Məhkəmə qərarları › İş №2(067)-3001/2024

Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-3001/2024

28.11.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-3001/2024 28.11.2024 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Abiyeva Nərmin Mirhəsən qızının sədrliyi, məhkəmə iclas katibi İsayeva Səbinə Cavanşir qızının katibliyi və İddiaçı nümayəndəsi və vəkili Nümayəndə və Cavabdeh nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair mülki işə Xaçmaz rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsi ilə Xaçmaz rayon Məhkəməsinə müraciət edərək, birgə nikahdan 18 iyun 2008-ci il tarixdə anadan olmuş oğlu - X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 250 (iki yüz əlli) manat sabit məbləğində alimentin və ödədiyi 60 manat dövlət rüsumunun (mediasiya haqqı) cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, Cavabdeh ilə 16 avqust 2007-ci il tarixdə el adəti ilə toy məclisi edərək, ailə həyatı qurmuş, nikahlarını da həmin tarixdə rəsmiləşdirmişlər. Birgə nikahdan bir uşaqları – 18 iyun 2008-ci il təvəllüdlü X7 anadan olmuşdur. Xasiyyətləri uyğun gəlmədiyinə görə 2017-ci il tarixdə nikahlarının pozulması barədə iddia ərizəsi ilə Xaçmaz rayon Məhkəməsinə mürciət etmişdir. Xaçmaz rayon Məhkəməsi cavabdehlə onun arasında bağlanılmış nikahın pozulması və birgə nikahdan olmuş övladları X4 onun himayəsində qalmasını qət etmişdir. Həmin vaxtdan bu günə qədər o, cavabdehdən aliment tələb etməmiş, nə də o, bir ata kimi uşağın saxlanılmasında ona heç bir yardım göstərməmişdir. Hal-hazırda ölkədə mövcud iqtisadi şəriatlə əlaqədar övladı Abasov Mətini saxlamaqda çox çətinlik çəkir. Elə bu səbəbdəndə, aliment tələbi ilə məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə iclasında iş üzrə İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iddia tələbini müdafiə edərək, iddia ərizəsində yazılanlara uyğun izahat vermiş və iddiasının təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iş üzrə Cavabdeh nümayəndəsi X2 iddia tələbini qismən qəbul edərək, izahatında göstərmişdir ki, cavabdeh oğludur. O, pensiyaçıdır və gücü yetdiyi qədər öz pensiyasından aliment ödənişini edəcəkdir. Oğlu polis işçisi olmuş, hazırda isə heç yerdə işləmir və 513 manat pensiya alır. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan, qismən təmin olunmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş AZ-İ seriyalı, 278583 №-li nikahın pozulması haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, Cavabdeh ilə X3 arasında 19 sentyabr 2017-ci ildə rəsmi nikah ləğv edilmişdir. İş materiallarına əlavə edilmiş AZ-İİ seriyalı, 147577 №li doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, İddiaçı ilə Cavabdeh birgə nikahından 18 iyun 2008-ci il təvəllüdlü X7 anadan olmuşdur. İş materiallarında olan 19 sentyabr 2024-cü il tarixli ödəniş qəbzlərindən müəyyən olunur ki, İddiaçı mediasiya prosesi ilə bağlı Qusar rayon 1 saylı Mediasiya təşkilatının hesabına 60 manat məbləğində rüsum ödəmişdir. “Azemis” Elektron məhkəmə informasiya sistemində qeyd alınmış tərəflərin barəsində olan gəlir məlumatından müəyyən olunur ki, İddiaçı rəsmi gəliri barədə məlumat yoxdur. Cavabdeh isə aylıq 513.10 manat məbləğində pensiya alır. Azərbaycan Respublikasının Konstitusiyasının 17-ci maddəsinini İİ-ci hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 3.0.4-cü maddəsinə əsasən ana və uşaqların mənafeyinin hərtərəfli müdafiəsini və hər bir uşağın xoşbəxt həyatının təmin edilməsini ailə qanunvericiliyinin ümdə vəzifələri kimi qeyd etmişdir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1.-ci maddəsi əsasında valideynlər uşaqlarını saxlamağa borcludurlar. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 78.1.-ci maddəsinə görə, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazançı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərin birinin marağını əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məçəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 78.2.-ci maddəsinə müvafiq olaraq sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla, uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikasının Qanununun 19-cu maddəsinə görə uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifəsidir. «Uşaq hüquqları haqqında» BMT-nin 12 noyabr 1989-cu il tarixli Konvensiyasının 18-ci maddəsinə əsasən uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər daşıyırlar. «Uşaq hüquqları Bəyannaməsi»nin 2 saylı prinsipinə görə uşaq qanunla və digər vasitələrlə sosial müdafiə ilə təmin olunmalı, onun fiziki, əqli, mənəvi, ruhi və sosial baxımdan sağlam və normal yolla azadlıq və ləyaqət şəraitində inkişaf etməsinə imkan verən əlverişli şəraitlə təmin edilməlidir. Həmin Bəyannamənin 4 saylı prinsipinə əsasən uşaq sosial təminatın faydalığından istifadə etməlidir. O, sağlam böyümək və inkişaf etmək hüququna malik olmalıdır, bu məqsədlə o, doğumdan əvvəl və sonra müvafiq qulluq daxil olmaqla, xüsusi qulluq və mühafizə ilə təmin olunmalıdır. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 100.2.-ci maddəsində göstərilir ki, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. İş materiallarından müəyyən olunur ki, iddia ərizəsi 23 sentyabr 2024-cü il tarixdə Xaçmaz rayon Məhkəməsinə daxil olmuşdur. «Yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının Qanununun tələbinə əsasən uşaqlar üçün yaşayış minimumu 2024-cü ildə 235 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə tərəflərin maddi vəziyyətini nəzərə alaraq hesab edir ki, tərəflərin birgə nikahından olan uşaqları – 18 iyun 2008-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün iddia ərizəsi məhkəməyə daxil olduğu gündən, yəni 23 sentyabr 2024cü il tarixdən başlayaraq Cavabdeh hər ay 180 manat sabit məbləğdə alimentin tutularaq İddiaçı ödənilməsi məqsədəuyğundur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.4-cü maddəsinə əsasən işdə iştirak edən şəxslər məhkəmə xərclərinin bölüşdürülməsi barədə razılığa gəldikləri halda məhkəmə bu razılığa uyğun olaraq qərar qəbul edir. İddia tələbindən göründüyü kimi, iddiaçı mediasiya prosesi ilə bağlı Qusar rayon 1 saylı Mediasiya təşkilatının hesabına ödədiyi 60 manat məbləğində pulu cavabdehdən tələb etmişdir. Belə olan halda, iddiaçı cavabdehdən ödənilmiş mediasiya xərcini tələb etdiyindən və iddia tələbi qismən təmin (72 %) olunduğundan ödənilmiş 60 manatın 43.20 manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq İddiaçı xeyrinə ödənilməlidir. Azərbaycan Respublikasının “Dövlət Rüsumu haqqında” Qanunun 9.1.2-ci maddəsinə görə aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumunu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. İddiaçının iddia ərizəsi qismən təmin edildiyindən, yəni alimentin məbləği 180 manat müəyyən olunduğundan, iddianın qiyməti 180 manat x 12 aya = 2160 manat təşkil edir. Azərbaycan Respublikasının “Dövlət Rüsumu haqqında” Qanunun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi miqdarında dövlət rüsumu ödənilməlidir. Belə olan halda, cavabdehdən 41.60 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə köçürülməlidir. Məhkəmə nəzərə almışdır ki, MPM-nin 278.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan, işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, tərəflərin birgə nikahından olan uşaqları – 18 iyun 2008-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün iddia ərizəsi məhkəməyə daxil olduğu gündən, yəni 23 sentyabr 2024-cü il tarixdən başlayaraq Cavabdeh hər ay 180 manat sabit məbləğdə aliment və mediyasiya prosesinə görə ödənilmiş 43.20 manat məbləğində pul vəsaiti İddiaçı verilməli və 41.60 manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə köçürülməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Tərəflərin birgə nikahından olan uşaqları – 18 iyun 2008-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün iddia ərizəsi məhkəməyə daxil olduğu gündən, yəni 23 sentyabr 2024-cü il tarixdən başlayaraq hər ay 180 manat sabit məbləğdə aliment Cavabdeh tutularaq İddiaçı xeyrinə ödənilsin. Cavabdeh 41.60 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə köçürülsün. Mediyasiya prosesinə görə ödənilmiş 43.80 manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Mediasiya prosesinə görə ödənilmiş rüsum qalan hissədə iddiaçıya aid edilsin. Qətnamə alimentin tutulmasına dair hissədə dərhal icra olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən qanunla müəyyən edilmiş qaydada şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Nərmin Abiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar