Məhkəmə qərarları › İş №2(067)-3021/2024

Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-3021/2024

27.12.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-3021/2024 27.12.2024 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Xıdır İnqilab oğlunun sədrliyi, məhkəmə iclas katibi X5, İddiaçı nümayəndəsi Nümayəndə1, Cavabdeh nümayəndəsi Nümayəndə2, cavabdehin vəkili Vəkil iştirakları ilə İddiaçı Cavabdeh qarşı “Alimentin miqdarının azaldılması tələbi”nə dair mülki işə məhkəmə binasında acıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : İddiacı İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Xaçmaz rayon məhkəməsinin 2(067)-1374/2024 saylı, 29 may 2024-cü il tarixli qətnaməsi ilə ondan cavabdehin xeyrinə tutulan alimentin miqdarının dəyişdirilərək alimentin sabit pul məbləğində 150 manat və uşaq 3 yaşa çatana qədər əlavə xərc kimi 20 manat, cəmi 170 manat miqdarında müəyyən edilməsi barədə qətnamə cıxarılmasını xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, Cavabdeh onun sabiq həyat yoldaşı olmuşdur. Cavabdeh ona qarşı Xaçmaz rayon məhkəməsində “nikahın pozulması tələbinə dair” iddia qaldıraraq, xx.xx.2022-ci il tarixdə qeydə alınmış nikahın pozulması, cavabdehlə birgə nikahdan doğulmuş X3 himayəsində saxlanması və ondan uşaq yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 235 manat, uşağın 3 yaşına çatana kimi saxlanması üçün əlavə xərc olaraq 100 manat olmaqla cəmi 335 manat alimentin tutulması barədə Mediasiya prosesində bağlanmış “Sazişin” təsdiq edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Xaçmaz rayon məhkəməsinin 2(067)-1374/2024 saylı, 29 may 2024-cü il tarixli qətnaməsi ilə cavabdehlə aralarında bağlanmış nikah pozulmuşdur. O, həmin məhkəmə prosesində, işi ilə bağlı iştirak edə bilməsə də iddiaya qarşı etiraz ərizəsini də göndərmiş və iddia ilə qismən razı olduğunu göstərmişdir. Belə ki, Mediasiya prosesində də bildirmişdir ki, o, Azərbaycan Respublikası Daxili Qoşunlarının “N” saylı hərbi hissəsində müqavilə əsasında müddətdən artıq xidmət edir və cəmi 1030 manat maaş alır, müqavilənin müddətinin də 2024-cü ilin iyun ayında bitməsini göstərmişdir. Əgər müqavilənin müddəti artırılsaydı və işini davam etdirsəydi “Saziş”də göstərilən alimenti də ödəyərdi. Həmin vaxta kimi “Sazişdə” göstərilən alimenti vaxtlıvaxtında ödəmişdir. 2024-cü ilin iyun ayında müqavilə müddəti bitdiyinə görə işdən azad olunmuş və həmin vaxtdan da işsizdir, işlə bağlı əlaqədar orqanlara müraciət etsə də heç bir nəticəsi olmamışdır. Cavabdehlə aralarında olan mübahisəni məhkəmədən kənar həll edilməsi üçün mediasiyaya müraciət etmiş, lakin mübahisə həmin orqanda öz həllini tapmamış və mediator X6 tərəfindən ona 17 sentyabr 2024-cü il tarixli № MŞQ/MT- 027/2024-01366 saylı arayış verilmişdir. Onu da qeyd edir ki, onun tərəfindən Mediasiya sessiyalarının keçirilməsi üçün 60 manat məbləğində mediasiya xərci ödənilmişdir. Mediasiya haqqında Azərbaycan Respublikası Qanununun 9.1-1-ci maddəsinə uyğun olaraq Mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən Mediasiya Prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf dövlət rüsumu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 107.2-ci maddəsinə görə Məhkəmə aliment ödəməli şəxsin iddiası üzrə aliment borcunun şəxsin xəstəliyi və digər üzürlü səbəblərə görə əmələ gəldiyini, ailə və maddi vəziyyətinin bu borcları ödəməyə imkan vermədiyini müəyyən edərsə, onu həmin borcları ödəməkdən tamamilə və ya qismən azad edə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Ailə vəziyyətindəki dəyişiklik nədir: yenidən ailə qurması, uşaqlarının olması, digər uşaqlara da aliment ödəməsi və s.maddi vəziyyətindəki dəyişiklik: iş yerinin itirilməsi, əmək haqqının dəyişməsi, maddi imkanlarının artıb, azalması və s. Belə olan halda hesab edir ki, məhkəmə qətnaməsinə əsasən ondan cavabdehin xeyrinə tutulan alimentin miqdarı azaldılmalıdır ki, onun maddi vəziyyəti daha da pisləşməsin, cavabdehə aliment borcu yaranmasın və işləmədiyi müddətdə valideynlərinin köməyi ilə aliment ödəyə bilsin. Onu da qeyd edir ki, atası Qarabağ müharibəsi qazisidir, müharibə veteranıdır, anası isə evdar qadındır. Odur ki, Xaçmaz rayon məhkəməsinin 2(067)-1374/2024 saylı, 29 may 2024-cü il tarixli qətnaməsi ilə ondan cavabdehin xeyrinə tutulan alimentin miqdarının dəyişdirilərək alimentin sabit pul məbləğində 150 manat və uşaq 3 yaşa çatana qədər əlavə xərc kimi 20 manat, cəmi 170 manat miqdarında müəyyən edilməsi barədə qətnamə cıxarılmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi Nümayəndə1 iddianı müdafiə edərək və iddia ərizəsinin məzmununa uyğun izahat verməklə göstərmişdir ki, cavabdeh tərəflə Mediasiya prosesində də uşağın saxlanılması üçün hər ay yüksək məbləğdə 335 manat alimentin ödənilməsi barədə razılıq əldə olunmuş, məhkəmə qətnaməsi ilə əlavə xərclə birlikdə 335 manat alimentin tutulması qət edilmişdir. Oğlu Rafael həmin vaxtı Azərbaycan Respublikası Daxili Qoşunlarının “N” saylı hərbi hissəsində müqavilə əsasında müddətdən artıq xidmət etdiyindən və yaxşı əmək haqqı aldığından “Saziş”də göstərilən alimenti vaxtlı-vaxtında ödəmişdir. Sonradan müqavilə müddəti bitdiyinə görə oğlu işdən azad olunmuş və həmin vaxtdan da işsizdir, işlə bağlı əlaqədar orqanlara müraciət etsələr də heç bir müsbət nəticəsi olmamışdır. İddiaçı olan oğlu cavabdehlə aralarında olan mübahisəni məhkəmədən kənar həll edilməsi üçün mediasiyaya müraciət etsə də mübahisə həmin orqanda da öz həllini tapmamışdır. Hazırda ailələrində maddi vəziyyət yaxşı deyil, oğluna iş tapa bilmir, özü İİ qrup Qarabağ müharibəsi veteranıdır, qızı bir neçı aydır ki, ərindən ayrılıb 2 uşaqla onun evinə qayıdıb, həmin uşaqlara da o baxır, həyat yoldaşı işləmir. Oğlu alimenti ödəməkdən yayınmır, sadəcə olaraq hazırki vəziyyətdə göstərilən məbləğdə alimenti ödəməyə imkanları çatmır. Gələcəkdə oğluna iş tapılsa və maddi vəziyyətləri yaxşılaşsa həmin alimenti ödəyə bilərlər. Ona görə də göstərilənləri nəzərə alaraq iddianın təmin edilməsini və müəyyən edilmiş alimentin miqdarının azaldılmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi Nümayəndə2 iddianı qəbul etməyərək izahatında göstərdi ki, iş üzrə Cavabdeh onun qızıdır. Xaçmaz rayon məhkəməsinin 2(067)-1374/2024 saylı, 29 may 2024-cü il tarixli qətnaməsi ilə qızı Cavabdeh ilə İddiaçı arasındakı nikah pozulmuş, həmin məhkəmə qətnaməsi ilə qızının himayəsində yaşayan azyaşlı uşağı İncinin yetkinlik yaşına çatanadək saxlanılması üçün iddiaçıdan hər ay 235 manat sabit pul məbləğində alimentin və uşağın 3 yaşına çatanadək saxlanılması üçün əlavə olaraq 100 manat pulun tutularaq qızı Cavabdeh xeyrinə ödənilməsi qət edilmişdir. Hazırda İddiaçı məhkəmədə iddia qaldıraraq məhkəmə qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının azaldılmasını xahiş edir. O, iddia tələbini mövcud reallığı əks etdirmədiyindən əsassız hesab edir. Belə ki, Xaçmaz rayon məhkəməsi prosessual qanunvericiliyə uyğun düzgün olaraq uşağın saxlanılması üçün 3 yaşına çatanadək əlavə xərc də ümumilikdə 335 manat miqdarında aliment tələbinə dair iddalarının təmin edilməsi barədə qətnamə qəbul etmişdir. İddiaçının məhkəmə qətnaməsi ilə qət edilmiş 335 manat miqdarında aliment məbləğini ödəməyə kifayət qədər imkanları vardır. Belə ki, iddiaçı Azərbaycan Respublikası Daxili Qoşunlarında, xidmət müddətindən artıq qalaraq işləmiş, sonradan özü həmin işdən çıxmışdır. Müqavilə müddətini ona görə artırmamışdır ki, onun məqsədi oradan işdən çıxdıqdan sonra Xaçmaz rayonunda polis orqanlarında işə düzəlmək olmuşdur. İddiaçının ailəsinin 1 hektar 10 sot gilas bağları, 25 sot ayrıca fındıq bağları, 15 sot həyətyanı torpaq sahələri, ** BN *** dövlət nömrə nişanlı, “Nissan X-Trail” markalı “cip” avtomobilləri vardır. Həmin avtomobili iddiaçı özü idarə edir. İddiaçının atası təqaüd də alır. Bütün bunlara baxmayaraq iddiaçı aliment öhdəliyindən yayınmaq məqsədilə hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. Qızı və uşağı iddiaçıdan ayrıldıqdan sonra onun himayəsində yaşayır. Arvadı vəfat etmişdir. O və qızı heç bir yerdə işləmirlər və azyaşlı uşağın təminatının ödənilməsində ciddi çətinliklər vardır. Qızı orta təhsilli olmaqla yalnız körpə uşağına baxmaqla məşğuldur. Alimentin miqdarı azaldılarsa qızını və onu uşağın saxlanılmasında daha da çətin vəziyyətə sala bilər. Ona görə də iddianın əsassız olduğundan təmin olunmamasını xahiş edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh vəkili Vəkil çıxış edərək göstərmişdir ki, İddiaçı Azərbaycan Respublikası Daxili Qoşunlarında, xidmət müddətindən artıq qalaraq işləmiş, sonradan özü həmin işdən çıxmışdır. İstəsəydi həmin işini xidmət müddətini artıraraq davam etdirə bilərdi. Ölkədə və hərbi xidmətdə Dövlət tərəfindən buna kifayət qədər imkanlar yaradılmışdır. Digər tərəfdən iddiaçı cavan olmaqla kifayət qədər fiziki cəhətdan sağlamdır, istədiyi yerdə işləyib qazanc əldə edə bilər, onda olan məlumata əsasən iddiaçı yalnız polis orqanlarda işləmək istədiyindən həmin işə qayıtmaq istəmir. İddiaçının və ailəsinin məhkəmə qətnaməsi ilə qət edilmiş 335 manat miqdarında aliment məbləğini ödəməyə kifayət qədər imkanları vardır. Ailənin ümumi istifadəsində 1 hektar 10 sot gilas bağları, 25 sot ayrıca fındıq bağları, 15 sot həyətyanı torpaq sahələri, ** BN *** dövlət nömrə nişanlı, “Nissan X-Trail” markalı “cip” tipli avtomobilləri vardır. Avtomobili iddiaçı özü idarə edir. İddiaçının atası 600 manat təqaüd də alır. Torpaq sahələrindən ailə istifadə etməklə yığdıqları bağ məhsullarından kifayət qədər gəlir əldə edirlər. Gəlirləri kifayət qədər olduğuna görə iddiaçı haradasa iş tapmağa ehtiyac duymur. Ona görə də hesab edir ki, verilmiş iddia tələbi və əsasları mövcud reallığı əks etdirmir və qeyri-obyektiv olduğundan iddianın rədd olunmasını xahiş edir. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını, cavabdehin vəkilinin çıxışını dinləyib, mülki iş materiallarını hərtərəfli tədqiq edərək belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Xaçmaz rayon məhkəməsinin qanuni qüvvəsini almış 29 may 2024-cü il tarixli, 2(067)-1374/2024 saylı qətnaməsindən görünür ki, İddiaçı ilə Cavabdeh 27 iyul 2022-ci ildə rəsmi nikah qeyd etdirməklə evlənmişlər. Tərəflərin birgə nikahlarından 04 aprel 2023-cü ildə İnci adlı bir nəfər uşaqları anadan olmuşdur. Məhkəmənin qeyd olunan qətnaməsi ilə tərəflər arasındakı nikah pozulmuş, birgə nikahdan olan 04 aprel 2023-cü il təvəllüdlü İnci anası Cavabdeh himayəsində saxlanılmış, azyaşlı uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün X2 hər ay sabit pul məbləğində 235 manat miqdarında alimentin, uşaq 3 yaşına çatanadək əlavə xərc olaraq 100 manat pulun tutularaq Cavabdeh xeyrinə ödənilməsi qət edilmişdir. İş materiallarında olan hərbi biletin surətindən görünür ki, İddiaçı Azərbaycan Respublikası DİN-nin Daxili qoşunlarında müddətdən artıq hərbi xidmətdə olmuşdur. “Elektron məhkəmə” informasiya sistemində olan Cavabdeh İddiaçı qarşı məhkəmənin icraatında olaraq yekun məhkəmə aktı çıxarılmış nikahın pozulması və aliment tələbinə dair mülki işin icra qurumu bölməsinə aid hissəsindəki məlumatdan görünür ki, Cavabdeh İddiaçı aliment tələbinə dair icra sənədi 02 iyul 2024-cü il tarixdə Xaçmaz rayon İcra və Probasiya şöbəsində 02 iyul 2024-cü il tarixdə icraata qəbul edilmişdir. İş materiallarında olan xx.xx.2007-ci il tarixli, 410955 nömrəli vəsiqənin surətindən görünür ki, iddiaçının atası Nümayəndə1 İİ qrup Qarabağ müharibəsi əlili olmaqla təqaüd alır. İş materiallarında olan Torpağa mülkiyyət hüququna dair JN-2750 seriyalı, 30209018 kodlu dövlət aktının surətindən görünür ki, Xaçmaz rayon Aqrar İslahat Komissiyasının 30 dekabr 1996-cı il tarixli, 12 saylı qərarına əsasən iddiaçının atası Nümayəndə1 və digər ailə üzvlərinin paylı olaraq mülkiyyətlərinə Xaçmaz rayonunun Yergüc kəndi ərazisindən 1,08 ha pay torpaq sahəsi verilmişdir. İş materiallarında olan Torpağın mülkiyyətə verilməsinə dair JN-2750 seriyalı, 30229018 kodlu şəhadətnamənin surətindən görünür ki, Xaçmaz rayon Aqrar İslahat Komissiyasının 30 dekabr 1996-cı il tarixli, 12 saylı qərarına əsasən Nümayəndə1 və digər ailə üzvlərinin paylı olaraq mülkiyyətlərinə Xaçmaz rayonunun Yergüc kəndi ərazisindən 0,40 ha həyətyanı torpaq sahəsi verilmişdir. İş materiallarında olan Torpağın mülkiyyətə verilməsinə dair JN-2750A seriyalı, 30229018 kodlu digər şəhadətnamənin surətindən görünür ki, Xaçmaz rayon Aqrar İslahat Komissiyasının 30 dekabr 1996-cı il tarixli, 12 saylı qərarına əsasən Nümayəndə1 və digər ailə üzvlərinin paylı olaraq mülkiyyətlərinə Xaçmaz rayonunun Yergüc kəndi ərazisindən 0,08 ha həyətyanı torpaq sahəsi verilmişdir. İş materiallarında olan 03 fevral 2023-cü il tarixli, AZ-İİ seriyalı, 330967 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh anası X4 24 yanvar 2023-cü il tarixdə vəfat etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İİ hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. “Uşaq Hüquqları haqqında” BMT-nin 20 noyabr 1989-cu il tarixli Konvensiyasının 3cü maddəsinə əsasən, Sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, habelə məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları tərəfindən həyata keçirilib-keçirilməməsindən asılı olmayaraq uşaqlar barəsində keçirilən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilir. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikasının Qanununun 19-cu maddəsinə görə uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifəsidir. 18-ci maddəsinə əsasən uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər daşıyırlar. «Uşaq hüquqları Bəyannaməsi»nin 2 saylı prinsipinə görə uşaq qanunla və digər vasitələrlə sosial müdafiə ilə təmin olunmalı, onun fiziki, əqli, mənəvi, ruhi və sosial baxımdan sağlam və normal yolla azadlıq və ləyaqət şəraitində inkişaf etməsinə imkan verən əlverişli şəraitlə təmin edilməlidir. Həmin Bəyannamənin 4 saylı prinsipinə əsasən uşaq sosial təminatın faydalığından istifadə etməlidir. O, sağlam böyümək və inkişaf etmək hüququna malik olmalıdır, bu məqsədlə o, doğumdan əvvəl və sonra müvafiq qulluq daxil olmaqla, xüsusi qulluq və mühafizə ilə təmin olunmalıdır. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun: 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır; 19-cu maddəsinə əsasən uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin Azərbaycan 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa məcburdurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) məlikəmə qaydasında tutulur. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən, bu payların miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik-yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri müntəzəm, dəyişən olarsa ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm də sabit pul məbləğində müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən alimentin ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəflərdən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. Başqa sözlə, alimentin məbləği ən azından Azərbaycan Respublikasında qüvvədə olan yaşayış minimumu normasına uyğun gəlməlidir. Azərbaycan Respublikasının "Yaşayış minumumu haqqında" Qanununun 1.0.2-ci maddəsinə əsasən, yaşayış minimumu- minimum istehlak səbətinin dəyəri və icbari ödənişlərin cəmindən ibarət sosial normadır. Həmin Qanunun 1.0.1-ci maddəsinə əsasən, minimum istehlak səbəti- insanın sağlamlığının və həyat fəaliyyətinin minimum səviyyəsi üçün zəruri olan ərzaq, qeyri-ərzaq malları və xidmətlərinin elmi normalar əsasında müəyyən edilmiş toplusudur. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 27 iyul 2016-cı il tarixli Qərarına əsasən belə hesab edilmişdir ki, Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Bu Qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə, həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. 84.1-сi maddəsinə əsasən ər və arvad bir-birinə maddi cəhətdən kömək etməlidirlər. 84.2.2-сi maddəsinə əsasən hamiləliyi dövründə və ümumi uşaqlarının doğulduğu gündən üç il ərzində arvad, maddi köməyin göstərilməsindən imtina edildikdə və ər-arvad arasında alimentin ödənilməsi barədə saziş olmadıqda buna zəruri vəsaitə malik olan digər tərəfin aliment ödəməsini məhkəmə qaydasında tələb etmək hüququna malikdir. 85.1.1-сi maddəsinə əsasən hamiləlik dövründə və ümumi uşaqlarının doğulduğu gündən 3 il ərzində keçmiş arvad nikah pozulduqdan sonra məhkəmə qaydasında buna zəruri vəsaitə malik olan keçmiş ərdən aliment ödəməyi tələb etmək hüququna malikdir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 28 mart 2016-cı il tarixli 8-2/2016 nömrəli Qərarının 8.2-ci bəndi ilə məhkəmələrə izah edilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən 2024-ci il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Qanunun mənasına görə heç bir yerdə işləməmək, az gəlir etmək, yaxud, digər əsaslar valideynləri öz uşaqlarını saxlamaq vəzifəsindən azad etmir. Göstərilən hallar ancaq alimentin miqdarının müəyyən edilməsində nəzərə alına bilər. Alimentin ödənilməsi valideynlərə öz şəxsi istehlak tələbatlarının, ehtiyaclarının ödənilməsinə mane olsa belə, valideynlər mənbəyindən asılı olmayaraq öz qazanclarını uşaqları ilə bölüşdürməyə borcludurlar. Uşaqların saxlanılması valideynlərin mənəvi borcu olmaqla yanaşı həm də vacib hüquqi vəzifələridir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 50.2.-ci maddəsinə əsasən valideynlərinin nikahının pozulması və ya etibarsız sayılması, valideynlərinin ayrı yaşaması uşağın hüquqlarına təsir etmir. Həmin Məcəllənin 58.2.-ci maddəsinə əsasən valideynlər uşaqlarının tərbiyəsinə, sağlamlığına və onların psixi, fiziki, mənəvi inkişafına görə məsuliyyət daşıyırlar. Ona görə də məhkəmə hesab edir ki, iddiaçının alimentin miqdarının azaldılması barədə iddasının əsası kimi hazırda hazırda işləməməsi, işləməməsinə görə az gəlir əldə etməsi səbəbindən müəyyən edilmiş məbləğdə alimenti ödəyə bilməyəcəyi və bu kimi irəli sürdüyü dəlillər alimentin məbləğinin azaldılması üçün əsas ola bilməz. Alimentin məbləğinin azaldılması isə uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi kimi mənafelərinə zidd olaraq zərər yetirə bilər. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Beləliklə məhkəmə bütün yuxarıda qeyd olunanları, eləcə də Azərbaycan Respublikasının Ailə Məcəlləsinin tələblərini və digər hüquq normalarını rəhbər tutaraq belə hesab edir ki, Xaçmaz rayon məhkəməsinin 2(067)-1374/2024 saylı, 29 may 2024-cü il tarixli qətnaməsi ilə düzgün hüquqi nəticəyə gəlinərək valideynlərin ailə və maddi vəziyyəti, əsasən də uşağın mənafeyi, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla 04 aprel 2023-cü ildə anadan olmuş X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün iddiaçı X1 hər ay sabit pul məbləğində 235 manat miqdarında alimentin, uşaq 3 yaşına çatanadək əlavə xərc olaraq 100 manat pulun tutularaq hazırki iş üzrə Cavabdeh xeyrinə ödənilməsi barədə obyektiv qərar qəbul olunmuşdur. Ona görə də belə olan halda məhkəmə bütün yuxarıda göstərilən halları nəzərə alaraq hesab edir ki, hazırki vəziyyətdə yuxarıda istinad olunan məhkəmə qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı azaldıla bilməz və bu hal azyaşlı uşağın mənafeyinə zidd olduğundan iddia rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İddiaçı Cavabdeh qarşı “Alimentin miqdarının azaldılması tələbi”nə dair iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən qanunla müəyyən edilmiş qaydada şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Xıdır Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar