Məhkəmə qərarları › İş №2(067)-2973/2023

Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-2973/2023

15.11.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-2973/2023 15.11.2023 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, məhkəmə iclas katibi Nəcəfli Fuad Zeynal oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair mülki işə Xaçmaz şəhərində açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla Cavabdeh ilə birgə nikahlarından olan 04 dekabr 2014-cü il təvəllüdlü X5 və 21 mart 2016-cı il təvəllüdlü X1 üçün cavabdehdən hər ay hər uşaq üçün qazancının və digər gəlirlərinin 1/3 hissəsindən alimentin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, Cavabdeh ilə 19 oktyabr 2012-ci il tarixdə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuşlar və bu barədə Xaçmaz rayon, Xudat şəhəri İƏV Nümayəndəliyi tərəfindən Nikah Haqqında 65 nömrəli Şəhadətnamə verilmişdir. Birgə nikahdan iki uşaqları, xx.xx.2014-cü il təvəllüdlü X8 və xx.xx.2016-cı il təvəllüdlü X6 anadan olmuşdur. Cavabdehlə faktiki olaraq ayrılmışlar. Cavabdehlə xasiyyətləri uyğun gəlmir. Belə ki, cavabdeh tez-tez onunla səbəbsiz mübahisələr edir. Artıq onun hərəkətləri dözülməz hal almışdır. Neçə vaxtdır ki, o cavabdehin bu cür davranışına dözürdü, ümid edirdi ki, o, öz hərəkətlərinə tənqidi yanaşar və ailəsinə qarşı mehriban olar. Çox təəssüf ki, vaxt keçdikcə bunun əksi baş verirdi. Qəti qərara gəlmişdir ki, cavabdehlə bundan sonra ailəvi qaydada yaşamaqları qeyri-mümkündür. O, valideynərinin evinə qayıdarkən uşağı da özüylə aparmışdır. Cavabdehlə aralarında uşağın saxlanılması üçün aliment ödənilməsinə dair heç bir razılaşma yoxdur. Məhkəmə iclasında iş üzrə İddiaçı iddia tələbini müdafiə edərək iddia ərizəsində yazılanlara uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, cavabdehlə ayrı yaşayırlar. O, valideynlərinin evində qalır. Cavabdehin əmək haqqısının və digər gəlirlərinin 1/3 hissəsi miqdarında aliment tələb edir. Sentyabr ayında MTT kimi 340 manat alimenti güclə almışdır. Cavabdeh gəmidə işləyir və 1500 manat əmək haqqı alır. Məhkəmə iş üzrə Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məhkəmə bildirişi çatdırmasına baxmayaraq, o, məhkəmə iclasına gəlməmişdir. Məhkəmə MPM-nin 185.5-ci maddəsinə əsasən Cavabdeh iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə tərəflərin izahatlarını dinləyib iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan xx.xx.2012-ci il tarixli AZ İ №794030 saylı X2 təsdiq olunmuş surətindən müəyyən olunur ki, Cavabdeh ilə X7 xx.xx.2012-ci il tarixdə Xaçmaz rayon, Xudat şəhər İƏV Nümayəndəliyində rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuşdur. Nikahdan sonra ərə Fərəcov, arvada Fərəcova soyadı verilmişdir. İş materiallarında olan AZ-İİİ №447345 saylı X3 təsdiq olunmuş surətindən müəyyən olunur ki, tərəflərin birgə nikahlarından xx.xx.2014-cü il təvəllüdlü X8 anadan olmuşdur. İş materiallarında olan AZ-İİİ №733976 saylı X3 təsdiq olunmuş surətindən müəyyən olunur ki, tərəflərin birgə nikahlarından xx.xx.2016-cı il təvəllüdlü X6 anadan olmuşdur. Elektron məhkəmə informasiya sistemindən əldə olunmuş məlumatlardan görünür ki, Cavabdeh "BUE CASPİAN LİMİTED" şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyində motorçu vəzifəsində işləyir və aylıq əmək haqqı 1125 manat təşkil edir. Azərbaycan Respublikasının Konstitusiyasının 17-ci maddəsinini İİ hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 3.0.4-cü maddəsinə əsasən ana və uşaqların mənafeyinin hərtərəfli müdafiəsini və hər bir uşağın xoşbəxt həyatının təmin edilməsini ailə qanunvericiliyinin ümdə vəzifələri kimi qeyd etmişdir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1.-ci maddəsi əsasında valideynlər uşaqlarını saxlamağa borcludurlar. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 76.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay aşağıdakı miqdarda aliment tutulur: 76.1.1. 1 uşağa görə—qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi; 76.1.2. 2 uşağa görə—qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi; 76.1.3. 3 və daha çox uşağa görə—qazancın (başqa gəlirlərin) yarısı. 76.2. Bu payların miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikasının Qanununun 19-cu maddəsinə görə uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifəsidir. «Uşaq hüquqları haqqında» BMT-nin 12 noyabr 1989-cu il tarixli Konvensiyasının 18-ci maddəsinə əsasən uşağın tərbiyyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər daşıyırlar. «Uşaq hüquqları Bəyannaməsi»nin 2 saylı prinsipinə görə uşaq qanunla və digər vasitələrlə sosial müdafiə ilə təmin olunmalı, onun fiziki, əqli, mənəvi, ruhi və sosial baxımdan sağlam və normal yolla azadlıq və ləyaqət şəraitində inkişaf etməsinə imkan verən əlverişli şəraitlə təmin edilməlidir. Həmin Bəyannamənin 4 saylı prinsipinə əsasən uşaq sosial təminatın faydalığından istifadə etməlidir. O, sağlam böyümək və inkişaf etmək hüququna malik olmalıdır, bu məqsədlə o, doğumdan əvvəl və sonra müvafiq qulluq daxil olmaqla, xüsusi qulluq və mühafizə ilə təmin olunmalıdır. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 100.2-ci maddəsində göstərilir ki, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. İş materiallarından müəyyən olunur ki, iddia ərizəsi xx.xx.2023-cü ildə Xaçmaz Rayon Məhkəməsinə daxil olmuşdur. Məhkəmə iddiaçının himayəsində olan yetkinlik yaşına çatmayan uşağın mənafeyini və tərəflərin maddi vəziyyətlərini nəzərə alaraq, hesab edir ki, xx.xx.2014-cü il təvəllüdlü X5 və xx.xx.2016-cı il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh iddia ərizəsi məhkəməyə daxil olduğu gündən, yəni xx.xx.2023-cü il tarixdən başlayaraq hər ay 2 uşağa görə qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi məbləğində aliment tutularaq İddiaçı ödənilməsi məqsədəuyğundur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikasının “Dövlət Rüsumu haqqında” Qanunun 9.1.2-ci maddəsinə görə aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumunu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövtət rüsümu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Elektron Məhkəmə sistemindən əldə olunmuş məlumata əsasən cavabdehin rəsmi əmək haqqı məbləği 1125 manat təşkil edir. İddiaçının idda tələbi (aliment) cavabdehin gəlirinin 1/3 hissəsinə yönəldilməsini nəzərə alaraq məhkəmə hesab edir ki, dövlət rüsumu da buna uyğun tutulmalıdır. Belə olan halda bu məbləğ – 1125 manatın 1/3 hissəsi, 375 manat təşkil edir. İddiaçının iddia ərizəsi təmin edildiyindən, iddianın qiyməti 375 manat x 12 aya=4500 manat təşkil edir. Azərbaycan Respublikasının “Dövlət Rüsumu haqqında” Qanunun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi miqdarında dövlət rüsumu ödənilməlidir. Belə olan halda, Cavabdeh 65 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə köçürülməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2.-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalıvə onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4.-cü madəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə nəzərə almışdır ki, MPM-nin 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan, işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Beləliklə, məhkəmə işdə olan sübutlara məcmu halında hüquqi qiymət verərkən hesab edir ki, iddia qismən təmin edilməli və xx.xx.2014-cü il təvəllüdlü X5 və xx.xx.2016cı il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün Cavabdeh iddia ərizəsi məhkəməyə daxil olduğu gündən, yəni xx.xx.2023-cü il tarixdən başlayaraq hər ay qazancının 1/3 hissəsi qədər alimentin tutularaq İddiaçı ödənilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Cavabdeh 65 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə köçürülməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 117-220-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. xx.xx.2014-cü il təvəllüdlü X5 və xx.xx.2016-cı il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün Cavabdeh iddia ərizəsi məhkəməyə daxil olduğu gündən, yəni xx.xx.2023-cü il tarixdən başlayaraq hər ay qazancın (başqa gəlirlərin) 1/3 hissəsi miqdarında aliment tutularaq İddiaçı ödənilsin. Cavabdeh 65 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə köçürülsün. Qətnamənin alimentə aid hissəsi dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən qanunla müəyyən edilmiş qaydada şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Sərxan Səmədzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar