Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-332/2025 27.01.2025 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Aynur Məhəmməd qızının sədrliyi, məhkəmə iclas katibi Həsənli Rövşən Xudat oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı valideynin uşağa görə əlavə xərclərdə iştiraka cəlb olunması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı məhkəmədə iddia qaldıraraq Cavabdeh Rafık oğlundan onun təhsili üçün hər il ödənilən 1800 manat pulun 4 il ərzində təşkil etdiyi 7200 manat pulun yarı hissəsi 3600 manat pulun, kirayə haqqı olaraq hər ay ödənilən 200 manat pulun yarı hissəsi olan hər ay 100 manat pulun, dərs ləvazimatlarının alınmasına, qidalanmasına və geyinməyinə hər ay 300 manat pulun yarı hissəsi olan hər ay 150 manat pulun, habelə ödənilmiş 55 manat mediasiya xərcinin və hüquqi yardıma görə ödənilmiş 320 manat pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Xaçmaz rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(067)-2973/2022 saylı qətnaməsi ilə anası X3 atası Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair iddiası qismən təmin edilərək onun və xx.xx.2009-cu il təvəllüdlü qardaşı X1 üçün anasının xeyrinə hər biri üçün 170 manat aliment təyin olunmuşdur. Onun 18 yaşı tamam olduğuna görə ona münasibətdə cavabdehin aliment öhdəliklərinə xitam verilmişdir. O, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialında “Azərbaycan dili və ədəbiyyatı müəllimliyi” ixtisasının əyani təhsilalma forması üzrə ödənişli əsaslarla təhsil alır. İllik təhsil haqqı 1800 manatdır. Təhsili ilə əlaqədar Quba şəhərində kirayədə qalır, aylıq kirayə haqqı 200 manatdır. Bundan başqa dərs ləvazimatlarının alınmasına, qidalanmasına və geyinməyinə hər ay orta hesabla 300 manat vəsait xərcləyir. Tələb olunan vəsaitin yarı hissəsindən çoxunu anası X6 təmin edir. Digər valideyni olan cavabdeh isə valideyn olaraq həmin xərcin yarı hissəsini ödəməlidir. Məhkəmə iclasında iddiaçı tərəf iddianı müdafiə edərək göstərmişdir ki, iddiaçının 18 yaşı tamam olduğuna görə ona münasibətdə cavabdehin aliment öhdəliklərinə xitam verilmişdir. İddiaçı Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialında “Azərbaycan dili və ədəbiyyatı müəllimliyi” ixtisasının əyani təhsilalma forması üzrə ödənişli əsaslarla təhsil alır. İllik təhsil haqqı 1800 manatdır. Təhsili ilə əlaqədar kirayədə qalır, aylıq kirayə haqqı 200 manatdır. Bundan başqa dərs ləvazimatlarının alınmasına, qidalanmasına və geyinməyinə hər ay orta hesabla 300 manat vəsait xərcləyir. Tələb olunan vəsaitin yarı hissəsindən çoxunu iddiaçının anası təmin edir. Digər valideyni olan cavabdeh də valideyn olaraq həmin xərcin yarı hissəsini ödəməlidir. İddiaçının əlilliyi, xəstəliyi yoxdur, ödənişli təhsil aldığı üçün işləyə bilmir. Məhkəmə iclasında cavabdeh iddianı qəbul etməyərək göstərmişdir ki, bu vaxta qədər uşaqların alimentini vaxtında ödəmişdir, hazırda işdən ixtisar olunmuşdur. İddiaçı 18 yaşına çaddığı üçün alimentin tutulması kəsilib. Uşaqları küçədə onunla üz-üzə gələndə yaxınlaşmırlar. Uşaqların analarının valideynləri onu uşaqlarına yad adam kimi təqdim edirlər. Xəstəliyi ilə əlaqədar işləyə bilmir. Özü böyrək xəstəsidir. Valideynləri də xəstədir, onun iş yeri yoxdur. Valideynlərinin pensiyası ilə ikinci uşağın alimentini ödəyir. İddiaçının babası anası üçün qadın salonu alıb, maddi imkanları yaxşıdır. Özü gündəlik 10 manata bağlarda fəhlə kimi işləyir. Uşaqları üçün aliment ödəsə də, uşaqlar onunla ünsiyyət qurmurlar. X11 şəhərində təhsil almasından məlumatlıdır, xərcləri barədə isə ona bildirilməyib. Onunla ünsiyyət saxlamırlar. İddianın təmin olunmamasını xahiş edir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin olunmamalıdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: -Doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, xx.xx.2006-cı il təvəllüdlü İddiaçı atası Cavabdeh, anası X5r. -Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba Filialının xx.xx.2024-cü il tarixli 243 nömrəli arayışından müəyyən olunur ki, İddiaçı həqiqətən Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialında “Azərbaycan dili və ədəbiyyatı müəllimliyi” ixtisasının əyani təhsilalma forması üzrə İ tədris ilində ödənişli əsaslarla təhsil alır. İllik təhsil haqqı 1800 AZN-dir. -xx.xx.2024-cü il tarixli mediasiya arayışından müəyyən olunur ki, tərəflər X2 iştirak etmişlər. -Ödəniş qəbzindən müəyyən olunur ki, mediasiya prosesində iştirakı ilə əlaqədar iddiaçı tərəfindən 60 manat köçürülmüşdür. -Mədaxil qəbzininin surətindən görünür ki, iddiaçı tərəfindən Xaçmaz rayon vəkil bürosunun hesabına 320 manat pul ödənilmişdir. -Xaçmaz rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(067)-2973 nömrəli qətnaməsindən görünür ki, Xaçmaz rayon məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(067)-5804/2017 saylı qətnaməsinə əsasən Cavabdeh xx.xx.2006-cı ıl təvəllüdlü İddiaçı və xx.xx.2009-cu il təvəllüdlü X1 üçün iddiaçı X3 xeyrinə tutulan alimentin məbləği dəyişdirilmiş, xx.xx.2006-cı il təvəllüdlü İddiaçı və xx.xx.2009-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçun qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq Cavabdeh iddiaçı X3 xeyrinə hər ay hər uşaq üçun 170 manat olmaqla, cəmi 340 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. -Cavabdeh etiraz ərizəsindən görünür ki, Xaçmaz rayon Çarxı kənd sakini X6 ilə ailə həyatı qurmuşdur. Yaşadığı bu illər ərzində iki övladı həyata gəlmişdir. Övladlarının yaşayışınadolanışığına həmişə yaxşı baxmışdır. Bir müddətdən sonra hər şey dəyişmiş, uşaqların anası onu düzgün başa düşməmiş, o deyənə baxmamışdır. Onun ata-anası nə deyirdisə qız da onların dediklərinə əməl edirdi. Məhkəməyə ayrılıq haqqında ərizə yazmış, nikahları ləğv olmuşdur. Məhkəmə hər iki uşağa aliment ayırmış, obu alimenti hər ay vaxtında bank vasitəsilə köçürmüşdür. Qızı İddiaçı 19 yaşın içindədir. Azərbaycan qanunveriçiliyində yazılıb ki, aliment 18 yaşa kimi verilməlidir. Qızının alimentini 18 yaşı keçdiyinə görə ödəmir. X8 alimentini isə hər ay vaxtında ödəyir. Oğlu 16 yaşın içindədir. Hal-hazırda qızı İddiaçı Quba rayonunda təhsil alır. Qarşı tərəf isə bu təhsilin xərclərini ondan istəyir, onun bu xərcləri ödəməyə maddi-imkanı yoxdur. Evdə yaşlı qoca ata-anası var. Onların hər ikisi xəstədir. Onlara da o baxır. Xəstə ata-anasının iynə dərmanlarına maddi imkanı olmadığı üçün vaxtında ala bilmir. Qarşı tərəf ondan çox yaxşı dolanır. Onların hektarlarla torpaq sahələri, buğda, əkin, ot sahələri, meyvə bağları, hektarlarla fındıq bağları vardır. Həyətlərində çoxlu mal-qaraları və maşınları vardır. Azərbaycan qanunveriçiliyində yazılıb ki, hər bir valideyn övladlarının yaşayıb dolanmasında məsuliyyət daşıyır. Bu onların valideynlik borcudur. Qızı Fidanın anası hal-hazırda işləyir. Onun da ana borcudur ki, qızına kömək etsin. Bu onun ana borcudur. Hal-hazırda övladları anasının, babasının himayəsində yaşayır. Babası həm işləyir həm də pensiya alır, ev ustasıdır. Qazancı çox yaxşıdır. Hər imkanları var. Yaşayışları dolanışıqları ondan çox-çox yaxşıdır. Baba da nəvəsinin təhsilinə kömək edə bilər. Bunun üçün onun hər cürə maddi imkanı var. Bu ananın babanın valideynlik borcudur. O özü günə 10 manata fəhlə işləyir. Elə gün olur ki, iş olmur. Evə əli boş qayıdır. Yaşayışına dolanışığına baxıb peşman olur. Hal-hazırda oğlu Hacıyev Seymur üçün hər ay 170 manat aliment verir. Qarşı tərəf isə bu alimenti alır. Fidan hal- hazırda 2-ci kursda oxuyur. Ona məktəbdə oxuduğu 1-ci kurs ərzində 2040 manat aliment ödəmişdir. Qız isə iddia ərizəsində 4 ilin məktəb xərclərini ondan istəyir. Bu heç cür düzgün deyil. Tamam yalandır. Qızının kirayə haqqı 60 manatdır. Qız isə bunu 200 manat yazır bu tamam yalandır. Düzgün deyildir. Xahiş edir bütün bunlar nəzərə alınsın, ədalətli qərar verilsin. Ona görə onun ailə həyatını, yaşayışını, maddi imkansızlığını nəzərə alaraq məhkəmədə ədalətli qərar verilməsini xahiş etmişdir. Məhkəmə iclasında müəyyən edildi ki, iddiaçı cavabdehin qızıdır, yetkinlik yaşına çatmışdır, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialında “Azərbaycan dili və ədəbiyyatı müəllimliyi” ixtisasının əyani təhsilalma forması üzrə ödənişli əsaslarla təhsil alır. İllik təhsil haqqı 1800 manatdır. Təhsil haqqının, aylıq kirayə haqqının, dərs ləvazimatlarının alınmasına, qidalanmasına və geyinməyinə tələb olunan vəsaitin yarısını cavabdehin ödəməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh iddianı qəbul etmir. Azərbaycan Respublikasının Konstitusiyasının: 17-ci maddəsinin İİ hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. 34-cü maddəsinin İV və V hissələrinə əsasən uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Valideynlərə hörmət etmək, onların qayğısına qalmaq uşaqların borcudur. 18 yaşına çatmış əmək qabiliyyətli uşaqlar əmək qabiliyyəti olmayan valideynlərini saxlamağa borcludurlar. “Uşaq Hüquqları haqqında” BMT-nin 20 noyabr 1989-cu il tarixli Konvensiyasının 3-cü maddəsin əsasən, Sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, habelə məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları tərəfindən həyata keçirilibkeçirilməməsindən asılı olmayaraq uşaqlar barəsində keçirilən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilir. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikasının Qanununun: 18-ci maddəsinə əsasən uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər daşıyırlar. 19-cu maddəsinə əsasən valideynlərin uşağın təbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin: 49.1-ci maddəsinə əsasən 18 yaşına (yetkinlik yaşına) çatmayan və tam fəaliyyət qabiliyyəti əldə etməyən şəxslər uşaq hesab olunurlar. 58.5-ci maddəsinə əsasən valideynlər uşaqların ümumi orta təhsil almasına qədər onların maraqlarını nəzərə almaqla təhsil müəssisəsini və təhsil formasını seçmək hüququna malikdirlər. 80.1-ci maddəsinə əsasən valideynlər əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlarını saxlamağa borcludurlar. 81.1-ci maddəsinə əsasən alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, əlilliyi müəyyən edilmiş uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. 81.2 ci maddəsinə əsasən valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. 81.3 ci maddəsinə əsasən məhkəmə valideynləri faktiki çəkilmiş əlavə xərclərə, eləcə də gələcəkdə çəkilməsi zəruri olan xərclərə cəlb edə bilər. “Təhsil haqqında” Azərbaycan Respublikasının 2009-cu il 19 iyun tarixli Qanununun 5.4-cü maddəsinə əsasən dövlət hər bir vətəndaşın icbari ümumi оrta təhsil almaq hüququnu təmin edir. Dövlət təhsil müəssisələrində hər bir təhsilalan pulsuz ümumi təhsil almaq hüququna malikdir. Dövlət оrta iхtisas təhsilində və ali təhsilin hər bir səviyyəsində qanunvericiliyə uyğun оlaraq təhsilalanların yalnız bir dəfə pulsuz təhsil almaq hüququnu təmin edir. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 80 və 81-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 yanvar 2015-ci l tarixli Qərarında göstərilmişdir ki, uşaqların yetkinlik yaşına çatması ilə valideynlərin onlara münasibətdə aliment öhdəlikləri xitam olunur. Buna baxmayaraq, valideynlər əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlarını saxlamaq vəzifəsi daşıyırlar. Valideynin bu vəzifəsinin yaranması üçün aşağıdakı hallar olmalıdır: yetkinlik yaşına çatmış övladın əmək qabiliyyətinin olmaması və onun maddi yardıma ehtiyacının olması. Bu iki hal ayrı-ayrılıqda deyil, birlikdə götürüldükdə valideyn üçün vəzifə yaradır. Başqa sözlə, yetkinlik yaşına çatmış övladın təkcə əmək qabiliyyətinin olmaması valideyndən aliment almaq hüququ üçün əsas deyil. Eyni zamanda, onun maddi yardıma ehtiyacı olması da tələb olunur. Yaxud əksinə, övlad əmək qabiliyyətlidirsə, onun maddi yardıma ehtiyacının olması valideynlərdən aliment tələb etməyə əsas vermir. Beləliklə, yetkinlik yaşına çatmış övladın əmək qabiliyyətinin olmaması və onun maddi yardıma ehtiyacının olması kimi hər iki halın birlikdə mövcud olması faktı məhkəmələr tərəfindən müəyyən edildikdə, valideynlərdən aliment tutula bilər. Əmək qabiliyyəti olmama dedikdə, şəxsin bu və ya digər xəstəlik və ya ondan yaranan qüsurlar nəticəsində əlilliyə məruz qalaraq, peşəkar və ya ümumi əmək fəaliyyəti ilə məşğul olmaq qabiliyyətini, yaxud imkanını tamamilə və ya qismən itirməsi başa düşülür. Buna müvafiq olaraq anadangəlmə, xəstəlikdən və ya xəsarətdən doğan əqli və ya fiziki qüsurlar nəticəsində həyat fəaliyyəti məhdudlaşan, sosial yardıma və müdafiəyə ehtiyacı olan şəxs əlil sayılır (“Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının 1992ci il 25 avqust tarixli Qanununun 2-ci maddəsi). Aliment öhdəliklərinin əsasını valideynlərin öz uşaqlarını saxlamaq vəzifəsi təşkil etdiyi halda, yetkinlik yaşına çatmış övladlarına münasibətdə valideynlərin əlavə xərclərdə iştirakının əsasını isə Ailə Məcəlləsinin 81.1-ci maddəsində müəyyən edilmiş hallar təşkil edir. Bu hallara övladın ağır xəstə, şikəst olması, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətlər və s. daxildir. Göründüyü kimi, Ailə Məcəlləsində əlavə xərclərin ödənilməsinin halları dəqiq müəyyən edilməmişdir. Lakin məhkəmənin müstəsna hesab etdiyi digər hallarda da valideyndən əlavə xərclər alına bilər. Qanunvericilikdə qeyd olunmuş digər hallar o zaman əlavə xərclərin alınması üçün əsas ola bilər ki, onlar əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlar üçün birbaşa göstərilən tibbi xidmətlər, müalicə, bu və ya digər şəkildə tibbi xidmət və müalicə ilə əlaqəli olmaqla göstərilən analoji xidmətlər (ağır bədən yarasının sağaldılması, protezləşdirmə, uşağın reabilitasiya təlimləri, sanatoriya-kurort müalicəsi və s.) olsun. Ailə Məcəlləsinin 81.1-ci maddəsində qeyd olunan “göstərilən kənar xidmət”, “və digər hallarda” müddəaları bir-birindən fərqlənir. Belə ki, “və digər hallarda” müddəası maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlar üçün birbaşa göstərilən tibbi xidmət ilə bağlı olduğu halda, “göstərilən kənar xidmət” müddəası isə birbaşa tibbi xidməti deyil, həmin şəxslərə göstərilmiş və ya gələcəkdə göstərilməsi nəzərdə tutulan əlavə xidmətlərə görə (maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladın müalicə müəssisəsinə aparılıb-gətirilməsi üçün nəqliyyat xərcləri, kənar şəxslərin köməyinə ehtiyacı olan şəxslərə qulluq göstərilməsi ilə əlaqədar xidmətçiyə ödənilən xərclər və s.) çəkilən xərclərdir. “Təhsil haqqında” Azərbaycan Respublikasının 2009-cu il 19 iyun tarixli Qanununun (bundan sonra - “Təhsil haqqında” Qanun) 19.4, 19.14 və 19.18-ci maddələrinə əsasən, Azərbaycan Respublikasında ümumi təhsil ibtidai təhsil, ümumi orta təhsil və tam orta təhsildən ibarətdir, ümumi orta təhsil icbaridir. Tam orta təhsil ümumi təhsilin hər üç səviyyəsini əhatə edən təhsil proqramlarının tam mənimsənilməsini nəzərdə tutur. Dövlət təhsil müəssisələrində tam orta təhsil pulsuzdur. Ailə Məcəlləsinin 58.4-cü maddəsinə əsasən valideynlər uşaqların əsas ümumi təhsil almasını təmin etməyə borcludurlar. “Uşaq hüquqları haqqında” Qanunun 22-ci maddəsi uşaqların icbari ümumi orta təhsildən yayındırılmasını qadağan edir. Valideynlərin uşağın təhsilində iştirakı ilə bağlı hüquqları və vəzifələri “Təhsil haqqında” Qanunda da göstərilmişdir. Həmin Qanunun 34-cü maddəsinə görə valideynlərin aşağıdakı hüquqları vardır: uşaqları üçün təlim-tərbiyə müəssisəsini seçmək, uşağının tərbiyəsi və təhsili ilə bağlı dövlət orqanlarına müraciət etmək, təhsilalanların hüquqlarını müdafiə etmək, təhsil müəssisəsi ilə əməkdaşlıq etmək və s. Göründüyü kimi, valideyn uşağının orta təhsilinə qədərki dövrdə onun təhsil müəssisəsini və təhsilinin formasını seçə bilər. Orta təhsil başa çatdıqdan sonra isə təhsil müəssisəsini və təhsilin formasını uşaqlar özləri seçirlər. Yəni orta təhsil bitdikdən sonra uşağın təhsil müəssisəsini və təhsilin formasını seçməsinə valideynin müdaxiləsi qanunla nəzərdə tutulmamışdır. Bununla əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, ümumi orta təhsildən fərqli olaraq əlavə və ya peşə təhsili, eləcə də ali təhsilin seçim xüsusiyyətinə malik olması, müsabiqə əsasında təşkil olunması və daha çox fərdin maddi vəziyyəti ilə bağlı olması baxımından, uşağın ümumi orta təhsili başa vurduqdan sonra əlavə və ya peşə təhsili, ali təhsil almasına, böyük xərc tələb edən müsabiqə və sair tədbirlərdə iştirakına görə valideynlərin əlavə xərclərdə iştirakı, onlardan bu məsələ ilə bağlı vəsait tələb olunması əsassızdır. Məhkəmə yuxarıda qeyd olunanlara və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqəyə əsaslanaraq hesab edir ki, iddia tələbi əsassızdır. Belə ki, Ailə Məcəlləsinin 81.1-ci maddəsinin şərhindən də göründüyü kimi hər bir halda deyil, yalnız ağır xəstə, əlilliyi müəyyən edilmiş uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. Haızrkı mülki iş üzrə iddiaçı isə yuxarıda qeyd olunan şəxslər kateqoriyasına aid olması barədə məhkəməyə hər hansı sübut təqdim etməmiş, eyni zamanda “məhkəmə işlərinin elektron idarəetmə sistemi” vasitəsilə bu barədə məlumat aşkar edilməmişdir. Ali təhsil alınmasına görə valideyinin əlavə xərcdə iştirakı, ondan bu məsələ ilə bağlı vəsait tələb olunması isə əsassız olduğundan iddia təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan, işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Beləliklə, məhkəmə işdə olan sübutlara məcmu halında hüquqi qiymət verərkən hesab edir ki, iddia təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220-ci, 227-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı valideynin uşağa görə əlavə xərclərdə iştiraka cəlb olunması tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən qanunla müəyyən edilmiş qaydada şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Aynur Əliyeva
Məhkəmə qərarları › İş №2(067)-332/2025
Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-332/2025
27.01.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver