Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-483/2024 08.01.2024 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Qasımova Vüsalə Yadigar qızının sədrliyi, Məhkəmə iclas katibi X2, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsi üzrə mülki işə Xaçmaz şəhərində açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı oğlu məhkəmədə iddia qaldıraraq, xx.xx.2019-cu il təvəllüdlü X1 üçün Cavabdeh hər ay uşaq üçün 220 manat məbləğində alimentin və uşağın azyaşlı olduğuna görə əlavə 50 manat pulun alınıb mənə verilməsi barədə qətnamə barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddianı onunla əsaslandırmışdır ki, Cavabdeh ilə xx.xx.2018-ci ildə el adəti ilə toy edərək ailə qurmuşlar və nikahlarını rəsmiləşdirmişlər. Həmin tarixdə də cavabdehin valideynlərinə məxsus ünvan 1 ünvanda yerləşən evə gəlin köçmüşdür. Birgə nikahdan xx.xx.2019-cu il tarixdə Nicat adlı bir uşaqları anadan olmuşdur. Cavabdehin anası onunla yola getmir, səbəbsiz yerə evdə dava-dalaş salır, cavabdeh də anasının haqlı olduğunu düşünür. Dəfələrlə ailədə münaqişələr yaradaraq söz-söbət salır. Bu hallar dəfələrlə baş vermişdir. Cavabdehin anası onun üstünə əl qaldırmışdır. Cavabdehdə məcburiyyətdən onu valideynlərinin evinə qaytarmışdır. Artıq iki aydır ki, valideynlərinin evindədir. Cavabdeh bu müddət ərzində uşağın saxlanılması üçün ona heç bir yardım göstərməmişdir. Ona görə də aliment tələbi ilə əlaqədar məhkəməyə müraciət etməli olmuşdur. O, özü heç yerdə işləmir, ona görə də uşağın saxlanmasında çətinlik çəkir. Cavabdeh hal-hazırda FHN-nin Şimal Regional İdarəsində sürücü vəzifəsində çalışır. Cavabdeh yaxşı qazanc əldə etməklə alimentin ödəmək iqtidarındadır. Məhkəmə iclasında iddiaçı izahatında göstərmişdir ki, iddianı müdafiə edir. Təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh izahatında göstərmişdir ki, iddianı qismən qəbul edir. FHNda işləyir və aylıq 561 manat əmək haqqı alır. Əmək haqqının ¼ hissəsinin aliment kimi tutulmasını istəyir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan nikah haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, tərəflər xx.xx.2018-ci ildə rəsmi nikaha daxil olaraq evlənmişlər. Nikahdan sonra qadın Mabudova soyadını qəbul etmişdir. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, tərəflərin birgə nikahlarından xx.xx.2019-cu il təvəllüdlü X4 anadan olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Quba şəhərində yerləşən 9924 saylı Hərbi Hissənin xx.xx.2023-cü il tarixli, 43-18-48/2-298/2023 saylı arayışından müəyyən olunur ki, Cavabdeh xx.xx.2019-cu il tarixdən Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyində xidmət edir. Onun aylıq pul təminatı orta hesabla 561.08 manat təşkil edir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər xx.xx.2018-ci il ildə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuşlar. Birgə nikahdan bir uşaqları vardır. Cavabdeh işləyir və aylıq əmək haqqısı 561.08 manatdır. Cavabdeh iddianı qismən qəbul edir. Məhkəmə iddia ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin İV bəndinə əsasən ər ilə arvadın hüquqları bərabərdir və uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. Valideynlər bu Məcəllənin 16-cı fəslinə uyğun olaraq yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq barədə saziş (aliment ödənilməsi barədə saziş) bağlamaq hüququna malikdirlər. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Aliment ödənilməsi barədə valideynlər arasında saziş olmadıqda, valideynlər (onlardan biri) uşaqları saxlamadıqda və məhkəməyə bu barədə iddia verilmədikdə müvafiq icra hakimiyyəti orqanı yetkinlik yaşına çatmayan uşaqlar üçün aliment tutulması barədə valideynlərə (onlardan birinə) qarşı iddia qaldırmaq hüququna malikdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Tərəflərdən hər biri ilə uşaq qalıbsa, bir valideyndən az təminatlı digər valideynin xeyrinə hər ay tutulan alimentin miqdarı bu Məcəllənin 78-ci maddəsinə uyğun olaraq məhkəmə tərəfindən sabit pul məbləğində müəyyən edilir. Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən 2024-ci il uşaqlar üçün yaşayış minimumu 235 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Məhkəmə hesab edir ki, “Yaşayış minimumu haqqında” Qanunun Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrində nəzərdə tutulmuş aliment münasibətlərinə aid edilməsinin mümkünlüyü barədə “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016-cı il tarixli Qərarında Konstitusiya Məhkəməsinin hüquq mövqeyi ondan ibarət olmuşdur ki, məhkəmə alimentin miqdarını, ilk növbədə, Ailə Məcəlləsinin qeyd edilən münasibətləri tənzimləyən normalarının tələbləri əsasında araşdıraraq müəyyən etməlidir. Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi baxımdan, “Yaşayış minimumu haqqında” Qanunda bir uşağın yaşayış minimumu üçün müəyyən edilən məbləğ alimentin məbləğinin müəyyən edilməsi üçün əsas meyar ola bilməz. Alimentin miqdarı ilk növbədə Ailə Məcəlləsinin alimentlə bağlı münasibətləri tənzimləyən normalarının tələbləri əsasında müəyyən edilməlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdur. Ona görə də iddiaçının xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilməlidir. Həmçinin tələb edilən aliment məbləği minimal standartlara uyğun olmalıdır və ona görə iddia qismən təmin edilməlidir. Odur ki, məhkəmə tərəflərin maddi və ailə vəziyyətlərini, yetkinlik yaşına çatmayan uşaqların yaşını, mənafeyini, qida və digər zəruri xərclərə tələbatlarını, cavabdehin müntəzəm gəlirinin olmasını,eləcə də diqqətəlayiq maraqlarını, qanunvericiliyin tələbinə görə hər iki valideynin uşaqları saxlamağa borclu olduqlarını nəzərə alaraq hesab edir ki, xx.xx.2023cü il tarixdən başlayaraq uşağın yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay 193 manat sabit pul məbləğində alimentin cavabdehdən tutularaq iddiaçıya verilməsini məqsədəmüvafiq hesab edir. Eyni zamanda məhkəmə qeyd etməyi zəruri hesab edir ki, uşaqları saxlamaq hər iki valideyinin borcu olduğundan, yaşayış minimumu ilə müəyyən edilmiş 235 manat məbləğinin 193 manat hissəsi ata tərəfindən ödənildiyindən, qalan hissə də ana tərəfindən ödənilməlidir. Məhkəmə qeyd edir ki, məhkəmə tədqiqatı zamanı iddiaçı məhkəməyə uşağın azyaşlı olmasına görə cavabdehdən əlavə xərc tutulmasına dair hissədə məhkəməyə heç bir sübut təqdim etmədiyindən iddia həmin hissədə təmin olunmamalıdır. İş materiallarından müəyyən olunur ki, iddia ərizəsi 15 noyabr 2023-cü ildə Xaçmaz Rayon Məhkəməsinə daxil olmuşdur. Azərbaycan Respublikası MPM-nin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bu Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, işin yuxarıda sadalanan faktiki hallarından görünür ki, iddia tələbi qismən əsaslıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia qismən təmin edilsin. xx.xx.2019-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanması üçün 15 noyabr 2023-cü ildən başlayaraq Cavabdeh hər ay 193 manat sabit pul məbləğində aliment alınaraq İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Məhkəmə qətnaməsi alimentin tutulması hissədə dərhal icra olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Xaçmaz rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Vüsalə Qasımova
Məhkəmə qərarları › İş №2(067)-483/2024
Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-483/2024
08.01.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver