Məhkəmə qərarları › İş №2(067)-441/2025

Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-441/2025

22.01.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-441/2025 22.01.2025 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Abiyeva Nərmin Mirhəsən qızının sədrliyi, məhkəmə iclas katibi İsayeva Səbinə Cavanşir qızının katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair mülki işə Xaçmaz rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı X4 Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsi ilə Xaçmaz rayon Məhkəməsinə müraciət edərək, xx xxxxxx 1990-cı il tarixdə Xaçmaz şəhərində anadan olan və Xaçmaz şəhəri, Azərbaycan küçəsi, ev 22-də yaşayan Cavabdeh 02 may 2023-cü il təvəllüdlü X1 üçün onun xeyrinə hər ay aylıq qazancının (bütün gəlirlərin) ¼ hissəsi miqdarında alimentin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı X4 iddiasını onunla əsaslandırmışdır ki, 11 yanvar 2022-ci il tarixdə rəsmi nikah münasibətlərinə daxil olaraq Cavabdeh ilə ailə həyatı qurmuşlar. Rəsmi nikahlarından 1 uşaqları - 02 may 2023-cü il təvəllüdlü X10 anadan olmuşdur. Cavabdeh ilə ailə münasibətləri pozulduğundan, onlar faktiki olaraq ayrı yaşayırlar. Hal-Hazırda cavabdeh ilə birgə nikahdan olan azyaşlı uşaq onun himayəsindədir. Cavabdeh uşağın saxlanması üçün könüllü kömək etmir. Ona görə də, 02 may 2023-cü il təvəllüdlü X2 üçün cavabdehdən aylıq qazancının (bütün gəlirlərin) ¼ hissəsi miqdarında aliment tələb edir. Bildirir ki, cavabdeh “Xalq Bank” da kassir işləyir və əmək haqqı alır. İddiaçı məhkəməyə 08 yanvar 2025-ci il tarixdə “iddia ərizəsinə dəqiqləşmə aparılmasına dair” ərizə təqdim edərək, məhkəmədə Cavabdeh 02 may 2023-cü il təvəllüdlü X3 üçün onun xeyrinə hər ay 300 manat məbləğində alimentin tutlması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iş üzrə İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsində yazılanlara uyğun izahat vermiş və iddiasının təmin olunmasını xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, cavabdeh ona bu zamana kimi ödəniş etməmişdir. Sadəcə olaraq uşaq üçün bir neçə ehtiyaclarını alıb vermişdir. Özü iki ildir ki, işləmir. Cavabdehin ailəsi uşaqla maraqlanmır. Uşağın və özünün xərclərini ailəsi qarşılayır. Məhkəmə iclasında iş üzrə Cavabdeh iddia tələbini qismən qəbul edərək, izahatında göstərmişdir ki, onun başqa öhdəlikləri var. Hazırda işləmir, pulu yoxdur. İşləyən zaman iddiaçıya uşağın saxlanılması üçün aliment ödəyəcəkdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan, qismən təmin olunmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş AZ-İİ seriyalı, 480411 №-li nikah haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, Cavabdeh ilə X5 arasında 11 yanvar 2022-ci il tarixdə Xaçmaz rayon Qeydiyyat Şöbəsində rəsmi nikah qeydi bağlanmışdır. Nikahdan sonra ərə “Turabov”, arvada “Turabova” soyadı verilmişdir. İş materiallarına əlavə edilmiş AZ-İV seriyalı, 871901 №li doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, İddiaçı ilə Cavabdeh birgə nikahından 02 may 2023-cü il tarixli X10 anadan olmuşdur. İş materiallarına əlavə edilmiş 05 sentyabr 2024-cü il tarixli, 717 №-li arayışdan müəyyən olunur ki, 02 may 2023-cü il tarixli X10 anasının himayəsindədir. İş materiallarında olan 19 oktyabr 2023-cü il tarixli ödəniş qəbzindən müəyyən olunur ki, iddiaçı X4 mediasiya prosesi ilə bağlı Qusar rayon 1 saylı Mediasiya təşkilatının hesabına 60 manat məbləğində rüsum ödəmişdir. “Azemis” Elektron məhkəmə informasiya sistemində qeyd alınmış tərəflərin barəsində olan gəlir məlumatından müəyyən olunur ki, iddiaçı X4 ümumi təhsil məktəbində müəllim vəzifəsində işləyir və 573.27 manat məbləğində aylıq əmək haqqı alır. Cavabdeh isə "xxxx" X13 Cəmiyyətində xəzinədar vəzifəsində işləyir və 1590 manat məbləğində aylıq əmək haqqı alır. Azərbaycan Respublikasının Konstitusiyasının 17-ci maddəsinini İİ-ci hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 3.0.4-cü maddəsinə əsasən ana və uşaqların mənafeyinin hərtərəfli müdafiəsini və hər bir uşağın xoşbəxt həyatının təmin edilməsini ailə qanunvericiliyinin ümdə vəzifələri kimi qeyd etmişdir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1.-ci maddəsi əsasında valideynlər uşaqlarını saxlamağa borcludurlar. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 78.1.-ci maddəsinə görə, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazançı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərin birinin marağını əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məçəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 78.2.-ci maddəsinə müvafiq olaraq sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla, uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikasının Qanununun 19-cu maddəsinə görə uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifəsidir. «Uşaq hüquqları haqqında» BMT-nin 12 noyabr 1989-cu il tarixli Konvensiyasının 18-ci maddəsinə əsasən uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər daşıyırlar. «Uşaq hüquqları Bəyannaməsi»nin 2 saylı prinsipinə görə uşaq qanunla və digər vasitələrlə sosial müdafiə ilə təmin olunmalı, onun fiziki, əqli, mənəvi, ruhi və sosial baxımdan sağlam və normal yolla azadlıq və ləyaqət şəraitində inkişaf etməsinə imkan verən əlverişli şəraitlə təmin edilməlidir. Həmin Bəyannamənin 4 saylı prinsipinə əsasən uşaq sosial təminatın faydalığından istifadə etməlidir. O, sağlam böyümək və inkişaf etmək hüququna malik olmalıdır, bu məqsədlə o, doğumdan əvvəl və sonra müvafiq qulluq daxil olmaqla, xüsusi qulluq və mühafizə ilə təmin olunmalıdır. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 100.2.-ci maddəsində göstərilir ki, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. İş materiallarından müəyyən olunur ki, iddia ərizəsi 22 noyabr 2024-cü il tarixdə Xaçmaz rayon Məhkəməsinə daxil olmuşdur. «Yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının Qanununun tələbinə əsasən uşaqlar üçün yaşayış minimumu 2024-cü ildə 270 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə tərəflərin maddi vəziyyətini nəzərə alaraq hesab edir ki, tərəflərin birgə nikahından olan uşaqları – 02 may 2023-cü il tarixli X8 yetkinlik yaşına çatana kimi saxlanılması üçün iddia ərizəsi məhkəməyə daxil olduğu gündən, yəni 22 noyabr 2024-cü il tarixdən başlayaraq hər ay həmin il üçün, sonrakı artımlar nəzərə alınmaqla müəyyən olunmuş minimum əmək haqqı məbləğinin 0.5 mislində sabit pul məbləğində aliment Cavabdeh tutularaq İddiaçı ödənilməsi məqsədəuyğundur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.4-cü maddəsinə əsasən işdə iştirak edən şəxslər məhkəmə xərclərinin bölüşdürülməsi barədə razılığa gəldikləri halda məhkəmə bu razılığa uyğun olaraq qərar qəbul edir. İddia tələbindən göründüyü kimi, iddiaçı mediasiya xərcini cavabdehdən tələb etməmişdir. Belə olan halda, mediasiya prosesi ilə bağlı ödənilmiş məbləğ iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikasının “Dövlət Rüsumu haqqında” Qanunun 9.1.2-ci maddəsinə görə aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumunu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. İddiaçının iddia ərizəsi qismən təmin edildiyindən, yəni alimentin məbləği 2024-cü il üçün minimum əmək haqqının (270 manat) 0.5 misli (135 manat) həddində müəyyən olunduğundan, iddianın qiyməti 135 manat x 12 aya = 1620 manat təşkil edir. Azərbaycan Respublikasının “Dövlət Rüsumu haqqında” Qanunun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi miqdarında dövlət rüsumu ödənilməlidir. Belə olan halda, cavabdehdən 36.20 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə köçürülməlidir. Məhkəmə nəzərə almışdır ki, MPM-nin 278.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan, işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024cü il tarixli qərarının 8.4-1-ci bəndinə əsasən Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, tərəflərin birgə nikahından olan uşaqları – 02 may 2023-cü il tarixli X8 yetkinlik yaşına çatana kimi saxlanılması üçün iddia ərizəsi məhkəməyə daxil olduğu gündən, yəni 22 noyabr 2024-cü il tarixdən başlayaraq hər ay həmin il üçün, sonrakı artımlar nəzərə alınmaqla müəyyən olunmuş minimum əmək haqqı məbləğinin 0.5 mislində sabit pul məbləğində aliment Cavabdeh tutularaq İddiaçı verilməli və 36.20 manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə köçürülməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Tərəflərin birgə nikahından olan uşaqları – 02 may 2023-cü il tarixli X8 yetkinlik yaşına çatana kimi saxlanılması üçün iddia ərizəsi məhkəməyə daxil olduğu gündən, yəni 22 noyabr 2024-cü il tarixdən başlayaraq hər ay həmin il üçün, sonrakı artımlar nəzərə alınmaqla müəyyən olunmuş minimum əmək haqqı məbləğinin 0.5 mislində sabit pul məbləğində aliment Cavabdeh tutularaq İddiaçı xeyrinə ödənilsin. Cavabdeh 36.20 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə köçürülsün. Mediasiya prosesi ilə bağlı ödənilmiş məbləğ iddiaçıya aid edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamə alimentin tutulmasına dair hissədə dərhal icra olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən qanunla müəyyən edilmiş qaydada şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Nərmin Abiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar