Məhkəmə qərarları › İş №2(067)-2983/2023

Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-2983/2023

30.11.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-2983/2023 30.11.2023 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Qasımova Vüsalə Yadigar qızının sədrliyi, Məhkəmə iclas katibi X2, İddiaçı və onun nümayəndəsi Nümayəndə, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment (əlavə xərc) tələbinə dair mülki işə Xaçmaz şəhərində açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi : İddiaçı məhkəmədə iddia qaldıraraq cavabdehdən təhsil aldığı üçün əlavə xərc olaraq hər ay 300 manat məbləğində pul vəsaitinin tutularaq onun xeyrinə verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddianı onunla əsaslandırmışdır ki, Cavabdeh onun atasıdır. Anası ilə atası məhkəmənin qərarına əsasən boşanmışlar. Məhkəmənin 07 iyun 2018-ci il tarixli, 2(067)-1288/2018 saylı qətnaməsinə əsasən cavabdeh olan atası onun və balaca bacısı üçün hər ay hər uşaq üçün 110 manat olmaqla cəmi 220 manat aliment ödəmişdir. O, 17 iyul 2023-cü il tarixdə yetkinlik yaşına çatdığından onun üçün ödənilən aliment məbləği yəni 110 manat pulun ödənilməsi dayandırılmışdır. O, hazırda Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Bakı Dövlət Universitetinin Tətbiqi riyaziyyat və kibernetika fakültəsinin informatika müəllimi ixtisasının əyani təhsilalma forması üzrə Azərbaycan bölməsinin 1 (birinci) kurs tələbəsidir. Hazırda dərs ayıdır, məcburiyyət qarşısında qalaraq Bakı şəhərində kirayə ev tutaraq təhsil almaq istəyir. Lakin bütün bunlar üçün kifayət qədər vəsaiti yoxdur. O, heç yerdə işləmir, qalmağa yeri yoxdur, anasının köməkliyi ilə yaşayır. Cavabdeh olan atası isə ona ümumiyyətlə kömək etmir, onunla maraqlanmır, valideyinlik borcunu yerinə yetirmir. Əlavə ona köməklik etmir. Lakin cavabdehin buna hər-cür imkanı vardır, fərdi işlərlə məşqııl olur onun gündəlik qəlirləri vardır. Hesab edir ki, onun bu vəziyyətində ayda ondan cəmi 300 manat məbləğində əlavə xərc tutulmalıdır. Çünki onun qazançı qeyri-müntəzəmdir. İddiaçı dəqiqləşdirmə ərizəsi ilə məhkəməyə müraciət edərək o, cavabdehdən təhsil aldığı üçün, təhsilini başa vuranadək hər ay 300 manat məbləğində alimentin ondan alınaraq ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında iddiaçı izahatında göstərmişdir ki, iddianı müdafiə edir. Hazırda 2-ci kursda oxuyur. Tələbə təqaüdü də almır. Bu səbəbdən iddianın təmin olunmasını xahiş edir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi izahatında göstərmişdir ki, iddianı müdafiə edir. Qızı BDU-nun ikinci kurs tələbəsidir. 18 yaşı tamam olduğu üçün aliment kəsilib. Qızı hazırda əyani oxuduğu üçün Bakıda kirayədə qalır. Ödənişsiz təhsil alsa da, kirayə və əlavə xərcləri var. Əvvəl tələbə təqaüdü alırdı, indi o da kəsilib. Bacısı da ADPUnun Quba filialında oxuyur. Ödənişli təhsil alır. 1800 manat illik təhsil haqqısıdır. Həmin qızı 2006-cı il təvəllüdlüdür, 17 yaşı var. Cavabdeh 110 manat aliment ödəyir. Əslində 110 manat aliment təyin olunsa da 100 manat alimenti ödəyir. Geri qalan 10 manatları vermir. O, özü satıcı işləyir. 315 manat əmək haqqı alır. Cavabdeh özü isə faizə pul verir. Özünün şəxsi avtomobili var, yəni maddi imkanı yaxşıdır. Eyni zamanda, ikinci ailəsi var. Həmin evliliyindən olan uşaqlarına baxa bilir. Lakin bu uşaqları 5 yaşından atıb və onlarla maraqlanmır. Məhkəmə iclasında cavabdeh izahatında göstərmişdir ki, iddianı qəbul etmir. 18 yaşına kimi alimenti ödəmişdir. İndi gedib öz başının çarəsinə baxmalıdır. Onun maddi imkanı da yaxşı deyil. Hazırda taksi sürücüsüdür. Anası da xəstədir, ona da o, baxır. Məhkəmə tərəflərin izahatlarını dinləyib iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan nikahın pozulması haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X3 ilə X5 arasında olan nikah pozulmuşdur. İş materiallarında olan Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(067)- 1288/2018 saylı qətnaməsindən müəyyən olunur ki, xx.xx.2006-cı il təvəllüdlü İddiaçı Nürəddin qızının və xx.xx.2006-cı il təvəllüdlü X1 yetkinlik yaşlarına çatanadək saxlanması üçün hər ay hər uşaq üçün Cavabdeh tutulan alimentin məbləği dəyişdirilərək hər ay 110 manat sabit pul məbləğində alimentin tutularaq Nümayəndə verilməsi qət edilmişdir. İş materiallarında olan Bakı Dövlət Universitetinin xx.xx.2023-cü il tarixli № TR-203 sayulı arayışından müəyyən olunur ki, İddiaçı Nürəddin qızı həqiqətən də Bakı Dövlət Universitetinin Tətbiqi riyaziyyat və kibernetika fakültesinin informatika müəllimliyi ixtisasının əyani təhsilalma forması üzrə Azərbaycan bölməsinin 1 kurs tələbəsidir. Məhkəmə iddia ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 80-ci maddəsinə əsasən: 80.1. Valideynlər əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlarını saxlamağa borcludurlar. 80.2. Aliment ödənilməsi barədə saziş olmadıqda, əmək qabiliyyəti olmayan yetkinlik yaşına çatmış övladların saxlanması üçün alimentin miqdarı, tərəflərin ailə və maddi vəziyyəti, diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin Ailə Məcəlləsinin 81-ci maddəsinə əsasən 81.1. Alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, əlilliyi müəyyən edilmiş uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. 81.2. Valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. 81.3. Məhkəmə valideynləri faktiki çəkilmiş əlavə xərclərə, eləcə də gələcəkdə çəkilməsi zəruri olan xərclərə cəlb edə bilər. Azərbaycan Respublikasının Konstitusiyasının 17-ci maddəsinin İİ hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1.-ci maddəsi əsasında valideynlər uşaqlarını saxlamağa borcludurlar. Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikasının Qanununun 19-cu maddəsinə görə uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifəsidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 80 və 81-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 27 yanvar 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra – Konstitusiya) 12-ci maddəsinin İ hissəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin sosial siyasətinin əsasını təşkil edir. Layiqli həyat səviyyəsi dedikdə, insanların yaşaması üçün zəruri olan maddi və mənəvi nemətlərlə onların təmin edilməsi və bu nemətlərə olan tələbatlarının ödənilməsi başa düşülür. Yəni dövlət öz vətəndaşlarının rifahının qayğısına qalır, cəmiyyətin daha az müdafiə olunan təbəqələrinə, müstəqil olaraq özünə layiqli həyat səviyyəsini təmin etmək iqtidarında olmayanlara – yetkinlik yaşına çatmamış uşaqlara, əlillərə, təqaüdçülərə və digər əmək qabiliyyəti olmayan şəxslərə xüsusi diqqət yetirir. Lakin dövlət bütün əmək qabiliyyəti olmayan əhalisinin maddi təminatını tam ödəyə bilməz. Bu baxımdan, bir çox dövlətlərin, o cümlədən Azərbaycan Respublikasının Konstitusiyasında sosial cavabdehlik prinsipi öz əksini tapmışdır. Bu prinsipə görə yardıma möhtac olanlara kömək etmək ilk növbədə onların ailə üzvlərinin borcudur (Konstitusiyanın 38-ci maddəsinin İİ hissəsi). Konstitusiyanın 17-ci maddəsinin İ və İİ hissələrinə əsasən cəmiyyətin əsas özəyi kimi ailə dövlətin xüsusi himayəsindədir. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Valideynlərə hörmət etmək, onların qayğısına qalmaq uşaqların borcudur. 18 yaşına çatmış əmək qabiliyyətli uşaqlar əmək qabiliyyəti olmayan valideynlərini saxlamağa borcludurlar (Konstitusiyanın 34-cü maddəsinin İV və V hissələri). Uşaqların yetkinlik yaşına çatması ilə valideynlərin onlara münasibətdə aliment öhdəlikləri xitam olunur. Buna baxmayaraq, valideynlər əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlarını saxlamaq vəzifəsi daşıyırlar. Valideynin bu vəzifəsinin yaranması üçün aşağıdakı hallar olmalıdır: yetkinlik yaşına çatmış övladın əmək qabiliyyətinin olmaması və onun maddi yardıma ehtiyacının olması. Bu iki hal ayrıayrılıqda deyil, birlikdə götürüldükdə valideyn üçün vəzifə yaradır. Başqa sözlə, yetkinlik yaşına çatmış övladın təkcə əmək qabiliyyətinin olmaması valideyndən aliment almaq hüququ üçün əsas deyil. Eyni zamanda, onun maddi yardıma ehtiyacı olması da tələb olunur. Yaxud əksinə, övlad əmək qabiliyyətlidirsə, onun maddi yardıma ehtiyacının olması valideynlərdən aliment tələb etməyə əsas vermir. İşin araşdırılan hallarından müəyyən olunur ki, hazırda iddiaçı Bakı dövlət Universitetində əyani formada təhsil alır. Bu səbəbdən onun işləmək üçün asudə vaxtı olmadığından əlavə qazanc yerinin olması və maddi tələbatlarını ödəməsi iddiaçı üçün çətinlik yaradır. İddiaçı əmək qabiliyyətli olsa da üzürlü səbəblərdən maddi yardıma olan ehtiyacını əyani formada təhsil almasına görə qarşılaya bilmir. Bu səbəbdən məhkəmə cavabdehdən iddiaçının təhsilini başa vuranədək hər ay sabit pul məbləğində aliment (əlavə xərc)-110 manat pulun tutularaq iddiaçıya ödənilməsini məqsədə müvafiq hesab edir. Beləliklə, məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək, sadalanan maddi hüquq normalarına əsaslanaraq və həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə hesab edir ki, iddia qismən təmin olunmalı, cavabdehdən hazırki qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq hər ay 110 manat sabit pul məbləğində aliment( əlavə xərc) tutulub iddiaçıya verilməlidir. AR MPM-nin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. İşin yuxarıda sadalanan faktiki hallarından görünür ki, iddia tələbi qismən əsaslıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bu Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi İddia qismən təmin edilsin. xx.xx.2023-cü il tarixdən etibarən Cavabdeh Bakı Dövlət Universitetinin tədbiqi riyaziyyat və kibernetika fakültəsinin İnformatika müəllimliyi ixtisasını başa vuranadək (23 yaşı keçməmək şərtilə) hər ay 110 manat sabit pul məbləğində aliment (əlavə xərc) tutularaq İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Məhkəmə qətnaməsi alimentin tutulması hissədə dərhal icra olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1(bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Vüsalə Qasımova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar