Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-2944/2025 16.02.2026 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Xıdır İnqilab oğlunun sədrliyi, Məhkəmə iclas katibi X10, İddiaçılar İddiaçı1 və İddiaçı2, İddiaçıların nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh, Cavabdehin vəkili Vəkil2 iştirakları ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “Daşınmaz əmlakın bağışlama müqavilələrinin və onların hüquqi nəticələrinin ləğv edilməsi tələbi”nə dair mülki işə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ : İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh Bəybala oğlu ilə aralarında bağlanmış 13 dekabr 2021-ci il tarixli, 4Ə- 2519 və 4Ə-2520 reyestr nömrəli daşınmaz əmlakın bağışlanması müqavilələrinin və onların hüquqi nəticələrin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxslər- Xaçmaz rayon 1 saylı Notariat ofisi, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 5 saylı ərazi idarəsi iclasın vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq nümayəndələrinin iştirakı məhkəmədə təmin edilməmiş, eləcə də müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmiş X8 iclasın vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq məhkəməyə gəlməmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin fikrini dinləyərək müstəqil tələb irəli sürməyən üçüncü şəxslər- Xaçmaz rayon 1 saylı Notariat ofisi, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 5 saylı ərazi idarəsinin nümayəndələrinin, eləcə də müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmiş X3 iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İddiaçılar İddiaçı1 və İddiaçı2 iddia tələblərini onunla əsaslandırmışlar ki, torpağa mülkiyyət hüququna dair JN-0065, KOD 30223038 saylı Dövlət Aktına əsasən Xaçmaz rayonu, Yataqoba kəndi ərazisində onlara, qızları X1 və Cavabdeh Bəybala oğluna Xaçmaz rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 05 nömrəli qərarı ilə 2.45 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi pay verilmişdir. Torpaq sahəsi 9999,99 kv.m sahəsi olan və 14500,54 kv.m olan iki planşetdən ibarətdir. Torpaq sahəsi verilən vaxtdan təyinatına görə torpaqdan istifadə etmişlər. Cavabdeh- oğlanları Səfərbəyov X7- Xutor kəndində yaşayış evi tikməklə ailəsi ilə birlikdə orada yaşayır. 2020-ci ilin sonlarında cavabdeh onlara müraciət edərək bildirmişdir ki, ünvanlı sosial yardım düzəldir, yardımı düzəldən şəxsin deməsinə görə birgə mülkiyyətdə olan torpaq sahəsinin bütövlükdə onun istifadəsində olmasını təsdiq edən 1 illik etibarnamə lazımdır. Habelə torpaq sahəsindən istifadə edib götürəcəyi gəlirdən onlara da verəcək, maddi ehtiyaclarını ödəyəcək və onlara necə lazımdır baxacaq. Çoxsaylı təkidli xahişlərindən sonra xx.xx.2001-ci il tarixdə qeyd olunan torpaq sahəsinə tərtib olunmuş etibarnaməyə imza etmişlər. Sonradan cavabdeh bildirmişdir ki, ünvanlı sosial yardımın düzəldilməsi üçün bağışlama müqaviləsi yazılmalıdır. 13 dekabr 2021-ci il tarixli daşınmaz əmlakın bağışlanmasına dair 4Ə-2519 nömrə ilə və 4Ə-2520 nömrə ilə reyestrdə qeydiyyata alınmış müqavilələrlə torpaq sahələrini cavabdehə bağışlamışlar. Sonradan cavabdeh öz adına mülkiyyət sənədləri almışdır. Cavabdeh onlara verdiyi vədinə nəyinki əməl etmir, hətta torpaq sahəsinin ona məxsus olmasını bildirməklə onları hədələyir ki, artıq onlara həmin torpaqdan heç nə çatmır, əgər ondan nəsə tələb etsələr torpaq sahələrini satıb pulunu mənimsəyəcək və bundan sonra da onlara heç bir maddi yardım göstərməyəcək. Halbuki etibarnamə yazdıranda və müqavilələrə imza etdirəndə onlarla başqa cür davranmış, yağlı vədlər vermiş, onların lazımı səviyyədə dolanışıqlarını təmin edəcəyini bildirmişdir. Bir sözlə cavabdeh şirin və yalan vədlərlə torpaqlarını əllərindən almışdır. Onların müvafiq olaraq 83 və 75 yaşları var, qoca və xəstə adamlardırlar, dolanışıqları torpaqdan çıxır. Onlar torpaq paylarının cavabdehə bağışlanmasından qəti surətdə imtina edirlər. Ona görə də Cavabdeh Bəybala oğlu ilə aralarında bağlanmış 13 dekabr 2021-ci il tarixli, 4Ə-2519 və 4Ə-2520 reyestr nömrəli daşınmaz əmlakın bağışlanması müqavilələrinin və onların hüquqi nəticələrinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş edirlər. Məhkəmə iclasında dindirilən İddiaçı1 iddianı müdafiə edərək iddia ərizəsində göstərilənlərə uyğun izahat verməklə göstərmişdir ki, o, torpaq sahəsini və evi övladları arasında bölüşdürmüş və şifahi qaydada mübahisələndirilən torpaq sahəsini iddiaçıya vermişdir. Sonradan cavabdeh olan oğlu Cavabdeh Vüqar Cəbrayılov vasitəsilə onların və qızının torpaq paylarını onlar tərəfindən edilmiş bağışlama yolu ilə bütövlükdə öz adına sənədləşdirmişdir. Hazırda torpağın cavabdehdə qalmasına razı deyillər. Hazırda tələbi odur ki, torpaq sahəsi onlara qaytarılsın, bölüşdürülsün və həmin torpaq sahəsindən hər bir payçı olaraq öz torpaq paylarını alsınlar. Məhkəmə iclasında dindirilən digər İddiaçı2 iddianı müdafiə edərək İddiaçı1 izahatı ilə eyni məzmunlu izahat vermiş və iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında dindirilən iddiaçıların nümayəndəsi və vəkili Nümayəndə göstərmişdir ki, 2021-ci ildə Notariat orqanında torpaq sahəsinin bağışlanmasına dair müqavilə imzalanmışdır. Cavabdeh özü Xaçmaz rayonu Krasnı-Xutor kəndində ailəsi ilə birlikdə yaşayır. İddiaçıların bildirməsinə görə cavabdeh onlara ünvanlı sosial yardım düzədilməsi üçün birgə mülkiyyətdə olan torpaq sahəsinin bütövlükdə onun istifadəsində olmasını təsdiq edən 1 illik etibarnamə lazım olduğunu bildirmişdir. Etibarnamə aldıqdan sonra cavabdeh valideynlərinə müraciət edərək bildirmişdir ki, ünvanlı sosial yardımın düzəldilməsi üçün bağışlanma müqaviləsi yazılmalıdır. Hətta etibarnamə alanda iddiaçıları inandırmaq üçün özünün adından da etibarnamə vermişdir. Etibarnamələr əsasında həmin əmlak cavabdehin adına rəsmiləşdirilmişdir. Əgər iddiaçıların həqiqətən də həmin əmlakı bağışlamaq niyyətləri olsaydı etibarnaməni verən vaxtı özləri gəlib öz iradələrini bildirərək əmlakı övladlarının adına rəsmiləşdirərdilər. İddiaçıların nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsində qeyd olunan Mülki Məcəlləsinin 673.1-ci maddəsinə, Mülki Məcəlləsinin 666.1, 670.1, 670.3 və 673.1-ci maddələrinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun qərarına istinad etməklə iddianın əsaslı olduğundan təmin edilməsini, Cavabdeh Bəybala oğlu ilə iddiaçılar arasında bağlanmış 13 dekabr 2021-ci il tarixli, 4Ə-2519 və 4Ə-2520 reyestr nömrəli daşınmaz əmlakın bağışlanması müqavilələrinin və onların hüquqi nəticələrinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında dindirilən Cavabdeh iddianı qəbul etməyərək izahatında göstərmişdir ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 onun valideynləridirlər. O, bir övlad olaraq həmişə valideynlərinə hörmətlə yanaşmış, daim onların qayğısına qalmış, hətta xəstələndikdə evinə aparıb saxlamaqla müalicə etdirmiş və həmişə valideynlərinin qayğısına qalmışdır. Burada o, heç bir məqsəd nəzərdə tutmamış və övlad kimi borcunu yerinə yetirmişdir. Hazırda valideynləri iddia qaldıraraq guya onun onlara verdiyi vədləri əməl etmədiyini, aldadıldıqlarını əsas gətirməklə bağışlamadan imtina etdiklərini bildirirlər. Hesab edir ki, iddia tələbi əsassızdır. Belə ki, 2021-ci ildə valideynləri öz istəkləri ilə heç bir qeyd və şərt olmadan 13 dekabr 2021-ci il tarixli, 4Ə-2519 və 4Ə-2520 reyestr nömrəli daşınmaz əmlakın bağışlanması müqavilələri rəsmiləşdirməklə torpaq sahələrini ona bağışlamışlar. Həmin bağışlama müqavilələri əsasında sonradan o, həmin torpaq sahələrini öz adına rəsmiləşdirmişdir. O, hazırda da valideynlərini atmır, bir övlad olaraq daima onların qayğısına qalacaqdır. Bütün yaxın qohumları və kənd camaatı təsdiq edə bilər ki, o, həmişə valideynlərinə qarşı yaxşı münasibətdə olmuş, heç bir hörmətsizlik göstərməmiş, daim qayğı və diqqət göstərmişdir. Valideynləri hazırda onun barəsində kimlərinsə əsassız danışıqlarına qulaq asaraq ona qarşı pis fikirə düşərək məhkəmədə iddia qaldırmışlar. İddianın təmin olunmamasını xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilən cavabdeh tərəfin təqdim etdiyi şahid X6 göstərmişdir ki, tərəflərdən iddiaçı X2 onun qayınatası, digər İddiaçı2 qayınanasıdır. Cavabdeh qaynıdır. Tərəflərlə münasibətləri yaxşıdır. 2021-ci ildə cavabdeh olan qaynı Cavabdeh telefonla ona zəng edərək bildirmişdir ki, valideynləri öz torpaq paylarını ona bağışlamaq istəyirlər. O, arvadı ilə birlikdə qayınatasagilin evinə getmişdir. Söhbət əsnasında qayınatası ona bildirmişdir ki, onlara baxan övladları Ağabaladır, torpaq sahələrini Ağabalaya bağışlayırlar. O, hətta bir neçə dəfə qayınatasından həqiqətən də torpaqlarını könüllü bağışladıqlarını sorşmuş, qayınatası və qayınanası bildirmişlər ki, heç bir şərtsiz torpaqlarını bağışlayırlar. Ağabala doğma övladlarıdır. O, qohum kimi tez-tez qayınatasının evinə gedib-dəlmiş, qayınatası və qayınanası həmişə övladları Ağabaladan razılıqlarını, övladlarının onlara baxdığını bildirmişlər. Ağabala bir övlad kimi həmişə valideynlərinə yaxşı baxmış, xəstələndikdə qayğısına qalmış, müalicə etdirmiş, hətta torpaq bağışlandıqdan sonra da valideynlərinə yaxşı baxmışdır. Onlara qarşı heç bir kobud rəftar göstərməmiş və qərəzli münasibətdə olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirlən cavabdeh tərəfin təqdim etdiyi digər şahid X5 göstərmişdir ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 onun valideynləri, Cavabdeh onun qardaşıdır. Bir qız övladı kimi həmişə valideynlərinin yanına gedib-gəlmiş və vəziyyətləri ilə maraqlanmışdır. Təxminən bir həftə əvvəl də valideynlərinin evində olarkən valideynləri ona öz razılıqları ilə torpaq paylarını övladları Ağabalaya bağışladıqlarını bildirmişlər. Qardaşı Ağabala torpaq sahəsi bağışlanmaqdan əvvəl də sonra da həmişə valideynlərinə baxmış, qayğısına qalmış, xəstələnəndə müalicələrini etdirmişdir. Qardaşı Ağabala heç vaxt valideynlərinə qarşı pis rəftar göstərməmiş, həmişə mehriban münasibətdə olmuşdur. Bir övlad kimi bu söhbətlərin hamısından məlumatı vardır. Məhkəmə iclasında şahid qismində dindirilən cavabdeh tərəfin təqdim etdiyi digər şahid X11 göstərmişdir ki, iddiaçılardan İddiaçı2 onun doğma bacısı, İddiaçı1 bacısının əri, Cavabdeh isə bacısı oğludur. Bacısı oğlu Cavabdeh həmişə valideynlərinə yaxşı baxmış, qayğı və diqqətini əsirgəməmiş, hətta atası xəstələnəndə 10 gün evində saxlayıb müalicə etdirmişdir. Hesab edir ki, Ağabala bütün bunlara baxmayaraq bir vicdanlı övlad kimi hazırda da valideynlərinə baxmağa hazırdır və baxacaqdır. Ağabala heç vaxt valideynlərinə qarşı pis rəftarda olmamış, həmişə mehriban münasibətdə olmuşdur. Bunu bütün qohum-əqraba bilir. Məhkəmə tərəflərin və şahidlərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, iddia təmin edilməməlidir. Məhkəmə həmin qənaətə aşağıda sadalanan sübutların məcmusuna əsasən gəlir: Belə ki, iş materiallarında olan torpağa mülkiyyət hüququna dair JN-0065 seriyalı, 30223038 kodlu dövlət aktından görünür ki, Xaçmaz rayon Aqrar İslahat Komissiyasının 28 aprel 1998-ci il tarixli, 05 nömrəli qərarına əsasən İddiaçı1, İddiaçı2, X4 və Cavabdeh paylı olaraq mülkiyyətlərinə Xaçmaz rayonunun Yataqoba kəndi ərazisindən ümumilikdə 2.45 ha pay torpaq sahəsi verilmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli etibarnamədən görünür ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 özlərinə məxsus Xaçmaz rayonunun Yataq-oba kəndi ərazisində yerləşən torpaq sahələri üzərində sərəncam və digər hüquqlara dair X3 adına notarial etibarnamə vermişlər. İş materiallarında olan xx.xx.2021-ci il tarixli, 4Ə2519 reyestr nömrəli daşınmaz əmlakın bağışlanması müqaviləsindən görünür ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 verdikləri müvafiq etibarnamə əsasında təmsil etdikləri şəxs X3 vasitəsilə Xaçmaz rayonunun Yataqoba kəndi ərazisində yerləşən birgə müliyyət üzrə 0,6666 ha torpaq sahələrini oğlanları- Cavabdeh bağışlamışlar. İş materiallarında olan xx.xx.2021-ci il tarixli, 4Ə2520 reyestr nömrəli daşınmaz əmlakın bağışlanması müqaviləsindn görünür ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 verdikləri müvafiq etibarnamə əsasında təmsil etdikləri şəxs X3 vasitəsilə Xaçmaz rayonunun Yataqoba kəndi ərazisində yerləşən birgə müliyyət üzrə 0,55833 ha torpaq sahələrini oğlanları- Cavabdeh bağışlamışlar. İş materiallarında olan xx.xx.2022-ci il tarixli, **********61 nömrəli, ********** qeydiyyat nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, qeyd olunan bağışlama müqavilələri əsasında Xaçmaz rayonunun Yataqoba kəndi ərazisində yerləşən iddiaçıların bağışladıqları torpaq sahəsi ilə birgə ümumi birgə mülkiyyətdə olan öz payı da daxil olmaqla cəmi 0.9999 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi xüsusi mülkiyyət olaraq Cavabdeh adına daşınmaz əmlakın dövlət reyestrində 347 nömrəli reyestr kitabının 15 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli, **********61 nömrəli, ********** qeydiyyat nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, qeyd olunan bağışlama müqavilələri əsasında Xaçmaz rayonunun Yataqoba kəndi ərazisində yerləşən iddiaçıların bağışladıqları torpaq sahəsi ilə birgə ümumi birgə mülkiyyətdə olan öz payı da daxil olmaqla cəmi 0,8375 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi xüsusi mülkiyyət olaraq Cavabdeh adına daşınmaz əmlakın dövlət reyestrində 347 nömrəli reyestr kitabının 3 nömrəli vərəqində qeydiyyata alınmışdır. Tərəflərin izahatları və iş materialları ilə müəyyən olunur ki, Xaçmaz rayonunun Yataqoba kəndi ərazisində yerləşən ümumi birgə mülkiyyət olan cəmi 2.45 ha pay torpaq sahəsindən 0.6666 və 0.55833 ha hissə iddiaçılar İddiaçı1 və İddiaçı2 xüsusi mülkiyyətinə aid əmlak olmuş, sonuncular həmin əmlakları 13 dekabr 2021-ci il tarixdə hazırda iş üzrə cavabdeh olan oğlanları Cavabdeh bağışlamış, həmin bağışlama müqavilələri əsasında Cavabdeh xx.xx.2022-ci il tarixdə qeyd olunan bağışlanan əmlaklara mülkiyyət hüququna dair adına reyestrdən çıxarış sənədləri almışdır. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 1-ci hissəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Həmin maddənin 2-ci hissəsinə əsasən mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Həmin maddənin 3-cü hissəsinə əsasən hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüququndan ibarətdir. Konstitusiyanın 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyətçi ona məxsus əmlak üzərində öz mülahizəsinə əsasən sahiblik edir, onun barəsində sərəncam verir və ondan istifadə edir. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. «İnsan Hüquqlarının və Əsas Azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 1 saylı protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Məhkəmə hesab edır ki, bağışlama müqavilələri təsdiq edildiyi zaman Xaçmaz rayonunun Yataqoba kəndi ərazisində yerləşən ümumi birgə mülkiyyət olan cəmi 2.45 ha pay torpaq sahəsindən 0.6666 və 0.55833 ha hissədə torpaq sahələri iddiaçılar İddiaçı1 və İddiaçı2 xüsusi mülkiyyətlərinə aid əmlak olduğundan həmin vaxt sonuncuların bağışladığı əmlaklar üzərində öz mülahizələrinə əsasən sahiblik etmək, onun barəsində sərəncam vermək və ondan istifadə etmək hüquqları olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 144.1-ci maddəsinə görə daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Həmin Məcəllənin 144.2-ci maddəsinə əsasən sərəncam hüququ sərəncam verən tərəfin daşınmaz əmlakın dövlət reyestrinə əsasən bu hüquqa malik olması və ya ixtiyarlı şəxsin ona həmin səlahiyyəti verməsi ilə təsdiqlənir. Bu səlahiyyət də notariat qaydasında təsdiqlənməlidir. Müqavilənin qanunauyğunluğu notariat qaydasında təsdiqlənmə ilə təsdiq olunur. Həmin Məcəllənin 146.1-ci maddəsinə əsasən daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir. Həmin Məcəllənin 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətlərinin əmələ gəlməsinə, dəyişməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 324.2-ci maddəsinə əsasən əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Həmin Məcəllənin 324.4-cü maddəsinə əsasən müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi zəruridir. Həmin Məcəllənin 331.1-ci maddəsinə əsasən yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır. Həmin məcəllənin 334.1-ci maddəsinə əsasən əqdin notariat qaydasında təsdiqlənməsi bu Məcəllənin 331-ci maddəsinin tələblərinə uyğun gələn sənəddə notariusun və ya bu cür notariat hərəkəti yerinə yetirməyə hüququ çatan digər vəzifəli şəxsin təsdiqləyici qeyd etməsi yolu ilə həyata keçirilir. Həmin Məcəllənin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqındakı iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 666.1-ci maddəsinə əsasən bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Həmin Məcəllənin 666.2-ci maddəsinə əsasən bağışlama predmeti əşyalar, hədiyyə verənə və ya üçüncü şəxsə qarşı əmlak hüquqları (tələblər), habelə hədiyyə alanın hədiyyə verən və ya üçüncü şəxs qarşısında əmlak vəziyyətindən azad edilməsi ola bilər. Həmin Məcəllənin 668.1.1-ci maddəsinə əsasən daşınmaz əşyaların və ya həmin əşyalara hüquqların bağışlanması zamanı bağışlama müqaviləsi notariat qaydasında təsdiqləndikdə etibarlıdır. İş üzrə tədqiq edilmiş sənədlərdən, tərəflərin izahatlarından müəyyən olunur ki, hədiyyə verənlər İddiaçı1 və İddiaçı2 Xaçmaz rayonunun Yataqoba kəndi ərazisində yerləşən ümumi birgə mülkiyyətləri olan 0.6666 və 0.55833 ha torpaq sahələrini razılıq ifadəsi əsasında oğlanları- iş üzrə Cavabdeh notarial qaydada bağışlamış, hədiyyə alan- iş üzrə Cavabdeh ona bağışlanılan əmlakları qəbul etmiş, həmin müqavilə tərəflərin istəyi əsasında təsdiqlənməklə müvafiq qeydiyyata alınmışdır. Məhkəmə araşdırması zamanı mübahisələndirilən bağışlama müqaviləsi üzrə notariat əməliyyatı aparılarkən hər hansı neqativ hallara, əqdin (bağışlama müqaviləsinin) qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət edilməməklə bağlanması halına, habelə hər hansı mühüm əhəmiyyət kəsb edən digər qanun pozuntularına yol verilmədiyi müəyyən edilmişdir. Həmçinin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, hədiyyə verənlər tərəfindən hədiyyə edilmiş daşınmaz əşyalar hədiyyə alan tərəfindən qəbul edilmiş, bağışlama müqavilələri notarial qaydada təsdiqlənmiş, bağışlama müqavilələri bağlandığı zaman hədiyyə verənlə hədiyyə alan arasında hər hansı öhdəlik və şərt olmamışdır və sonradan həmin müqavilə əsasında torpaq sahələri hədiyyə alanın mülkiyyətinə keçmişdir. Məhkəmə iclasında da iddiaçı tərəf əmlaklarını oğlanlarına hər hansı qeyd və şərtsiz bağışladıqlarını etiraf etmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Bütün yuxarıda göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, 13 dekabr 2021-ci il tarixli, 4Ə-2519 və 4Ə-2520 reyestr nömrəli daşınmaz əmlakın bağışlanması müqavilələrinin bağışlamadan imtina üzrə ləğv edilməsi üçün əsaslar olmadığından və bunun əsasını təşkil edən sənədi və sübutu iddiaçı tərəf təqdim etmədiyindən iddia tələbi təmin edilə bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçılar tərəfindən iddianın verilməsi ilə bağlı ödədikləri dövlət rüsumu onların özünə aid edilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı daşınmaz əmlakın bağışlama müqavilələrinin və onların hüquqi nəticələrinin ləğv edilməsi tələbinə iddiaları təmin edilməsin. İddiaçılar İddiaçı1 və İddiaçı2 iddianın verilməsi ilə bağlı ödədikkləri dövlət rüsumu iddiaçıların özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən qanunla müəyyən edilmiş qaydada şikayət verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Xıdır Quliyev
Məhkəmə qərarları › İş №2(067)-2944/2025
Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-2944/2025
16.02.2026 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver