Məhkəmə qərarları › İş №2(067)-492/2024

Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-492/2024

22.02.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-492/2024 22.02.2024 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Abiyeva Nərmin Mirhəsən qızının sədrliyi, məhkəmə iclas katibi İsayeva Səbinə Cavanşir qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə İddiaçı Cavabdeh qarşı alimentin təyin edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh hər ay onun xeyrinə 500 manat alimentin və mediasiyaya görə ödənilmiş 60 manat mediasiya xərcinin alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, Cavabdeh onun oğludur. Oğlu onunla bir evdə yaşasa da, maddi cəhətdən ona heç bir köməklik göstərmir. Halbuki, o, "xxxx"ın Xaçmaz filialında işləməklə 1000 manatdan artıq əmək haqqı alır. Lakin oğlunun qazancını hara xərclədiyindən xəbəri yoxdur. Deməsinə görə banklara və digər şəxslərə borcları var, ona görə də qazancını borclarına və banklara verir. O, özü yaşlı adamdır, pensiyadan başqa heç bir gəliri yoxdur, pensiya da iynə-dərmanına güclə çatır, özü xəstədir, cərrahiyyə əməliyyatı keçirib, müalicələrinə xeyli miqdarda pul tələb olunur. Cavabdeh onu saxlamağa və ona qayğı göstərməyə borcludur. Mediasiya prosesinə xx.xx.2023-cü il tarixdə 60 manat mediasiya xərci ödəmişdir. Cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmiş, nəticədə ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə xx.xx.2023-cü il tarixli arayış və mediasiya prosesinə xitam verilməsi haqqında protokol verilmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iddianı müdafiə edərək, izahatında göstərmişdir ki, Cavabdeh iddiaçının oğludur. Cavabdehdən başqa iddiaçının iki övladı da var, lakin cavabdeh iddiaçı ilə bir evdə yaşayır. Buna baxmayaraq anasına maddi cəhətdən heç bir köməklik göstərmir. Cavabdeh "xxxx"ın Xaçmaz filialında işləyir. İddiaçı isə ayda 220 manat pensiya alır, başqa gəliri yoxdur. pensiyası da iynə-dərmanına güclə çatır, özü xəstədir, cərrahiyyə əməliyyatı keçirib, müalicələrinə xeyli miqdarda pul tələb olunur. Qeyd olunanlara əsasən iddianın təmin edilməsini xahiş etmişdir. İş üzrə Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə məhkəmə bildirişi çatdırılmasına baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, məhkəməyə ərizə göndərərək, işə onun iştirakı olmadan baxılmasını xahiş etmiş və iddianın qəbul etdiyi həcmdə qismən təmin edilməklə, hər ay yalnız 380 manat ödəniş etməyə maddi imkanının çatdığını bildirmişdir. Məhkəmə MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iddia ərizəsini və iş materiallarını, habelə tərəflər barəsində “Azemis” Elektron məhkəmə İnformasiya Sistemində qeydə alınmış məlumatları araşdıraraq, hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan XV-JQ seriyalı 281963 nömrəli doğum haqqında şəhadətnamədən müəyyən olunur ki, Cavabdeh xx.xx.1990-cı ildə doğulmuşdur. Onun atası X3, anası isə İddiaçıdır. İş materiallarında olan ödəniş qəbzindən müəyyən olunur ki, İddiaçı mediasiya prosesində iştirak üçün 60 manat məbləğində dövlət rüsumu ödəmişdir. İş materiallarında olan ödəniş qəbzindən müəyyən olunur ki, İddiaçı məhkəməyə iddia ərizəsinin verilməsi üçün 30,40 manat məbləğində dövlət rüsumu ödəmişdir. İş materiallarında olan “OKİ Hospital” tərəfindən verilmiş epikrizdən müəyyən olunur ki, İddiaçı xx.xx.2023-cü il tarixdə aşağı ətraf venalarının varikoz xəstəliyi diaqnozu ilə hospitala daxil olmuş, xx.xx.2023-cü il tarixdə xəstədə iki tərəfli flebektomiya əməliyyatı aparılmış, xx.xx.2023-cü il tarixdə xəstə evə yazılmışdır. İş materiallarında olan X1 xəstənin xəstəlik tarixindən 6081 saylı epikrizindən müəyyən olunur ki, İddiaçı revmatizm qeyri fəal mərhələdə, qayıdan revmokardit və sair xəstəliklərlə əlaqədar həkim müalicəsi almışdır. İş materiallarında olan Xaçmaz RMX-nin HƏEK-ə göndərişdən müəyyən olunur ki, İddiaçı müxtəlif xəstəliklər müəyyən olunmuşdur. “Elektron məhkəmə” informasiya sistemindən əldə olunmuş məlumatlardan görünür ki, İddiaçı 3 və daha çox uşaq doğub 8 yaşınadək tərbiyə etmiş 57 yaşına çatmış qadınlar üçün təyin olunan 220 manat məbləğində pensiya alır. Cavabdeh "xxxx" ASC-nin Xaçmaz filialında xəzinədar işləyir və vəzifə maaşı 1590 manatdır. İş materiallarında olan Cavabdeh məhkəməyə təqdim etdiyi ərizədən müəyyən olunur ki, cavabdeh iddianı qismən qəbul edərək, iddiaçıya hər ay 380 manat ödəniş etməyə razı olduğunu bildirmişdir. Məhkəmə qeyd olunanlara istinadən hesab edir ki, iddiaçının maddi imkanı qənaətbəxş hesab edilə bilməz, eyni zamanda əmək qabiliyyəti olan və "xxxx" ASC-nin Xaçmaz filialında xəzinədar işləməklə, hə ay 1590 manat əmək haqqı alan cavabdehin maddi vəziyyəti qənaətbəxşdir. Belə olan halda cavabdeh maddi yardıma ehtiyacı olan əmək qabiliyyəti olmayan anası İddiaçı saxlamağa və ona qayğı göstərməyə borcludur. Bununla əlaqədar məhkəmə həmçinin cavabdehin özünün də iddianı qismən qəbul etdiyini və hər ay iddiaçıya 380 manat vəsait ödəməyə etiraz etməməsini nəzərə alır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 82.1-ci maddəsinə əsasən əmək qabiliyyəti olan yetkinlik yaşına çatmış övladlar maddi yardıma ehtiyacı olan əmək qabiliyyəti olmayan valideynlərini saxlamağa və onlara qayğı göstərməyə borcludurlar. Həmin Məcəllənin 82.3.-cü maddəsinə əsasən övladların hər birindən tutulan alimentin həcmi məhkəmə tərəfindən valideynlərin və övladların maddi vəziyyəti, ailə vəziyyəti və tərəflərin diqqətəlayiq digər maraqları nəzərə alınmaqla hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilir. Məhkəmə qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsiplərinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktlara istinad etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. Azərbaycan Respublikası MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Avropa İnsan Hüquqları Məhkəməsi «Mahmudov Rusiya Federasiyasına qarşı» 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilir. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Cavabdeh hər ay 400 manat alimentin alınaraq İddiaçı verilməsi məqsədə müvafiqdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikasının “Dövlət Rüsumu haqqında” Qanunun 9.1.2-ci maddəsinə görə aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumunu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. İddiaçının iddia ərizəsi qismən təmin edildiyindən, yəni alimentin məbləği 400 manat təyin olunduğundan, iddianın qiyməti 400 manat x 12 ay= 4800 manat təşkil edir. Azərbaycan Respublikasının “Dövlət Rüsumu haqqında” Qanunun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi miqdarında dövlət rüsumu ödənilməlidir. Belə olan halda, cavabdehdən 68 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə köçürülməlidir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 100.2.-ci maddəsində göstərilir ki, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. İş materiallarından müəyyən olunur ki, iddia ərizəsi xx.xx.2023-cü ildə Xaçmaz rayon məhkəməsinə daxil olmuşdur. Göstərilənlərə əsasən məhkəmə hesab edir iddia qismən əsaslı olduğundan qismən təmin edilməli və Cavabdeh oğlundan iddia ərizəsi məhkəməyə daxil olduğu gündən, yəni xx.xx.2023-cü il tarixdən başlayaraq hər ay 400 manat aliment və mediasiyaya görə ödənilmiş 60 manat mediasiya xərci alınaraq İddiaçı verilməli, həmçinin Cavabdeh 68 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə köçürülməli, iddianın qalan hissəsi təmin edilməməlidir. Məhkəmə nəzərə almışdır ki, MPM-nin 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan, işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Şərh olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216, 220, 227, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: İddia qismən təmin edilsin Cavabdeh iddia ərizəsi məhkəməyə daxil olduğu gündən, yəni xx.xx.2023-cü il tarixdən başlayaraq, hər ay 400 manat aliment və mediasiyaya görə ödənilmiş 60 manat mediasiya xərci alınaraq İddiaçı verilsin. Cavabdeh 68 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə köçürülsün. Qətnamə alimentə aid hissədə dərhal icra olunsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən qanunla müəyyən edilmiş qaydada şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Nərmin Abiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar