Məhkəmə qərarları › İş №2(067)-3306/2023

Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-3306/2023

15.12.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-3306/2023 15.12.2023 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Abiyeva Nərmin Mirhəsən qızının sədrliyi, Məhkəmə iclas katibi X7, İddiaçı nümayəndəsi Nümayəndə1, Cavabdeh və onun nümayəndəsi Nümayəndə2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı «Sabit pul məbləğində müəyyən edilmiş alimentin miqdarının artırılması tələbi»nə dair mülki işə məhkəmə binasında acıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiacı İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək yetkinlik yaşına çatmayan uşaqları- xx.xx.2009-cu il təvəllüdlü X5, xx.xx.2012-ci il təvəllüdlü X4 və xx.xx.2017-ci il təvəllüdlü X2 üçün müəyyən edilmiş alimentin miqdarının dəyişdirilərək Cavabdeh uşaqların yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay sabit pul məbləğində hər uşağa görə 220 manat olmaqla cəmi 660 manat miqdarında alimentin və 55 manat mediasiya xərcinin tutularaq ona verilməsi barədə qətnamə cıxarılmasını xahiş etmişdir. İddiacı İddiaçı iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh yetkinlik yaşına çatmayan uşaqları- xx.xx.2009-cu il təvəllüdlü X5, xx.xx.2012-ci il təvəllüdlü X4 və xx.xx.2017-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay sabit pul məbləğində hər uşağa görə 235 manat olmaqla cəmi 705 manat miqdarında alimentin və 55 manat mediasiya xərcinin tutularaq ona verilməsi barədə qətnamə cıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında dindirilən iddiacı İddiaçı nümayəndəsi Nümayəndə1 iddianı hazırki həcmdə müdafiə edərək izahatında göstərdi ki, İddiaçı onun qızıdır. Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(067)-1505/2022 saylı qətnaməsinə əsasən İddiaçı ilə Cavabdeh arasındakı nikah pozulmuş, cavabdehdən xx.xx.2009-cu il təvəllüdlü X5, xx.xx.2012-ci il təvəllüdlü X4 və xx.xx.2017-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa görə 170 manat məbləğində alimentin tutularaq iddiaçıya verilməsi qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin qətnaməsi ilə uşaqların saxlanılması üçün hər ay hər uşağa görə 150 manat məbləğində alimentin tutularaq iddiaçıya verilməsi qət edilmişdir. İddiaçı ilə qalan uşaqlar orta təhsil müəssisəsində təhsil alırlar. Təhsil almaq üçün onlar dərs vəsaitləri, geyimlə və digər ədəbiyyatla təmin edilir, nəqliyyat vasitəsindən istifadə edirlər. Digər tərəfdən, hər üç uşağın yaşayışının təminatı da bu tələblərin həyata keçirilməsi pul vəsaiti tələb edir. Həmin xərclər hazırki zamanda cavabdehin ödədiyi alimentin məbləğini bir neçə dəfə aşır. Hesab edirlər ki, hazırki vəziyyətdə xx.xx.2009-cu il təvəllüdlü X5, xx.xx.2012-ci il təvəllüdlü X4 və xx.xx.2017-ci il təvəllüdlü X1 üçün hər ay 235 manat məbləğində aliment tutularaq iddiaçıya verilməlidir. Cavabdeh tərəflə yetkinlik yaşma çatmayan uşaqlara görə aliment ödənilməsi barədə razılıq əldə olunmamışdır. Cavabdeh Azərbaycan Respublikasının Dövlət Neft Şirkətində daimi işləyir. Bundan başqa, ona məxsus kənd təsərrüfatı təyinatlı 02 ha torpaq sahəsi fındıq bağ sahəsidir. Cavabdehin aylıq əmək haqqısı təxminən 1500 manat, kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən isə illik xeyli gəlir əldə edir. Göstərilənlərə əsasən iddia hazırki həcmdə təmin edilməklə Cavabdeh yetkinlik yaşına çatmayan uşaqları- xx.xx.2009-cu il təvəllüdlü X5, xx.xx.2012-ci il təvəllüdlü X4 və xx.xx.2017-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay sabit pul məbləğində hər uşağa görə 235 manat olmaqla cəmi 705 manat miqdarında alimentin və 55 manat mediasiya xərcinin tutularaq İddiaçı verilməsi barədə qətnamə cıxarılmasını xahiş edir. Məhkəmə iclasında dindirilən Cavabdeh iddianı qəbul etməyərək göstərdi ki, İddiaçı ilə aralarındakı rəsmi nikah Xaçmaz rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə pozulmuş, birgə nikahdan olan uşaqları xx.xx.2009-cu il təvəllüdlü X9, xx.xx.2012-ci il təvəllüdlü X8 və xx.xx.2017-ci il təvəllüdlü X6 iddiaçının himayəsində saxlanılmış və uşaqların saxlanılması üçün ondan hər ay sabit pul məbləğində hər bir uşaq üçün 170 manat miqdarında alimentin tutlaraq iddiaçıya verilməsi qət edilmişdir. O, Xaçmaz rayon əhkəməsinin həmin qətnaməsindən apellyasiya şikayəti vermiş və onun apellyasiya şikayəti qismən təmin edilməklə 170 manat alimentin məbləği azaldılaraq hər uşağa 150 manat müəyyən edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin qətnaməsi ilə qət edilmişhər uşağa 150 manat olmaqla ümumilikdə 450 manat aliment məbləğini çox çətinliklə ödəyir. Belə ki, o, Xəzər dəniz X13 Səhmdar Cəmiyyətində mühərrikçi işləməklə aylıq əmək haqqı 1000 manat təşkil edir, 450 manat aliment ödəməkdən əlavə ayda 610 manat kredit ödənişi də vardır. Digər gəlir yeri də yoxdur. Digər tərəfdən onun keçmiş arvadı İddiaçı və bacısı başqa kişilərlə görüşməklə pozğun həyat tərzi keçirirlər. Hesab edir ki, artırılacaq aliment məbləğini də belə bir valideyn uşaqlarına xərcləməyəcəkdir. Ona görə də iddia tələbinin təmin olunmamasını xahiş edir. Məhkəmə iclasında dindirilən Cavabdeh nümayəndəsi Nümayəndə2 eyni məzmunlu izahat verərərk iddianın təmin olunmamasını xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, mülki iş materiallarını hərtərəfli tədqiq edərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan Xaçmaz rayon məhkəməsinin qanuni qüvvəsini almış 14 sentyabr 2022-ci il tarixli, 2(067)-1505/2022 saylı qətnaməsinin surətindən görünür ki, İddiaçı ilə Cavabdeh 22 avqust 2008-ci ildə rəsmi nikah qeyd etdirməklə evlənmişlər. Onların birgə nikahlarından xx.xx.2009-cu il təvəllüdlü X9, xx.xx.2012-ci il təvəllüdlü X8 və xx.xx.2017-ci il təvəllüdlü X6 adı 3 nəfər uşaqları anadan olmuşdur. Məhkəmənin qeyd olunan qətnaməsinə əsasən tərəflər arasındakı nikah pozulmuş, cavabdehdən 3 uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa görə 170 manat məbləğində alimentin tutularaq iddiaçıya verilməsi qət edilmişdir. İş materiallarında olan Sumqayıt Apellyasiya məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(105)-252/2023 saylı qətnaməsindən görünür ki, Sumqayıt Apellyasiya məhkəməsinin qeyd olunan qətnaməsinə əsasən Xaçmaz rayon məhkəmsinin xx.xx.2022-ci il tarixli, 2(067)-1505/2022 saylı qətnaməsi cavabdehin apellyasiya şikayəti əsasında alimentə aid hissədə qismən dəyişdirilərək Cavabdeh yetkinlik yaşına çatmayan uşaqları- xx.xx.2009cu il təvəllüdlü X5, xx.xx.2012-ci il təvəllüdlü X4 və xx.xx.2017-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay sabit pul məbləğində hər uşağa görə 150 manat olmaqla cəmi 450 manat miqdarında alimentin tutularaq iddiacı İddiaçı verilməsi qət edilmişdir. İş materiallarında olan 27 iyul 2023-cü il tarixli ödəniş qəbzindən görünür ki, İddiaçı Qusar 1 saylı Mediasiya Təşkilatına xidmət haqqı olaraq 55 manat rüsum ödəmişdir. Aparılmış məhkəmə araşdırmaları nəticəsində müəyyən edildi ki, İddiaçı ilə Cavabdeh İddiaçı ilə Cavabdeh 22 avqust 2008-ci ildə rəsmi nikah qeyd etdirməklə evlənmişlər. Onların birgə nikahlarından xx.xx.2009-cu il təvəllüdlü X9, xx.xx.2012-ci il təvəllüdlü X8 və xx.xx.2017-ci il təvəllüdlü X6 adı 3 nəfər uşaqları anadan olmuşdur. Xaçmaz rayon məhkəmsinin xx.xx.2022-ci il tarixli, 2(067)-1505/2022 saylı qətnaməsinə əsasən tərəflər arasındakı nikah pozulmuş, birgə nikahdan olan uşaqlar iddiaçının himayəsində saxlanılmış, cavabdehdən 3 uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa görə 170 manat məbləğində alimentin tutularaq iddiaçıya verilməsi qət edilmişdir. Sumqayıt Apellyasiya məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(105)- 252/2023 saylı qətnaməsinə əsasən Xaçmaz rayon məhkəmsinin xx.xx.2022-ci il tarixli, 2(067)-1505/2022 saylı qətnaməsi cavabdehin verdiyi apellyasiya şikayəti əsasında alimentə aid hissədə qismən dəyişdirilərək Cavabdeh yetkinlik yaşına çatmayan uşaqlarıxx.xx.2009-cu il təvəllüdlü X5, xx.xx.2012-ci il təvəllüdlü X4 və xx.xx.2017-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay sabit pul məbləğində hər uşağa görə 150 manat olmaqla cəmi 450 manat miqdarında alimentin tutularaq iddiacı İddiaçı verilməsi qət edilmişdir. Hazırda İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək himayəsində olan uşaqları xx.xx.2009-cu il təvəllüdlü X9, xx.xx.2012-ci il təvəllüdlü X8 və xx.xx.2017-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün müəyyən edilmiş alimentin miqdarının artırılaraq Cavabdeh hər ay sabit pul məbləğində 220 manat miqdarında alimentin tutularaq ona verilməsi barədə qətnamə cıxarılmasını xahiş etmiş, iddiasnın həcmini artıraraq cavabdehdən xeyrinə 3 uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün hər uşaq üçün 235 manat olmaqla cəmi 705 manat miqdarında alimentin və və 55 manat mediasiya xərcinin tutulmasını xahiş edir. İddiaçının izahatından aydın olmuşdur ki, onunla cavabdeh arasında alimentin ödənilməsinə dair saziş yoxdur. Məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı uşağın saxlanılması üçün kifayət etmir. Cavabdeh isə uşağın saxlanılması üçün ona əlavə heç bir köməklik göstərmir. Buna görə də alimentin miqdarının artırılmasını məhkəmədən xahiş edir. Cavabdehin izahatından aydın olmuşdur ki, iddiaçı ilə onun arasında alimentin ödənilməsinə dair saziş yoxdur. İddiaçı tərəfindən hazıda tələb olunan hər uşağa 235 manat miqdarında alimentin ödənilməsi onun maddi imkanları xaricindədir. Göstərilənlərə əsasən, iddianın təmin olunmamasını xahiş edir. Azərbaycan Respublikasının Konstitusiyasının 17-ci maddəsinin İİ hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması ücün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm də sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Məhkəmə tərəflərdən iddiaçının maddi vəziyyətində dəyişikliyin baş verdiyini müəyyən etmişdir. Belə ki, iddiaçının izahatından və iş materiallarında olan Sumqayıt Apellyasiya məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(105)-252/2023 saylı qanuni qüvvəyə minmiş qətnaməsindən müəyyən olunur ki, həmin qətnaməyə əsasən cavabdehdən xx.xx.2009-cu il təvəllüdlü X9, xx.xx.2012-ci il təvəllüdlü X8 və xx.xx.2017-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 150 manat məbləğində aliment ödəyir. Qeyd edilən aliment miqdarının müəyyən edildiyi ildən istehlak mallarının qiymətində bahalaşma müşayiət olunduğundan, 150 manat məbləğində aliment miqdarı istehlak bazarında mövcud olan real qiymətlərə uzlaşmır və uşaqların minimal tələbatının ödənilməsi üçün kifayət deyildir. Cavabdeh tərəfindən ödənilən hər uşağa 150 manat məbləğində alimentin miqdarı «Yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının Qanununun müddəaları ilə də uzlaşmır. Belə ki, 09 dekabr 2022-ci ildə qəbul edilmiş, 01 yanvar 2023-cü il tarixdən qüvvəyə minmiş «Yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının Qanununun müddəalarına əsasən 2023-cü il üçün yaşayış minimumu uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikasının 19 may 1998-ci il tarixli Qanununun 19-cu maddəsinə görə uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifəsidir. Həmin Qanunun 13-cü maddəsində isə imperativ qayda müəyyən edilmişdir ki, uşağın minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. «Uşaq hüquqları haqqında» BMT-in 12 noyabr 1989-cu il tarixli Konvensiyasının 18ci maddəsinə əsasən uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər daşıyırlar. «Uşaq hüquqları Bəyannaməsi»nin 2 saylı prinsipinə görə uşaq qanunla və digər vasitələrlə sosial müdafiə ilə təmin olunmalı, onun fiziki, əqli, mənəvi, ruhi və sosial baxımdan sağlam və normal yolla azadlıq və ləyaqət şəraitində inkişaf etməsinə imkan verən əlverişli şəraitlə təmin edilməlidir. Həmin Bəyannamənin 4 saylı prinsipinə əsasən uşaq sosial təminatın faydalılığından istifadə etməlidir. O, sağlam böyümək və inkişaf etmək hüququna malik olmalıdır, bu məqsədlə o, doğumdan əvvəl və sonra müvafiq qulluq daxil olmaqla, xüsusi qulluq və mühafizə ilə təmin olunmalıdır. Məhkəmə belə hesab edir ki, qanunun mənasına görə heç bir yerdə işləməmək, az gəlir etmək, yaxud digər əsaslar valideynləri öz uşaqlarını saxlamaq vəzifəsindən azad etmir. Göstərilən hallar ancaq alimentin miqdarının müəyyən edilməsində nəzərə alına bilər. Alimentin ödənilməsi valideynlərə öz şəxsi istehlak tələbatlarının, ehtiyaclarının ödənilməsinə mane olsa belə, valideynlər mənbəyindən asılı olmayaraq öz qazanclarını uşaqları ilə bölüşdürməyə borcludurlar. Uşaqların saxlanılması valideynlərin mənəvi borcu olmaqla yanaşı həm də vacib hüquqi vəzifələridir. Məhkəmə hesab edir ki, Sumqayıt Apellyasiya məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(105)-252/2023 saylı qətnaməsinə əsasən cavabdehdən xx.xx.2009-cu il təvəllüdlü X9, xx.xx.2012-ci il təvəllüdlü X8 və xx.xx.2017-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 150 manat sabit məbləğdə alimentin tutulması qət edilməklə, cavabdehin hər ay hər bir uşağa 150 manat aliment ödəməsinə baxmayaraq, 2023-cü il üçün yaşayış minimumu uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. İstehlak qiymətlərinə əsaslanan bu qiymətləndirmə isə İddiaçı maddi vəziyyətində dəyişikliyin baş verməsinə şübhəsiz ki, səbəb olmuşdur. Göstərilən hallar isə məhkəmə tərəfindən nəzərə alınmaya bilməz. Mahiyyət etibarı ilə valideynlərlə uşaqların münasibətlərində aliment institutunun mövcudluğunun qanunverici tərəfindən tanınması ilk növbədə və birmənalı olaraq uşaqların mənafelərinin qorunmasına yönəlmişdir. Ailə Məcəlləsinin 78.2-ci maddəsində də bu məqsəd öz əksini taparaq qeyd olunmuşdur ki, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilməlidir. Azərbaycan Respublikas MPM-nın 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Ancaq hazırki qətnamə üzrə alimentin tutulmasının əvvəli «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynləridən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli, 8-2/2016 №-li qərarının 8.14-cü maddəsinə əsasən qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Beləliklə, məhkəmə bütün yuxarıda şərh edilib göstərilənləri və Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsini rəhbər tutaraq belə hesab edir ki, Sumqayıt Apellyasiya məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(105)-252/2023 saylı qətnaməsinə əsasən xx.xx.2009-cu il təvəllüdlü X9, xx.xx.2012-ci il təvəllüdlü X8 və xx.xx.2017-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə müəyyən edilmiş aliment məbləğinin miqdarı dəyişdirilməli, valideynlərin və uşağın ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan digər maraqları nəzərə alınaraq, iddia qismən təmin edilməklə xx.xx.2009-cu il təvəllüdlü X9, xx.xx.2012-ci il təvəllüdlü X8 və xx.xx.2017-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay sabit pul məbləğində hər bir uşaq üçün 190 manat miqdarında aliment tutularaq İddiaçı verilməlidir. Əlavə olaraq cavabdehdən iddiaçı tərəfindən Qusar 1 saylı Mediasiya Təşkilatına xidmət haqqı olaraq 55 manat alınaraq iddiaçıya verilməlidir. Alimentin tutulmasının əvvəli məhkəmə qətnaməsi qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 112.1, 112.1.3-cü maddələrinə əsasən iddianın qiyməti aliment alınması haqqındakı iddialarda- bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 500 manatdan çox olduqda məhkəməyə verilən iddia ərizələrinə görə 30 manat+1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu ödənilir. Məhkəmə hesab edir ki, Cavabdeh bir il ərzində ödəməli olduğu alimentin məcmusu 500 manatdan çox olduğundan ondan müəyyən olunmuş 30 manat məbləğində dövlət rüsumu tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Sumqayıt Apellyasiya məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(105)-252/2023 saylı qətnaməsinə əsasən xx.xx.2009-cu il təvəllüdlü X9, xx.xx.2012-ci il təvəllüdlü X8 və xx.xx.2017-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması ücün müəyyən olunmuş alimentin məbləği dəyişdirilsin. xx.xx.1985-ci ildə Xaçmaz rayonunun Şərif-oba kəndində anadan olmuş, daimi qeydiyyat və yaşayış ünvanı Xaçmaz rayonunun Şərif-oba kəndi olan Cavabdeh xx.xx.2009-cu il təvəllüdlü X9, xx.xx.2012-ci il təvəllüdlü X8 və xx.xx.2017-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması ücün hər ay sabit pul məbləğində 190 (bir yüz doxsan) manat miqdarında aliment tutularaq İddiaçı verilsin. Əlavə olaraq Cavabdeh İddiaçı tərəfindən Qusar 1 saylı Mediasiya Təşkilatına xidmət haqqı olaraq 55 manat alınaraq İddiaçı və aliment iddiasına görə müəyyən olunmuş 30 manat dövlət rüsumu alınıb dövlət nəfinə verilsin. İddia qalan hissədə təmin edilməsin. Alimentin tutulmasının əvvəli məhkəmə qətnaməsi qanuni qüvvəyə mindiyi gündən hesablansın. Qətnamənin surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Xaçmaz rayon məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Nərmin Abiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar