Məhkəmə qərarları › İş №2(067)-544/2023

Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-544/2023

07.02.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-544/2023 07.02.2023 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, məhkəmə iclas katibi Nəcəfli Fuad Zeynal oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı sabit məbləğdə aliment tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən xx.xx.2019-cu il təvəllüdlü X2 və xx.xx.2020-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər bir uşaq üçün 250 manat olmaqla, cəmi 500 manat sabit pul məbləğində alimentin alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə xx.xx.2018-ci il tarixdə rəsmi nikaha daxil olaraq evlənmişlər. Birgə nikahdan iki övladları-xx.xx.2019-cu il təvəllüdlü X5 və xx.xx.2020-ci il təvəllüdlü X4 anadan olmuşdur. Onlar hal-hazırda cavabdehlə ayrı yaşayırlar. Cavabdeh övladları ilə maraqlanmır. Bu günə qədər övladlarının bütün təminatlarını özü ödəyir və o, uşaqları saxlamaqda çətinlik çəkir. Cavabdehin imkanı yaxşıdır və aylıq gəliri 1000-1500 manat təşkil edir. Buna baxmayaraq o, ailəsinə baxmır, uşaqlarının qayğısına qalmır. Ona görə də məhkəməyə müraciət etmək məcbiriyyətində qalmışdır. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək iddia ərizəsinə uyğun izahat vermiş və əlavə olaraq, o, boşanmaq istədiyini, boşanmaq üçün ərizə də verdiyini bildirir. Onlar keçən ilin avqust ayından cavabdehlə ayrı yaşayırlar. Cavabdeh ötən vaxt ərzində uşaqlarla maraqlanmır, o, valideynlərinə güvənir, gecə kafelərdə yeyib-içir. Uşaqlarına iddiaçının anası baxır, onların maddi cəhətdən ehtiyaclarını qarşılayır. Ona görə də o, cavabdehdən hər uşağa görə 250 manat olmaqla, cəmi 500 manat sabit məbləğində aliment tələb edir. Cavabdehin iddiaya qarşı etiraz ərizəsi ilə tanış olmuş, ərizədə göstərilənlərlə razı olmadığnı bildirir. Göstərilənlərə əsasən iddiaçı iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında iş üzrə Cavabdeh iddianı qəbul etməyərək, izahatında göstərir ki, iddiaçı özü çıxıb gedib. O, iddiaçını anasının evinə 2-3 günlüyə qonaq aparıb, lakin iddiaçı sonra geri gəlməyib. Onlar faktiki olaraq 6 aydır iddiaçı ilə ayrı yaşayırlar. Cavabdeh bağda işlədiyini, heyvana baxdığını, iş olanda orada-burada, yəni fərdi qaydada işlədiyini və gündə 10-15 manat pul qazandığını göstərir. Onun aliment ödəməyə maddi imkanı yoxdur və həmçinin aliment ödəmək fikri də yoxdur. Göstərilənlərə əsasən cavabdeh iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə tərəflərin izahatlarını dinləyib iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin olunmalıdır. İş materiallarında olan Xaçmaz Rayon Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.2022-ci il tarixdə verilən arayışdan müəyyən olunur ki, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2018-ci il tarixdə rəsmi nikah qeydə alınmışdır. İş materiallarında olan Xaçmaz Rayon Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.2022-ci il tarixdə verilən arayışlardan müəyyən olunur ki, İddiaçı və Cavabdeh birgə nikahlarından iki övladları-xx.xx.2019-cu il təvəllüdlü X5 və xx.xx.2020-ci il təvəllüdlü X4 anadan olmuşdur. İş materiallarında olan X3 iştirak edilməsi barədə xx.xx.2022-ci il tarixli arayışdan müəyyən olunur ki, İddiaçı X3 iştirak etmiş, Cavabdeh isə iştirak etməmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli ödəniş qəbzindən müəyyən olunur ki, İddiaçı tərəfindən 50 manat məbləğində mediyasiya xərci ödənilmişdir. İş materiallarında olan Cavabdeh tərəfindən verilən etiraz ərizəsindən müəyyən olunur ki, o, İddiaçı aliment tələbinə dair idda tələbini qəbul etməmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 17-ci maddəsinini İİ hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 3.0.4-cü maddəsinə əsasən ana və uşaqların mənafeyinin hərtərəfli müdafiəsini və hər bir uşağın xoşbəxt həyatının təmin edilməsini ailə qanunvericiliyinin ümdə vəzifələri kimi qeyd etmişdir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1.-ci maddəsi əsasında valideynlər uşaqlarını saxlamağa borcludurlar. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 78.1.-ci maddəsinə görə, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərin birinin marağını əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 78.2.-ci maddəsinə müvafiq olaraq sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla, uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. «Yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının Qanununun tələbinə əsasən uşaqlar üçün yaşayış minimumu 2023-cü ildə 220 manat məbləğində müəyyən edilmişdir. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikasının Qanununun 19-cu maddəsinə görə uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifəsidir. «Uşaq hüquqları haqqında» BMT-nin 12 noyabr 1989-cu il tarixli Konvensiyasının 18-ci maddəsinə əsasən uşağın tərbiyyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər daşıyırlar. «Uşaq hüquqları Bəyannaməsi»nin 2 saylı prinsipinə görə uşaq qanunla və digər vasitələrlə sosial müdafiə ilə təmin olunmalı, onun fiziki, əqli, mənəvi, ruhi və sosial baxımdan sağlam və normal yolla azadlıq və ləyaqət şəraitində inkişaf etməsinə imkan verən əlverişli şəraitlə təmin edilməlidir. Həmin Bəyannamənin 4 saylı prinsipinə əsasən uşaq sosial təminatın faydalığından istifadə etməlidir. O, sağlam böyümək və inkişaf etmək hüququna malik olmalıdır, bu məqsədlə o, doğumdan əvvəl və sonra müvafiq qulluq daxil olmaqla, xüsusi qulluq və mühafizə ilə təmin olunmalıdır. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 100.2.-ci maddəsində göstərilir ki, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. İş materiallarından müəyyən olunur ki, iddia ərizəsi xx.xx.2022-ci ildə Xaçmaz Rayon Məhkəməsinə daxil olmuşdur. Məhkəmə iddiaçının himayəsində olan yetkinlik yaşına çatmayan uşağın mənafeyini və tərəflərin maddi vəziyyətlərini nəzərə alaraq, hesab edir ki, xx.xx.2019-cu il təvəllüdlü X5 və xx.xx.2020-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh xx.xx.2022-ci il tarixdən başlayaraq hər ay hər bir uşaq üçün 190 manat olmaqla cəmi 380 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi məqsədəuyğundur. Məhkəmə hesab edir ki, qeyd olunan aliment miqdarından az miqdarda aliment məbləğinin müəyyən edilməsi azyaşlı uşaqların qanunla qorunan hüquqlarını pozaraq, aliment öhdəliklərinin mahiyyətinə zidd olardı. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikasının “Dövlət Rüsumu haqqında” Qanunun 9.1.2-ci maddəsinə görə aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumunu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövtət rüsümu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. İddiaçının iddia ərizəsi qismən təmin edildiyindən, yəni alimentin məbləği cəmi 380 manat müəyyən olunduğundan, iddianın qiyməti 380 manat x 12 aya=4560 manat təşkil edir. Azərbaycan Respublikasının “Dövlət Rüsumu haqqında” Qanunun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi miqdarında dövlət rüsumu ödənilməlidir. Belə olan halda, Cavabdeh 65,6 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə köçürülməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2.-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalıvə onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4.-cü madəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə nəzərə almışdır ki, MPM-nin 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan, işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Beləliklə, məhkəmə işdə olan sübutlara məcmu halında hüquqi qiymət verərkən hesab edir ki, iddia qismən təmin edilməli və xx.xx.2019-cu il təvəllüdlü X5 və xx.xx.2020-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh xx.xx.2022-ci il tarixdən başlayaraq hər ay hər bir uşaq üçün 190 manat olmaqla cəmi 380 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı ödənilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Cavabdeh 65,6 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə köçürülməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 117-220-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. xx.xx.2019-cu il təvəllüdlü X5 və xx.xx.2020-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh xx.xx.2022-ci il tarixdən başlayaraq hər ay hər bir uşaq üçün 190 manat olmaqla cəmi 380 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. Cavabdeh 65,6 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə köçürülsün. Qətnamənin alimentə aid hissəsi dərhal icra edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən qanunla müəyyən edilmiş qaydada şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Sərxan Səmədzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar