Məhkəmə qərarları › İş №2(067)-576/2023

Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-576/2023

02.03.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-576/2023 02.03.2023 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Qasımova Vüsalə Yadigar qızının sədrliyi, Məhkəmə iclas katibi Hüseynova Məhbubə Təbriz qızının katibliyi, İddiaçının vəkili və nümayəndəsi Vəkil1, Cavabdeh və onun vəkili Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin azaldıması tələbinə dair mülki işə Xaçmaz şəhərində açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(067)-1748/2021 saylı qətnaməsi ilə Cavabdeh ilə nikahlarından olan xx.xx.2019-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün İddiaçı onun qazancının 4/1 hissəsi miqdarında alimentin tutularaq Cavabdeh ödənilməsi ilə bağlı alimentin miqdarının azaldılması, Cavabdeh ilə İddiaçı birgə uşaqları xx.xx.2019-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün İddiaçı onun qazancından 193 manat məbləğində aliment tutularaq Cavabdeh ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının vəkili və nümayəndəsi iddianı müdafiə edərək izahatında göstərmişdir ki, Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, № 2(067)- 1748/2021 saylı qətnaməsi ilə Cavabdeh ilə İddiaçı birgə nikahlarından doğulmuş xx.xx.2019-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı qazancının 4/1 hissəsi miqdarında alimentin tutularaq Cavabdeh ödənilməsi qət edilmişdir. Bundan başqa iddia ərizəsinə əlavə olunmuş Xaçmaz Rayon Məhkəməsinin digər xx.xx.2021-ci il tarixli, 2(067)-3019/2021 saylı qətnaməsi ilə İddiaçı digər övladı xx.xx.2015-ci il təvəllüdlü Qədimov (Hacıyev) Abbas Cəfər oğlunun yetkinlik yaşına çatana kimi saxlanılması üçün 21 oktyabr 2021-ci ildən başlayaraq İddiaçı hər ay qazancının 4/1 hissəsi miqdarında aliment alınaraq X3 verilməsi qət edilmişdir. Xaçmaz rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(067)-2384/2022 saylı digər bir qətnaməsi ilə isə İddiaçı 21 iyul 2022-ci il tarixdən başlayaraq hər ay 170 (bir yüz yetmiş) manat məbləğində alimentin alınaraq X3 verilməsi qət edilmişdir. Hal-hazırda İddiaçı sərhəd bölgəsinə yaxın yerləşən "N" saylı Hərbi Hissədə müddətdən artıq xidmət edir və onun aylıq məvacıbi 1300 (bir min üç yüz) manatdır və həmin əmək haqqının 325 (üç yüz iyirmi beş) manat hissəsi aliment qismində Cavabdeh ödənilir. Hesab edir ki, iddiaçının əmək haqqısının 325 (üç yüz iyirmi beş) manat hissəsinin yəni, 1/4 hissəsinin Cavabdeh, hissəsinin X3, 170 (bir yüz yetmiş) manatının isə X3 ödənilməsi onu əlverişsiz şəraitə məruz qoyub. Belə ki, göründüyü kimi İddiaçı müddətdən artıq hərbi xidmətdə olmaqla, işğalçı erməni ordusu ilə təmas nöqtəsindədir. Şübhə yox ki, orada onun yaşayış yeri yoxdur, kirayədə qalır. Bu isə əlavə xərclər deməkdir. Cavabdeh tam fəaliyyət qabiliyyətli, yəni tam əmək qabiliyyətli sağlam şəxsdir. Onun əmək fəaliyyəti ilə məşğul olmasına heç bir maneə yoxdur, işləyib özünün və uşağın əlavə xərclərini ödəyə bilər. Hesab edir ki, İddiaçı hazırki xidmət şəraiti nəzərə alınmaqla Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(067)-1748/2021 saylı qətnaməsi ilə qət edilmiş 325 (üç yüz iyirmi beş) manat məbləğində aliment 193 (bir yüz doxsan üç) manata azaldılmalıdır. Xahiş edir ki, Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, № 2(067)- 1748/2021 saylı qətnaməsi ilə Cavabdeh ilə mənim birgə uşaqları- xx.xx.2019-cu il təvəllüdlü X1 yetkinlik yaş həddinə çatanadək saxlanılması üçün İddiaçı onun qazancının ¼ hissəsi miqdarında alimentin tutularaq Cavabdeh ödənilməsi ilə bağlı aliment miqdarı azaldılsın. Cavabdeh ilə İddiaçı birgə uşaqları- xx.xx.2019-cu il təvəllüdlü X1 yetkinlik yaş həddinə çatanadək saxlanılması üçün İddiaçı onun qazancından 193 (bir yüz doxsan üç) manat mənbləğində aliment tutularaq Cavabdeh ödənilsin. İddianın təmin olunmasını xahiş edir. Məhkəmə iclasında cavabdeh və onun vəkili iddianı qəbul etməyərək göstərmişlər ki, İddiaçı 21 iyul 2022-ci il tarixdən başlayaraq hər ay 170 (bir yüz yetmiş) manat məbləğində alimentin alınaraq X3 verilir. Qədimov (Hacıyev) Abbas Cəfər oğlu iddiaçının himayəsindədir, amma uşağa anası baxır deyə aliment verilir. Düşünür ki, bu əvvəlcədən düşünülmüşdür. 15 iyul 2021-ci il tarixində qərar çıxarılıb. Həmin ərəfələrdə isə qarşı tərəf ikinci iddianı- alimentin azaldılması ilə bağlı iddianı qaldırıb. Göründüyü kimi, digər uşağının saxlanılması üçün anasına verilən alimentin bir məqsədi vardır. İddiaçının əsas məqsədi alimenti parçalamaqdır. İddianın heç bir əsası yoxdur. Eyni zamanda qeyd edirlər ki, X2 maddi imkanı zəifdir. Buna baxmayaraq, onun iki övladı vardır. Maddi imkanı yoxdursa, çətinlik çəkirsə, digər övladlarından da aliment tutulmalıdır. Hesab edir ki, iddia təmin olunmamalıdır. Məhkəmə iş üzrə tərəflərin izahatını dinləyib və iş materiallarını nəzərdən keçirib hesab edir ki, iddia tələbi təmin olunmamalıdır. Belə ki, iş materiallarından müəyyən olunur ki, Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(067)-1748/2021 saylı qətnaməsi ilə Cavabdeh ilə nikahlarından olan xx.xx.2019-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün İddiaçı onun qazancının 4/1 hissəsi miqdarında alimentin tutularaq Cavabdeh ödənilməs qət edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 107.1-ci maddəsinə aliment onun ödənilməsi barədə saziş əsasında tutulduqda aliment üzrə borcları ödəməkdən azad edilmə və ya onun miqdarının azaldılması tərəflərin razılığı ilə həyata keçirilə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 107.2-ci maddəsinə əsasən məhkəmə aliment ödəməli şəxsin iddiası üzrə aliment borcunun şəxsin xəstəliyi və digər üzürlü səbəblərə görə əmələ gəldiyini, ailə və maddi vəziyyətinin bu borcları ödəməyə imkan vermədiyini müəyyən edərsə, onu həmin borcları ödəməkdən tamamilə və ya qismən azad edə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.2-ci maddəsinə əsasən yetkinlik yaşına çatan və fəaliyyət qabiliyyəti olmayan şəxsin aliment ödəməli olan şəxsə qarşı qəsdən cinayət törətdiyi və ya ailədə nalayiq davrandığı müəyyən edilərsə, məhkəmə həmin şəxs üçün aliment tutulması barədə tələbi rədd edə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqları saxlamağa borcludurlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.4-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda, uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, hazırki iddia tələbinin hüququ əsası kimi Ailə Məcəlləsinin 107 və (və ya) 112-ci maddələri çıxış edir, lakin iddiaçı həmin maddələrdə nəzərdə tutulan halları təsdiq edəcək sübutları məhkəməyə təqdim etməmişdir. Beləliklə, işin sadalanan faktiki hallarından görünür ki, iddia tələbi əsassızdır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin oluna bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh olunanları nəzərə alaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216, 220, 227, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddiaçı Cavabdeh qarşı alimentin azaldıması tələbinə dair iddiası təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra 1 ay müddətində Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Vüsalə Qasımova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar