Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-2989/2023 16.11.2023 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Qasımova Vüsalə Yadigar qızının sədrliyi, Məhkəmə iclas katibi X2, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsi üzrə mülki işə Xaçmaz şəhərində açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı məhkəmədə iddia qaldıraraq, Cavabdeh doğma nəvələri xx.xx.2015-ci il təvəllüdlü X3, xx.xx.2013-cü il təvəllüdlü X7 və xx.xx.2021-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay hər uşaq üçün 135 manat cəmi 405 manat sabit pul məbləğində alimentin alınaraq mənə verilməsi barədə qətnamə barəsində qətnamə çıxarılmasını xahiş etmişdir. İddiasını onunla əsaslandırmışdır ki, Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(067)-229/2022 saylı qətnaməsi ilə onun cavabdehin oğlu X6 qarşı sabit məbləğdə aliment tələbinə dair iddiası qismən təmin olunaraq xx.xx.2015-ci il təvəllüdlü X3, xx.xx.2013-cü il təvəllüdlü X7 və xx.xx.2021-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün X1 xx.xx.2021-ci il tarixdən başlayaraq hər ay hər uşaq üçün 135 manat olmaqla, cəmi hər ay 405 manat sabit məbləğdə alimentin tutularaq ona verilməsi qət edilmişdir (hakim Sərxan Səmədzadə). Məhkəmə qətnaməsi ilə yuxarıda göstərilən hallar müəyyən edildiyindən həmin halların yenidən sübut edilməsinə ehtiyac yoxdur. Azərbaycan Respublikası MPM-nin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Qətnamə üzrə borclu X8 aliment öhdəliklərini lazımınca icra etmədiyinə görə, yəni 3800 manat aliment borcunu ödəmədiyinə görə Quba rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(027)-89/2023 saylı hökmü ilə Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə təqsirli bilinərək 08 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir və hazırda cəzaçəkmə müəssisəsində cəza çəkir. Bu səbəbdən də uşaqları saxlamaqda çox çətinlik çəkir. Uşaqlardan ikisi məktəblidir, onların dərs ləvazimatlarını, geyimlərini çatdıra bilmir. Bununla əlaqədar borca da düşmüşdür. Cavabdeh uşaqların saxlanılması üçün könüllü olaraq heç bir vəsait vermir. Məcburdur ki, qanuna müvafiq olaraq uşaqların nənəsindən aliment tutulması üçün etsin. Uşaqların babası Ənvər İsmayılov vəfat etmişdir. Cavabdeh yaxşı pensiya alır. Bundan başqa cavabdehin və ailəsinin mülkiyyətində böyük alma bağları vardır ki, hər il oradan yüksək qazanc əldə edirlər, habelə həyətyanı sahədən də qazanc götürürlər. Cavabdeh öz nəvələrini saxlamaqdan ötrü qanunda nəzərdə tutulmuş qaydada alimenti ödəməyə real imkanı vardır. Məlum olduğu kimi uşaqlar üçün yaşayış minimumu 220 manat müəyyən edilmişdir. Cavabdeh hər uşaq üçün ən azından qətnamədə göstərilən məbləğdə, yəni 135 manat məbləğində aliment ödəməlidir. Cavabdeh xx.xx.2023-cü il tarixə təyin olunmuş mediasiya sessiyasında iştirak etməmiş, xx.xx.2023-cü il tarixdə tərəfindən 60 manat məbləğində mediasiya xərci ödənilmiş və mediator tərəfindən ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış verilmişdir. Məhkəmə iclasında iddiaçı izahatında göstərmişdir ki, üç uşağın saxlanılması üçün uşaqların nənəsindən hər uşağa görə 135 manat məbləğində aliment tələb edir. Uşaqların atası alimenti ödəmir. Aliment borcu yığılıb qalıb. O, uşaqların xərclərini tək qarşılaya bilmir. Cavabdeh yüksək məbləğdə təqaüd də alır. 4 uşağı olduğuna görə əlavə təqaüd verilir. Dəqiq nə qədər təqaüd aldığını bilmir. Həyətlərində avtomobil də var. Uşaqların atası valideynlik hüququndan məhrum olmayıb. Əvvəlki məhkəmə iclasında cavabdeh izahatında göstərmişdir ki, iddianı qəbul etmir O, təqaüdlə dolanan yaşlı qadındır. Üstəlik kredit borcu da var. Onlar ondan ayrı qalırlar. Ona baxmayıblar. Hamısının özünün ayrı evi var. Yoldaşı da vəfat edib. Aylıq 220 manat təqaüd alır. Məhkəmə iclasının vaxtı və yeri barəsində cavabdeh lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Məhkəmə cavabdehin məhkəmə iclasına gəlməmələrinin səbəbini üzürsüz sayaraq Azərbaycan Resublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsini rəhbər tutaraq işə onların iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə tərəfin izahatını dinləyib iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmamalıdır. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 17-ci maddəsinini İİ-ci hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75-ci maddəsinə əsasən Valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən Aliment ödənilməsi barədə valideynlər arasında saziş olmadıqda, valideynlər (onlardan biri) uşaqları saxlamadıqda və məhkəməyə bu barədə iddia verilmədikdə müvafiq icra hakimiyyəti orqanı yetkinlik yaşına çatmayan uşaqlar üçün aliment tutulması barədə valideynlərə (onlardan birinə) qarşı iddia qaldırmaq hüququna malikdir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 89-cu maddəsində göstərilir ki, yardıma ehtiyacı olan yetkinlik yaşına çatmayan nəvələr saxlanmaq üçün öz valideynlərindən maddi yardım ala bilmədikdə, buna zəruri vəsaitə malik baba və nənədən məhkəmə qaydasında aliment almaq hüququna malikdirlər. Əmək qabiliyyəti olmayan və yardıma ehtiyacı olan yetkinlik yaşına çatan nəvələr saxlanmaq üçün valideynlərindən, yaxud da ərdən (arvaddan) maddi yardım ala bilmədikdə, onlara da eyni hüquq verilir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsinə əsasən Uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun 19-cu maddəsinə əsasən Valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. İş materiallarında olan Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(067)- 229/2022 saylı qətnaməsindən müəyyən olunur ki, İddiaçı cavabdeh X6 qarşı sabit məbləğdə aliment tələbinə dair iddiası qismən təmin olunaraq xx.xx.2015-ci il təvəllüdlü X3, xx.xx.2013-cü il təvəllüdlü X7 və xx.xx.2021-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün X1 xx.xx.2021-ci il tarixdən başlayaraq hər ay hər uşaq üçün 135 manat olmaqla, cəmi hər ay 405 manat sabit məbləğdə alimentin tutularaq ona verilməsi qət edilmişdir. İş materiallarında olan Quba Rayon Məhkəməsinin 1(027)-89.2023 saylı,xx.xx.2023-cü il tarixli hökmünün surətindən görünür ki, X8 Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə təqsirli bilinərək, 08 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. MPM sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almalıdır (MPM-in 14.2 və 77.1-ci maddələri). Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Ona görə də, hazırki mübahisə üzrə sübutetmə yükü iddiaçının üzərinə, bunun əksini sübutetmə yükü isə cavabdehin üzərinə düşür. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Beləliklə məhkəmə tərəflərin izahatlarını və iş materiallarını araşdıraraq hesab edir ki, cavabdehin zəruri vəsaitə malik olması, eyni zamanda yüksək məbləğdə təqaüd alması barədə iddiaçı məhkəməyə heç bir mötəbər sübut təqdim etməmişdir. Bundan başqa məhkəmə iddiaçının nənənin və ailə üzvlərinin mülkiyyətində avtomobilin olmasını, onun satılaraq iddiaçıya pul ödənilməsi barədə məhkəməyə bildirdiyi dəlili də əsassız hesab edir. Nənənin təqaüd alması isə onun şəxsi tələbatlarını, zəruri xərclərini ödəmək üçün dövlət tərəfindən ona verilən pul təminatıdır. İddiaçının özünün məhkəmə iclasında işləməməsi ilə bağlı gətirdiyi xüsusatla bağlı isə məhkəmə onun qeyd etməyi zəruri hesab edir ki, iddiaçı işləməsə də, uşaqları saxlamaq onun valideynlik borcudur. İddiaçı Ailə Məcəlləsinin 89-cu maddəsinin tələbi baxımından cavabdehdən alimentin tutulmasını tələb etmək hüququna malik olsa da, qeyd olunan normanın baba və ya nənənin zəruri vəsaitə malik olması, həmçinin uşaqların yardıma ehtiyacı olması xüsusi olaraq göstərilmişdir. Bura həm də onların valideynlərindən, ərindən (arvadından) yardım ala bilməmələri halları daxildir. Eyni zamanda nənənin nəvələrinə münasibətdə aliment öhdəlikləri ikinci növbəli olub, birinci növbəli borcluların (valideynlərin) öhdəliklərindən sonra tətbiq edilə bilər. Nənə nəvələrinə o halda aliment ödəmək vəzifəsi daşıyır ki, onunn zəruri vəsaiti olsun. İddiaçının cavabdehin yüksək məbləğdə təqaüd alması ilə bağlı məhkəmədə bildirdiyi hala gəldikdə isə məhkəmə qeyd edir ki, cavabdehin yaşayış minimumu üçün müəyyən edilmiş məbləğdən yüksək pensiya alması barədə iş materiallarında hər hansı sənəd yoxdur. Cavabdehin nəvələrinin saxlanması üçün kifayət qədər zəruri vəsaitə malik olması iş materialları ilə öz təsdiqini tapmır. Bundan başqa X4 aliment öhdəliyinə xitam verilməsi yaxud da aliment ödəməkdən azad edilməsinə dair iddiaçı məhkəməyə heç bir sübut təqdim etməmişdir. Yuxarıda sadalananlara əsasən iddia tələbinin hüquqi əsasını təşkil edən Ailə Məcəlləsinin 89-cu maddəsində nəzərdə tutulmuş hallar məhkəmə araşdırması zamanı öz təsdiqini tapmadığından iddia tələbi təmin oluna bilməz. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsassızdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Vüsalə Qasımova
Məhkəmə qərarları › İş №2(067)-2989/2023
Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-2989/2023
16.11.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver