Məhkəmə qərarları › İş №2(067)-397/2023

Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-397/2023

30.01.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-397/2023 30.01.2023 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, məhkəmə iclas katibi Nəcəfli Fuad Zeynal oğlunun katibliyi, iddiaçılar İddiaçı1 və İddiaçı2 nümayəndəsi Nümayəndə, Cavabdeh iştirakı ilə, iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı alimentin təyin edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İddiaçılar İddiaçı1 və İddiaçı2 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx xxxx 1979-cu il təvəllüdlü oğulları Cavabdeh əmək qabiliyyəti olmayan xx.xx.1936-ci il təvəllüdlü atası İddiaçı1 saxlanılması ücün hər ay sabit pul məbləqində 250 manat və anası xx.xx.1943-cü il təvəllüdlü İddiaçı2nin saxlanılması üçün hər ay sabit pul məbləqində 250 manat aliment və mediasiya xərcləri olaraq ödədikləri 50 manatın tutularaq ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. İddiaçı1 iddianı onunla əsaslandırmışdır ki, onun yəni İddiaçı1 86 yaşı, İddiaçı2 isə 80 yaşı var. Onlar qoca və ahıl yaşdadırlar, əmək qabiliyyətləri yoxdur, işləyə bilmirlər. Oğlu Cavabdeh onlara məxsus evdə ailəsi ilə birlikdə yaşayır. Onların evində yaşamasına baxmayaraq onlara heç bir qayğı və diqqət göstərmir. Yaşar onlara dayaq olmaqdansa, onların torpaqlarını zəbt edərək, İmran adlı şəxsə dayaq olur, onunla birləşib əmlakını mənimsəmək istəyir. Yaşarın 43 yaşı olmasına baxmayaraq onu yetkinlik yaşına çatana kimi tam təminatı ilə saxlamış və evləndirmişlər. Onların qızı Nümayəndə Bakı şəhərində yaşasa da daim tez-tez gəlir onlarla maraqlanır, anasını həkimə müalicəyə aparır və olara daim qayğı və diqqət göstərir. Qızı Sevilin və onun qızlarının onlara gəlib qayqı göstərməsinə belə Yaşar maneəeilik törətir, hər dəfə gələndə dava-dalaş salir, onu və qızlarını təhqir edir və olmazın şər və böhtanlar atır. Digər qızı Gülcöhrə Xudat şəhərində yaşayır. O da onlara gəlir maraqlanır, lakin Yaşar onu və yoldaşını da təhqir etdiyi ücün tez-tez gələ bilmirlər. Digər qızı Tavat Mürşüd-Oba kəndində yaşayır. O da onlarla maraqlanmır, onlara qayğı göstərmir. Əksinə tez-tez telefonla zəng edərək onları təhqir edir və bu yaşlarında onları əsəbləşdirir, sakit yaşamağa qoymur. 11 yanvar 2023-cü ildə keçirilən məhkəmə hazırlıq iclasında iddiaçılar İddiaçı1 və İddiaçı2 nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edərək, iddia ərizəsinə uyğun izahat vermiş, iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmiş, Cavabdeh iddiaya qarşı etiraz ərizəsi ona təqdim edildikdə, o, etiraz ərizəsini əsassız saymışdır. Göstərmişdir ki, hazırkı iş üzrə vərəsəlikdən söhbət getmir, valideynləri hələ ki, sağdırlar. Valideynlərinin mütəmadi müalicəyə ehtiyacları var. Anası İddiaçı2 qan azlığından əziyyət çəkir. Atası İddiaçı1 gözündən əməliyyat olunub, yırtıqdan əziyyət çəkir. Bundan başqa torpaq sahəsinin fındıq məhsulunu cavabdehin yığması barədə məlumat var. Cavabdehin valideynlərinə qarşı etdiyi qanunazidd hərəkətlərə görə barəsində 2006-cı ildə məhkəmə hökmü çıxıb. O, valideynlərinə qarşı daim özbaşınalıq edib, təzyiq göstərib. xx.xx.2022-ci ildə inzibati məsuliyyətə cəlb olunub. Məhkəmə qətnaməsi var ki, ailəsi ilə birlikdə evdən çıxarılıblar. Hazırda keçirilən məhkəmə baxışı iclasında iddiaçılar İddiaçı1 və İddiaçı2 nümayəndəsi Nümayəndə iddianı müdafiə etmiş, iddia ərizəsinə uyğun izahat verərək göstərir ki, iddiaçilardan İddiaçı1 86 yar, İddiaçı2 isə 80 yaşı var. Onlar qoca və ahıl yaşdadırlar, əmək qabiİiyyətləri yoxdur, işləyə biİmirlər. Cavabdeh onlara məxsus evdə arvadi və iki uşağı ilə birlikdə yaşayır. Onların evində yaşamasına baxmayaraq onlara heç bir qayğı və diqqət gostərmirlər. Yaşarin 43 yaşı olmasina baxmayaraq valideynləri onu yetkinlik yaşına çatana kimi tam təminatı ilə saxlayıblar və evləndiriblər. O, Baki şəhərində yaşasam da, daim tez-tez gəlib onlarla maraqlanır, anasını və atasını həkimə müalicəyə aparır və onlara daim qayğı və diqqət göstərir. Onun və ailəsinin, qızlarının nənə və babalarına gəlib qayğı göstərməsinə belə Yaşar maneə törədir, hər dəfə gələndə dava dalaş salır, onu və qızlarını təhqir edir və olmazın şər və böhtanlar atır. X8 şəhərində yaşayır. O, da valideynləri ilə gəlir maraqlanır, lakin Yaşar onu və yoldaşını da təhqir etdiyi üçün tez-tez gələ bilmirlər. Digər bacısı Tavat Mürşüd-oba kəndində yaşayır. O da, valideynləri ilə maraqlanmır, qayğı göstərmir. İddiacı İddiaçı1 4 yanvar 2023-cü ildə bir gözündən Bakı şəhərində əməliyyat olunub, bir gözünün də əməliyyat olunması vacibdir. Həmçinin yırtığı var və əməliyyat olunmalıdir. İddiaçı Daştəmirova Mariya uzun illərdir ki, xəstədir, daim müalicəyə ehtiyacı var. Daştəmirov Yaşar onlara məxsus evdə qalsa da, uzun illərdir, yəni hələ 2006-cı ildən onlara qarşı özbaşınaİıq edir, onları saymır, onlarla maraqlanmır. Ancaq bağlarında olan fındığı yığır, onlarin pensiyasını oğurlayır, qızılları oğurlayır. İddiaçılar bununla bütün orqanlara müraciətlər ediblər və Yaşar məsuliyyətə cəlb olunub. Onların aldığı pensiya onlarin yemək xərclərinə və müalicə xərclərinə, kommunal xərclərə və digər zəruri olan ehtiyaclara çatmır. Həmçinin onlara qulluq etmək üçün əlavə adam tutmağa ehtiyac vardir. Onlar kənd şəraitində yaşayır. Onlara istilik üçün odun gətirən, çay qoyan, çörək bişirən, ev işlərini görən, dərmanlarını verən, bir sözlə qulluq göstərməyə adam lazımdır. Buna maddi imkanlari çatmir. Böyük qızları 1960-ci il təvəllüdlüdür, ailəlidir, özünün kifayət qədər yaşı var, xəstədir, daim valideynləri ilə gəlib qala bilmir, valideynlərinə qulluq etmək imkanında deyil. Digər qİzı 1963-cü ii təvəllüdlüdür, ancaq valideynin əmlakını düşünür və gəlib valideynləri ilə maraqlanmır. Digər qızı Sevil Bakı şəhərində ailəsi ilə birlikdə yaşayır. Qızları və özü Bakıda yaşamasına baxmayaraq, ən azı həftədə iki dəfə gəlib onlara baş çəkir, onlarla maraqlanır, onları həkimə aparır, onların bəzi xərclərinə köməklik edir və qayğı göstərir. Yaşar və uşaqİarı da böyük olmasina baxmayaraq, onlara diqqət qayği göstərmirlər. Ancaq düşünürlər ki, onlarin əmlakını satsınlar və oğurlasınlar. Həmçinin onlarla tez-tez dalaşıb, təhqir edib, istəyirİər ki, onları bu yolla əsəbləşdirib öldürsünlər. İddiaya qarşı etirazda Yaşar tərəfindən yazılanlar ona qarşı deyilənlər böhtandır. Yaşarın valideynlərinə qarşı olan qəddar münasibəti məhkəmə qərarları və onların 2006-ci ildən muvafiq orqanlara etdikləri şikayətərlə öz təsdiqini tapır. Cavabdeh bu yolla, yəni onu nüfuzdan salmaqla ona şər və böhtan atmaqla, ondan əsassız şikayətlər etməklə, kəndə gələndə onu və qızlarını təhqir etməklə, onlara borclu olan şəxs İmran Bahadırovla birləşərək, onu qorxuzmaqla, bezdirməklə, onu şərləyib tutdurmaq istəyir ki, valideynlərindən kənarlaşdırsın. Yaşar da, valideynlərinə qarşı istədiyi özbaşınalığı edib, onları tək saxlayıb, istədiyini etsin. O, da buna imkan vermədiyinə görə, barəsində kifayət qədər şər və böhtan sözlər işlədib. Həmçinin iddiaya qarşı etiraz ərizəsinə münasibət bildirərkən qeyd etmək istəyir ki, etiraz ərizəsində yazılanların heç bir sübutu yoxdur. Valideynlərinin torpaq sahəsində işləyən yaşları deyil. İddiaçı1 adında avtomaşın yoxdur, 2006-cı ildən aralarında səmimi münasibət yoxdur. Bunlar qərarla öz təsdiqini tapıb. Keçən məhkəmə iclasında cavabdehin dediyi 2200 manat cərimə ilə bağlı qeyd etmək istəyir ki, İmran Bahadırovun əsassız şikayəti ilə bağlı Yaşıllaşdırma idarəsi atasını cərimə etmişdi, o, inzibati protokoldan şikayət vermişdi və həmin qərar ləğv olunmuşdu, 2200 manat ödəniş etməyib. Digər 1000 manat cərimə atası İddiaçı1 pensiyasına yönəldilib, o, da İmran Bahadırovla bağlı məsələ olub. Digər 500 manat cərimənin ödənilməsinə də o, köməklik etmişdir. Mental dəyərlər, milli düşüncə tərzi övlada valideyni baş tacı etməyi öyrədib, valideynin övladından aliment tələb etməsi onun ən real haqqıdır. Övladını bu yaşa çatdırıb, oxudub, sənət və ev-eşik sahibi edib, evləndirib. Valideyn qocalanda övladından diqqət tələb etmək haqqına sahibdir. Necə ki, valideynlər boşadıqdan sonra ata övladını 18 yaşı tamam olana qədər saxlamaq məsuliyyəti daşıyır və aliment ödəyir, eləcə də övlad öz valideyninin əldən-ayaqdan düşmüş və maddi problem yaşadığı vəziyyətində, xəstəliyində ona maddi dayaq durmalı, dəstək göstərməlidir. Övlad maddi cəhətdən valideyninə baxmağa borcludur. Bu onun insanlıq və övladlıq vəzifəsi və borcudur. Övladı dünyaya gətirən, böyüdən insanı təkbaşına buraxmaq, problemləri ilə baş-başa qoymaq olmaz. Hansi ki, onların artıq rahatlıq və dinclik vaxtıdır. Onun maddi və mənəvi çətinliyini kənardan seyr etmək və heç nə etməmək insanlığa və övlada yaraşan bir hərəkət deyil. Bu baxımdan övladlarından aliment tələb etmək valideynlərin təbii haqqıdir. Valideyn ömrünün müəyyən hissəsini övladına həsr edir, maddi-mənəvi əziyyət çəkir, və əgər qocalan zaman övladları onu saymırsa, aliment tələb etməsi normaldır. Bəzən ən doğru tərbiyə belə öz səmərəsini vermir, yəni övlad o tərbiyəni qəbul etmir və tamam yad düşüncələrlə yetişir. Bəzən yaxşı bir ailənin pis övladı, bəzən də pis ailənin yaxşı övladı yetişir. Ailə Məcəlləsində əmək qabiliyyətli, yetkinlik yaşına çatmış övladların maddi yardıma ehtiyacı olan, əmək qabiİiyyətli olmayan valideynlərini saxlamağa və onlara qayğı göstərməyə borclu olduqları təsbit edilib: "Aliment ödənilməsi barədə saziş olmadıqda əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan valideynlər üçün aliment əmək qabiliyyəti olan və yetkinlik yaşına çatmış övladlardan məhkəmə qaydasında tutulur. Övladların hər birindən tutulan alimentin həcmini məhkəmə valideynlərin və övladların maddi vəziyyətini nəzərə almaqla hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edir. Alimentin miqdarı müəyyən olunarkən aliment tələbi valideynlərin əmək qabiliyyəti olan və yetkinlik yaşına çatmış övladlarından hamısına, birinı və ya bir neçəsinə verilməsindən asılı olmayaraq məhkəmə onların hamısını nəzərə ala bilər. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinə əsasən nikah və ailə dövlətin himayəsindədir. Analıq, atalıq, uşaqlıq qanunla mühafizə edilir. Valideynlərə hörmət etmək, onların qayğısına qalmaq uşaqların borcudur. 18 yaşına çatmış əmək qabiliyyətli uşaqlar əmək qabiliyyəti olmayan valideynlərini saxlamağa borcludurlar. Onlarin elə ahıl yaşlarıdır ki, onlara daim diqqət və qayğı və qulluq lazımdır. Valideynlərin əmək qabiliyyətini itirməsi onlarən pensiya yaşına catmaları və xəstə!ik nəticəsində ola bilər. İddiaçılardan birinin 86, digərinin isə 80 yaşı var, özləri özlərini idarə edə bilmirlər, xəstədirlər, daim diqqət və qayğıya ehtiyacları var. Bu səbəbdən də iddia ərizəsi ilə məhkəməyə müraciət ediblər. İddiaçıların nümayəndəsi həmçinin ödəniş qəbzlərini və digər sübutları məhkəməyə təqdim edərək, qeyd olunanlara əsasən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. 11 yanvar 2023-cü ildə keçirilən məhkəmə hazırlıq iclasında Cavabdeh iddianı qəbul etməyərək iddiaya qarşı etiraz ərizəsini məhkəməyə təqdim edərək izahatında göstərmişdir ki, iddiaçılar özlərini idarə edə bilirlər, hər biri 400 manatadək pensiya alırlar, 1 ha fındıq bağları var, oradan məhsul götürürlər, atasının VAZ 2107 markalı avtomaşını var, traktoru var, onları idarə edir, fiziki qabiliyyətlidir. Onun pulu olmasa, cərimələr ödəyə bilməz. Bundan başqa valideynlərə görə bütün övladlar aliment ödəməlidirlər. Onlar 4 övladdırlar, iddiaçıların nümayəndəsi olan Sevil xanım da bacısıdır, Malı, mülkü Sevil xanım talan edib aparmışdır. Hazırda keçirilən məhkəmə baxışı iclasında cavabdeh Daşdəmirov X1 Daştəmirovun iddia ərizəsinin və iddianın dəqiqləşdirilməsinə dair ərizəsinin surətlərini məhkəməyə təqdim edib iddianı qəbul etməyərək izahatında göstərir ki, iddiaçıların nümayəndəsinin dedikləri uydurmadır. İddiaçıların kifayət qədər maddi imkanları var. İddiaçı1 pensiya alır, onun avtomaşını və traktoru var, onların hər iksini öz adına keçirdib. Məhkəmənin icraatında İddiaçı1 ona qarşı 14000 manat kompensasiya verilməklə evdən çıxarılmağına dair daha bir iddia tələbi var. Göstərilənlərə əsasən cavabdeh iddianın rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə baxışı iclasında dindirilən müstəqil tələb irəli sürməyən üçüncü şəxs X3 göstərir ki, o, 2022-ci ilədək atasına və anasına özü baxmışdır. 2 ildir isə atası evə qoymadığına görə onların evinə getmir. Sevil 17 il onların evinə gəlməyib, 1990-cı ildə qaçıb çıxıb gedib, ata, ana ilə maraqlanmayıb. Atasının 86 yaşı var, yataq xəstəsi deyil, hələ bir iynə görməyib. Sevil özünə etibar qazanmaq üçün aparıb atasının gözlərini əməliyyat elətdirir. Sevilin istəyi ata deyil, ata, ana ilə 20 il maraqlanmayan qız indi əmlakına görə onlarla maraqlanır. Göstərilənlərə əsasən müstəqil tələb irəli sürməyən üçüncü şəxs X3 iddianın rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə iddia ərizəsini, tərəflərin izahatlarını, iş materiallarını nəzərdən keçirərək, habelə yaradılmış “Elektron məhkəmə” İnformasiya Sisteminin geniş imkanlarından istifadə edərək belə qənaətə gəlir ki, iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Belə ki, “Elektron məhkəmə” informasiya sistemindən əldə olunmuş məlumatlardan görünür ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 hər ikisi təqaüdçüdürlər və müvafiq olaraq 347,49 manat və 327,21 manat məbləğində yaşa görə pensiya alırlar. Bundan başqa, iş materiallarında olan JN-157 saylı 30204028 seriyalı Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktından müəyyən olunur ki, İddiaçı1 və onun ailə üzviləri olan İddiaçı2 Cavabdeh adına Xaçmaz rayonu Aqrar İslahat Komissiyasının 1998-ci il tarixli, 08 saylı qərarı ilə 1,76 ha torpaq sahəsi verilmişdir. Bundan başqa, cavabdeh tərəfindən məhkəməyə təqdim olunmuş və iş materiallarına əlavə edilmiş İddiaçı1 cavabdehlər Cavabdeh, X2 və X4 qarşı kompensasiya ödənilməklə yaşayış sahəsindən istifadə hüququna xitam verilməklə evdən çıxarılma tələbinə dair Xaçmaz rayon məhkəməsinə ünvanlanmış iddia ərizəsinin və həmin iddia ərizəsinin dəqiqləşdirilməsinə dair ərizələrin surətlərindən görünür ki, İddiaçı1 həmin iş üzrə cavabdeh olan şəxslərə 14000 manat kompensasiya ödənilməklə ona məxsus fərdi yaşayış evindən istifadə hüququna xitam verilməsi və evdən çıxarılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi Nümayəndə buna qarşı etiraz edərək bildirmişdir ki, həqiqətən də əvvəllər İddiaçı1 sözügedən iddia ərizəsi ilə məhkəməyə müraciət etsə də, daha sonra evi ona, yəni Nümayəndə bağışladığından, iş üzrə iddiaçı dəyişdirilmişdir. Məhkəmə xüsusilə vurğulayır ki, “Elektron məhkəmə” İnformasiya Sisteminə baxış keçirərkən müəyyən etmişdir ki, hazırki tərəflər arasında yəni, İddiaçı1, İddiaçı2 Arsenyeva və xüsusən də onların nümayəndəsi olan övladları Nümayəndə digər ailə üzvləri Cavabdeh qarşı bir neçə müxtəlif növ məhkəmə çəkişmələri olub və hal-hazırda da davam edən çəkişmələri vardır. Hər iki tərəf məhkəməni öz şəxsi ədavətlərində bir “vasitə” kimi istifadə edərək, bir-birlərinə təsir göstərməyə çalışırlar. İddiaçıların 4 övladlarından yalnız birindən aliment tələb etməsi də ona dəlalət edir ki, iddiaçıların real maddi köməyə ehtiyacları yoxdur, burada yalnız tərəflər arasında olan şəxsi ədavətlər mövcuddur. Məhkəmənin fikrincə hazırki iddia üzrə iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh hər hansı bir məbləğdə aliment tələb etməsi reallığa uyğun deyil və yalnız “prinsipial” xarakter daşıyır. Belə ki, iş materiallarından göründüyü kimi, iddiaçıların hər ikisi təqaüdçüdürlər və cəmdə 674,7 manat məbləğində pensiya alırlar, bundan başqa iddiaçıların adında paylı mülkiyyət hesab olunan kənd təsərrüfatlı torpaq sahəsi vardır. Ən diqqət çəkən məqam isə odur ki, hazırki İddiaçı1 digər mülki iş üzrə cavabdehə 14000 manat pul kompensasiyası təklif etməklə evdən çıxarılmasını tələb edir. Həmin mülki iş üzrə İddiaçı1 mülkiyyətində olan evini qızı Nümayəndə bağışlamaqla iddiaçının dəyişməsinə nail olması hazırki məhkəmə tərəfindən formal prosessual hərəkət kimi qəbul olunur. Məhkəmə qeyd olunanlara istinadən hesab edir ki, iddiaçılar İddiaçı1 Cmaləddin oğlunun və İddiaçı2 maddi imkanları qənaətbəxş hesab edilir. Bundan əlavə, iddiaçılar özlərinin əmək qabiliyyəti olmayan kimi qələmə versələr də, buna dair hər hansı bir mötəbər sübutu məhkəməyə təqdim etməyiblər. İddiaçıların nümayəndəsi tərəfindən məhkəməyə təqdim edilmiş həkim reseptləri məhkəmə tərəfindən iddiaçıların əmək qabiliyyətinin olmamasına dəlalət edən mötəbər sübut kimi qəbul edilə bilməz. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 82.1-ci maddəsinə əsasən əmək qabiliyyəti olan yetkinlik yaşına çatmış övladlar maddi yardıma ehtiyacı olan əmək qabiliyyəti olmayan valideynlərini saxlamağa və onlara qayğı göstərməyə borcludurlar. Bununla da, məhkəmə belə qənaətə gəlir ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 Azərbaycan Respublikası Ailə Məcəlləsinin 82.1-ci maddəsində göstərildiyi kimi, “maddi yardıma ehtiyacı olan əmək qabiliyyəti olmayan valideynlər” hesab oluna bilməzlər. Məhkəmə qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsiplərinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktlara istinad etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. Azərbaycan Respublikası MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Avropa İnsan Hüquqları Məhkəməsi «Mahmudov Rusiya Federasiyasına qarşı» 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilir. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbinin təmin olunması,cavabdehin hüquqlarının pozulmasına səbəb olacaq. Məhkəmə nəzərə almışdır ki, MPM-nin 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan, işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Şərh olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216, 220, 227, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: İddia rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən qanunla müəyyən edilmiş qaydada şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Sərxan Səmədzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar