Məhkəmə qərarları › İş №2(067)-549/2023

Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-549/2023

07.02.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-549/2023 07.02.2023 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Qasımova Vüsalə Yadigar qızının sədrliyi, Məhkəmə iclas katibi X1, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı nəvənin saxlanılması üçün alimentin ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Xaçmaz şəhərində açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı məhkəmədə iddia qaldıraraq cavabdehlər nəvələri, yəni övladı xx.xx.2008-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 400 manat maddi vəziyyəti dəyişənə qədər onun xeyrinə aliment tutulması barəsində qətnamə çıxarılmasını xahiş etmişdir. İddiasını onunla əsaslandırmışdır ki, iddianı müdafiə edir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 övladının nənə və babasıdır. Atası alimenti ödəmir, bu səbəbdən onları məhkəmədə cavabdeh olaraq işə cəlb etmişdir. 150 manat aliment təyin olunub. 150 manat aliment təyin olunsa da, heç zaman aliment məbləğini tam şəkildə ödəməyib. O, uşağın xərclərini qarşılaya bilmir. Cavabdehlərin nəvəsidi köməklik etməlidirlər. Xahiş edir ki, iddiası təmin edilsin. Məhkəmə iclasında iddiaçı iddia ərizəsində göstərilənlərə uyğun izahat vermiş və iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barəsində cavabdeh lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Məhkəmə cavabdehlərin məhkəmə iclasına gəlməmələrinin səbəbini üzürsüz sayaraq Azərbaycan Resublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsini rəhbər tutaraq işə onların iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə tərəfin izahatlarını dinləyib iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmamalıdır. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 17-ci maddəsinini İİ-ci hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 89-cu maddəsində göstərilir ki, yardıma ehtiyacı olan yetkinlik yaşına çatmayan nəvələr saxlanmaq üçün öz valideynlərindən maddi yardım ala bilmədikdə, buna zəruri vəsaitə malik baba və nənədən məhkəmə qaydasında aliment almaq hüququna malikdirlər. Əmək qabiliyyəti olmayan və yardıma ehtiyacı olan yetkinlik yaşına çatan nəvələr saxlanmaq üçün valideynlərindən, yaxud da ərdən (arvaddan) maddi yardım ala bilmədikdə, onlara da eyni hüquq verilir. İş materiallarında olan Xaçmaz Rayon Məhkəməsinin 12 mart 2021-ci il tarixli 2(067)-722/2021 saylı qətnaməsindən müəyyən olunur ki, 09 aprel 2014-cü il tarixli 2(067)-716/2014 saylı qətnaməyə əsasən xx.xx.2008-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün müəyyən edilmiş alimentin məbləği dəyişdirilərək xx.xx.2008-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün cavabdeh X2 hər ay cəmi 150 manat aliment alınaraq İddiaçı ödənilməsi qət edilmişdir. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. MPM sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almalıdır (MPM-in 14.2 və 77.1-ci maddələri). Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Ona görə də, hazırki mübahisə üzrə sübutetmə yükü iddiaçının üzərinə, bunun əksini sübutetmə yükü isə cavabdehin üzərinə düşür. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Beləliklə məhkəmə tərəflərin izahatlarını və iş materiallarını araşdıraraq hesab edir ki, cavabdehlərin zəruri vəsaitə malik olması barədə iddiaçı məhkəməyə heç bir mötəbər sübut təqdim etməmişdir. Bundan başqa X4 aliment öhdəliyinə xitam verilməsi yaxud da aliment ödəməkdən azad edilməsinə dair iddiaçı məhkəməyə heç bir sübut təqdim etməmişdir. Yuxarıda sadalananlara əsasən iddia tələbinin hüquqi əsasını təşkil edən Ailə Məcəlləsinin 89-cu maddəsində nəzərdə tutulmuş hallar məhkəmə araşdırması zamanı öz təsdiqini tapmadığından iddia tələbi təmin oluna bilməz. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsassızdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı nəvənin saxlanılması üçün alimentin ödənilməsi tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Xaçmaz rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Vüsalə Qasımova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar