə isə iki nikahdan 4 nəfər uşaqları vardır. Ona görə də hazırki ailə və maddi durumu nəzərə alınmaqla iddiasının təmin edilməsini və Xaçmaz rayon məhkəməsinin 17 iyul 2025-ci il tarixli qərardadı ilə cavabdehlə birgə nikahlarından anadan olmuş iki uşağının yetkinlik yaşına çatanadək saxlanılmaları üçün ondan tutulması qət edilmiş cəmi 736 manat sabit pul məbləğində alimentin miqdarının azaldılaraq hər ay 2 uşaq üçün cəmi 300 manat məbləğində müəyyən olunmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili Vəkil çıxış üçün söz alaraq iddiaçının mövqeyindən çıxış etməklə göstərmişdir ki, Xaçmaz rayon məhkəməsinin 19 noyabr 2018-ci il tarixli qətnaməsinə əsasən hüquqlarını müdafiə etdiyi İddiaçı uşaqları- Gülay və Nəzrinin yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay sabit pul məbləğində hər bir uşaq üçün 120 manat olmaqla, cəmi 240 manat miqdarında alimentin tutularaq Cavabdeh xeyrinə ödənilməsi qət edilmişdir. Sonradan Cavabdeh ərizə ilə müraciət edərək qeyd olunan məhkəmə qətnaməsi ilə müəyyən edilmiş aliment məbləğinin artırılmasını xahiş etmiş və Xaçmaz rayon məhkəməsinin 2(067)-3811/2018 saylı 19 noyabr 2018-ci il tarixli qərardadına əsasən cavabdehin ərizəsi tam təmin edilməklə onun xeyrinə iddiaçıdan 2 uşağın yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay hər uşaq üçün minimum əmək haqqının 0.92 misli- 368 manat olmaqla, cəmi 736 manat sabit pul məbləğində alimentin tutulması qərara alınmışdır. Məhkəmə qərardadı ilə müəyyən edilmiş iki uşağa 736 manat aliment məbləği kifayət qədər böyük məbləğ olmaqla iddiaçının həmin məbləğdə alimenti ödəməyə qəti imkanı çatmır, özü kənd yerində yaşayır, işləmir, daimi qazanc yeri yoxdur, astma xəstəsidir. Bundan əlavə tərəflər arasında bir neçə il əvvəl ev və əmlak mübahisələri məhkəmə müstəvisində olarkən iddiaçı cavabdehə ev mübahisəsinə görə 8500 manat məbləğində pul kompensasiyası ödəmiş, cavabdeh həmin pulu almış, bundan əlavə məhkəmə qətnaməsi ilə kənd ərazisində olan 0.74 ha torpaq sahəsindən 0.37 ha hissəsi bağ sahəsi ilə birlikdə cavabdehə verilib. Həmin bağ sahəsindən də cavabdeh ildə 20.000 manat qazanc əldə edir. Cavabdeh bunlardan əlavə Xaçmaz Mərkəzi Rayon Xəstəxanasında işləyir, normal əmək haqqı alır, həmçinin Xaçmaz şəhəri ərazisində cavabdehin özünün evi də vardır və orada yaşayır. Tərəfindən verilmiş müvafiq sorğu əsasında Reyestr Xidmətinin verdiyi məktubdan da görünür ki, cavabdehin adına Xaçmaz rayonunun Qaracik-Zeyid kəndi ərazisində 0.37 ha həyətyanı, paylı mülkiyyətdə 1/5 hissə olmaqla 2,15 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi vardır. İddiaçı isə heç bir yerdə işləmir, təsərrüfatla məşğuldur. İcra Nümayəndəliyinin verdiyi müvafiq arayışa əsasən təsərrüfat vaşına kitabda iddiaçı ayrı təsərrüfat kimi qeyd edilməyib. Təsərrüfat başçısı iddiaçının anası Humay Zahirova olmaqla anasına aid şəxsi hesabda 4 ədəd iri buynuzlu malqara, 17 ədəd ev quşları vardır. İddiaçı cavabdehdən ayrıldıqdan sonra başqa qadınla ailə qurub və ikinci nikahdan 2 nəfər azyaşlı uşaqları da vardır. Ona görə də bütün bu halların nəzərə alınmasını xahiş edir. Məhkəmə iclasında dindirilən Cavabdeh iddianı qəbul etməyərək göstərdi ki, İddiaçı iddiasına və vəkilinin çıxışına etiraz edir. Müvafiq məhkəmə qərardadı ilə iddiaçı ilə birgə nikahlarından olan X12 və X5 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün 120 manat müəyyən edilmiş aliment məbləği indeksasiya edilərək hər ay hər uşaq üçün 368 manat olmaqla cəmi 736 manat alimentin onun xeyrinə ödənilməsi qərara alınıb. Himayəmdə olan 2 azyaşlı uşaqları ilə birlikdə kirayədə qalır. Xəstəxanada təmizlik işcisi işləyir, aylıq 390 manat əməkhaqqı alır. İddiaçı əvvəlki məhkəmə qətnaməsi ilə uşaqların yetkinlik yaşına kimi saxlanması üçün aylıq 120 manat pul məbləğində aliment ödəmiş, həmin vaxt uşaqlar balaca olmuş, hal-hazırda isə böyümüşlər, onların aylıq xərcləri artmışdır. Kiçik qızım astma xəstəliyindən əziyyət çəkir. İddiaçının maddi imkanı yaxşıdır, onun rəsmi iş yeri olmasa da, təsərrüfüatı və bağları var həmin torpaq sahələri ilə məşquldur. Ona görə də iddianı əsassız hesab edir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, mülki iş materiallarını hərtərəfli tədqiq edərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Xaçmaz rayon Məhkəməsinin qanuni qüvvəsini almış 17 iyul 2025-ci il tarixli, 8(067)-577/2025 saylı qərardadından görünür ki, məhkəmənin qeyd olunan qərardadına əsasən Cavabdeh ərizəsi təmin edilməklə xx.xx.2014-cü il təvəllüdlü X12 və xx.xx.2016-cı il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Xaçmaz rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(067)-3811/2018 saylı qətnaməsi əsasında tutulan hər bir uşaq üçün 120 manat müəyyən edilmiş aliment məbləği indeksasiya edilərək sonrakı artımlar nəzərə alınmaqla, qərardad qanuni qüvvəsini aldığı tarixdən başlayaraq hər ay hər bir uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.92 misli həddində sabit pul məbləğində alimentin İddiaçı tutularaq Cavabdeh ödənilməsi qət edilmişdir. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 5 saylı Xaçmaz Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli, 3-21-3-34/2-13577/2025 saylı vəkil sorğusuna cavab məktubundan görünür ki, arxiv məlumatlarında Cavabdeh adına Xaçmaz rayonu, Qaracik-Zeyid kəndində 11,09.2023-cü il tarixli , ********** qeydiyyat nömrəli çıxarışa əsasən 0.37 ha həyətyanı torpaq sahəsi, xx.xx.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən paylı mülkiyyətdə 1/5 hissə olmaqla 2.15 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi qeydə alınmışdır. İş materiallarında olan Xaçmaz rayon İcra Hakimiyyəti Başçısının Aşağı Zeyid kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş 24 sentyabr 2025-ci il tarixli, 282 nömrəli arayışdan görünür ki, Aşağı Zeyid kənd İnzibati Ərazi Dairəsinin təsərrüfatbaşına kitablarında İddiaçı ayrı təsərrüfat kimi qeyd edilməmişdir. X3 adına olan təsərrüfatda birgə qeyd olunub. Təsərrüfat başçısına aid həmin şəxsi hesabda fərdi yaşayış evi, 4 baş iri buynuzlu malqara, 17 ədəd ev quşları qeyd edilib. “Elektron məhkəmə” informasiya sistemində 2(067)-2884/2025 saylı mülki işin proses iştirakçısı olan İddiaçı aid bölmədə əmlak və gəlir məlumatlarına edilmiş sorğulara əsasən iddiaçının adına əmlak, nəqliyyat vasitəsi və digər gəlirləri barədə məlumat tapılmamışdır. İş materiallarında olan xx.xx.2019-cu il tarixli, AZ-İİ seriyalı, 031428 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı xx.xx.2019-cu il tarixdə Səfərova (Zahirova) Afət Şahin qızı ilə rəsmi nikah qeyd etdirməklə evlənmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli, AZ-İV seriyalı, 412680 nömrəli və xx.xx.2025-ci il tarixli, AZ-İV seriyalı, 558338 nömrəli doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, İddiaçı X13 ilə birgə nikahlarından xx.xx.2020-ci ildə Balabəy və xx.xx.2021-ci ildə Tunar adlı iki nəfər uşaqları anadan olmuşdur. İş materiallarında olan Xaçmaz rayon Mərkəzi Xəstəxanası tərəfindən verilmiş xəstənin tibb kartasından çıxarışdan görünür ki, İddiaçı “bronxial astma” xəstəsi olmaqla xx.xx.2005-ci ildə Xaçmaz RMX-da dispanser qeydiyyatındadır. İş materiallarında olan cavabdeh tərəfndən təqdim edilmiş xx.xx.2025-ci il tarixli psixoloq arayışından görünür ki, tərəflərin birgə nikahlarından xx.xx.2016-cı ildə doğulmuş uşaqları X6 emosional inkişafda ləngimə və ənurez diaqnozu təsdiqlənir. Bu vəziyyət psixoloji dəstək və stabil ailə mühitinə ehtiyac olduğunu göstərir. İş materiallarında olan Bakı Psixoloji və nitq inkişaf Mərkəzinin mütəxəssis rəyindən görünür ki, xx.xx.2016-cı ildə doğulmuş X6 müayinə zamanı zəka geriliyi (psixi inkişaf geriliyi) müəyyən olunmuşdur. İş materiallarında olan Quba rayon X1 xx.xx.2025-ci il tarixli, 1985 nömrəli həkim müayinə arayışından görünür ki, xx.xx.2016-cı ildə doğulmuş X2 həkim psixiatrik komissiyasında olmuş, ona diqqət fəallığının pozulması diaqnozu qoyulmuşdur. Azərbaycan Respublikasının Konstitusiyasının 17-ci maddəsinin İİ hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Xaçmaz rayon məhkəməsinin 2(067)-3811/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh xeyrinə 2 nəfər azyaşlı uşaqlarının yetkinlik yaşına saxlanılması üçün hər ay sabit pul məbləğində hər bir uşaq üçün 120 manat olmaqla cəmi 240 manat miqdarında alimentin tutlması qət edilmişdir. 2018-ci ildə isə yaşayış minimumu 154 manat müəyyən edilmişdir. Həmin yaşayış minimumuna nisbətdə İddiaçı Cavabdeh xeyrinə məhkəmə qətnaməsi ilə kifayət qədər yüksək məbləğdə alimentin tutulması qət edilmişdir. Həmin yüksək məbləğdə aliment məbləğinə mütənasib olaraq da hazırki məhkəmə qərardadı ilə məbləğin indeksasiya edilərək hər uşağa 368 manat müəyyən edilməsi və həmin məbləğdə alimentin İddiaçı tərəfindən ödənilməsi onun imkanı xaricindədir. Belə ki, tədqiq edilmiş sübutlardan və iş materiallarından da göründüyü kimi İddiaçı daimi iş yeri yoxdur. Bronxial astma xəstəsidir. Bundan əlavə cavabdehlə ayrıldıqdan sonra 2019-cu ildə başqa qadınla evlənmiş və ikinci nikahdan himayəsində 2020-ci və 2021-ci illərdə anadan olmuş iki nəfər azyaşlı uşaqları vardır. Valideyn olaraq həm birinci, həm ikinci nikahdan olan uşaqların saxlanılması öhdəliyini daşıyır. Cavabdeh Xaçmaz rayon Mərkəzi xəstəxanasında işləyir, onun adına Xaçmaz rayonu, Qaracik-Zeyid kəndində 0.37 ha həyətyanı və paylı mülkiyyətdə 1/5 hissə olmaqla 2.15 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi vardır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması ücün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimenlin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən bu payların miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətə layiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Beləliklə məhkəmə bütün yuxarıda qeyd olunanları, eləcə də Azərbaycan Respublikasının Ailə Məcəlləsinin tələblərini və digər hüquq normalarını rəhbər tutaraq belə hesab edir ki, tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla iddia tələbinin qismən təmin edilməli, tərəflərin birgə nikahlarından olan yetkinlik yaşına çatmayan uşaqları - xx.xx.2014-cü il təvəllüdlü X8 və xx.xx.2016-cı il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün İddiaçı Cavabdeh xeyrinə hər ay, hər bir uşaq üçün Xaçmaz rayon Məhkəməsinin 17 iyul 2025-ci il tarixli, 2(067)-3811/2018 saylı qətnaməsi ilə 120 manat sabit pul şəklində müəyyən edilmiş və həmin qətnaməyə əsasən Xaçmaz rayon Məhkəməsinin 17 iyul 2025-ci il tarixli, 8(067)-577/2025 saylı qərardadı ilə ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.92 misli həddində indeksasiya olunmuş aliment məbləği dəyişdirilməli və hazırki qətnamə qanuni qüvvəsini aldığı gündən başlayaraq, tərəflərin birgə nikahından olan yetkinlik yaşına çatmayan uşaqları xx.xx.2014-cü il təvəllüdlü X8 və xx.xx.2016-cı il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün İddiaçı Cavabdeh xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər bir uşağa görə hər ay ölkə üzrə 2025-ci il üçün müəyyən olunmuş minimum əmək haqqının 0.55 misli həddində müəyyən edilməsi qanuna və məqsədəmüvafiqdir. Müəyyən olunmuş bu məbləğ həm də iddiaçının hazırki maddi və ailə vəziyyəti nəzərə alınmaqla uşaqların saxlanılması üçün cavabdehə hər ay real olaraq aliment ödənişlərini həyata keçirməsinə imkan yaradır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı məhkəmə xərclərinin ödənilməsini cavabdehdən tələb etmədiyindən, məhkəmə xərcləri iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Tərəflərin birgə nikahlarından olan yetkinlik yaşına çatmayan uşaqları - xx.xx.2014cü il təvəllüdlü X8 və xx.xx.2016-cı il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün İddiaçı Cavabdeh xeyrinə hər ay, hər bir uşaq üçün Xaçmaz rayon Məhkəməsinin 19 noyabr 2018-ci il tarixli, 2(067)-3811/2018 saylı qətnaməsi ilə 120 manat sabit pul şəklində müəyyən edilmiş və həmin qətnaməyə əsasən Xaçmaz rayon Məhkəməsinin 17 iyul 2025-ci il tarixli, 8(067)-577/2025 saylı qərardadı ilə ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.92 misli həddində indeksasiya olunmuş aliment məbləği dəyişdirilsin. Hazırki qətnamə qanuni qüvvəsini aldığı gündən başlayaraq, tərəflərin birgə nikahından olan yetkinlik yaşına çatmayan uşaqları - xx.xx.2014-cü il təvəllüdlü X8 və xx.xx.2016-cı il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün İddiaçı Cavabdeh xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər bir uşağa görə hər ay ölkə üzrə 2025-ci il üçün müəyyən olunmuş minimum əmək haqqının 0.55 misli (hər bir uşaq üçün) həddində aliment tutulsun. Ödənilmiş mediasiya və məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən qanunla müəyyən edilmiş qaydada şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Nərmin Abiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar