Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-379/2025 06.02.2025 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Abiyeva Nərmin Mirhəsən qızının sədrliyi, məhkəmə iclas katibi İsayeva Səbinə Cavanşir qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının dəyişdirilməsi tələbinə dair mülki işə Xaçmaz rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı Cavabdeh qarşı alimentin miqdarının dəyişdirilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Xaçmaz rayon Məhkəməsinin 18 dekabr 2019-cu ii tarixli, 2(067)-3478/2019 saylı qətnaməsi ilə 19 may 2017-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanması üçün müəyyən olunmuş alimentin miqdarinin dəyişdirilərək, hər ay qazancının 1/6 hissəsi miqdarında alimentin qət edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, Xaçmaz rayon Məhkəməsinin 18 dekabr 2019-cu ii tarixli 2(067)-3478/2019 saylı məhkəmə əmri ilə 19 may 2017-ci il təvəllüdlü qızı X5 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay qazancının və digər gəlirlərinin 1/4 hissəsi miqdarında alimentin tutularaq Cavabdeh verilməsi qət edilmişdir. Xaçmaz rayon Məhkəməsinin 01 oktyabr 2021-ci ii tarixli 2(067)-1709/2021 saylı qətnaməsi ilə onun 19 may 2017-ci il təvəllüdlü qızı X8 ilə ayda 1 dəfə olmaqla həftənin bazar günü saat 16:00dan 17:00-dək ananın iştirakı ilə Xaçmaz şəhər parkında ünsiyyətdə olmaq hüququ müəyyən edilmişdir. Cavabdeh uşağı ilə ünsiyyətinə məhkəmə qətnaməsində göstərilən qaydada tam əməl etmir. Alimentlə bağlı məhkəmə əmri çıxarıldıqdan sonra xx.xx.2021-ci il tarixdə o, X7 ilə rəsmi nikaha daxil olaraq ailə qurmuş və bu nikahdan 2 uşağı, xx.xx.2022-ci ildə X9 və xx.xx.2024-cü ildə X10 anadan olmuşlar. Uşaqlar körpə olduqlarına görə anaları işləyə bilmir. Ailənin bütün ağırlığı onun üzərindədir. Beləliklə hazırda 3 övladı vardır. O, Azərbaycan Respublikası DİN-nin Daxili Qoşunlarında hərbi xidmət keçir. Qazancının ¼ hissəsi cavabdehin himayəsində olan uşağa görə tutulduqda himayəsində olan digər 2 uşağının hüquqları pozulur. Belə ki, 3 uşağa görə qazancın və başqa gəlirlərin ½ hissəsi miqdarında aliment tutulmalıdır. Həmin ½ hissə 3 uşaq arasında bərabər hissədə bölünməlidir. Uşaqlarn biri digərinə münasibətdə üstün hüququa malik deyildir. Ona görə də alimentin miqdarının azaldılaraq, cavabdehin himayəsində olan övladı X1 üçün 1/6 hissədə aliment müəyyən edilməlidir. Cavabdeh mediasiya prosesində iştirak etsə də, aralarında razılığa gələ bilməmişlər. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iddia tələbini müdafiə edərək, iddia ərizəsində göstərilənlərə uyğun izahat vermiş və iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək izahatında bildirmişdir ki, uşağı xəstədir. Uşağın 8 yaşı var və uşaq azyaşlı olduğu üçün onu tək qoyub işləyə bilmir. Buna baxmayaraq, uşağı özü saxlayır, həkimə, məktəbə özü aparır. Uşağın bağırsaqlarında anadangəlmə spazma var, onun daimi müalicəyə ehtiyacı var. Məhkəmənin əmri ilə aliment almışdır. Bir üzüyü qalmışdı ki, onu da satıb uşağın xəstəliyi ilə əlaqədar xərcləmişdir. İddiaçı ata kimi uşağı ilə heç vaxt maraqlanmamışdır. İddiaçı hazırda 465 manat aliment ödəyir. Alimentin məbləğinin azaldılmamasını və iddianın rədd edilməsini, iddiaçının uşağının müalicə xərclərinə cəlb edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işə əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, iddia tələbi əsassız olduğundan rədd olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıdakılarla əsaslandırır. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: AZ-İİ seriyalı 461891 saylı nikah haqqında şəhadətnamədən müəyyən olunur ki, İddiaçı ilə X7 arasında xx.xx.2021-ci il tarixdə rəsmi nikah qeydə alınmışdır. AZ-İV seriyalı 774584 saylı doğum haqqında şəhadətnamədən müəyyən olunur ki, İddiaçı ilə X4 birgə nikahından xx.xx.2022-ci ildə X9 anadan olmuşdur. AZ-İV seriyalı 024605 saylı doğum haqqında şəhadətnamədən müəyyən olunur ki, İddiaçı ilə X4 birgə nikahından xx.xx.2024-cü ildə X10 anadan olmuşdur. Tərəflərin izahatları ilə müəyyən olunmuşdur ki, Xaçmaz rayon məhkəməsinin 18 dekabr 2019-cu il tarixli 2(067)-3478/2019 saylı məhkəmə əmri ilə 19 may 2017-ci il təvəllüdlü qızı X5 yetkinlik yaşına çatana kimi saxlanması üçün İddiaçı hər ay qazancının və digər gəlirlərinin 1/4 hissəsi miqdarında aliment tutularaq Cavabdeh verilməlidir. xx.xx.2024-cü il tarixli ********** saylı ödəniş qəbzindən müəyyən olunur ki, iddiaçı məhkəmədə iddia qaldırmaq üçün 50 manat məbləğində dövlət rüsumu ödəmişdir. Qusar 1 saylı mediasiya təşkilatının ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışından və xx.xx.2024-cü il tarixli ödəniş qəbzindən müəyyən olunur ki, İddiaçı tələbi ilə bağlı mediasiya prosesinə müraciət etmiş və mediasiya prosesi ilə bağlı Qusar rayon 1 saylı Mediasiya təşkilatının hesabına 60 manat məbləğində dövlət rüsumu ödəmişdir. Məhkəmə araşdırması zamanı iddiaçının izahatından müəyyən olunmuşdur ki, o, Azərbaycan Respublikası DİN-nin Daxili Qoşunlarında hərbi xidmət keçir. İş materiallarında Cavabdeh məhkəməyə təqdim etdiyi Səhiyyə Nazirliyinin K.Y.Fərəcova adına X2 Klinik diaqnostik laboratoriyasının arayışından müəyyən olunur ki, 19 may 2017-ci il təvəllüdlü qızı X6 enterobius vermicularis aşkar edilmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının: 17-ci maddəsinin İİ hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 76.1.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən 1 uşağa görə—qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında aliment tutulur. 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. 112-ci maddəsinin məzmunundan göründüyü kimi alimentin müəyyən olunmuş miqdarının dəyişdirilməsi üçün məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və maddi vəziyyətində dəyişiklik olması zəruridir və iddiaçı belə halların mövcudluğunu təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim etdiyi halda iddia əsaslı hesab edilə bilər. 112.1.-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. «Yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının Qanununun tələbinə əsasən uşaqlar üçün yaşayış minimumu 2025-ci ildə 246 manat məbləğində müəyyən edilmişdir. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikasının 19 may 1998-ci il tarixli Qanununun 13-cü maddəsində isə imperativ qayda müəyyən edilmişdir ki, uşağın minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikasının 19 may 1998-ci il tarixli Qanununun 19-cu maddəsinə görə uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifəsidir. Məhkəmənin gəldiyi nəticə: Məhkəmə hesab edir ki, aliment tələblərinə dair iddialara baxılarkən, işin konkret halları, valideynlərin hər birinin himayəsində neçə uşağın saxlanılması, onların yaşı, uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması zəruriliyi və digər hallar nəzərə alınmalıdır. Qanunun mənasına görə heç bir yerdə işləməmək, yaxud az gəlir əldə etmək alimenti ödəmək vəzifəsini daşıyan şəxsə öz şəxsi istehlak tələbatlarının, ehtiyaclarının ödənilməsinə mane olsa belə, valideynlər mənbəyindən asılı olmayaraq öz qazanclarını uşaqları ilə bölüşdürməyə borcludurlar. Uşaqların saxlanılması valideynlərin mənəvi borcu olmaqla yanaşı, həm də vacib hüquqi vəzifələridir Məhkəmə tərəflərin izahatlarını dinləyib, işin faktiki hallarını araşdıraraq hesab edir ki, Ailə Məcəlləsinin 76.1.1-ci maddəsinə əsasən alimentin ödənilməsi barədə razılıq olmadıqda, uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən 1 uşağın saxlanması üçün qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi miqdarından aşağı məbləğdə alimentin tutulması nəzərdə tutulmadığından və bu uşağın hüquq və mənafeyinə zidd olduğundan, iddiaçının yeni nikahdan uşaqlarının doğulması ilə əlaqədar məhkəmə əmri ilə müəyyən olunmuş alimentin məbləğinin azaldılması məqsədə müvafiq deyildir. Məhkəmə qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsiplərinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktlara istinad etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. Azərbaycan Respublikası MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Avropa İnsan Hüquqları Məhkəməsi «Mahmudov Rusiya Federasiyasına qarşı» 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilir. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbinin təmin olunması, yəni aliment məbləğinin azaldılması cavabdehin hüquqlarının pozulmasına, xüsusən də uşağın həyat şəraitinin mənfi mənada dəyişməsinə səbəb olacaq. Həmçinin məhkəmə onu da nəzərə alır ki, iddiaçı digər nikahdan olan övladlarının saxlanılması ilə bağlı aliment öhdəlikləri daşımır. İddiaçı bu iddia ərizəsini verməklə sadəcə olaraq aliment öhdəliklərini icra etməkdən yayınmağa çalışır. Ona görə də məhkəmənin fikrincə, iddiaçının aliment məbləğinin azaldılmasına dair tələbi əsassız və ədalətsizdir. Beləliklə, məhkəmə işin hallarını araşdıraraq belə qənaətə gəlir ki, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının dəyişdirilməsi tələbinə dair iddiası rədd edilməlidir. Məhkəmə nəzərə almışdır ki, MPM-nin 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan, işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Şərh olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216, 220, 227, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddiaçı Cavabdeh qarşı alimentin miqdarının dəyişdirilməsi tələbinə dair iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən qanunla müəyyən edilmiş qaydada şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Nərmin Abiyeva
Məhkəmə qərarları › İş №2(067)-379/2025
Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-379/2025
06.02.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver