Məhkəmə qərarları › İş №2(067)-3185/2024

Xaçmaz Rayon Məhkəməsi Qərardad — İş №2(067)-3185/2024

11.10.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xaçmaz şəhəri İş № 2(067)-3185/2024 11.10.2024 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Xaçmaz Rayon Məhkəməsinin hakimi Qasımova Vüsalə Yadigar qızı, İddiaçı Şahbala oğlunun cavabdeh X2 qarşı “uşağın yaşayış yerinin müəyyən olunması, aliment ödəməkdən azad edilmə və yığılan borcun silinməsi” tələbinə dair iddia ərizəsinə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Şahbala oğlu ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlə rəsmi nikahlarından xx.xx.2006-cı il təvəllüdlü X1 yaşayış yerinin onun yanında olmasını müəyyən etməklə himayəsinə verilməsi və onu 2(067)-2016/2013 saylı, 27 dekbar 2013-cü il tarixli qətnaməsində övladına münasibətdə olan hər ay bir uşağın yetkinlik yaşına çatana kimi saxlanılması üçün ödənilən 70 manat məbləğində aliment ödəməkdən azad edilməyi və yığılmış 7560 manat məbləğində aliment pulunun silinməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə, iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, həmin ərizə və sənədlər geri qaytarılmalıdır. Belə ki, iddia ərizəsində tələb aydın göstərilməmiş, qeyri-müəyyənliyə yol verilmiş, iddiaçı tələblərinin konkret nədən ibarət olmasını iddia ərizəsində və “xahiş etdi” hissəsində qeyd etməmişdir. Bundan başqa iddiaçı iddia ərizəsində bir biri ilə əlaqədar olmayan bir neçə tələbi birləşdirməklə məhkəmədə iddia qaldırmışdır. İş materiallarında olan arayışdan görünür ki, xx.xx.2006-cı il təvəllüdlü X3 artıq yetkinlik yaşına çatmışdır. Belə olan halda yetkinlik yaşına çatmış şəxsin yaşayış yerinin müəyyən olunmasına dair işə məhkəmədə baxılması yolverilməzdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçının hazırki halda yetkinlik yaşına çatmış uşağının yaşayış yerinin müəyyən olunması ilə aliment ödəməkdən azad edilmə və aliment borcunun silinməsinə dair iddiasına bir icraatda baxıla bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 149.2.2-ci maddəsinə əsasən iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları) ərizədə göstərilməlidir. - 149.2.3-cü maddəsinə əsasən iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb ərizədə göstərilməlidir. -152.1.7-ci maddəsinə əsasən bir və ya bir neçə cavabdehə bir-biri ilə əlaqədar olmayan bir neçə tələb birləşdirildikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. - 151.1-ci maddəsinə əsasən ərizə iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. - 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. - 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. - 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. Mülki iş materiallarından görünür ki, ərizəyə 50 manat dövlət rüsumunun ödənilməsi barədə qəbz əlavə edilmişdir. Beləliklə, məhkəmə hesab edir ki, iddia ərizəsi məhkəməyə verilərkən MPM-nin tələbləri pozulduğundan, həmin Məcəllənin 152.1.1-ci və 152.1.7-ci maddəsinə əsasən iddia ərizəsi geri qaytarılmalı, iddiaçıya bu nöqsanlar aradan qaldırıldıqdan sonra yenidən məhkəməyə müraciət etmək hüququ izah olunmalı və həmin iddiaya görə ödənilmiş dövlət rüsumu dövlət büdcəsindən iddiaçıya geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151-152, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Şahbala oğlunun cavabdeh X2 qarşı “uşağın yaşayış yerinin müəyyən olunması, aliment ödəməkdən azad edilmə və yığılan borcun silinməsi” tələbinə dair ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. xx.xx.2024-cü il tarixdə 2177 №-li qəbzlə ödənilmiş 50 manat məbləğində dövlət rüsumu geri qaytarılsın. Ərizəçiyə göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra yenidən ümumi qaydada məhkəməyə müraciət etmək hüququ izah olunsun. Qərardaddan onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Xaçmaz Rayon Məhkəməsinə şikayət verilə bilər Hakim: Vüsalə Qasımova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar