Məhkəmə qərarları › İş №2(067)-57/2021

Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-57/2021

10.02.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-57/2021 10.02.2021 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Anar Böyükkişi oğlunun sədrliyi, Məhkəmə iclas katibi Həsənli Rövşən Xudat oğlunun, İddiaçı, İddiaçının vəkili Vəkil1, Cavabdeh və vəkili Vəkil2, Üçüncü şəxs Xaçmaz Rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi Mövlanov Akif Mövlud oğlunun iştirakları ilə İddiaçı Cavabdeh qarşı “birgə nikahdan olan övladlarının onun himayəsində saxlanılması” tələbinə dair iddia ərizəsi, Cavabdeh İddiaçı qarşı uşaq tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə mülki işə xx xxxxxx 2021-ci il tarixdə Xaçmaz şəhərində açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi İddiaçı məhkəmədə iddia qaldıraraq Cavabdeh ilə birgə nikahlarından olan övladları xx.xx.2004-cü il təvəllüdlü X1, xx.xx.2005-ci il təvəllüdlü X6, xx.xx.2006-cı il təvəllüdlü X7 və xx.xx.2008-ci il təvəllüdlü X3 onun himayəsində saxlanılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiasını onunla əsaslandırmışdır ki, cavabdehlə xx.xx.2002-ci ildə ailə qurmuşdur. Birgə nikahlarından xx.xx.2004-cü il təvəllüdlü X4, xx.xx.2005-ci il təvəllüdlü X11, xx.xx.2006-cı il təvəllüdlü X12 və xx.xx.2008-ci il təvəllüdlü X8 anadan olmuşdır. Evləndiyi aylardan aralarındakı münasibətlər yaxşı olmamış, dəfələrlə cavabdeh evdən qaçmış, ondan icazəsiz hara oldu getmiş, onu həyat yoldaşı kimi saymamışdır. Nəticədə nikahları məhkəmə qətnaməsi ilə ləğv edilmiş, uşaqları analarının yanında saxlanmışdır. Çox keçmədən uşaqlar ona anaları tərəfindən döyüldüklərini, başlarında analarının taxta sındırdığını, gecə saatlarında analarının onları evdən çölə çıxarıb küçədə saxlamağını, şəxsiyyətlərinin alçaldılmalarını, təhqir olunmalarını və şiddətə məruz qalmalarını şikayət etməyə başlamışlar. Buna baxmayaraq onları sakitləşdirmiş, lakin bir müddət sonra övladlarının dördü də analarının yanından qaçaraq onun yanına gəlmişlər. xx.xx.2018-ci il tarixindən uşaqlar onun himayəsindədirlər. O, onlara qulluq edir, onların səhhətinin, sağlamlığının, qidalanmasının qayğasına qalır. Onlar anaları ilə birlikdə sonuncunun himayəsində qalmaqdan imtina edirlər. Bundan sonra Cavabdeh qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək hazırda cavabdeh öz yanında saxladığı xx.xx.2004-cü il təvəllüdlü X1, xx.xx.2005-ci il təvəllüdlü X6, xx.xx.2006-cı il təvəllüdlü X7 və xx.xx.2008-ci il təvəllüdlü X3 cavabdehdən alınaraq onun himayəsinə verilməsi və uşağın yaşayış yeri onun yaşayış yeri qeyd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddianı onunla əsaslandırmışdır ki, İddiaçıla xx.xx.2002-ci ildə ailə qurmuşdur. Birgə nikahlarından xx.xx.2004-cü il təvəllüdlü X4, xx.xx.2005-ci il təvəllüdlü X11, xx.xx.2006-cı il təvəllüdlü X12 və xx.xx.2008-ci il təvəllüdlü X8 anadan olmuşdır. Evləndikləri gündən bir neçə vaxt sonra onunla qəddarcasına rəftar etməyə başlamış, heç bir səbəb olmadan mütəmadi olaraq onu söyüb təhqir etmiş, dəfələrlə döymüşdür. Nikahları məhkəmə qətnaməsi ilə pozulmuş və uşaqlar onun yanında saxlanmışdır. Sonradan uşaqları ataları tərəfindən öyrədilmiş, cavabdeh olan ataları uşaqları ona qarşı çevirmişdir. Javabdeh uşaqları ona qarşı öyrədərək, onları məcburən özündə saxlamışdır. O, bir ana kimi uşaqlarsız dözə bilmir, təbii ki, bu yaşda uşaqlar da anasız psixi sarsıntı keçirir. Lakin cavabdeh həm ona, həm də uşaqlarına qarşı qəddarlıq edərək bu cür hərəkət edir. Hazırda o, uşaqları ilə bir kənddə yaşadığına görə o həftədə bir-iki dəfə uşaqlarının yanına gedərək onlarla görüşür. Uşaqlar onunla yaxşı münasibətdədir, aralarında heç bir soyuqluq yoxdur. Lakin cavabdeh tərəfindən uşaqlara olan təzyiqdən onlar iki fikirli qalaraq ona yanaşmağa çəkinirlər, qorxurlar. Böyük qızının artıq 16 yaşı var. Onun bu yaşda anaya ehtiyacı vardır. Ona görə də uşaqlarının onda qalmasına və onların ana qayğısına ehtiyacı olduğundan hesab edir ki, uşaqlar onun himayəsinə verilməlidir. Məhkəmə iclasında iddiaçı iddia tələbini müdafiə edərək təmin olunmasını, qarşılıqlı iddianı isə qəbul etməyərək təmin olunmamasını xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh qarşılıqlı iddianı müdafiə edərək təmin olunmasını, ilk iddianı isə qəbul etməyərək təmin olunmamasını xahiş etmişdir. Məhkəmə iclasında üçüncü şəxs Qəyyumluq və Himayəçilik komissiyasının nümayəndəsi iddiaların təmin olunub olunmamasını məhkəmənin mülahizəsinə vermişdir. Bununla yanaşı məhkəmə iclasında müəyyən olunmudur ki, hazırda X4, X11, X12 və X8 ataları ilə birgə yaşayırlar. Əvvəlki məhkəmə iclasında mütəxəssisin iştirakı ilə dindirilmiş X4, X11, X12 və X8 ataları ilə qalmaq istədiklərini bildirmişlər. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ilk iddia və qarşılıqlı iddia tələbi qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan doğum haqqında şəhadətnamələrin surətlərindən müəyyən olunur ki, tərəflərin birgə nikahlarından xx.xx.2004-cü il təvəllüdlü X4, xx.xx.2005-ci il təvəllüdlü X11, xx.xx.2006-cı il təvəllüdlü X12 və xx.xx.2008-ci il təvəllüdlü X8 anadan olmuşlar. İş materiallarında olan Xaçmaz rayon məhkəməsinin xx xxxxxx 2014-cü il tarixli 2(067)-320 nömrəli qətnaməsinin surətindən müəyyən olunur ki, İddiaçı ilə Cavabdeh arasında xx xxxxxxxx 2002-ci il tarixdə bağlanmış nikah pozulmuş, xx.xx.2004-cü il tarixdə doğulmuş X1, xx.xx.2005-ci tarixdə doğulmuş X6, xx.xx.2006-cı il tarixdə doğulmuş X7 və xx.xx.2008-ci il tarixdə doğulmuş X3 anaları Cavabdeh yanında qalmaları müəyyən edilmiş və onların yetkinlik yaşına çatanadək saxlanmaları üçün hər ay hər uşaq üçün 50 (əlli) manat, cəmi 200 (iki yüz) manat sabit məbləqdə alimentin İddiaçı tutularaq Cavabdeh ödənilməsi qət edilmişdir. Alimentin tutulmasının başlanğıcı xx xxxxxx 2014-cü il tarixdən hesablanmışdır. İş materiallarında olan Xaçmaz rayon məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli 2(067)-2890/2018 nömrəli qətnaməsinin surətindən müəyyən olunur ki, xx.xx.2004-cü il təvəllüdlü X1, xx.xx.2005-ci il təvəllüdlü X11, xx.xx.2006-cı il təvəllüdlü X7 və xx.xx.2008-ci il təvəllüdlü X3 Cavabdeh alınaraq ataları İddiaçı verilməsi qət edilmişdir. İş materiallarında olan Sumqayıt Apellyasiya Məhkəməsinin xx xxxx 2019-cu il tarixli 2(105)-1196/2019 nömrəli qətnaməsinin surətindən müəyyən olunur ki, Cavabdeh Xaçmaz rayon məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli 2(067)-2890/2018 nömrəli qətnaməsindən verdiyi apellyasiya şikayəti təmin edilməmiş, Xaçmaz rayon məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli 2(067)-2890/2018 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(102)-6520/2019 nömrəli qətnaməsinin surətindən müəyyən olunur ki, Sumqayıt Apellyasiya Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş, işin yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır. İş materiallarında olan Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli 2(105)-616/2020 nömrəli qətnaməsindən müəyyən olunur ki, Xaçmaz rayon məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli 2(067)-2890 nömrəli qətnaməsi ləğv edilmişdir. İddiaçı Cavabdeh qarşı uşaq tələbinə dair iddiası təmin edilməmişdir. İş materiallarında olan Qəyyumluq və Himayəçilik komissiyasının xx.xx.2020-ci il tarixli, 881 nömrəli rəyindən müəyyən olunur ki, uşaqlardan xx.xx.2004-cü il təvəllüdlü X2, xx.xx.2005-ci il təvəllüdlü X9 ataları İddiaçı, xx.xx.2006-cı il təvəllüdlü X7, xx.xx.2008-ci il təvəllüdlü X5 anaları Cavabdeh himayəsinə verilməsini məqsədəuyğun hesab edilir. İş materiallarında olan Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2020-ci il tarixli, 11/132 nömrəli ekspert rəyindən müəyyən olunur ki, hal hazırda xx.xx.2004-cü il təvəllüdlü X1, xx.xx.2005-ci il təvəllüdlü X6 və xx.xx.2006-cı il təvəllüdlü X7 ataları İddiaçı qarşı bağlılıqları (qarşılıqlı əlaqə zamanı müsbət emosiyalar keçirmək, vasitəsiz münasibət qurmaq arzusu, müntəzəm ünsiyyətə can atmaq, əlaqələrin azalması ilə əlaqədar narahat olmaq) müşahidə olunmaqla anaları Cavabdeh qarşı bağlılıqları müəyyən olunmur. xx.xx.2008-ci il təvəllüdlü X3 hal-hazırda atası İddiaçı qarşı bağlılıq səviyyəsi anası Cavabdeh qarşı olan bağlılığa nisbətən daha yüksəkdir. xx.xx.2004-cü il təvəllüdlü X1 anasına olan neqatıiv münasibəti xx.xx.2006-cı il təvəllüdlü X7 və xx.xx.2008-ci il təvəllüdlü X3 analarına olan münasibətinə təsir göstərmişdir. xx.xx.2004-cü il təvəllüdlü X1, xx.xx.2005-ci il təvəllüdlü X11, xx.xx.2006-cı il təvəllüdlü X7 və xx.xx.2008-ci il təvəllüdlü X3 birinin digərindən ayrılıqda yaşaması onların emosional-iradi sferalarına neqativ təsir göstərə bilər. İddiaçı və Cavabdeh fərdi-psixi xüsusiyyətlərində uşaqların emosional-iradi sferalarına neqativ təsir göstərə biləcək aqressivlik əlamətləri müəyyən olunmur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 49.2.-ci maddəsinə əsasən hər bir uşaq ailədə yaşamaq və tərbiyə almaq, öz valideynlərini tanımaq və onların qayğısından istifadə etmək, uşağın maraqlarına zidd olan hallar istisna olmaqla, onlarla birgə yaşamaq hüququna malikdir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 52-ci maddəsinə əsasən uşaq ailədə onun maraqlarına toxunan istənilən məsələnin həlli zamanı öz fikrini bildirmək, habelə məhkəmə istintaqı və inzibati araşdırmaların gedişində dinlənilmək hüququna malikdir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 58.1.-ci maddəsinə əsasən valideynlər uşaqlarını tərbiyə etmək hüququna malikdirlər və uşaqlarını tərbiyə etməyə borcludurlar. Həmin Məcəllənin 58.2-ci maddəsinə əsasən valideynlər uşaqlarının tərbiyəsinə, sağlamlığına və onların psixi, fiziki, mənəvi inkişafına görə məsuliyyət daşıyırlar. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 60.1-ci maddəsinə əsasən valideynlik hüquqları uşaqların mənafeyinə zidd həyata keçirilə bilməz. Həmin Məcəllənin 60.2.-ci maddəsinə əsasən valideynlik hüquqlarını həyata keçirərkən valideynlər uşaqların mənəvi inkişafına, fiziki və psixi sağlamlığına xələl yetirməməlidirlər. Uşaqların tərbiyəsində onların istismarına, təhqir edilməsinə, mənəviyyatının alçaldılmasına, qəddarlığa, kobudluğa, biganəliyə yol verilə bilməz. Valideynlik hüquqlarını həyata keçirərkən uşaqların hüquq və mənafelərinə ziyan vuran valideynlər qanunvericiliklə müəyyən olunmuş qaydada məsuliyyət daşıyırlar. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 60.4.-cü maddəsinə uyğun olaraq, valideynlər ayrı yaşadıqda uşaqların yaşayış yeri onların razılığı ilə həll edilir. Valideynlər arasında razılıq olmadıqda, məhkəmə mübahisəni uşaqların hüquq və mənafelərini, onlarıın rəyini və sair halları (uşaqların qardaş və bacılarına, valideynlərdən hər birinə olan bağlılığı, valideynlərin əxlaqi və digər şəxsi keyfiyyətləri, uşağın yaşı, onun inkişafı və tərbiyəsi üçün şərait yaradılması) nəzərə almaqla həll edir. Azərbaycan Respublikasının Konstitusiyasının 17-ci maddəsinini İİ-ci hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Uşağın hüquq və mənafelərini məhdudlaşdıran hər hansı əqd etibarsızdır. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikasının Qanununun 19-cu maddəsinə əsasən valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. BMT-nin «Uşaq hüquqları haqqında» Konvensiyasının 3-cü maddəsinin 1-ci bəndinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. BMT-nin «Uşaq hüquqları haqqında» Konvensiyasının 3-cü maddəsinin 2-ci bəndinə əsasən iştirakçı dövlətlər uşağın valideynlərinin, qəyyumlarının və ya qanuna görə onun üçün məsuliyyət daşıyan digər şəxslərin hüquq və vəzifələrini nəzərə alaraq, uşağı onun rifahı üçün zəruri olan müdafiə və qayğı ilə təmin etməyi öhdələrinə götürür və bu məqsədlə bütün qanunvericilik tədbirlərini və inzibati tədbirləri görürlər. BMT-nin «Uşaq hüquqları haqqında» Konvensiyasının 3-cü maddəsinin 3-cü bəndinə əsasən İştirakçı dövlətlər təmin edirlər ki, uşaqların qayğısına qalmaq və ya müdafiəsi üçün cavabdeh olan idarələr, xidmətlər və orqanlar səlahiyyətli orqanların qoyduqları normalara, o cümlədən təhlükəsizlik və səhiyyə, onların işçi heyətinin say tərkibi və yararlığı, habelə mötəbər nəzarət baxımından cavab versinlər. BMT-nin «İqtisadi, sosial və mədəni hüquqlar haqqında» Beynəlxalq Paktının 10-cu maddəsinin 3-cü bəndinə əsasən bütün uşaqlara və yeniyetmələrə münasibətdə, ailə mənşəyinə və digər əlamətlərə görə heç bir ayrı-seçkilik salmadan xüsusi himayə və kömək tədbirləri görülməlidir. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikasının Qanununun 19-cu maddəsinə görə uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifəsidir. Valideynlərin uşaqlar barəsində hüquq və vəzifələrinin həyata keçirilməsinə dövlət orqanlarının qarışmasına yalnız qanunla nəzərdə tutulmuş hallarda və uşağın maraqları naminə yol verilə bilər. Beləliklə, işin yuxarıda sadalanan faktiki hallarından görünür ki, ilk iddia və qarşılıqlı iddia tələbi qismən əsaslıdır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, ilk iddia və qarşılıqlı iddia qismən təmin olunmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi İlk iddia qismən təmin edilsin. xx.xx.2004-cü il təvəllüdlü X4, xx.xx.2005-ci il təvəllüdlü X11, xx.xx.2006-cı il təvəllüdlü X12 ataları İddiaçı yanında (himayəsində) qalsınlar. İlk iddia qalan hissədə təmin edilməsin. Qarşılıqlı iddia qismən təmin edilsin. xx.xx.2008-ci il təvəllüdlü X8 atası İddiaçı alınaraq anası Cavabdeh (himayəsinə) verilsin. Qarşılıqlı iddianın qalan hissəsi təmin edilməsin. Ekspertiza tədqiqatının dəyəri olan 95 manat məbləğində pulun 40 manatı İddiaçı, 55 manatı isə Cavabdeh alınaraq Dövlət Xəzinədarlığı Agentliyi, kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22 Məhkəmə Eksperizası Mərkəzi VOEN ********** AZ34CTRE******************** hesaba keçirilsin. İş üzrə ödənilmiş dövlət rüsumları tərəflərə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Xaçmaz rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyas iya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Anar Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar