Məhkəmə qərarları › İş №2(067)-3418/2023

Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-3418/2023

27.12.2023 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-3418/2023 27.12.2023 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Aynur Məhəmməd qızının sədrliyi, məhkəmə iclas katibi X5, İddiaçı və onun nümayəndəsi X2, Cavabdehin nümayəndəsi X4, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdehlər Xaçmaz rayonu, Yavər Şahbazov adına Çaykənarı kənd tam orta məktəbi və Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Quba-Xaçmaz Regional Təhsil İdarəsinə qarşı məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi və işə bərpa tələbinə dair iddia ərizəsi üzrə mülki işə Xaçmaz Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Xaçmaz rayonu, Çaykənarı kənd Yavər Şahbazov adına tam orta məktəb və Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Quba-Xaçmaz Regional Təhsil İdarəsinə qarşı məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Xaçmaz rayonu, Çaykənarı kənd Yavər Şahbazov adına tam orta məktəb ilə aralarında bağlanmış əmək müqaviləsinin xitam olunması barədə 27 sentyabr 2023-cü il tarixli, 34 saylı əmrinin ləğv edilməsi, işə bərpa və məcburi işburaxmaya görə işəgötürən tərəfindən 27 sentyabr 2023-cü il tarixindən işə bərpa olunan tarixədək olan müddət üçün orta aylıq əmək haqqının ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbi onunla əsaslandırılmışdır ki, 2003-cü ildə Xaçmaz rayonu, Çaykənarı kənd Yavər Şahbazov adına tam orta məktəbində əmək fəaliyyətinə başlamışdır. 2010-cu ildən həmin məktəbdə ibtidai sinif müəllimi işləmişdir. 27 sentyabr 2023-cü il tarixində Xaçmaz rayonu, Çaykənarı kənd Yavər Şahbazov adına tam orta məktəbinin 34 nömrəli əmri ilə onunla həmin məktəb arasındakı əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən xitam verilmişdir. Buna səbəb olaraq onun təkrar sertifikatlaşmadan keçməmiş hesab edilməyi göstərilir. İşdən çxarılmağı barədə əmrin surətini 28 sentyabr 2023-cü il tarixində rəsmi surətdə almışdır. Xaçmaz rayonu, Çaykənarı kənd Yavər Şahbazov adına tam orta məktəbi ilə aralarında bağlanmış əmək müqaviləsinin xitam olunması barədə 27 sentyabr 2023-cü il tarixli, 34 saylı əmri ilə razılaşmır. Hesab edir ki, həmin əmr əsassız və qanunsuzdur. Əvvəla işdən çıxmağı barədə əmr verilərkən o müalicədə olmuş və bu barədə əmək qabiliyyətinin olmaması barədə vərəqəsi vardır. Belə olan halda əmək müqaviləsinin ləğv edilməsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 79-cu maddəsinə ziddir. Həmin maddənin tələbinə görə işəgötürən tərəfindən əmək qabiliyyətini müvəqqəti itirən işçilərin bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsaslarla əmək müqaviləsinin ləğv edilməsi qadağandır. Həmçinin Əmək Məcəlləsinin 71.3-cü maddəsinə əsasən İşəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. Əmrdə yalnız normativ hüquqi aktların maddələri sadalanır, qanunvericilikdə məzərdə tutulan əmək müqaviləsinə xitam verilməsinin zəruriliyinin əsaslandılmır. Məhkəmə iclasında iddiaçı tərəf iddia tələbini müafiə edib iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək, iddianın təmin edilməsini xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, iddiaçı xx.xx.2023-cü il tarixində öd kisəsindən əməliyyat olmuşdur. xx.xx.2023-cü il tarixində təkrar sertifikatlaşdırmada iştirak etmədiyinə görə Elm və Təhsil Nazirliyinin xx.xx.2023-cü il tarixli əmri əsasında Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndi ilə işdən azad edilmişdir. İddiaçı işdən çıxarılmağı barədə əmri xx.xx.2023-cü il tarixdə rəsmi surətini almışdır. İşdən çıxarılması barədə əmr verilərkən o, müalicədə olmuşdur, bu barədə əmək qabiliyyətinin olmaması barədə tibbi sənədi vardır. Belə olan halda əmək müqaviləsinin ləğv edilməsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 79-cu maddəsinə ziddir. Həmin maddənin tələblərinə görə işəgötürən tərəfindən əmək qabiliyyətini müvəqqəti itirən işçilərin bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsaslarla əmək müqaviləsinin ləğv edilməsi qadağandır. Hesab edir ki, Xaçmaz rayonu, Yavər Şahbazov adına Çaykənarı kənd tam orta məktəb ilə iddiaçı arasında bağlanmış əmək müqaviləsinin xitam olunması barədə xx.xx.2023-cü il tarixli, 34 saylı əmri qanunsuz və əsassızdır. İddiaçının nümayəndəsi həmçinin bildirmişdir ki, onun bacısı İddiaçı ağır əməliyyat olunduğundan onun bu vəziyyəti nəzərə alınmalı, istisna kimi o yenidən sertifikatlaşmada cəlb etməli və ya onun sertifikatlaşma imtahanında iştirak edə bilməməsinin nəticəsi sertifikatlaşmadan keçməmiş təhsilverən kimi qiymətləndirilməməlidir. Məhkəmə iclasında cavabdeh Quba–Xaçmaz Regional Təhsil idarəsinin nümayəndəsi Elvin Mehdizadə iddianı qəbul etməyərək iddianın rədd edilməsini xahiş etmişdir. Əlavə olaraq bildirdi ki, iddiaçı keçirilmiş birinci sertifikatlaşmadan az bal topladığı üçün təkrar 2-ci dəfə sertifikatlaşma təyin edilmişdir. Lakin iddiaçı 2-ci xx.xx.2023-cü il tarixdə keçirilən sertifikatlaşmada iştirak etməmişdir. Nazirlər Kabietinin 155 nömrəli qərarının müvafiq bəndində əsasən təkrar sertifiaktlaşmadan keçməmiş təhsilverənlərin əmək müqaviləsinə xitam verilir və həmin bənddə hər hansı istisna nəzərdə tutlmamışdır. İddiaçı yenidən imtahan verərək müəllimlik fəaliyyəti ilə məşğul ola bilər. Həmçinin bildirmişdir ki, hazırda iddiaçı aztəminatlı olduğu üçün Xaçmaz rayonu, Yavər Şahbazov adına Çaykənarı kənd tam orta məktəbində sosial-pedaqoq kimi işlə təmin olunmuşdur. Ona görə də iddianın təmin olunmamasını xahiş edir. Məhkəmə iclasında cavabdeh Xaçmaz rayonu, Yavər Şahbazov adına Çaykənarı kənd tam orta məktəbin X3 da iddianı qəbul etməyərək təmin edilməməsini xahiş etmişdir. Məhkəmə, proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Belə ki, mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - Əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin surətindən və əmək müqaviləsinə xitam verilməsi ilə bağlı bildirişindən görünür ki, təhsilverənlərin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması məqsədi ilə 29 avqust 2023-cü il tarixində keçirilmiş təkrar sertifikatlaşdırmada “Dövlət ümumi təhsil müəssisəsində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydası” ilə müəyyən olunmuş iştirak etməyən Xaçmaz rayonu, Çaykənarı kənd Y.Şahbazov adına tam orta məktəbin ibtidai sinif müəllimi İddiaçı təkrar sertifikatlaşdırmadan keçməmiş hesab edildiyi üçün Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən onunla bağlanmış əmək müqaviləsi 27 sentyabr 2023-cü il tarixdən ləğv edilmişdir. - Azərbaycan Respublikası Elm və Təhsil Nazirinin təkrar sertifikatlaşdırmadan keçməyənlər barədə xx.xx.2023-cü il tarixli 3-29/3-2-537F/2023 nömrəli əmrinin 2.1-ci bəndindən görünür ki, təkrar sertifikatlaşdırmadan keçməyən təhsilverənlərin əmək müqaviləsinin 5 sentyabr 2023-cü il tarixədək Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən ləğv edilməsini və bununla bağlı qanunvericiliyə uyğun zəruri tədbirlərin görülməsini təmin edilməsi əmr edilmişdir. - “Dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət müəssisələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydası”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 aprel 2020-ci il tarixli, 155 nömrəli qərarının 5.2-ci bəndinə əsasən üzrlü səbəblərdən sertifikatlaşdırmada iştirak etməyən və ya sertifikatlaşdırmadan keçməyən şəxslər 1 il müddətində iş yeri saxlanılmaqla, təkrar sertifikatlaşdırmada iştirak etmək hüququna malikdirlər. Təkrar sertifikatlaşdırmada iştirak etməyən şəxslər sertifikatlaşdırmadan keçməmiş hesab olunurlar. 5.3-cü bəndinə əsasən təkrar sertifikatlaşdırmada bu Qayda ilə müəyyən olunmuş keçid balını toplaya bilməyən təhsilverənlər sertifikatlaşdırmadan keçməmiş hesab olunurlar. 5.4-cü bəndinə əsasən təkrar sertifikatlaşdırmadan keçməyən təhsilverənlərlə bağlanılmış əmək müqaviləsi sertifikatlaşdırmanın keçirildiyi tədris ilinin sonunda Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə müvafiq olaraq işəgötürən tərəfindən ləğv edilir. -0253758 nömrəli Əmək qabiliyyətinin olmaması vərəqəsindən görünür ki, İddiaçı XX qızı xx.xx.2023-cü il tarixindən xx.xx.2023-cü il tarixədək əmək qəbiliyyətini müvəqqəti olaraq itirmiş, xx.xx.2023-cü il tarixdən işə başlamışdır. -Azərbaycan Respublikası Elm və Təhsil Nazirinin təkrar sertifikatlaşdırmadan keçməyənlər barədə xx.xx.2023-cü il tarixli 62 nömrəli əmrindən görünür ki, İddiaçı xx.xx.2023-cü il tarixindən xx.xx.2024-cü il tarixinədək Yavər Şahbazov adına Çaykənarı kənd tam orta məktəbinə təhkim edilməklə Uşaqların Müdafiəsi İdarəsinə “sosial pedaqoq” vəzifəsinə təyin edilmişdir. - xx.xx.2023-cü il tarixli əmək müqaviləsinin bağlanması ilə bağlı bildirişdən görünür ki, İddiaçı ilə xx.xx.2023-cü il tarixdə müddətli əmək müqaviləsi bağlanmışdır. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış əmək müqaviləsinə əsasən İddiaçı 14 sentyabr 2007-ci il tarixdən ixtisası üzrə məktəbə müəllim təyin edilmiş və onunla bağlanmış əmək müqaviləsinə 27 sentyabr 2023-cü il tarixindən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən xitam verilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsi iddiaçı təkrar sertifikatlaşdırmada iştirak etmədiyi və sertifikatlaşdırmadan keçməmiş hesab edildiyi üçün onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Məhkəmə iddia tələbi ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 10-cu maddəsinə əsasən əmək müqaviləsi üzrə işçinin əsas vəzifələri a) əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək; b) əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək; c) əməyin təhlükəsizliyi normalarına əməl etmək; ç) işəgötürənə vurduğu maddi ziyana görə məsuliyyət daşımaq; d) dövlət sirrini, habelə işəgötürənin kommersiya sirrini müəyyən olunmuş qaydada və şərtlərlə gizli saxlamaq; e) iş yoldaşlarının əmək hüquqlarını və qanuni mənafelərini pozmamaq; ə) fərdi, kollektiv əmək mübahisələri üzrə məhkəmə qərarlarını (qətnamələrini) yerinə yetirmək; f) əmək qanunvericiliyinin tələblərinə əməl etməkdən ibarətdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 42-ci maddəsinə əsasən əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Əmək müqaviləsinin tərəflərindən biri işəgötürən, digəri isə işçidir. 45-ci maddəsinə əsasən əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır. Əmək müqaviləsində onun hansı müddətə bağlanması göstərilməmişdirsə, həmin müqavilə müddətsiz bağlanmış hesab edilir. 68-ci maddəsinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Əmək müqaviləsinə xitam verilməsinin əsasları aşağıdakılardır: a) tərəflərdən birinin təşəbbüsü; b) əmək müqaviləsinin müddətinin qurtarması; c) əmək şəraitinin şərtlərinin dəyişdirilməsi; ç) müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar (bu Məcəllənin 63-cü maddəsinin ikinci hissəsində göstərilən işçilər); d) tərəflərin iradəsindən asılı olmayan hallar; e) tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallar. 70-ci maddəsinə əsasən əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər: a) müəssisə ləğv edildikdə; b) işçilərin sayı və ya ştatları ixtisar edildikdə; c) peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə; ç) işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda; d) sınaq müddəti ərzində işçi özünü doğrultmadıqda; e) dövlət büdcəsindən maliyyələşən müəssisənin işçisi çalışmanın yaş həddinə çatdıqda. Məhkəmə qeyd edir ki, İddiaçı Xaçmaz rayonu, Yavər Şahbazov adına Çaykənarı kənd tam orta məktəbin ibtidai sinif müəllimi işinə qəbul edilmiş və onunla bağlanmış əmək müqaviləsinə müvafiq olaraq xx.xx.2023-cü il tarixdə iddiaçı təkrar sertifikatlaşdırmada iştirak etmədiyi və sertifikatlaşdırmadan keçməmiş hesab edildiyi üçün xitam verilmişdir. İddiaçı ilə bağlanmış əmək müqaviləsinə onun əmək qabiliyyətini müvəqqəti itirdiyi vaxtda deyil, işə başladığı tarixdən sonra xitam verilmişdir. Elm və Təhsil Nazirliyinin xx.xx.2023cü il tarixli əmri yalnız İddiaçı deyil, təkrar sertifikatlaşmadan keçməyən bütün təhsilverənlərə şamil edilməklə onların əmək müaviləsinə xx.xx.2023-cü il tarixədək xitam verilməsini nəzərdə tutur. İddiaçı isə həmin tarixdə əmək qabiliyyətini müvəqqəti itirdiyi üçün onunla bağlanmış əmək müqaviləsinə xx.xx.2023-cü il tarixində, yəni işdə olduğu vaxt xitam verilmişdir. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, İddiaçı cavabdehlər Xaçmaz rayonu, Yavər Şahbazov adına Çaykənarı kənd tam orta məktəbi və Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Quba-Xaçmaz Regional Təhsil İdarəsinə qarşı məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi və işə bərpa tələbinə dair iddiası rədd edilməlidir. Eyni zamanda məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli olmadığından, iş üzrə məhkəmə xərcləri iddiaçıya aid edilməlidir. MPM-in: 217.4-cü madəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinin tələblərinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsasən və MPM-in 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Xaçmaz rayonu, Yavər Şahbazov adına Çaykənarı kənd tam orta məktəbi və Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Quba-Xaçmaz Regional Təhsil İdarəsinə qarşı məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi və işə bərpa tələbinə dair iddiası rədd edilsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Aynur Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar